Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa səfiri Şantal Puare ilə söhbətindən - 20 oktyabr 2001-ci il


Şantal Puare: Cənab respublika prezidenti. Mən Fransa Respublikasının prezidenti Jak Şirak tərəfindən qəbul olunmuşdum və cənab prezident imzaladığı etimadnaməni mənə təqdim etdi. Mən indi böyük şərəf hissi ilə həmin etimadnaməni və əvvəllər burada işləmiş səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim edirəm.

Bizim qısa görüşümüz zamanı cənab prezident özünün ən xoş arzularını Sizə çatdırmağı məndən xahiş etdi. Mən bu xoş arzuları məmnuniyyətlə Sizə çatdırıram.

Bundan əlavə, Sizə bəyan etmək istəyirəm ki, Fransa Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində çox maraqlıdır və bu sahədə bütün səylərini göstərməyə hazırdır.

Vaxtilə, hətta ikiqütblü dünya şəraitində də Fransada general de Qoll da demişdir ki, "biz istəyirik ki, hər bir ölkə öz müstəqilliyini əldə etsin və sonra da bu müstəqilliyi möhkəmləndirsin".

Hazırda Fransa Avropa məkanının möhkəmlənməsinə və güclənməsinə çalışır və bu sahədə bütün Avropa ölkələri ilə, o cümlədən sizin ölkənizlə əməkdaşlığa lazımi səy göstərməyə can atır.

Cənab prezident, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sizin faciənizi biz bilirik və buna şərik çıxırıq. Qeyd etmək istəyirəm ki, Minsk qrupunda həmsədrlik edən ölkənin nümayəndəsi kimi mən də bu istiqamətdə sizin ölkənizə lazımi yardım göstərilməsinə çalışacağam.

Biz əminik ki. məhz Sizin səyləriniz nəticəsində ölkəniz bu sahədə yeni addımlar atacaqdır ki, tərəqqi əldə edilsin. Bununla bağlı mən deyə bilərəm ki, Fransa məsələnin həllində bütün nüfuzundan istifadə edərək bu sahədə Sizə öz yardımını davam etdirəcəkdir.

Cənab prezident, ümumiyyətlə, mən bildirmək istəyirəm ki, ölkələrimiz arasında yaxınlaşmaya nail olmaq üçün biz siyasi, xüsusən də ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirməliyik. Bu sahədə müəyyən addımlar atılır. Bu il noyabrın 18-19-da ikitərəfli iqtisadi komissiya öz yığıncağını keçirəcəkdir. Ölkələrimiz arasında mədəni əlaqələr də hərtərəfli inkişaf etməkdədir. Yaratdığımız bu assosiasiyanın hazırladığı Azərbaycan dilinin tədris kitabını çap etmişik. Hazırda bu sahədə işlərimizi davam etdiririk.

Cənab prezident, yekun olaraq demək istəyirəm ki, sentyabrın 11-də baş vermiş dəhşətli hadisədən sonra hamımız birlikdə terrorizmə qarşı mübarizədə öz səylərimizi birləşdirməliyik. Hesab edirəm ki, bu sahədə də biz eyni istiqamətdəyik.

Cənab prezident, mən burada dünyəvi bir dövlətin nümayəndəsiyəm və dövlətimizi burada təmsil edərək demək istəyirəm ki, sizin ölkənizdə də müxtəlif dinlərə eyni münasibət göstərilməsinə riayət edilir. Bu baxımdan ölkələrimiz arasında oxşarlıq var və Fransa heç vaxt dini və ya etnik azlıqlar arasında heç bir fərq qoymayıbdır. Onu da deyə bilərəm ki, hazırda Fransada 5 milyon müsəlman yaşayır.

Cənab prezident, mən Sizə minnətdarlığımı bildirirəm və öz etimadnaməmi Sizə təqdim edirəm.

Heydər Əliyev: Hörmətli xanım səfir!

Sizi Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və bu şərəfli işinizdə uğurlar arzulayıram.

Mənim əziz dostum - Fransanın prezidenti hörmətli Jak Şirakdan mənə çatdırdığınız salamlara və xoş arzulara görə təşəkkür edirəm. Rica edirəm, mənim səmimi salamlarımı, ən xoş arzularımı prezidentə çatdırasınız.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Fransa ilə Azərbaycan arasında dərhal diplomatik əlaqələr qurulubdur. Ondan sonra isə Fransanın Azərbaycana birinci səfiri təyin olunubdur. Azərbaycan da Fransaya öz səfirini təyin edibdir. Beləliklə, bizim ölkələrimizin əməkdaşlıq etməsi üçün çox yaxşı imkanlar yaratmışıq.

Ötən illərdə Fransa ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edib və hesab edirəm ki, bu əlaqələr indi yüksək səviyyədədir. Mən məmnuniyyətlə xatırlayıram ki, Azərbaycanın prezidenti seçiləndən sonra xarici ölkələrə ilk səfərim 1993-cü ilin dekabrında mərhum prezident Fransua Mitteranın dəvəti ilə Fransaya olmuşdur. Ondan sonra bizim əlaqələrimiz daha da inkişaf etmişdir. O vaxt biz bir neçə sənəd imzaladıq. Sonra isə prezident Jak Şirakın dəvəti ilə də mən Fransada oldum. Biz əlaqələrimizi genişləndirməyə başladıq.

1997-ci ilin əvvəlindən Fransa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Ona Rusiya, Amerika Birləşmiş Ştatları ilə bərabər, Fransa da həmsədrlik edir. Ötən illərdə ATƏT-in Minsk qrupu və onun həmsədrləri, o cümlədən Fransa bu məsələnin həll olunması üçün çox səylər qoymuşdur. Bir çox ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə olduğumuz zaman şəxsən prezident Jak Şirak ilə görüşlərimizdə hər dəfə bu məsələni müzakirə etmişik. Mən prezident Jak Şirakın bu məsələnin tezliklə, sülh yolu ilə, ədalətli həll olunmasına həqiqətən nə qədər böyük əhəmiyyət verdiyini daim hiss etmişəm.

Nəhayət, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması üçün də Fransa və şəxsən Fransanın prezidenti cənab Jak Şirak çox yardımlar etmişlər.

Bu ilin əvvəlində mən iki dəfə Parisdə olmuşam və Jak Şirakla görüşmüşəm. Bizim üçün ən vacib olan məsələ - Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar danışıqlarımız olubdur və onun iştirakı ilə, onun təşəbbüsü ilə Ermənistan prezidenti Koçayranla da mənim orada görüşlərim olubdur.

Ötən illərdə bizim ölkələrimiz arasında iqtisadi əlaqələr də inkişaf etmişdir. Fransanın böyük neft şirkətləri "Elf Akiten", "Total" Azərbaycana çox maraq göstərmişlər. Biz onlarla əməkdaşlıq edirik. Xatirimdədir, 1997-ci ilin yanvar ayında Parisdə, Yelisey sarayında biz Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın "Total" şirkəti arasında yeni müqavilə imzaladıq.

Biz Fransa ilə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək əzmindəyik. Xüsusən Fransanın prezidenti Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bundan sonra da səylər göstərəcəyinə ümid bəsləyirik.

Beynəlxalq təşkilatlarda biz çox faydalı əməkdaşlıq edirik. O cümlədən Avropa Şurasındakı əməkdaşlığımızı mən müsbət qiymətləndirirəm.

Əmin ola bilərsiniz ki, Azərbaycanda sizin üçün, yəni Fransanın səfiri üçün fəaliyyət göstərməyə, Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün səylər göstərmək üçün bütün imkanlar mövcuddur və bundan sonra da yaranacaqdır.

Ümidvaram ki, indiyə qədər yaranmış yaxşı əlaqələri sizin səylərinizlə və təbiidir ki, bizim səylərimizlə bundan sonra da daha da sürətlə inkişaf etdirəcəyik.

Mən bir daha sizi təbrik edirəm və bu məsuliyyətli işinizdə uğurlar arzulayıram.

(Sonra Azərbaycan Prezidenti Heydər Əliyevlə Fransa səfiri arasında səmimi söhbət oldu).

Heydər Əliyev: Siz rus dilini bilirsiniz?

Şantal Puare: Mən rus dilini başa düşürəm.

Heydər Əliyev: Güman edirəm ki, burada Azərbaycan dilini də öyrənərsiniz.

Şantal Puare: Bəli, tamamilə belədir. Mən bizim milli bayramımızda məmnuniyyətlə çalışacağam ki, Azərbaycan dilində çıxış edim.

Heydər Əliyev: Burada çətin bir şey yoxdur. Sizin milli bayramınızın vaxtına hələ çox var. 14 iyul, o gün mənim çox yadımdadır. Çünki 1969-cu il iyulun 14-də mən Azərbaycanın başçısı seçilmişəm. 1969-cu ildə… ona görə mənə o vaxtlar həmişə deyirdilər ki, sən xoşbəxt adamsan ki, Bastiliya günü yeni böyük bir vəzifəyə gəlmisən. Ona görə mən bu bayramın tarixini həmişə bilirəm, unutmuram. İnşallah, o vaxta kimi də Azərbaycan dilini öyrənərsiniz. Bu, çətin deyildir.

Şantal Puare: Cənab prezident, ümumiyyətlə, demək istəyirəm ki, həmin tarix, həmin bayram bizim hamımız üçün çox xüsusi əhəmiyyət daşıyır. Sizin hakimiyyətə gəlməyinizi də biz yüksək qiymətləndiririk, bununla Azərbaycanın müstəqilliyi daha da möhkəmləndi və bu, bizim üçün çox vacibdir. Müstəqilliyin əsas bir amili də xarici dillərin öyrənilməsidir. Biz frankofoniya siyasətinə çox bağlıyıq, bu da siyasətimizin bir hissəsidir. Hesab edirəm ki, sizin ölkə də bu istiqamətdə eyni addımlar atmalıdır.

(Prezident Heydər Əliyev Fransanın Bakıdakı səfirliyinin Azərbaycan dilini öyrənmək istəyən fransızlar üçün hazırlayıb çap etdirdiyi tədris vəsaitinə - kitaba baxaraq dedi).

- Bu kitab Azərbaycan dilinin öyrənilməsinin birinci mərhələsinə aiddir.

Şantal Puare: Ümumiyyətlə, Şərq dillərinin öyrənilməsi sahəsində Fransada ən nüfuzlu institutda - Parisdəki Şərq Dilləri İnstitutunda bu kitabı biz əsas vəsait kimi istifadə edirik.

Heydər Əliyev: Bunu siz hazırlamısınız ki, özünüz Azərbaycan dilini öyrənəsiniz?

Şantal Puare: Mənim mədəni məsələlər üzrə müşavirim bunu hazırlayıbdır ki, mən də Azərbaycan dilini öyrənim.

Heydər Əliyev: Onun özü Azərbaycan dilini bilir?

Şantal Puare: Çox yox, bir neçə söz bilir. Bu kitabı ona görə hazırlamışıq ki, Azərbaycan dilini öyrənək.

Heydər Əliyev: Çox yaxşı iş görmüsünüz. Mən baxıram, dili öyrənmək üçün burada çox yaxşı, əyani məlumatlar var.

Çox gözəl kitabdır. Mən sizin bu təşəbbüsünüzü çox yüksək qiymətləndirirəm.

Şantal Puare: Çox sağ olun.

Heydər Əliyev: Biz Fransa ilə bütün sahələrdə əməkdaşlıq edirik. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş dəhşətli terror aktının qarşısını almaq üçün bütün antiterror əməliyyatlarında biz də öz xidmətimizi təklif etmişik. Ona görə də biz bu barədə həm Amerika Birləşmiş Ştatları iləyik, həm onun NATO-da olan müttəfiqləriləyik, həm də Fransa iləyik.

Mən bir neçə dəfə bu barədə bəyanatlar vermişdim. Son dəfə bizim müstəqilliyimizin 10 illiyində etdiyim məruzədə də bu barədə açıq-aydın dedim. Güman edirəm ki, ümumi səylərlə terrorun kökünü kəsmək olar. Bilirəm, sizin ölkə də vaxtilə bu terror aktları ilə rastlaşıbdır. Xüsusilə Əlcəzair məsələsində. Bizim ölkə terror hadisələri ilə çox rastlaşıb, indi də rastlaşır. Ona görə indi antiterror əməliyyatlarının ümumbəşəri xarakter daşıması bizi çox sevindirir. Çünki əvvəllər bunu ayrı-ayrı ölkələr öz mənafeyi nöqteyi-nəzərindən, yəni öz təhlükəsizliyi baxımından həyata keçirirdilərsə, indi ümumi birlik var. Biz bu antiterror əməliyyatları birliyindəyik.

Şantal Puare: Cənab prezident, həmin bu məsələyə dair Sizin söylədiyiniz fikirlər, Sizin münasibətiniz bütün dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş və ona çoxlu diqqət yetirilmişdir.


"Azərbaycan" qəzeti, 21 oktyabr 2001-ci il.