Azərbaycan Prezidenti Heydər Əliyevin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələlərində Azərbaycan Respublikası ilə məsləhətləşmələrdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun başçılıq etdiyi Rusiya Federasiyası nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 29 iyul 1998-ci il


Heydər Əliyev: Mən sizi ürəkdən salamlayıram. Bu gün Rusiya Federasiyasının belə mötəbər nümayəndə heyətini Azərbaycanda qəbul etmək xoşdur. Hər belə görüşün Rusiya-Azərbaycan münasibətlərində öz yeri və əhəmiyyəti var və bu cür hər bir hadisə bizə ikitərəfli münasibətləri və digər problemləri müzakirə etməyə və irəliləməyə imkan verir.Zənnimcə, razılaşarsınız ki, ümumi məqsədimiz - həm Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin ümumi məqsədi münasibətlərimizin möhkəmlənməsinə və inkişaf etməsinə, əməkdaşlığımızın genişlənməsinə ardıcıl surətdə nail olmaqdır. Biz bunu öz tərəfimizdən edirik. Bu, Rusiya Federasiyası tərəfindən də edilir və sizin buraya gəlməyiniz buna sübutdur. Boris Nikolayeviç, indi siz həm Azərbaycan üzrə, həm də bölgəmizin bir çox digər ölkələri üzrə mütəxəssissiniz. Şadam ki, siz öz nümayəndə heyətinizin üzvləri ilə birlikdə yenə də buradasınız. Mənə dedilər ki, bu gün siz Xarici İşlər Nazirliyində, Nazirlər Kabinetində görüşlər keçirmiş, əsas məsələni müzakirə etmisiniz. Bu məsələ geniş müzakirə olunmağı və nəzərdən keçirilməyi tələb edir və mən bu fikirdəyəm ki, bunu burada etmək olar.

Mən bu ilin mart ayını xatırlayıram. Boris Nikolayeviç, onda siz öz nümayəndə heyətinizlə burada idiniz və biz çox yaxşı görüş keçirdik, yaxşı söhbət oldu, ən başlıcası isə, yaxşı nəticə əldə edildi. Biz ilk dəfə olaraq elə bir məsələ haqqında birgə bəyanat imzaladıq ki, həmin vaxtadək bu barədə aramızda əslində belə bəyanatlar olmamışdı. Ancaq indi həmin məsələnin bu istiqamətdə daha da dərinləşdirilməsindən söhbət gedir. Biz də bunun tərəfdarıyıq. Mən sizi salamlayıram və sizi dinləməyə şad olaram.

Boris Pastuxov: Zati-aliləri, Azərbaycan Respublikasının çox hörmətli prezidenti, əziz Heydər Əliyeviç! Sizinlə hər bir görüş bizim üçün, Rusiya nümayəndələri üçün böyük hadisədir. Mən bunu səmimiyyətlə, ürəkdən deyirəm, çünki məndə buna dair çox dəlil-sübut var. Güman edirəm ki, Sizin müdrikliyinizlə, uzaqgörənliyinizlə, olduqca böyük təcrübənizlə rövnəqlənən bugünkü söhbət də bizə irəliləməyə imkan verəcəkdir. Biz ancaq təəccüblənə bilərik ki, Siz daxili problemlər sahəsində fəal, intensiv işi coşğun xarici siyasət fəaliyyəti ilə uyğunlaşdırmaq üçün bu qədər qüvvəni haradan alırsınız.

Sizin ingiltərəyə səfərinizin gedişini biz diqqətlə izləyirdik. Bu səfərin gözəl yekunları münasibətilə Sizi təbrik etmək istəyirik. Güman edirəm ki, Sizin istər siyasi, istər iqtisadi sahədə, istərsə də, zənnimcə, insani sahədə nail olduğunuz nəticələri hətta ən nikbin ovqatlı politoloqlar da ağlına gətirə bilməzdilər.

Demək istərdim, bugünkü gün özlüyündə bir də onunla əlamətdardır ki, biz dövlətlərimiz arasındakı böyük siyasi müqavilənin tamamilə qüvvəyə minməsinə dair ratifikasiya etimadnaməsini bir-birimizə təqdim etdik. Dövlətlərimiz arasında konsul konvensiyası da bu gündən etibarən tam şəkildə işləməyə başlayacaqdır. Onu da unutmayaq ki, Azərbaycanda 200 min nəfərdən artıq soydaşımız yaşayır və açığını deyəcəyəm, onlar, məsələn, dil ilə, cəmiyyətdəki mövqeləri ilə bağlı heç bir problemlə üzləşmədən yaşayırlar. Lakin Rusiyada da Sizin təxminən bir milyon soydaşınız, bizim qardaşlarımız yaşayır. Ona görə də bu gün tam qüvvəsi ilə işləməyə başlayan sənədlərin çox böyük sayda insanların talelərinə, həyatlarına birbaşa dəxli var.

Mən xarici işlər naziri Yevgeni Maksimoviç Primakovun, - indi o, Moskvada deyildir, Asiyaya özünün mühüm və sülhməramlı səfərini başa çatdırmaqdadır, adından minnətdarlıq sözləri ilə bərabər demək istərdim ki, biz Rusiya-Azərbaycan münasibətlərinə, bu münasibətlərin bütün cəhətlərinə bacardıqca daha böyük diqqət yetiririk.

Təəssüf ki, burada o qədər də tez-tez olmuruq. Lakin əməkdaşlığımızın prinsipial məsələləri Rusiya rəhbərliyinin və bizim xarici siyasət departamentinin diqqət mərkəzindədir. Biz məmnunluqla qeyd edə bilərik ki, xarici ticarət əlaqələri genişlənir, iqtisadi əməkdaşlıq artır, hərçənd bunu deyərkən dərhal onu da əlavə edim ki, bizim fikrimizcə, qarşılıqlı ticarətin həcmi daha böyük ola bilərdi.

Xəzər problemi dünən və bu gün görüşlərimizin və danışıqlarımızın mərkəzində olmuşdur. Demək istərdim ki, bu ilin martında burada Sizinlə o cür unudulmaz görüşümüzdən sonra biz fəallıq göstərməyi davam etdirərək, yalnız bir şeyi -Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı bütün Xəzəryanı dövlətlərin imzalaması mərhələsinə çıxmaqdan ötrü ümumi razılığa gəlməyi arzulamışıq. Belə güman edirik ki, bu böyük, bütün Xəzəryanı dövlətlər üçün prinsipial əhəmiyyətə malik məsələdə ümumi razılığa nə qədər tez gəlsək, bundan hamımız qazanarıq. Xəzərin sahillərində yaşayan və çalışan adamlar da, bu bölgədəki bütün dövlətlər də qazanarlar.

Sizə qısaca onu demək istəyirəm ki, biz Xəzər dənizinin dibinin bölünməsinə münasibət məsələsində Sizin mövqeyinizlə tanış olduqdan sonra qazaxıstanlı qonşularımızla, nə gizlədim, mürəkkəb danışıqlar apardıq və nəticədə iyulun 6-da Moskvada imzalanmış sazişə nail olduq. Saziş təbiətdən istifadənin mənafeyi naminə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsinə aiddir.

Biz bölünmə xətti barədə, bu xəttin göstərilməsi barədə hələlik razılığa gəlməmişik, lakin bu bölünmə xəttinin göstərilməsi üzrə, çəkilməsi üzrə iş aparılarkən əsas götürüləcək prinsiplər sazişdə öz əksini tapmışdır. Biz beynəlxalq təcrübəni və praktikanı əsas götürmüşük, Xəzərdə mövcud olmuş və olan təcrübəni əsas götürmüşük. Razılığa gəlmişik ki, bölünmə xətti, əvvəla, dünyada qəbul edildiyi kimi, ədalətlilik prinsipinə və tərəflərin razılaşmalarına əsaslanmalıdır. Bu razılaşmalar isə, öz növbəsində, xüsusi halları da, məsələn, adaların, geoloji strukturların yerləşməsini, tərəflərin geoloji kəşfiyyat işlərinə çəkdikləri xərcləri də nəzərə almalıdır. Biz irəliləyərək, bu orta xəttin modifikasiyasına nail olduq. Həmin xətt əvvəlcə sahil nöqtələrindən, sahil xətlərindən eyni uzaqlıqda olan xətt kimi çəkilmişdi. Lakin o, qısaca xatırlatdığım prinsiplərin nəzərə alınması əsasında bəzi əyilmələrə, dəyişikliklərə məruz qaldı. Biz indiki danışıqlarımızda da vurğuladıq ki, bu saziş yalnız o halda qüvvəyə minəcək ki, o, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyada təsbit edilməli olan ümumi razılaşmaları tam dolğunluğu ilə nəzərə alsın. Amma mən hesab edirəm və qazaxlarla danışıqlarımız da bizi inandırdı ki, mart ayında Siz diqqətimizi belə bir məsələyə yönəldəndə çox haqlı idiniz ki, ilk addımları atmaq lazımdır. Qoy bu addımlar əvvəlcə bəlkə də çox iri olmayacaq, lakin ölçülüb-biçilmiş olmalıdır. Axı irəliyə hərəkət olmadan heç nə mümkün deyildir. On bir gün öncə biz təxminən belə bir heyətdə Tehranda olduq. Danışıqlar apardıq. Bu danışıqların yekunları birgə bəyanatda təsbit edilmişdir. Əvvəla, biz Qazaxıstanla imzaladığımız sənədə İran tərəfinin belə kəskin münasibət göstərəcəyini gözləmirdik. Biz öz mövqelərimizi izah etdik. Dedik ki, gəmiçilik sahəsində, dənizçilik, balıqçılıq sahəsində 1921-ci və 1940-cı illərdə Rusiya, Sovet İttifaqı ilə İran arasında bağlanmış sazişlər üzrə qüvvədə olmuş və zənnimizcə, qüvvədə olmaqda davam edən razılaşmaları qətiyyən pozmuruq. Amma bu sənədlərdə dənizin dibi, mineral ehtiyatlar barədə mövzular yox idi. Ona görə ki, o vaxtlar bu mövzular Xəzəryanı dövlətlərin həyatının gündəliyində indiki kimi durmamışdır.

Biz bəyanatda elə razılıq məqamlarını təsbit etdik ki, onlar İranla münasibətlərimizdə olmuşdur və indi də var. Qarşımıza İranı birtəhər sakitləşdirmək vəzifəsi qoymamışdıq. Biz Moskva danışıqlarında nədən söhbət getmişdisə, hamısını söylədik, çünki hər şey İranın nümayəndələrinə bəlli idi və burada yeni elə bir şey yoxdur.

Tehrandakı görüşlərimizin və danışıqlarımızın ikinci nəticəsi isə bundan ibarətdir ki, biz İran tərəfini inandırdıq ki, onlar öz prinsipindən, - o, Sizə yaxşı məlumdur, ya hər şeyi bölürük, ya da heç nəyi bölmürük prinsipindən əl çəkməlidirlər. Sübuta yetirdik ki, təsərrüfat fəaliyyəti naminə ən əvvəl dənizin dibində ayırıcı xətt çəkilməsi məsələsində irəliləmək lazımdır, mütləq lazımdır. Biz çox güclü hücuma məruz qaldıq, çünki onlar deyirdilər: Eybi yoxdur, biz bunu dəstəkləyərik, amma, gəlin, razılaşaq ki, hamı üçün hər şey bərabər olsun.

Biz İran tərəfini inandırdıq ki, proqnozlaşdırılan ehtiyatları bölmək qeyri-mümkündür və bu yol bir yana aparıb çıxarmır. Bu yol münaqişələrə, bu yol vəziyyətin daha da mürəkkəbləşməsinə doğru gedir. Biz deyirdik ki, dənizin dibinin səthini bölmək gərəkdir. Söhbət onun ədalətlə bölünməsinin zəruriliyindən getdikdə, nəzərə çarpdırdıq ki, biz prinsipcə həmişə ədalət tərəfdarıyıq. Siz isə istədikləriniz - bölünsün, hər bir Xəzəryanı dövlətə bərabər hissə, 20 faiz düşsün - barədə öz təkliflərinizi verin: İndi təklif edirsiniz ki, Xəzərin mərkəzində sahildən eyni uzaqlıqda olan nöqtə tapılsın, orada xəyalən payaqoyulsun və bu payadan hər bir dövlətin sərhədlərinə doğru xətt çəkilsin və deyilsin ki, bax, bu, sizin sektorunuzdur.

Mən dedim ki, belə olan halda siz hamıdan çox qazanırsınız, lakin biz də hamıdan çox uduzuruq. Axı indi 14 faiz sizə, 16 faiz bizə, 18 faiz Azərbaycana, - mən faizin onda bir hissəsini atıram, - 22 faiz türkmənlərə, 29 faiz isə qazaxlara düşür. Gəlin razılığa ələk. Lakin mən sizə bəri başdan deyə bilərəm ki, mən Azərbaycan tərəfinin yerinə olsam, sizə heç nə ayırmaram, çünki orada kəşfiyyat işləri aparmışam, artıq orada iş görürəm, orada mənim borularım var. Elə bilirsiniz ki, bunları mən sizə hədiyyə verəcəyəm? Prinsipləri axtarıb tapın. Biz sentyabrın 1-də Moskvaya toplaşmaq barədə razılığa gəldik. Xəzərin problemləri ilə məşğul olan nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr aparmaq və hər bir dövlətin mövqelərini bir daha tutuşdurub müqayisə etmək növbəsi indi bizimdir. İran isə, nə isə bir şey təklif edəcəkdir. İranlılar bizə deyirdilər ki, axı siz də bizi başa düşün, əgər biz Xəzərin qeyri-bərabər şəkildə bölünməsinə razılaşsaq, bunu bizdə heç vaxt ratifikasiya etməzlər.

Müxtəsəri, söhbət çətin, maraqlı oldu. Amma mənə elə gəlir ki, iranlılar Sizin təklifinizi dəstəkləyirlər. Mən həmişə, bütün paytaxtlarda deyirəm ki, Xəzər dənizində hərbi qüvvələr saxlanmaması barədə təklif Heydər Əliyeviç Əliyevin təklifidir. Lakin biz onu da deyirik ki, əgər suyun sərhədləri olmayacaqsa, onda silahsızlaşdırma da təbiidir, qorumalı bir şey olmayacaq, heç kim heç nəyi pozmayacaqdır. Mən yəqin etdim ki, iranlıların bu barədə bir qədər məlumatı vardır. Orada informasiya bir səviyyədən digər səviyyəyə çox orijinal bir yolla çatdırılır. Biz orada xəritələri açıb göstərərək, bir növ kiçik seminar, brifinq keçirərək deyirdik ki, əgər siz Rusiyanın mövqeyini bilmək istəyirsinizsə, onda biz problemin həlli yolunu belə görürük. Hər bir Xəzəryanı dövlətin təxminən 15-20 milə bərabər müəyyən nəzarət zonası olmalıdır, bu, dəniz hüququnda ərazi suları adlandırılır. Həmin ərazi zonasında hər bir dövlət tam sərhəd, gömrük, sanitariya nəzarəti həyata keçirir.

