Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş yeni il şənliyində çıxışı - Bakı, İdman oyunları sarayı, 31 dekabr 1997-ci il


Əziz uşaqlar, balalar, gənclər, müstəqil Azərbaycanın əziz övladları!

Sizi qarşıdan gələn 1998-ci il - Yeni il münasibətilə ürəkdən təbrik edir, sizə şən həyat, xoşbəxtlik, cansağlığı, səadət arzulayıram.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Əziz balalar, biz sizinlə müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Ancaq dünyanın bir çox ölkələrində bizim soydaşlarımız, bacı-qardaşlarımız, milyonlarla azərbaycanlı yaşayır, sizin kimi gənclər, azərbaycanlı balaları, azərbaycanlı uşaqları yaşayır. Bu bayram münasibətilə mən sizi, bütün dünya azərbaycanlılarını, bütün ölkələrdə yaşayan azərbaycanlı uşaqları, gəncləri ürəkdən təbrik edirəm, dünya azərbaycanlılarına xoşbəxt gələcək arzulayıram.

Əziz uşaqlar, əziz gənclər! Siz bu gün bu gözəl saraya Yeni il bayramı, yolka bayramı münasibətilə toplaşmısınız. Qarşıdakı günlərdə Azərbaycanda uşaqlar, gənclər tətil zamanı istirahət edərək Yeni il bayramlarında, yolka bayramlarında iştirak edəcəklər, oxuyacaqlar, oynayacaqlar, şənlənəcəklər və yenidən dərslərə, işlərə hazırlaşacaqlar.

Bu gün, bu bayramların başlanğıc günü siz burada Azərbaycanın gənclərinin, uşaqlarının yüksək istedada malik olduğunu bir daha nümayiş etdirdiniz. Sizin mahnılarınız, musiqiniz, rəqsləriniz, göstərdiyiniz əyləncəli nümunələr hamısı çox gözəldir, çox sevindiricidir. Sizi bu istedadlarınız münasibətilə, təqdim etdiyiniz bugünkü gözəl tamaşa münasibətilə təbrik edirəm və sizə gələcəkdə də öz istedadlarınızın inkişaf etdirilməsində, incəsənətdə, musiqidə, mahnıda, bütün işlərinizdə uğurlar arzulayıram.

Biz sizinlə birlikdə Azərbaycan sirkinin də bir neçə gözəl tamaşalarına baxdıq və onlar da çox yaxşı təəssürat bağışlayır. Burada səsləndi ki, Azərbaycan sirkinin də yubileyidir. Azərbaycan sirki xalqımıza böyük xidmətlər göstərmiş, xüsusən uşaqlara, gənclərə, onların əylənməsinə, şənlənməsinə çox xidmətlər göstərmişdir və gələcəkdə də göstərəcəkdir. Sirk işinə özünü həsr etmək böyük istedad və cəsarət tələb edir. Mən bu fürsətdən istifadə edib Azərbaycan sirkinin bütün əməkdaşlarına təşəkkürümü bildirir, onları da bu bayram münasibətilə təbrik edirəm.

Əziz uşaqlar, əziz gənclər! Mən sizə baxıram, nə qədər gözəlsiniz, insanları, öz valideynlərinizi - ata-ananızı, baba-nənənizi nə qədər sevindirirsiniz, bizim xalqımızı, millətimizi nə qədər sevindirirsiniz, dövlətimizi nə qədər sevindirirsiniz, məni nə qədər sevindirirsiniz. Çox sağ olun! Sizə baxdıqca, sizi dinlədikcə mən Azərbaycanın, müstəqil Azərbaycan Respublikasının gələcəyi haqqında düşünürəm və düşünərək öz-özümə deyirəm ki, narahat olmaq lazım deyil, Azərbaycanın gələcəyi var. Azərbaycanın xoşbəxt gələcəyi onun əbədi olan dövlət müstəqilliyi ilə bağlıdır. Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycanın vətəndaşlarının Vətənə olan sevgisi, məhəbbəti ilə, onların vətənpərvərliyi, millətimizin qüdrəti ilə bağlıdır. Əziz uşaqlar, əziz gənclər, Azərbaycanın gələcəyi sizinlə bağlıdır, sizin istedadınızla, gələcək fəaliyyətinizlə bağlıdır. Siz bizim sabahımızsınız, bizim gələcəyimizsiniz. Siz bizim hər birimizin, bütün Azərbaycan xalqının xoşbəxtliyisiniz.

