Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Uşaq Musiqi Festivalı qaliblərinin yekun konsertində çıxışı - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 1 iyun 1996-cı il


Əziz uşaqlar, əziz balalar!

Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə sizi, bütün Azərbaycan uşaqlarını, bütün dünya uşaqlarını ürəkdən təbrik edirəm. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Ona görə də dünyada Uşaqları Beynəlxalq Müdafiə günü təsis olunubdur. Bu bayram dünyanın hər yerində, hər bir ölkədə qeyd edilir.

Müstəqil Azərbaycan Respublikasında biz bu günü, bu bayramı xüsusi qeyd edirik. Çünki Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı həmişə hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur. Təsadüfi deyil ki, əsrlərdən-əsrlərə Azərbaycanda insanlar istəyiblər ki, onların çox uşağı olsun, ailələr çoxuşaqlı olublar. Ata-analar uşaqlarını qorumağı, saxlamağı, böyüdüb tərbiyə etməyi öz həyatının mənası və məqsədi hesab ediblər. Bu, əcdadlarımızdan, ulu babalarımızdan bizə qalan ənənələr nəsihətdir, irsdir. Biz də bu ənənəyə sadiqik. Bizim borcumuz bu ənənələri dərinləşdirmək, genişləndirmək, daha da inkişaf etdirməkdən ibarətdir. Müstəqil Azərbaycan Respublikasının, dövlətimizin qayğıları çoxdur. Ancaq Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür. Bu, bizim müqəddəs borcumuzdur.

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur. Biz bu borcu yerinə yetirməyə çalışırıq. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çətin keçid mərhələsində daim çalışırıq ki, uşaqlarla əlaqədar olan məsələləri tez və yaxşı həyata keçirək. Məlumdur, biz bunların hamısına nail ola bilmirik. Bunun obyektiv səbəbləri var. Bu səbəblərdən biri də Azərbaycan Respublikasının Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasıdır. Səkkiz ildir ki, Azərbaycan bu təcavüzə dözür, ona qarşı mübarizə aparır.

Xalqımız bu təcavüzdən çox zərbələr alıbdır. Biz çox itkilər, şəhidlər vermişik. Ancaq bu təcavüzdən ən çox bizim körpələrimiz, uşaqlarımız zərər çəkiblər. Ən çox bizim gənc nəslimizə zərər dəyibdir, şəhid olanların əksəriyyəti gənclərdir. Bu təcavüz nəticəsində ərazimizin iyirmi faizi işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız həmin torpaqlardan zorla qovulub, didərgin düşübdür. Həmin ailələrdə uşaqlar da çoxdur. Təsəvvür edin, bizim nə qədər ağrılı, yaralı yerlərimiz var. Körpə uşaqlar hələ böyüməmiş, elinə-obasına öyrəşməmiş yerindən-yurdundan ediliblər. Ürəyimiz ona görə çox ağrıyır ki, didərgin düşmüş, öz yerlərindən məcburi köçmüş vətəndaşlarımızın ailələrinin əksəriyyəti çadırlarda yaşayır. Körpələrimiz çadırlarda yaşayır, böyüyür, çadırlarda məktəbə gedir, çadırlarda əylənirlər. Çadırlarda dünyaya gələn, doğulan uşaqlarımız var. Əgər ailələr dörd ildən artıqdır ki, çadırlarda yaşayırlarsa, burada ailə böyüyür. Yeni övladlar dünyaya gəlir, Bu, həyatımızın ən yaralı cəhətidir, ən ağrılı hissəsidir. Ancaq eyni zamanda bu, həyatımızın gerçəkliyidir.

Bununla bərabər, demək istəyirəm ki, yaşlılarımız da, uşaqlarımız da - hamısı bu əzab-əziyyətə dözürlər. Ona görə dözürlər ki, biz torpaqlarımızın müdafiəsindəyik, respublikamızın ərazisinin işğal olunmuş hissəsini azad etmək istəyirik. Ona görə dözürlər ki, respublikamızın ərazi bütövlüyünü təmin etmək istəyirik. Bu ağrı-acılara, əzab-əziyyətlərə dözən analara, atalara və xüsusən uşaqlara, körpələrə, çadırlarda yaşayanlara bu gün, uşaqları Beynəlxalq Müdafiə günü xüsusi hörmət və ehtiramımı bildirir, onlara səmimi salamlarımı çatdırıram.