21-ci və 40-cı illərin sazişlərinin ənənələrinə sadiq qalaraq, beynəlxalq təcrübəni nəzərə alaraq hər bir dövlətin suveren balıqçılıq təsərrüfatı zonası haqqında razılığa gəlmək olardı. İndi bu zona 10 mildir. 12 millik, 20 millik zona barədə də razılığa gəlmək mümkündür. Bu, bizim necə razılığa gəlməyimizdən asılıdır.

Lakin suyun bütün səthi və qalınlığı sərbəst gəmiçiliyin ümumi vahid qaydaları naminə hamının istifadəsində olmalıdır ki, vahid ekoloji normalar və prinsiplər işləsin, bioloji mühitin vəziyyətinə nəzarətin vahid sistemi işləsin və bioloji ehtiyatların, ən əvvəl balıq ehtiyatlarının bərpasına aid birgə fonddan maliyyələşdiriləcək vahid sistem işləsin. Biz bu barədə inamla danışırdıq, çünki hesab edirdik ki, əgər sərhədlər olmasa, silahsızlaşdırma ideyasını həyata keçirmək mümkündür.

Əgər milli sektorlar olarsa, əgər dəniz milli sektorlara, əslində beş kiçik dənizə bölünərsə, onda bu milli sektorlara tam həcmdə milli yurisdiksiya şamil ediləcəkdir. Deməli, dövlətin qanunları həm gəmiçilik, həm balıq ovu, həm ekologiya, həm sərhəd rejimi sahəsində, həm də, lap istəsəniz, hava məkanından keçilməsi ilə bağlı rejim sahəsində də qüvvədə olacaqdır. Məhdudiyyətlər olarsa, onda ərazi mübahisələrinin yaranması istisna deyildir.

O ki qaldı dənizin dibinin bölünməsinə, biz təbiətdən səmərəli istifadə edilməsi naminə şərtləşirik. Biz şərtləşirik ki, burada, necə deyərlər, ehtiyatlar yurisdiksiyası olacaqdır. Deyək ki, yatağı istismara verdik, bizi maraqlandıran nefti, qazı çıxardıq, nə olsun, onsuz da hər şey necə vardısa, eləcə də qalır. Əgər dənizin dibi ilə çəkdiyimiz bölgü sərhədi, ayırma xəttini suyun qalınlığı vasitəsilə yuxarı qaldırıb dənizin səthində, sonra da hava məkanında davam etdirsək, onda elə sərhədlər yaratmış olacağıq ki, onlar Xəzər dənizinin ümumi dəniz, dostluq dənizi olmasına yəqin ki, kömək etməyəcəkdir.

Mən bəzi siyasətçilərin bəyanatlarını şişirtmək fikrində deyiləm, amma Xəzərin o biri sahilindəki bəzi paytaxtlarda tələsik söylənilmiş fikirləri eşitmişəm: Bizim üçün başlıcası neftdir, bizim üçün başlıcası qazdır, o ki qaldı balığa və qalan hər şeyə, eybi yoxdur, dözərik, sonra bir razılığa gələrik. Biz bu fikirdəyik ki, paket halında Konvensiya qəbul etmək lazımdır, elə konvensiya ki, burada Xəzərə münasibətin ümumi prinsipləri, o cümlədən də silahsızlaşdırma prinsipi, dənizin dibinə münasibət, suyun qalınlığına münasibət öz əksini tapsın.

Eyni zamanda ekologiya və bioehtiyatlarla bağlı məsələlər barəsində bütün Xəzəryanı dövlətlər tərəfindən hazırlanmış və təsdiqlənmiş saziş qəbul etmək lazımdır. Eyni zamanda gəmiçiliyə dair geniş bölmə qəbul etmək və ya onu konvensiyaya daxil etmək lazımdır. Gəmiçilik sərbəst olmalıdır. O, açıq olmalıdır ki, Xəzəryanı dövlətlərin gəmiləri Volqa vasitəsilə kanallarla başqa dənizlərə, başqa hövzələrə gedib gəlsinlər. Milli sektor bir növ bizim belə bir atalar sözünü xatırladır ki, hər monastırın öz qanunu olacaqdır. Hər bir dövlət də öz mənafeyi naminə diqqəti elə məsələlərə yönəldəcəkdir ki, hansısa üstünlüklərə malik olsun.

Heydər Əliyeviç, bir sözlə, indi biz elə bir vəziyyətdəyik ki, Xəzəryanı beş dövlətin hamısı dənizin dibi məsələsində razılığa gəlmişdir. Əgər suyun qalınlığı məsələsində də irəliləsək, onda biz hamını qane edən razılaşmalara kifayət qədər tez bir zamanda nail ola bilərik. Cürət edib deyə bilərəm ki, ümumiyyətlə, indi daha da irəliləməyin açarı Sizdədir. Mart ayında təşəbbüs göstərərək, dənizin dibi problemlərində irəliləməyə təkan verdiyiniz kimi, indi də suyun qalınlığı və suyun səthi ilə bağlı məsələlərə müvafiq təkan versəniz, onda biz bunların hamısını, zənnimcə, axıra çatdırardıq.

Bağışlayın ki, mən çox danışdım, amma Xəzər problemi bizi o qədər cəlb edib ki, məni dayandırmasalar, özüm dayanan deyiləm. Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Xəzərin hüquqi statusunu müəyyənləşdirmək sahəsində görülmüş iş barəsində ətraflı məlumat verdiyinizə görə sizə təşəkkür edirəm. Mövqeyinizin açıq şərhinə görə də, həyata keçirdiyiniz böyük iş haqqında məlumata görə də sağ olun. Sizin kimi, mən də bu günü çox əlamətdar gün hesab edirəm, o mənada ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında ötən il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləyə həsr edilmiş ratifikasiya etimadnamənin mübadiləsi olmuşdur.

Sizin kimi, mən də hesab edirəm ki, bu müqavilənin böyük tarixi əhəmiyyəti var, o, bizə qarşıdakı illərdə xidmət göstərəcək və əməkdaşlığı genişləndirməkdə və möhkəmləndirməkdə kömək edəcəkdir.

Mən Sizə təşəkkür edirəm ki, Siz Azərbaycandakı rus əhalisinin vəziyyətini obyektiv surətdə və ədalətlə qiymətləndirirsiniz, məsələ burasındadır ki, bunu hərdən bəziləri təhrif etməyə çalışırlar. Bizim üçün isə Rusiya hökumətinin, dövlətinin mövqeyi vacibdir. Həmçinin təşəkkür edirəm ki, Rusiya Federasiyasının ərazisində, dediyiniz kimi, təxminən bir milyon azərbaycanlı yaşayır və zənnimcə, normal yaşayır. Onlar bizim həmvətənlərimizdir, əksəriyyəti Rusiya vətəndaşıdır, çünki onlar Rusiyanın müxtəlif şəhərlərində, vilayətlərində artıq çoxdan yaşayırlar. Onların bir qismi isə orada müvəqqətidir, Azərbaycan vətəndaşıdır. Bunun əhəmiyyəti yoxdur. Hər halda, onlar həmvətənlərimizdir və Rusiya ərazisində, Rusiya dövlətinin sərhədləri daxilində yaşayırlar və biz çox istəyirik ki, normal yaşasınlar. Biz çox istəyirik ki, onlar Rusiya qanunlarına hörmət etsinlər, bu qanunları pozmasınlar və özlərini həm Rusiya vətəndaşları kimi, həm də Azərbaycan millətinə mənsub şəxslər kimi layiqincə aparsınlar.

Mənim Böyük Britaniyaya səfərim barədə xoş sözlərə görə Sizə təşəkkür edirəm. Həqiqətən, səfər çox uğurlu oldu. Qeyd edim ki, orada da Rusiya yaddan çıxmadı. Siz yəqin mətbuatdan bilirsiniz ki, Böyük Britaniyanın Baş naziri cənab Toni Bleyerin iqamətgahında Xəzər dənizinin neft yataqlarından istifadə edilməsi haqqında imzalanmış müqavilələr arasında Rusiyanın Moskva Mərkəzi Yanacaq Şirkəti tərəfindən imzalanmış müqavilə də vardır və bu müqaviləni ötən il Rusiyanın energetika naziri olmuş Yuri Şafrannik imzalamışdır.

Bu müqaviləni üç iri şirkət - Amerikanın "AMOKO" şirkəti, Böyük Britaniyanın "Monument Oyl ənd Qaz" şirkəti və Rusiyanın Mərkəzi Yanacaq Şirkəti imzalamışlar. Gördüyünüz kimi, hətta Böyük Britaniyada da Rusiya Azərbaycanla birlikdədir.

İndi də əsas mövzu barəsində. Mən Sizi son vaxtlar görmüş olduğunuz və indi gördüyünüz böyük iş münasibətilə təbrik etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, son vaxtlar Rusiya tərəfindən, xüsusən sizin nümayəndə heyəti tərəfindən və Boris Nikolayeviç, sizin tərəfinizdən edildiyi kimi, belə fəallıq, belə intensivlik və işə belə real yanaşma əvvəllər, ötən dörd ildə olmayıbdır.

Əvvəllər görüşləri gah Moskvada, gah Aşqabadda, gah da Tehranda təşkil etməyə cəhd göstərilirdi. Lakin mənə elə gəlir ki, onlar qeyri-mütəşəkkil səciyyə daşıyırdı, bəzən də hətta açıq-aşkar uğursuzluğa məhkum idi, çünki açıq-aşkar destruktiv idi.

İndi isə Rusiya rəhbərliyinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin - Yanacaq və Energetika Nazirliyinin və şübhəsiz ki, Rusiya rəhbərliyinin tutduqları mövqe, - bu, Boris Nikolayeviç, məhz sizin fəallığınız və qətiyyətiniz sayəsində mümkün olmuşdur, - hesab edirəm ki, qısa müddətdə öz nəticələrini verir.

Belə demək olar ki, biz keçmişdə çox vaxt itirmişik. Lakin bununla yanaşı, sevinmək olar ki, biz artıq indi doğru yoldayıq və Rusiya bu baxımdan təşəbbüsü özündə saxlayır. Bu, bizdə rəğbət oyadır. Məsələn, şəxsən mən bunu dəstəkləyirəm, çünki qısa müddətdə böyük iş görülmüşdür.

Bununla əlaqədar mən onu da yüksək qiymətləndirirəm ki, Siz Qazaxıstanla saziş imzalamısınız. Bu yaxşıdır, artıq ilk mühüm addımdır. Təbii ki, mən Sizin Tehranda keçirdiyiniz görüşə də, apardığınız danışıqlara da, əldə etdiyiniz nəticələrə də böyük əhəmiyyət verirəm. Bu, artıq onu göstərir ki, biz irəliləyirik. Amma, şübhəsiz ki, mən burada Bakıda, Azərbaycanda Rusiya ilə Azərbaycan arasında imzalanmış birgə bəyanatı - Xəzərin dibini sektorlara bölmək haqqında razılığa gəldiyimiz bəyanatı bütün bu prosesdə çox mühüm hesab edirəm. Bu, həmin məsələdə qarşılıqlı münasibətlərimizdə çox mühüm dönüş idi, ona görə də mən bunu xüsusilə xatırlayıram.

Əlbəttə, bu, sadə məsələ deyildir və belə düşünmək sadəlövhlük olardı ki, onu qısa müddətdə həll etmək mümkündür.

Görünür, başlıcası bundan ibarətdir ki, biz irəliləməliyik, hərəkət etməliyik. Təkrar edirəm, keçmişdə belə irəliləyiş yox idi.

Əvvəllər hər ağızdan bir avaz gəlirdi, müxtəlif fikirlər, müxtəlif baxışlar vardı, bəzən onlar qeyri-məqbul olurdu, hərə öz mövqeyinin üstün olduğunu sübut etmək istəyirdi. İndi hamı sanki bir istiqamətdə gedir. Rusiya Federasiyasının və şəxsən Sizin bu məsələ ilə fəal məşğul olmağınız məmnunluq hissi doğurur. Lakin bunun nəticəsində siz, Boris Nikolayeviç, Xəzər üzrə böyük mütəxəssis oldunuz.

Mən sizi çoxdan tanıyıram, biz bir-birimizi yaxşı tanıyırıq. Mən sizi komsomolda işlədiyiniz dövrdə də, sonra Sovet İttifaqının Mətbuat Komitəsində, diplomatik işdə çalışdığınız dövrdə də tanıyırdım. Xatirimdədir, siz Danimarkada da, Əfqanıstanda da işləmisiniz, sonra bu müddət ərzində bir çox sahələrdə də işləmisiniz və üzünüzə demək olmasın, hər yerdə də çox qeyri-adi bacarıq nümayiş etdirmisiniz və çox böyük təcrübə toplamısınız. İndi görürəm ki, siz o böyük təcrübəyə, o biliklərə Xəzərin problemlərinə dair böyük biliklər və böyük təcrübə də əlavə etmisiniz.

Bu da çox mühüm işdir, çünki Xəzər dünyada nadir hövzədir, ikinci belə hövzə yoxdur. Yaxud, məsələn, qara kürü Xəzərdən başqa ayrı heç yerdə yoxdur və ya Xəzərdəki kimi uzunburun və nərə balıqları ayrı heç yerdə yoxdur və Xəzər kimi dəniz də dünyada yoxdur.

Əlbəttə, neft dünyanın bir çox dənizlərində var. Lakin bununla yanaşı, məlumdur ki, dənizin dibindən nefti ilk dəfə olaraq burada, məhz Xəzərdə çıxarmağa başlamışlar. Xəzərin belə nadir xüsusiyyətləri çoxdur. Mən keçmişdə bir dəfə demişdim ki, bir çox onilliklər ərzində Azərbaycanda, Elmlər Akademiyasında Xəzərin problemləri üzrə xüsusi institut olmuşdur. İndi bununla bizdə Coğrafiya İnstitutu məşğul olur, o vaxtlar bu iki institutu birləşdirdilər. Bir sözlə, tədqiqatçılar Xəzəri bir çox yüzilliklər ərzində öyrənmişlər və bizim XX yüzilliyimizdə də öyrənirlər. Lakin hesab edirəm ki, Xəzərin sirləri hələ açılmayıbdır. Məsələn, indiyədək heç kim bilmir ki, Xəzərin səviyyəsinin qalxması və aşağı düşməsi nə ilə bağlıdır.

Bizim nəslin gözləri qarşısında, - buna elə mən özüm də şahidəm, - Xəzərdə suyun səviyyəsi azalmış, su sahillərdən çəkilmişdir. Elə bizim dənizkənarı bulvarı, köhnə bulvarı götürək. Mən onu 1939-cu ildən tanıyıram. Bu yaxınlarda bir dəfə demişdim ki, 40-cı illərdə bilavasitə bulvarda yanalma körpüsü və çimərliklər vardı, şəhərin bütün sakinləri orada çimirdi, bundan ötrü şəhərdən kənara getmək lazım deyildi. O vaxtlar su tərtəmiz, çimərlik isə gözəl idi. Gənclik illərində mən saatlarla orada olurdum. O vaxt ensiz bir bulvar vardı. Bulvarın indiki ikinci, üçüncü yarusu su çəkildikdən sonra torpaq tökməklə yaradılmışdır.

Xəzərdə suyun nə səbəbdən çəkilməsi məsələsi ilə burada, Azərbaycanda mən əvvəllər də, 1969-cu ildə Azərbaycanın rəhbəri olduqdan sonra da çox məşğul olmuşam, Moskvada da çoxları məşğul idi. Deyirdilər ki, görünür, Qaraboğaz-Qolda çoxlu buxarlanma gedir və buna görə də su oraya axır. Odur ki, Qaraboğaz-Qolun qabağını kəsdilər, yəqin ki, bunu çoxları xätırlayır. Bəs nə üçün kəsdilər? Ona görə ki, Xəzərin suyu oraya axmasın və bundan sonra guya Xəzərdə suyun səviyyəsi sabitləşəcəkdir. Amma sonra su çoxalmağa başladı. Mən uzun illər ərzində Azərbaycanda olmadım və 1993-cü ildə gəldikdə, - bundan əvvəl 1990-cı ildə ilk dəfə gəlmişdim, - əlbəttə, dərhal bulvara getdim və gördüm ki, bir vaxtlar yaratdıqlarımızın hamısı dağılmışdır, hamısı batıb yox olmuşdur. Özü də təkcə bulvarda yox, həm də bütün sahil boyunca. Təkcə bizim sahildə yox, həm də digər Xəzəryanı ölkələrin sahillərində. İndi isə su yenidən çəkilir. Ona görə də heç kəs deyə bilməz ki, suyun qalxması və çəkilməsi nədəndir, heç kəs deyə bilməz, heç bir alim demir, sübut etməmişdir. Bütün bunlar fərziyyələrdir və bu fərziyyələr doğru çıxmır.

Bununla vaxtınızı almaq istəmirəm, lakin bu sözlərimlə sadəcə olaraq demək istəyirəm ki, Xəzər dənizi nadir, mürəkkəb dənizdir və şübhəsiz, Xəzərin problemlərini də birdən-birə həll etmək mümkün deyildir. Elə indinin özündə gedən danışıqlar da, ola bilsin, orada və ya burada dərhal nəticələr vermir. Bu, heç kəsi təəccübləndirməməlidir. Məsələn, mən bunu tamamilə təbii hal sayıram.

Mən belə başa düşdüm ki, indi Sizin Qazaxıstanla, İranla danışıqlarımız, - doğrudur, Siz Türkmənistanın mövqeyi barədə heç nə demədiniz, görünür, hələ orada olmayıbsınız, yaxud da hələ macal tapmamısınız, - ona gətirib çıxarmışdır ki, Xəzərin dibini sektorlara bölmək barədə, demək olar, razılıq var. Biz lap əvvəldən bu termini işlətmişik. Əlbəttə, onu biz düşünüb tapmamışıq. O, çoxdan, hələ Sovetlər İttifaqında düşünülüb tapılmışdır və biz bu termini işlədirik. Bu, artıq tərəqqidir, böyük tərəqqidir. Bu, bir çox məsələləri aradan götürmüşdür.

Digər məsələlərə - gəmiçilik, balıq ovu, ekologiya məsələlərinə gəldikdə, əlbəttə, onlar mühüm məsələlərdir və Xəzər dənizinin dibindən neft və qaz çıxarılmasından heç də az əhəmiyyətli deyildir. Biz bunlara eyni dərəcədə maraq göstəririk.

Hərçənd, qeyd etdiyimiz kimi, Xəzər dənizində bizim sektor ədalətli hesab etdiyiniz xətt daxilində 18 faizə bərabərdir. Lakin bununla yanaşı, məsələn, Azərbaycan Xəzər dənizinin balıq ehtiyatlarını inkişaf etdirmək məsələlərində çox mühüm yer tutur. Axı bizdə balıqyetişdirmə zavodları var. Bir vaxtlar belə bir problem vardı ki, - 70-ci illərdə mən bununla da çox məşğul olurdum, - Xəzərdə balıqların qiymətli növlərinin miqdarı azalır. Bu məsələ Moskvada müzakirə olunurdu, mən bu məsələlərin müzakirəsində iştirak edirdim. Yenə təkrar edirəm, Xəzəryanı beş ölkə var, bütün Xəzəryanı ölkələr arasında Azərbaycan və Rusiya elə dövlətlərdir ki, onların əsas şəhərləri Xəzərin sahilində yerləşmişdir. Azərbaycanın paytaxtı - Bakı şəhəri Xəzərin lap sahilindədir. Elə bunun özü Xəzər dənizinə münasibətimizi bəri başdan müəyyənləşdirir. Rusiyanın da Xəzərdə çox böyük limanı var, bu Həştərxandır. Lakin o, heç də təkcə liman deyildir. Rusiyanın ən iri çaylarından biri olan Volqa Xəzər dənizinə tökülür.

Qazaxıstan da böyük sahilboyu zolağa malikdir və indi onun bu cür sektoral prinsip üzrə öz sektorunda daha böyük hissəsi var. Amma bu sahilboyu zolaqda iri şəhərlər yoxdur -Aktau limanı da 50-ci və ya 60-cı illərdə yaradılmışdır. Türkmənistan da mühüm limana malikdir. Əvvəllər o, Krasnovodsk adlanırdı, indi isə Türkmənbaşı adlanır. Lakin o, Türkmənistanın əsas hissəsindən, paytaxtdan elə uzaqdır ki, Türkmənistanda Xəzəri bizdə, Azərbaycanda olduğu kimi hiss etmirlər. Yaxud götürək İranı - onun İran körfəzinə, oradan isə dünya okeanına çıxışı var. Bu yaxın vaxtlaradək Xəzərin sularında, Xəzər sahilində yerləşən Ənzəli, Nouşəhr limanlarında və digər limanlarda İranın şahın yaxtasından və kiçik qayıqlardan başqa, əslində gəmiləri yox idi.

Bakı Xəzərlə həmişə daha çox məşğul olmuşdur. İş elə gətirmişdir ki, burada balıq yetişdirmə zavodları var. Biz hələ Sovetlər İttifaqının tərkibində olarkən Xəzərdə qiymətli balıq növlərinin qorunub saxlanması və artırılması məsələlərini çox tez-tez müzakirə edirdik. Təkrar edirəm, Azərbaycan Xəzərin problemləri ilə başqa ölkələrə nisbətən həmişə daha çox məşğul olmuşdur. Sovetlər İttifaqı dövründə də Moskva Xəzərdə öz missiyasını məhz Bakı vasitəsilə həyata keçirirdi.

Xəzər Gəmiçilik İdarəsinə gəldikdə isə, onun qərargahı həmişə Bakıda yerləşmişdir, filiallar isə Həştərxanda, Krasnovodskda olmuşdur. Bütün yükdaşımalar məhz Bakıda həyata keçirilirdi. Sovetlər İttifaqı dövründə ilk bərə keçidi də Bakı -Krasnovodsk keçidi olmuşdur. Bu, indiyədək mövcud olan çox mühüm nəqliyyat xəttidir. Bu mühüm məqamları xatırlatmaqla demək istəyirəm ki, biz keçmişdə də Xəzər dənizinin problemləri ilə - həm gəmiçilik, həm balıq ovu, həm də ekologiya problemləri ilə fəal məşğul olurduq. Məsələn, Xəzər dənizinin ekoloji təmizliyinə həmişə böyük əhəmiyyət verərək, dəfələrlə yoxlamalar təşkil etmişdik və Sumqayıtdakı kimya zavodlarımızın zəhərli maddələrinin dənizə axıdılmasına görə adamları cəzalandırmışdıq, nə qədər təmizləyici qurğular yaratmışdıq.

Mənə elə gəlir ki, Xəzərin ekoloji təmizliyinə, onun balıq ehtiyatlarının artırılmasına ümumi səylərlə qayğı göstərmək lazımdır. Mən bunu alqışlayıram ki, siz İranla birgə sənədlərdə Xəzərin silahsızlaşdırılması barədə müddəanı da təsbit etmisiniz. Ötən dəfə mən bunu etməyi Sizdən mart ayında xahiş etmişdim. Amma onda mənim xahişim yerinə yetirilmədi. Bu gün Siz mənim Xəzər dənizini silahsızlaşdırmağın təşəbbüskarı olmağımı qeyd etdiniz və buna görə Sizə təşəkkürümü bildirirəm. Mən bunu mart ayında biz Sizinlə görüşəndə də demişdim, xahiş etmişdim ki, bu, birgə sənədimizdə təsbit olunsun. Ancaq onda bu təklif dəstəklənmədi. İndi Siz bunu etdiniz. Bu, çox yaxşıdır. Mən bunu alqışlayıram.

Sözün qısası, Boris Nikolayeviç, hörmətli dostlar, mən hesab edirəm ki, biz bu məsələdə irəliləyirik. Artıq bunun özü müsbət haldır və mən bu fikirdəyəm ki, biz irəliləməliyik və bu məsələnin tamamilə həll edilməsinə nail olmalıyıq. Bunu indi də edə bilərik, bir müddətdən sonra da, bunun əhəmiyyəti yoxdur. Başlıcası budur ki, düzgün xətt götürmüşük, düzgün istiqamətdə gedirik. Hesab edirəm ki, siz xarici işlər naziri və Baş nazir ilə görüşərkən qarşılıqlı anlaşmaya nail olmadığınız məsələlər barəsində indi biz daha konkret surətdə fikir mübadiləsi apara bilərik.

"Azərbaycan" qəzeti, 30 iyul 1998-ci il.