Azərbaycan və Tatarıstan respublikaları arasında Ticarət-İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - Prezident Sarayı, 21 noyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar, siz bilirsiniz ki, Tatarıstan prezidenti möhtərəm Mintimer Şaymiyev və onu müşayiət edən şəxslər mənim dəvətimlə dünən axşam Azərbaycana rəsmi səfərə gəlmişlər. Mən prezident Mintimer Şaymiyevə minnətdaram ki, o, dəvətimi qəbul etdi və Azərbaycana gəldi. Dünən axşamdan bəri biz fikir mübadiləsi etməyə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında, o cümlədən Azərbaycan ilə Tatarıstan arasında münasibətlərə dair bir çox məsələləri müzakirə etməyə imkan tapdıq.

Biz Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə böyük əhəmiyyət veririk, bu münasibətlərin bütün sahələrdə inkişafı, dərinləşməsi və genişlənməsi üçün bütün səylərimizi göstərir və göstərəcəyik. Rusiya böyük ölkədir, federasiyanın bir çox subyektlərindən ibarətdir. Federalizmi inkişaf etdirmək prinsipi bu subyektlər üçün kifayət qədər müstəqilliyi və böyük səlahiyyətləri təmin etmişdir. Tatarıstan həmin subyektlər arasında mühüm yer tutur və bir respublika kimi Rusiyanın tərkibində çox yüksək səlahiyyətlərə, böyük hüquqlara malikdir. Bu hüquqlar Tatarıstan iqtisadiyyatının azad və müstəqil inkişafını, sosial problemlərin və mədəniyyət, elm, təhsil ilə bağlı bir çox digər məsələlərin həllini təmin edir.

Azərbaycan əsrlər boyu Tatarıstanla bağlı olmuşdur. Xalqlarımız eyni tarixi köklərə malikdir, ənənələrimiz mənəvi dəyərlərimiz bir-birinə çox oxşardır, dinimiz eynidir. Bütün bunlar Azərbaycan və tatar xalqları arasında ötən dövrlərdə də, bu gün də sıx əlaqənin, əməkdaşlığın , dostluğun və qarşılıqlı anlaşmanın təməlidir.

Azərbaycan ilə Tatarıstan arasında iqtisadi əlaqələr də həmişə çox sıx olmuşdur. Keçmiş vaxtlarda bir-biri ilə əsasən Volqa və Xəzərdə gəmiçilik vasitəsilə əlaqə saxlamış olan respublikalarımızın coğrafi mövqeyi də Azərbaycan ilə Tatarıstan arasında ticarəti təmin etmişdir. Respublikalarımız arasında ticarət əlaqələrinə dair bir çox nümayəndələri - mədəniyyət, elm, təhsil xadimləri dostluq etmiş, xalqlarımız arasında dostluğu və əməkdaşlığı möhkəmlətmişlər.

Sovet İttifaqı çərçivəsində biz neft və qaz, neft emalı, neft kimyası, maşınqayırma sənayesi sahəsində çox sıx əməkdaşlıq edirdik. Bir vaxtlar Azərbaycandan Tatarıstana və Tatarıstandan Azərbaycana bir çox mallar, avadanlıq göndərilirdi. Tatar millətindən olan bir çox şəxslər Azərbaycanın yerli sakinləridir və onlar elm və mədəniyyətimizin inkişafına böyük töhfə vermişlər. Bununla yanaşı, bir çox azərbaycanlı Tatarıstanı özünün vətəni hesab edir, onların neçə-neçə nəsilləri orada yaşamış və yaşayır, tatar xalqının bir hissəsidir. İkinci dünya müharibəsindən sonra Tatarıstanda neft yataqları işlənilməyə başladıqda Azərbaycan neftçiləri bu yataqların kəşfinə və onlardan istifadə edilməsinə böyük töhfə vermişlər. Çoxları o vaxtdan bəri Tatarıstanda qalmış və yaşayırlar. O vaxtlar Tatarıstanı "İkinci Bakı" adlandırırdılar.