Xalqımız bilir, uşaqlarımız, körpələrimiz də bilməlidirlər ki, ağır günün ömrü uzun çəkməyəcəkdir. Ağır günün ömrü gödək olur. Biz bu ağır günlərdən çıxacağıq. Qaçqınlarımız çadırlardan, ağır vəziyyətdə yaşadıqları yerlərdən çıxacaq, öz evlərinə-obalarına, doğma torpaqlarına qayıdacaqlar. Dünyaya yeni-yeni övladlarımız, körpələr gələcək. Həyat davam edir, davam edəcək, uşaqlar böyüyəcək, onların yerini yeni körpələr tutacaqdır. Azərbaycan xalqı istedadlı xalqdır. Əsrlərdən-əsrlərə xalqımız istedadlar yetiribdir. Bu istedadlar Azərbaycan xalqının mənəviyyatını, elmini, ədəbiyyatını, incəsənətini yaradıb, yaşadıb, inkişaf etdiriblər. Məhz xalqımızın istedadlarının fəaliyyəti nəticəsində və xalqımızın mənəviyyata, mədəniyyətə xüsusi qayğısı və münasibəti nəticəsində Azərbaycan xalqının böyük, gözəl mədəniyyəti, böyük elmi yaranıbdır. Azərbaycanın görkəmli elm, mədəniyyət xadimləri, incəsənət ustaları dünya mədəniyyətinə gözəl töhfələr verib, onu zənginləşdiriblər.

Bu gün də biz bu prosesin şahidiyik. Ölkəmiz nə qədər ağır vəziyyətdə yaşayırsa da, xalqımız öz mənəviyyatını, mədəniyyətini, musiqisini, şərqisini, mahnısını, rəqsini heç vaxt unutmayıbdır. Mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, mahnılarımız xalqımızı ən ağır dövrlərdə də gələcəyə inam ruhunda, nikbin əhval-ruhiyyədə yaşadıb və bu gün də yaşadır. Məhz bunların nəticəsidir ki, bu illərdə də Azərbaycanın uşaqları, gənc nəsli arasından belə gözəl istedadlar meydana çıxır. Bu, bizi sevindirir, onu göstərir ki, xalqımız yaşayır, yaradır, inkişafdadır.

Bu gün biz Bakı şəhəri istedadlarının bir qrupunun çıxışlarını dinlədik, onların şahidi olduq. Bizə çox gözəl mahnılar, musiqi nümunələri təqdim etdilər. Bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycan xalqı istedadlı xalqdır və nə cür olur-olsun, nə qədər çətin vəziyyətdə yaşasaq da, bu istedadlar meydana çıxır, öz bacarıqlarını göstərir, həyatımızı, mədəniyyətimizi zənginləşdirirlər.

Mən Bakı şəhərinin istedadlı uşaqlarının çıxışlarından çox məmnun olduğumu bildirir, bu konserti bizə təqdim edənlərə təşəkkür edir, burada çıxış edərək hamımızı sevindirən uşaqları istedadları və yüksək incəsənət nümunələri göstərmələri münasibətilə təbrik edirəm. Bizim borcumuz istedadlara daim qayğı göstərməkdir. Mayın 10- da gənc istedadlarla ilk görüşümdə bəyan etdim və bu gün bir daha təkrar edirəm: ölkəmizin gənc istedadları, istedadlı uşaqları bundan sonra Azərbaycan prezidentinin xüsusi qayğısı altında olacaqlar. Ölkəmizin iqtisadi vəziyyəti, xalqımızın ümumi yaşayış tərzi nə qədər çətin olsa da biz istedadlara xüsusi qayğı göstərəcəyik. İstedadlar - uşaqlar, gənclər də bilsinlər ki, onların bütün qayğılarını Azərbaycan prezidenti özü şəxsən çəkəcəkdir.

İstedadı cəmiyyətə, xalqa göstərmək lazımdır, ona istedadını inkişaf etdirmək üçün kömək etmək, istedada yol açmaq lazımdır. Bu sahədə Azərbaycanın, Bakının musiqi məktəbləri, respublikamızın mədəniyyət ocaqları, Mədəniyyət Nazirliyi, mədəniyyətlə məşğul olan təşkilatlarımız çox iş görürlər. Bu gün burada öz istedadlarını nümayiş etdirənlərin müəllimləri, musiqi məktəbləri ilə də tanış olduq. Mən müəllimləri, musiqi məktəblərini, həmin məktəblərin kollektivlərini və bütün mədəniyyət işçilərini, gənc istedadlara qayğı göstərənlərin, öz istedadlarını nümayiş etdirmək üçün onlara dərs verənlərin, kömək edənlərin hamısına təşəkkürümü bildirir, bu gözəl işlər münasibətilə onları təbrik edirəm.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, bugünkü konsert gələcək böyük konsertlərə yol açır, Azərbaycanın hər bir guşəsində, hər bir şəhərində, kəndində istedadlara qayğı göstəriləcək, onlara yol açılacaq, xalqımızın mədəniyyəti bundan sonra da yüksələcəkdir. Şübhə etmirəm ki, Azərbaycan xalqının gələcək incəsənəti, mədəniyyəti, elmi indikindən daha da zəngin olacaq, daha da yüksəklərə qalxacaqdır.

Əziz balalar, bunlar hamısı sizdən asılıdır. Bunların hamısını siz etməlisiniz, gənc istedadlar etməlidirlər. Sizi bu gün bir daha təbrik edir, hamınızı qucaqlayıb bağrıma basır, öpürəm. Hamınıza cansağlığı, səadət, yeni uğurlar, incəsənətdə yeni zirvələr arzu edirəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər