Rusiya - Azərbaycan ikitərəfli sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - Moskva, Kremlin Vladimir sarayı, 3 iyul 1997-ci il


Hörmətli Boris Nikolayeviç!

Hörmətli xanımlar və cənablar!

Boris Nikolayeviç, Sizi və burada olanların hamısını bu əlamətdar hadisə - Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında sənədin imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Boris Nikolayeviç, Siz düz dediniz ki, bu sənəd həqiqətən son dərəcə çox böyük tarixi əhəmiyyətə malikdir. Biz, Azərbaycan Respublikası, bu sənədin həyata keçirilməsi üçün öz məsuliyyətimizi də dərk edirik və onun son dərəcə böyük əhəmiyyəti olduğunu yaxşı başa düşürük. Əmin ola bilərsiniz ki, biz bu sənədin həyata keçirilməsi üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Mən dərin məmnunluq hissi ilə xatırlayıram ki, bu gün iqtisadi sənədlərin böyük bir paketi də imzalandı. Onlar bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yaxşı müqavilə - hüquqi zəmin yaradır. Ümumiyyətlə, bu gün etdiklərimiz dostluq münasibətlərimizin daha da dərinləşməsi və inkişaf etməsi, əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı zəmindir. Bizdə əsla şübhə yoxdur ki, bu münasibətlər inkişaf etməli, dərinləşməli və genişlənməlidir.

Üstəlik, bizim taleyimiz, bir çox onilliklər, əsrlər ərzindəki birgə həyatımız, tarixi əlaqələrimiz və Rusiya ilə birlikdə olmaq sayəsində, rus mədəniyyətindən, rus elmindən Azərbaycan xalqının əldə etdiyi sərvət - əvəzsiz sərvətdir. Biz bunu qiymətləndiririk və o, bu gün əməkdaşlıq etməyimiz və gələcəkdə daha uğurlu əməkdaşlığımız üçün də əsasdır. Biz bu yolla dönmədən gedəcəyik. Sizə bildirmək istəyirəm ki, son illərdəki - 1996, 1997-ci illərdəki birgə səylərimiz iqtisadi münasibətlərimizi inkişaf etdirmək, mal dövriyyəsinin həcmini genişləndirmək və artırmaq sahəsində böyük müsbət dəyişikliklərə gətirib çıxarmışdır.

Bu, Azərbaycan prezidentinin Rusiyaya ilk rəsmi səfəridir. Boris Nikolayeviç, bu dəvətiniz üçün çox sağ olun, yaratdığınız və dünəndən bəri burada hər yerdə hiss etdiyimiz dostluq mühiti üçün çox sağ olun.

Mən Boris Nikolayeviç Yeltsin ilə təklikdə və nümayəndə heyətlərimiz arasında olan danışıqlardan, söhbətlərdən son dərəcə məmnunam və ümidvar olduğumu bildirmək istəyirəm ki, haqqında danışdığımız, razılığa gəldiyimiz məsələlər münasibətlərimizin daha da inkişafına və dərinləşməsinə imkan yaradacaqdır.

Boris Nikolayeviç, mən dəvət üçün, bugünkü birgə işimiz üçün, mənim rəsmi səfərimin həyata keçməsindən ötrü burada yaradılmış dostluq, səmimilik mühiti üçün Sizə bir daha təşəkkür edirəm.

Çox sağ olun.

Sual: MDB-nin sonuncu zirvə görüşündə vəd edilmişdi ki, Ermənistana Rusiya silahının göndərilməsi faktlarının nəticələri bu ilin iyununda elan olunacaqdır. Bu barədə nə deyə bilərsiniz və qanunsuz olaraq göndərilmiş silahın taleyi necə olacaqdır?

Boris Yeltsin: İndi biz Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli komissiya yaradılması barədə razılığa gəlmişik. Bu komissiya Azərbaycanda və Ermənistanda olan silah, texnika ilə bağlı bütün məsələləri müəyyən edəcəkdir.

Sual: Bu görüş Sizin prezidentliyinizin ildönümündə keçirilir. Siz bu ildönümünü hansı əhval-ruhiyyə ilə qarşılayırsınız?

Boris Yeltsin: Əhval-ruhiyyə adidir, hər gün olduğu kimi səhər tezdən işləyirəm. Doğrudur, ailəm məni təbrik edibdir. Bu il son dərəcə ağır, ciddi il olmuşdur. Hətta deyərdim ki, mən özüm dəyişmişəm - sanki yaş o yaş deyil ki, dəyişəsən, amma mən hiss etdim ki, dəyişmişəm, özü də yaxşılığa doğru dəyişmişəm.

Sual: Xəzər nefti məsələsi müzakirə edildimi?

Heydər Əliyev: Xəzər nefti məsələsi müzakirə edildi və biz Boris Nikolayeviç ilə geniş fikir mübadiləsi apardıq. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi sahəsində bizim nailiyyətlərimiz var. Azərbaycan Neft Şirkətinin fövqəlmilli şirkətlərlə indiyədək imzaladığı müqavilələrin üçündə Rusiyanın "LUKoyl" şirkəti iştirak edir və bu gün Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə "LUKoyl" və Azərbaycan Neft Şirkəti arasında dördüncü müqavilə imzalandı. O ki qaldı neftin nəqli məsələsinə, biz razılığa gəlmişik ki, 1996-cı ilin yanvarında Rusiya ilə Azərbaycan arasında mənim və Viktor Çernomırdinin imzaladığı saziş bağlanıb, - Azərbaycan nefti bu il şimal marşrutu ilə nəql olunacaqdır. Bu, bəzi səbəblərə görə ləngiyirdi. İndi biz bunun həllini tapmışıq və Boris Nikolayeviç deyir ki, bu ilin payızından gec olmayaraq, bu, təmin ediləcəkdir.

Sual: Sizcə, Dağlıq Qarabağ münaqişəsi hansı prinsiplər əsasında aradan qaldırılmalıdır? Bundan ötrü Rusiya hansı addımlar atacaqdır?

Boris Yeltsin: Mən qərara almışam və bu gün də bunu Heydər Əliyeviçə də dedim ki, biz "Rusiya-NATO" məsələsi ilə necə məşğul olduqsa, nəhayət, bu problemlə də belə məşğul olacağıq. Xarici işlər naziri özünün hər bir iş gününü bu problemdən başlayacaqdır. Mən Klinton ilə, Şirak ilə razılığa gəlmişəm ki, müvafiq müqavilə və ya saziş imzalamaq üçün iki prezidenti - Azərbaycan və Ermənistan prezidentlərini danışıqlar stolu arxasında əyləşdirmək və iki qonşu dövlətin tarixinin bu pis dövrünə son qoymaq üçün biz - üç dövlət, nəhayət, özümüzdə iradə tapacağıq. Bu, çox böyük prosesdir, amma indi sürətlə gedəcəkdir. Biz bununla müntəzəm surətdə məşğul olacağıq. Özümüzə qiymət verərkən deyirik ki, vasitəçilər kimi, biz indiyədək yaxşı işləməmişik. Bunu obyektiv qiymətləndirmək lazımdır.

Heydər Əliyev: Biz Boris Nikolayeviç ilə bu məsələni müzakirə etmişik. Boris Nikolayeviçin dediklərinin hamısı bizim istəyimizə uyğundur. Biz bu münaqişənin çox tez bir zamanda ləğv olunmasını istəyirik, hərbi əməliyyatların yenidən başlanmasını istəmirik. Üç ildən artıqdır ki, atəşkəs rejimini qoruyub saxlayırıq, ancaq bu məsələ Lissabon bəyanatının prinsipləri əsasında - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarə verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı əsasında həll edilməlidir. Hesab edirəm ki, bu prinsiplər əsasında problemi həll etmək olar.