Bütün bunlar həmişə bizi yaxınlaşdırırdı, nümayəndə heyətlərimiz gedib gəlirdi. 1969-cu ildə Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin uğurla keçməsi xatirimdədir. Tatarıstanın elm və mədəniyyət nümayəndələrinin Azərbaycanda görüşləri də müvəffəqiyyətlə keçmişdi. Yəni, ictimai-siyasi quruluşa, dövlət quruluşuna baxmayaraq, xalqlarımız sıx dostluq münasibətlərini qoruyub saxlayıbdılar. Bu münasibətlər bu günədək də saxlanmışdır. Üstəlik, indi həmin münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək üçün imkan var. Bu məqsədlə mən və prezident Şaymiyev hesab edirik ki, respublikalarımız arasında bir çox sahələrdə əməkdaşlıq üçün daha sıx qarşılıqlı münasibətlər yaradılması zəruridir. Azərbaycan və Tatarıstan prezidentlərinin indicə imzaladıqları saziş də bu məqsədə xidmət edir.

Hesab edirəm ki, Tatarıstan prezidenti cənab Şaymiyevin Azərbaycana səfəri Rusiya-Azərbaycan münasibətləri tarixində, tatar və Azərbaycan xalqları arasında münasibətlərin tarixində mühüm hadisədir. Əminəm ki, bu gün gördüyümüz və gələcəkdə görəcəyimiz işlər Rusiya ilə Azərbaycan arasında da, Tatarıstan ilə Azərbaycan arasında dostluğu və əməkdaşlığı möhkəmləndirəcək, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Tatarıstan nümayəndə heyətinin burada olduğu dövrdə Tatarıstanın müxtəlif iqtisadi strukturlarının nümayəndələrinin, rəhbərlərinin bizim nazirlərlə, Nazirlər Kabineti ilə, istehsal birliklərimizin rəhbərləri ilə fərdi görüşləri olacaqdır. Hesab edirəm ki, biz iqtisadi münasibətlərimizi bundan sonra da, daha uğurla inkişaf etdirmək üçün yaxşı zəmin yarada bilərik. Biz bunu istəyirik və şəxsən mən belə hesab edirəm ki, Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri çox əlverişli və ürəkaçandır. Qarşımızda duran məqsədlərə nail olmağı təmin etməkdən ötrü biz öz tərəfimizdən səylərimizi əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.

Sual: Birinci sual Mintimer Şaymiyevədir. Enerji ehtiyatlarının işlənməsi sahəsində Tatarıstan rəhbərliyinin strateji xətti necədir? Siz öz qüvvənizə arxalanırsınız, yoxsa xarici investisiyaların cəlb olunmasına ümid bəsləyirsiniz? İkinci sual Azərbaycan prezidentinədir. Tatarıstan prezidenti ilə danışıqlar zamanı neft hasilatı sahəsində ikitərəfli əməkdaşlıqla bağlı konkret məsələləri müzakirə etmisinizmi? Əgər etmisinizsə, onda ilk birgə layihələrin meydana çıxacağını gözləmək olarmı? Bununla əlaqədar iki neft şirkətinin prezidentlərinə hansısa konkret tapşırıqlar verilibmi?

Mintimer Şaymiyev: Bilirsiniz ki, sizin yataqlar kimi bizim yataqlar da, necə deyərlər, lap çox işlənmişdir. İndi biz əsasən yalnız laylara su vurmaq yolu ilə neft çıxarırıq. Şübhəsiz ki, yeni texnologiyaya da ehtiyac var. Biz ayrı-ayrı texnologiyalar üzrə xarici firmalarla altı birgə müəssisə yaratmışıq. Onlar yaxşı işləyirlər, perspektivsiz quyuları bərpa edir, qazdan istifadə edilməsi ilə məşğul olur, bir sıra texniki problemləri həll edirlər. Demək lazımdır ki, "Tatneft" Birliyinin müəyyən nüfuzu var, dünya ekspert şirkətlərinin auditindən keçmişdir. "Tatneft"in başçısı cənab Qaliyev birliyin səhmlərinin Amerika birjasında keçiriləcək ilk hərracında iştirak etmək üçün buradan, Bakıdan Amerikaya gedəcəkdir. Hazırda orada həmin səhmlərin məzənnəsi çox yaxşıdır. Zənnimcə, gələn həftənin sonunda biz ilk nəticələri biləcəyik. Birlik bizim lokal yataqların işlənməsi üçün bankdan investisiya alır. Lakin bizim əlavə gücümüz də var. Təxminən 14-15 min nəfər növbə ilə işləmək üçün Sibirə getmişdir, orada hasilat azalır və sərbəst iş yerləri var. Lakin bu, xüsusi danışıqların mövzusudur. Hesab edirəm ki, bu məsələ bu gün burada müzakirə olunacaqdır. Prinsip etibarilə biz sizin yataqların işlənməsində iştirak edə bilərdik, özü də yalnız podratçı kimi yox.

Heydər Əliyev: Mən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevə, baş nazirin birinci müavini Rasizadəyə tapşırmışam ki, birgə iş imkanlarını müəyyənləşdirmək üçün neft hasilatı problemi ilə bağlı məsələləri Tatarıstan Neft Şirkətinin prezidenti ilə müzakirə etsinlər. Bununla yanaşı, bizim müvafiq şəxslər bu gün danışıqlar aparacaq, neft maşınqayırma, neft kimyası sahələrində, neft və qaz xammalı ilə bağlı digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Sual: Cənab Şaymiyev, hörmətli prezidentimiz Heydər Əliyev bugünkü görüşdə dedi ki, biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasına xüsusi əhəmiyyət veririk. Sizin böyük həyat təcrübənizi və siyasət sahəsindəki təcrübənizi, Rusiyaya olan hörməti nəzərə alaraq, bilmək istərdim ki, Rusiya Federasiyasının subyekti kimi Tatarıstan bu məsələnin həlli üçün nə edə bilər?

Mintimer Şaymiyev: Zənnimcə, Tatarıstan çox şey etmişdir. Biz Rusiyanın dövlət hakimiyyəti orqanları ilə ilk müqavilə imzalamağa nail olmuş və bununla da yeni Rusiyada yeni federativ münasibətlərin başlanğıcını qoya bilmişik. Bundan sonra o, özünün unitar dövlət kimi inkişaf etmək yolunu bağlamışdır. Lakin ən dəyərlisi budur ki, münaqişə vəziyyəti Rusiya Federasiyasının bütövlüyü pozulmadan aradan qaldırılmışdır. Ona görə də istənilən demokratik dövlət qurmaq prosesində onun bütövlüyünü pozmadan çox şeyə nail olmaq mümkündür. Tatarıstanın dünyada "Tatarıstan modeli" adlandırılan nümunəsi digər regionların, respublikaların dövlət quruculuğunda da istifadə edilə bilər.

Sual: Möhtərəm prezident Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Qarabağ probleminin həllinin açarı Moskvadadır. Hörmətli prezidentlər, necə bilirsiniz, bu açar tez tapılacaq və Azərbaycan ərazisində ədalətli sülh tez yaranacaqmı?

Heydər Əliyev: Siz hansı prezidentə müraciət edirsiniz?

Jurnalist: Həm Sizə, həm də cənab Şaymiyevə.

Heydər Əliyev: Onda cənab Şaymiyev cavab verməlidir. Çünki mən bu barədə çox danışmışam.

Mintimer Şaymiyev: Müəyyən bir müddət göstərmək mənim tərəfimdən əsla ciddi bir iş olmazdı. Lakin şübhəsiz, məsələnin daha sürətlə həllinə çalışmaq lazımdır, çünki onun yubadılmasından adamlar əziyyət çəkirlər. Axı həyata keçirməyə çalışdığımız hər hansı işdə gərək ön sıraya həmişə insanın maraqlarını çəkəsən. Lakin hər hansı münaqişənin həllində asılılıq və ya qarşılıqlı əlaqə müəyyən miqyasa malikdir. Bununla yanaşı bu gün Heydər Əliyeviçin dediyi kimi Rusiya ilə xoş münasibətlər yaratmaq üçün göstərilən indiki səylərlə məsələnin həlli yolu da tapılacaqdır. Hökmən tapılmalıdır.

Sual: Cənab Əliyev və cənab Şaymiyev, Xəzər - Volqa nəqliyyat arteriyasından istifadə barədə sizin konkret planlarınız və ya təklifləriniz varmı? Əgər varsa, onda siz Rusiya tərəfindən olan nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, bu planı necə həyata keçirmək fikrindəsiniz? Cənab Şaymiyev, Sizin Bakıya İrandan gəldiyinizi nəzərə alaraq, güman etmək olarmı ki, bu, üçtərəfli münasibətlərin başlanğıcı ola bilər?

Heydər Əliyev: Volqa və Xəzər vasitəsilə nəqliyyat əlaqəsi bir vaxtlar Azərbaycanla Tatarıstan arasında çox fəal olmuşdur. Mən cənab Şaymiyevlə Davosda ilk görüşümüz zamanı əməkdaşlıq məsələlərini müzakirə edərkən bu mövzuya toxundum. Biz ona bu gün danışıqlarımız zamanı da toxunduq. Hesab edirəm ki, Azərbaycan ilə Tatarıstan arasında Volqa və Xəzərlə nəqliyyat əlaqəsini sahmanlamaq üçün biz bütün tədbirləri görməliyik. Tatarıstan üçün bu, bütün Xəzəryanı ölkələrlə əlaqə saxlamaqdan ötrü vacibdir. Siz bilirsiniz ki, son iki ildə Çeçenistan hadisələri ilə əlaqədar Rusiyanın dövlət strukturları Dağıstanla sərhəddə nəqliyyat əlaqələrimizi kəsmiş, habelə Həştərxan və Mahaç -Qala limanlarına yolumuzu bağlamışlar. Biz danışıqlar apardıq və bu limanların bizdən ötrü açılmasına nail olduq. Volqa ilə hərəkət üçün razılığa isə hələlik malik deyilik. Mən bu barədə Rusiya hökumətinin sədri Viktor Çernomırdin ilə dəfələrlə danışmışam. Hesab edirəm ki, biz həmin sahədə əməkdaşlığın təmin edilməsinə hər halda nail olacağıq. Ümidvaram ki, Tatarıstan da, xüsusən onun prezidenti cənab Şaymiyev də səy göstərəcəkdir. Çünki bütün Xəzəryanı dövlətlərlə əlaqələr üçün bu nəqliyyat arteriyasının sahmanlanmasına və ondan fəal istifadə edilməsinə Tatarıstanın da iqtisadi marağı göz qabağındadır. Odur ki, biz bu istiqamətdə birlikdə işləyəcəyik.

Mintimer Şaymiyev: Heydər Əliyeviçin dedikləri ilə tamamilə razıyam. Yalnız onu əlavə edə bilərəm ki, biz bu niyyətlərin həyata keçirilməsinə əslində girişmişik və respublikamızda çay-dəniz tipli neftdaşıyan gəmilərin inşasına başlamışıq. Elə gəmilər ki, yol üstündəki şlüzlərdən keçmək imkanı nəzərə alınmaqla, Volqa ilə dənizə çıxa bilsin. Əgər buna ehtiyacımız olmasaydı, biz elə bahalı layihənin həyata keçirilməsinə girişməzdik.

Dünən Bakıya gəldikdən sonra mən İran prezidentinin və Milli Məclis sədrinin Heydər Əliyevin ünvanına xoş arzularını, Azərbaycan xalqına təbrikini ona çatdırdım. Mən bu tapşırığı məmnuniyyətlə yerinə yetirdim. Biz ticarət, iqtisadiyyat və maliyyə nazirlikləri ilə iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirərkən onlar üçtərəfli işin zəruri olduğu barədə fikir söylədilər, əmtəə mübadiləsi əməliyyatları aparılmasına, qarşılıqlı ödənişlər kimi çətin məsələlərin həllinə, təkcə Tatarıstanla deyil, Rusiyanın digər regionları ilə də qarşılıqlı surətdə mal göndərilməsinə, barter əməliyyatları aparılmasına dair öz təkliflərini bildirdilər. Biz bu təklifləri iş üçün qəbul etdik və hökumətimizin üzvləri onun necə həyata keçirilməsi barədə düşünməyə başlamışlar. Zənnimcə, burada işləmək üçün mövzu var.

Heydər Əliyev: Dünən prezident Şaymiyev İran tərəfinin bu təklifi barədə mənə danışdı. Hesab edirəm ki, təklif diqqətəlayiqdir. Biz müvafiq orqanlarımıza tapşırmışıq ki, onu praktikada necə həyata keçirmək barədə düşünsünlər. Hesab edirəm ki, bu təklif yaxşı nəticələrə gətirib çıxara bilər.

Diqqətinizə görə sağ olun. 

"Azərbaycan" qəzeti, 22 noyabr 1996-cı il.