Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinlə görüşdə söhbət və bəyanat - Kiyev, Azərbaycan prezidentinin iqamətgahı, 30 noyabr 1999-cu il


Heydər Əliyev:  Vladimir Vladimiroviç, bu, siz Rusiya hökumətinin sədri təyin edildikdən sonra ilk görüşümüzdür. Şadam ki, məsələləri ətraflı müzakirə etməyə, fikir mübadiləsi aparmağa imkan yaranmışdır. Rusiya rəhbərliyi ilə danışmağa heç də həmişə imkan olmur və şadam ki, bu gün belə imkan yaranmışdır, biz ölkələrimiz arasında dövlətlərarası, iqtisadi, digər münasibətlərlə bağlı bəzi məsələlər barəsində fikir mübadiləsi apara bilərik.

Vladimir Putin: Heydər Əliyeviç, ilk öncə, Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinin ən yaxşı arzularını Sizə yetirmək istərdim. O, Sizi salamlamağı xahiş etdi, onunla telefonla axırıncı söhbətlərinizi xatırlayır, biz Sizin şəxsi görüşlərinizi planlaşdırırıq. Təəssüf ki, indi o, bir qədər naxoşlayıb, hazırda mərkəzi klinik xəstəxanada müalicə olunur. Ümumiyyətlə, Boris Nikolayeviç Azərbaycanla Rusiya Federasiyası arasında münasibətləri çox müsbət qiymətləndirir. Prezident xüsusi vurğulayır və mən Rusiya hökuməti adından deyirəm ki, Rusiya Azərbaycana və Azərbaycan xalqına böyük hörmətlə yanaşır. Biz hesab edirik ki, Azərbaycan prezidenti Heydər Əliyeviç Əliyev münasibətlərimizin yaxşı olmasının qarantıdır. Biz Rusiya ilə münasibətlərin Azərbaycanda necə qurulduğunu, bu münasibətlərin inkişaf etdirilməsinə Sizin necə birinci dərəcəli əhəmiyyət verdiyinizi bilirik. Buna görə Sizə çox minnətdarıq. Öz tərəfimdən şəxsən mən buraya Sizin yanınıza gəlmək dəvətinizə görə, ikitərəfli münasibətlərimizin müzakirəsi üçün yaratdığınız imkana görə Sizə təşəkkür edirəm. Ancaq, zənnimcə, biz nəinki ikitərəfli münasibətlərə malikik, həm də Azərbaycan beynəlxalq fəaliyyətdə çox yaxından iştirak edir, ATƏT-də fəal mövqe tutur. Biz İstanbulda Rusiyanın mövqeyini dəstəklədiyinizə görə Sizə minnətdarıq. Bu, bizim üçün vacibdir. Bir sıra Avropa problemlərində sizin mövqeyiniz bizim üçün əhəmiyyətlidir. Bir sözlə, danışmağa həqiqətən sözümüz var və mən bu imkana görə çox şadam. Çox sağ olun.

Heydər Əliyev: Əvvəla, prezident Boris Nikolayeviçin salamını almaq mənə xoşdur. Heyif ki, indi o xəstələnmişdir. Mən onunla telefonla danışarkən, - bu İstanbuldan bir qədər əvvəl olmuşdur, - o mənə dedi ki, İstanbuldan sonra vaxt tapacaq və biz görüşəcəyik. Mən bunu istəyirəm və onunla görüş indi gündəlikdə qalmaqdadır. Amma nə etmək olar - xəstəlik xəstəlikdir. Heç kimin xəstələnməyəcəyinə zəmanət yoxdur. Lakin bu, müvəqqəti haldır, düşünürəm ki, o, müalicə edilib sağalacaq, ayağa qalxacaq, öz işi ilə məşğul olacaq və biz görüşməyə imkan tapacağıq. O ki qaldı Azərbaycanla Rusiya arasında münasibətlərə, onlar kifayət qədər yaxşı, mehriban münasibətlərdir. Mən hər yerdə -özümüzdə də, Azərbaycanın hüdudlarından kənarda da dəfələrlə nəzərə çarpdırıram ki, biz Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlərin inkişafı və dərinləşməsi üçün hər şeyi edirik. Əks halda bu, ağılsızlıq olardı. Bəs necə? Axı biz 200 il - XIX əsrdə də, XX əsrdə də birlikdə olmuşuq, bizdə hər şey Rusiya ilə, - zənnimcə, Rusiyada da hər şey Azərbaycanla, - o dərəcədə bağlıdır ki, nə vardısa, hamısını inkişaf etdirməsək və dərinləşdirməsək bu, sadəcə, bağışlanılmaz. Doğrudur, indi şərait yenidir, vəziyyət yenidir - Azərbaycan və Rusiya müstəqil, suveren dövlətlərdir. Bəlkə də belə şəraitdə daha çox işlər gərəkdir?

Vladimir Putin: Əlbəttə.

Heydər Əliyev: Belə deməyə əsasım var ki, Sovet İttifaqının tərkibində olduğumuz, mənim Azərbaycanda respublikanın rəhbəri işlədiyim, sonra Moskvada işlədiyim dövrlərdə harada nə istehsal edildiyini, haraya nə göndərildiyini, qazın və ya neftin hansı boru ilə getdiyini, elektrik enerjisinin hansı xətlərlə verildiyini heç vaxt bilmirdik. Bunların hamısı bir yerdə idi. Amma indi, hamı ayrıldıqdan sonra səylərin əlaqələndirilməsinə, birləşdirilməsinə çox böyük ehtiyac var. Buna görə mən də çox şadam ki, siz də bu mövqedə dayanmısınız. Mənim Azərbaycanda əhəmiyyətim barədə sizin rəyinizə gəldikdə, buna görə sağ olun.

Vladimir Putin: Heydər Əliyeviç, heç də təkcə Azərbaycanda yox. Biz sizi həm də ittifaq siyasətçisi kimi tanıyırıq. İndi siz xatırladınız ki, Moskvada işləmisiniz.

Heydər Əliyev: Bəli, mən beş il Moskvada işləmişəm, Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini olmuşam. Bundan sonra bir müddət, 1990-cı ilədək Moskvada yaşamışam. Buna görə də məni Moskva ilə çox tellər bağlayır. Şadam ki, Rusiya bunu unutmur. Hər hansı konyunktura mülahizələri naminə deyil, məhz xalqının mənafeləri, respublikanın mənafeləri, başçısı olduğum dövlətin mənafeləri naminə Rusiya ilə münasibətlərin inkişafı üçün Azərbaycanda mən hər şey edirəm. Əlbəttə, bəzən müəyyən anlaşılmazlıq olur, ancaq onu aradan qaldırmaq mümkündür.