XX əsr sona çatır. 1998-ci il bu əsrin son illərindən biridir. Biz XXI əsrə doğru addımlayırıq. XXI əsr Azərbaycan xalqı, Azərbaycan milləti, Azərbaycan Respublikası üçün, bütün dünya azərbaycanlıları üçün yeni uğurlar, yeni nailiyyətlər əsri olacaqdır. Əziz uşaqlar, əziz balalar, XXI əsrin yaradıcıları, qurucuları siz olacaqsınız. Bu illərdə çox çətinliklə, böyük mübarizələrlə böyük maneələrin qarşısını alaraq qurduğumuz, yaratdığımız müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi, dünyəvi Azərbaycan dövləti XXI əsrdə yaşayacaq, inkişaf edəcək və əziz balalar, əziz gənclər, o, sizin çiyinlərinizdə irəliləyəcəkdir.

Biz bu illərdə gələcəyin böyük təməlini qoyuruq, möhkəm təməlini, polad təməlini qoyuruq. Sizin borcunuz, vəzifəniz bizim qurduğumuz, yaratdığımız işləri, müstəqil Azərbaycan Respublikasını, Azərbaycan dövlətini gələcəkdə qorumaqdan, yaşatmaqdan ibarət olacaqdır. Bu, sizin şərəfli vəzifənizdir. Siz - bu günün uşaqları, gəncləri gələcəyin aparıcı qüvvələrisiniz. Mən əminəm ki, siz Vətəninizə, doğma Azərbaycan torpağına, millətinizə, dilinizə, dininizə, milli-mənəvi ənənələrimizə daim sadiq qalacaqsınız, onları qoruyub saxlayacaq, daim inkişaf etdirəcək, daha da ucalara qaldıracaqsınız.

Əziz uşaqlar, əziz gənclər, mən sizə inanıram. Bu gün Azərbaycan Respublikasının qarşısında duran ağır və çətin problemləri həll edərək, Azərbaycanın prezidenti kimi, dövlət başçısı kimi mən sizdən ilham alıram, sizə inanaraq bu işləri görürəm. Əminəm ki, siz bu işlərin etibarlı davamçısı olacaqsınız. Sizin hamınıza bir daha cansağlığı arzu edirəm.

Mən sevinirəm, bu gün şadam ki, Azərbaycanın uşaqları, balaları sülh, əmin-amanlış şəraitində yaşayırlar, Azərbaycanın uşaqları, gəncləri ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik və tam rahatlıq şəraitində yaşayırlar. Mən sevinirəm ki, xalqımızın güzəranı günü-gündən yaxşılaşır və yaxşılaşacaqdır. Mən sevinirəm ki, uşaqlara, gənclərə qayğı artır və artacaqdır. Mən sevinirəm ki, çətinliyə, problemlərə baxmayaraq, sizin üzünüz gülür, çalırsınız, oynayırsınız, rəqs edirsiniz. Ümidvaram ki, ilbəil bundan da yaxşı, bundan da gözəl olacaq, siz bundan da çox şənlənəcəksiniz.

Əziz uşaqlar, əziz övladlar, mən sizin hamınızı öpürəm, bağrıma basıram. Hər biriniz mənim üçün doğmasınız, əzizsiniz. Bilin ki, mənim qəlbimdə hər birinizin yeri var. Sizə bir daha cansağlığı arzu edirəm. Yeni il bayramınız mübarək olsun! Sağ olun, sağ olun, sağ olun! Gələcək görüşlərə qədər!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər