Azərbaycan Prezidenti Heydər Əliyevin MDB Ölkələri Parlamentlərarası Assambleyası Şurasının, Rusiya Federasiyası Şurasının və Dövlət Dumasının müşahidəçilərini qəbul edərkən çıxışı - 4 noyabr 2000-ci il


Heydər Əliyev: Mən sizi salamlayıram. Xoşdur ki, siz bizə, Azərbaycana gəlmisiniz. Özü də Azərbaycan parlamentinin növbəti seçkilətinə MDB Ölkələri Parlamentlərarası Assambleyasından və Rusiya parlamentindən - Federasiya Şurasından, Dövlət Dumasından müşahidəçilər kimi gəlmisiniz. Vaxt tapıb bizə təşrif gətirdiyinizə görə sizə təşəkkür edirəm. Müşahidəçilər çoxdur, amma siz də bu müşahidəçilərin bir hissəsisiniz. Sabiq Sovetlər İttifaqının bütün respublikalarında, MDB ölkələrində seçkilərin keçirilməsi sahəsində böyük təcrübə toplanmışdır və bu təcrübə müxtəlifdir. Biz Azərbaycanda parlament seçkilərini ikinci dəfə keçiririk. Bu, ilk dəfə 1995-ci ildə olmuşdur. O vaxt biz özümüzün ilk Konstitusiyamızı da qəbul etdik. İndi parlamentin səlahiyyət müddəti bitir və biz ikinci dəfə olaraq parlament seçkiləri keçiririk. Biz hamımız, o cümlədən də Azərbaycan demokratiya yolu ilə, plüralizm yolu ilə, bazar iqtisadiyyatı yolu ilə, söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı yolu ilə gedirik. Bax, bütün bunlar Azərbaycan parlamentinə seçkilər üzrə ideologiyamızın əsasını təşkil edir. Biz bu fikirdəyik ki, Konstitusiyamızı qəbul edəndən, parlamentimizi seçəndən sonra böyük yol keçmişik. Biz hesab edirik ki, parlamentimiz çox səmərəli işləmiş, 900 qanun qəbul etmişdir, həm də bir çox məcəllələr - cinayət, cinayət -prosessual, vergi məcəllələri qəbul olunmuşdur. Qəbul etdiyimiz qanunlar arasında torpaq islahatı haqqında qanun, - biz bu qanunu, demək olar, artıq beş ildir həyata keçiririk, - özəlləşdirmə haqqında qanun xüsusilə əhəmiyyətlidir. Bütün sahələrə aid qanunlar qəbul edilmişdir. Biz məhkəmə sistemində islahat aparmışıq, ölkəmizdə iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir.

Bizim siyasi həyatımızda azadlıq var. 40-adək partiya fəaliyyət göstərir. Seçkilərdə 14 partiya iştirak edir. Doğrudur, seçkilər haqqında qanunumuza uyğun olaraq, hər bir partiyanın Mərkəzi Seçki Komissiyasından seçkilərə qoşulmaq hüququ alması üçün 50 min imza toplaması tələb edilirdi. Bəzi partiyalar bu imzaları topladılar. Bəziləri isə toplaya bilmədi, ona görə də Mərkəzi Seçki Komissiyası onları seçkilərə buraxmaq haqqında qərar qəbul etdi. Amma onlar hay-küy qaldırdılar. Həmin vaxt mən Birləşmiş Ştatlarda idim. Bildiyiniz kimi, mənə orada soyuq dəymişdi, pnevmoniya ilə xəstələnmişdim, bir müddət müalicə edildim. Təəssüf ki, Rusiya qəzetləri mənim vəfat etdiyim barədə xəbərlər yaydılar. Budur, indi mən sizin qarşınızda əyləşmişəm. Mən iki həftə orada oldum, qayıdıb gördüm ki, belə vəziyyət yaranıb, şikayətlər var. Beynəlxalq təşkilatlar deyirlər, siz niyə onları seçkilərə buraxmırsınız. Amma qanun qanun olaraq qalır. Problem olmasın deyə, mən məktubla Mərkəzi Seçki Komissiyasına müraciət etdim ki, 50 min, 40 və ya 20 min imza toplayıb-toplamamasından asılı olmayaraq, bütün partiyalar seçkilərə buraxılsın. Odur ki, seçkilərə qatılmaq niyyətində olduğunu bildirmiş bütün partiyalar indi seçkilərdə iştirak edir.

Partiyaların böyük əksəriyyəti bizim rejimə və partiyamıza müxalif olan partiyalardır. Seçkiqabağı kampaniya istər dövlət televiziyası ilə, istərsə də özəl telekanallarla çox açıq şəkildə aparılır. Onlar çıxış edib istədiklərini danışırlar. Qəzetlər çoxdur. İndi bizdə dəbdir, az-çox imkanı olanlar qəzet buraxır. Elə müxlifət partiyaları var ki, 4-5 qəzet nəşr edir. Düşünürsən ki, onlar işləməyə -işləməyə hansı vəsait hesabına yaşayır, "Mersedes"lərdə gəzirlər, hər birinin də prezidentdən çox cangüdənləri var. Bizim müxalifət belə müxalifətdir. Onlar öz qəzetlərində çox şey yazırlar. Amma siz orada hökumətin, dövlətin, prezidentin fəaliyyəti barədə heç nə tapa bilməzsiniz. Əvəzində hər bir nömrədə iftira, yalan, hər cür uydurmalar görərsiniz. Əsasən də iqtidar haqqında, iqtidarın birinci şəxsi haqqında, prezident haqqında. Təkcə mənim vəfat etməyim barədə xəbər vermək ağıllarına gəlməyibdir. Bu baxımdan Moskvanın hansısa bir qəzeti onları qabaqlayıbdır.

Sabah da biz seçkilərə, bax, belə bir şəraitdə başlayırıq. Yəni demək istəyirəm ki, bizdə seçkiqabağı dövr çox sərbəst, çox açıq-aşkar keçmişdir. Buna görə də ümidvaram ki, bu, seçkilərin demokratikliyinin təmin edilməsi üçün yaxşı zəmindir. Əlbəttə, biz belə bir iddiada deyilik ki, demokratiya sahəsində çox böyük nailiyyətlər qazanmışıq. Mən bu gün saat 12-dən müxtəlif müşahidəçiləri qəbul edirəm, özü də fasiləsiz olaraq. Bunu təkcə onlara deyil, demokratiyadan çox danışan təşkilatlarla görüşlərimdə də deyirəm. Deyirəm və qəti olaraq belə bir fikirdəyəm ki, demokratiya göydən düşmür, demokratiyanı mağazadan almaq olmaz, demokratiya bir prosesdir. Onun başlanğıcı var, amma sonu yoxdur. İndi elə bir ölkə tapmaq çətindir ki, orada tam və mükəmməl demokratiya olduğunu söyləmək mümkün olsun. Ümumiyyətlə, meyarın nə olduğunu və bunu kimin müəyyənləşdirdiyini, bunun qanunvericisinin kim olduğunu söyləmək çətindir.

Əlbəttə, biz qətiyyən belə düşünmürük ki, artıq tamamilə demokratik bir ölkəyə çevrilmişik. Amma biz demokratiya prinsiplərinin bərqərar olması üçün, siyasi plüralizmin bərqərar olması üçün, insan hüquqlarının təmin edilməsi üçün, iqtisadi islahatların aparılması üçün çox işlər görmüşük. Yəni bütün bunlar müasir demokratik, azad ölkənin atributlarıdır. Bu baxımdan nə qədər irəli getdiyimiz, hansı mərhələdə, hansı məsafədə olduğumuz barədə danışmaq istəmirik. Bununla bərabər, biz deyə bilmərik ki, MDB-də kimdənsə geri qalırıq, yaxud da kimdənsə geri qalırıq, yaxud kimisə qabaqlayırıq. Biz bunu istəmirik. Biz nə qədər mümkünsə, bir o qədər də irəliləmişik. Özü də davam edirik və bundan sonra da irəliləyəcəyik. Ona görə yox ki, bunu kimsə bizə qəbul etdirir, ona görə ki, biz bu qərarı müstəqilliyə qovuşduqdan sonra qəbul etmişik.

MDB-nin bütün ölkələrinin müstəqilliyinin 9 illik tarixi var. Onların hamısı 1991-ci ildə, o cümlədən də 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bəyan etmişdir. Rusiya öz suverenliyini bizdən əvvəl elan etmiş və başqa respublikalara nümunə göstərmişdir. Doğrudur, bizim ilk illərimiz çox ağır olmuşdur. Hakimiyyət bir neçə dəfə dəyişmişdir, Ermənistanla müharibə gedirdi, daxili siyasi vəziyyət olduqca mürəkkəb idi. 1993-cü ildə vətəndaş müharibəsi başladı, amma biz bütün bunların qarşısını ala bildik, ölkədə sabitliyi təmin edə və müharibəni dayandıra bildik. 1994-cü ildə biz atəşkəs haqqında saziş bağladıq və artıq 1995-ci ildə bu qərara gəldik ki, indi Konstitusiyamızı qəbul edə, parlamentimizi seçə bilərik. Həyatımızın tarixi, bax, belədir. Bu tarix zaman baxımından qısadır, lakin həmin dövrdə mümkün olan hər şeyi etməyə çalışmışıq. Bununla belə, biz qarşıda böyük yol olduğunu görürük, bu yolla da gedirik və gedəcəyik. Hesab edirəm ki, siz obyektiv müşahidəçilərsiniz. Mən bunu ona görə deyirəm ki, biz birtərəfli, qərəzli mühakimə yürüdən müşahidəçilərlə tez-tez rastlaşırıq.

Ağa qara, qaraya ağ deyirlər. Lakin mən hesab edirəm ki, MDB-də, o cümlədən Rusiyada müşahidəçilər obyektiv olmalıdırlar, bizdə baş verən hadisələri qərəzli deyil, obyektiv qiymətləndirməlidirlər. Ona görə də belə düşünürəm ki, siz demokratiyanın və xüsusən də seçki işlərinin inkişafında nəyə nail olduğumuzu nümayiş etdirmək üçün bizə kömək göstərəcək və bizi dəstəkləyəcəksiniz. Mən sizə bunları deyə bilərəm.

Aleksandr Popov (Federasiya Şurasının MDB Ölkələri üzrə Komitəsi sədrinin müavini, Rostov Vilayət Qanunvericilik Məclisinin sədri): Hörmətli cənab prezident, hər şeydən öncə, Rusiya Federal Məclisi palatalarının rəhbərləri Yeqor Semyonoviç Stroyevin və Gennadi Nikolayeviç Seleznyovun salamlarını Sizə yetirmək istəyirəm. Əlbəttə, bizim buraya səfərimiz Azərbaycan parlamentinə seçkilərlə bağlıdır. Biz bu bəxtiyar torpağa ancaq xoş məramla və Sizin dediklərinizin bu gün nə dərəcədə real olduğunu görmək niyyəti ilə gəlmişik. Şübhəsiz ki, Rusiya parlamenti tərəfindən bizə həvalə olunmuş vəzifəni obyektiv surətdə nəzərə çarpdırıram, obyektiv surətdə yerinə yetirəcəyik. Zənnimcə, digər müşahidəçilərlə müqayisədə bizim üzərimizə daha böyük məsuliyyət düşür, ona görə ki, biz lap bu yaxınlaradək bir ölkədə yaşamışıq, bir olmuşuq. Amma indi tale elə gətirib ki, biz müxtəlif ölkələrdə yaşayırıq. Ancaq bu o demək deyil ki, biz bir-birimizdən uzaqlaşmışıq. Buna görə də biz Azərbaycanda islahatların necə getdiyini maraqla izləyirik, bu islahatların uğurlarına sizinlə birlikdə sevinirik, əgər hansısa nöqsanlar varsa, onlara görə həyəcan keçiririk. Biz gözəl başa düşürük ki, seçkilər qarşısında siyasi vəziyyət kifayət qədər gərgindir, o, kəskinləşə bilər. Bu gün biz seçkilər haqqında qanunda nəzərdə tutulan şərtləri yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, bütün siyasi partiyaların seçkilərə qoşulmasına icazə vermək xahişi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmək haqqında prezident kimi Sizin qəbul etdiyiniz qərarı müzakirə etdik. Zənnimcə, bu qərar barəsində hələ düşünüb-daşınmaq lazımdır, ümumiyyətlə, biz onu müsbət qiymətləndiririk.

Demək istədiyim ikinci məsələ belədir. Sabah biz seçki məntəqələrində olacağıq. Burada vəziyyətlə ilk tanışlıq göstərir ki, xeyirxahlıq şəraiti yaradılmışdır. Hərçənd, seçkilərdə iştirak edən partiyalar arasında siyasi mübarizə gedir. Biz görürük ki, - bu gün şəhərdə də olduq, - sabitlikdir, əmin-amanlıqdır. Belə düşünürəm ki, sabah seçkilər yaxşı keçməlidir. Əlbəttə, siyasi xətt baxımından biz Azərbaycan parlamentinin necə olacağına biganə deyilik. Bununla belə, mən bu fikirdəyəm ki, bir prezident kimi, şəxsən Sizin gördüyünüz işlər onu deməyə əsas verir ki, seçkilərin yekunu müsbət olacaq, parlament formalaşdırılacaq və əvvəlki parlamentin gördüyü işləri və ya, fəaliyyət istiqamətlərini, yəni demokratik islahatları bu gözəl ölkədə - Azərbaycanda davam etdirəcəkdir.

Əlbəttə, bizim üçün normal iş şəraiti yaradılmışdır və buna görə Sizə minnətdarıq. Kifayət qədər gec olmasına baxmayaraq, bizi qəbul etməyə, dinləməyə vaxt tapdığınız üçün də minnətdarıq. Həmkarlarımın sualları olub-olmayacağını bilmirəm, amma mən müşahidəçilər kollektivimizin adından arzu etmək istərdim ki, sabah seçkilər həqiqətən demokratik əsasda keçsin, bu və ya digər namizədə, yaxud partiyaya səs vermək istəyənlərin hamısı bunu azad surətdə edə və bununla da öz iradəsini ifadə edə bilsin.

Mən burada regionu - Rostov vilayətini təmsil edirəm. Çıxışımı bitirərək, bir-iki kəlmə demək istəyirəm ki, biz Sizin Rostov torpağına gəlişinizi xatırlayırıq, o vaxtlar Taqanroq yaxınlığındakı Sambek təpələrində abidəni sizinlə birlikdə açmışdıq. Orada insanlar Sizin bu səfərinizi xatırlayırlar. Sizə deməliyəm ki, bu abidə yaxşı vəziyyətdədir və biz Sizi qələbə günü münasibətilə növbəti şənliklərə dəvət edirik.

Heydər Əliyev: Abidə yerindədirmi?

Aleksandr Popov: Bəli, əlbəttə, yerindədir. Biz ona qulluq edirik. Hər il Taqanroqun azad edilməsi günündə oraya olduqca çox adam toplaşır. Orada şənliklər, mitinqlər keçirilir. Orada Azərbaycan diviziyası təsvir edilmişdir, orada çoxlu insan həlak olmuşdur.

Ümumiyyətlə, biz burada gördüyümüz vəziyyətdən məmnun qaldıq. Bu gün hökumətdə görüşlər oldu. Biz sizin baş nazirlə çox açıq danışdıq. Biz təkcə Azərbaycanda deyil, həm də ölkələrimiz arasında, MDB ölkələri arasında mövcud olan bütün problemləri də müzakirə etdik. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq problemlərini də müzakirə etdik və qeyd olundu ki, Azərbaycanın ölkəmizin konkret regionları ilə əməkdaşlığa daha böyük səylər göstərməsi, hər halda, doğru olardı. Mən də bu fikirdəyəm. Bilirəm ki, bu cür praktika var, müqavilələr sistemi mövcuddur. Bizim təkliflərimiz var, başlıcası isə, biz, güman ki, yaxın vaxtlarda belə bir müqavilə imzalayacağıq. Seçkilərlə bağlı problemləri də müzakirə etdik. Hökumətdə keçirdiyimiz görüşlərdən məmnunuq.

Parlamentdə də görüşlər keçirildi və seçkilərə dair qanunvericilik barəsində də fikir mübadiləsi aparmaq imkanına malik olduq. Mərkəzi Seçki Komissiyasında görüşlər oldu. Bizə lazım olan bütün informasiyanı aldıq. Sabah biz Azərbaycan parlamentinə seçkilərin necə getdiyini açıq ürəklə, açıq qəlblə müşahidə etməyə hazırıq.

Heydər Əliyev: Mənə xüsusilə xoşdur ki, siz Sambek təpələrini və 416-cı Taqanroq diviziyasının hünərinə həsr olunmuş bu nəhəng abidəni xatırladınız. Bu diviziya Azərbaycanda təşkil olunmuşdu və məhz orada qəhrəmanlıq göstərmişdi. O vaxtlar biz bu abidəni Rostov Vilayət Partiya Komitəsi ilə birlikdə ucaltdıq. Heykəltəraşı Elcan Şamilov azərbaycanlıdır, o, artıq həyatdan köçmüşdür, memarları isə, məncə, ata və oğul Qriqoryevlərdir. Deməliyəm ki, bu abidə tamamilə Azərbaycanın vəsaiti hesabına yaradılmışdır. O gün çox unudulmaz bir gün idi, ona görə ki, ora həqiqətən gözəl bir yerdir, abidənin özü də çox əzəmətlidir, çox görkəmlidir. Olduqca çox adam toplaşmışdı. Mən oraya müharibə veteranlarının böyük bir qrupu ilə gəlmişdim. Bu abidəni birlikdə açdıq. Bu, xatirimdə qalmışdır, çox şadam ki, siz bunu xatırladınız. Sağ olun.

Aleksandr Popov:Demək istədiyim axırıncı məsələ barəsində. Bilirəm ki, prezidentimiz Vladimir Vladimiroviç Putinin ölkənizə səfəri planlaşdırılır. İstərdik ki, aparacağınız danışıqlar ölkələrimiz arasında münasibətləri irəlilətsin.

Heydər Əliyev: Biz onun səfərini gözləyirik, o, söz verib ki, noyabrın axırlarında buraya gələcəkdir. Mən də ümidvaram ki, məhz belə olacaqdır. Bu, Rusiya Federasiyası prezidentinin Azərbaycana ilk səfəri olacaqdır.

Aleksandr Popov: Amma Boris Nikolayeviç buraya işgüzar səfərə gəlmişdi...

Heydər Əliyev: Xeyr. Boris Nikolayeviç Yeltsin burada 1991-ci ildə, hələ SSRİ-nin dağılmadığı dövrdə, Nazarbayevlə birlikdə olmuşdu.

Onlar Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün vasitəçilik xidməti göstərmək istəyirdilər. Əlbəttə, onların buraya gəlməsi yaxşı idi, amma bu səfər məsələni həll etmədi. Biz hamımız müstəqillik əldə edəndən sonra isə səfər olmadı. Georgi İvanoviç, siz nəsə demək istəyirsiniz?

Georgi Tixonov (Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin müavini): Cənab prezident, müsaidənizlə, sadəcə olaraq, hörmətli Heydər Əliyeviç!

Bu gün mən Dövlət Dumasının deputatı olsam da, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupuna başçılıq edirəm. Bu, hətta xoşdur. Bilirsiniz ki, burada biz hamımız - Gürcüstan, Ukrayna, Moldova, Belarus nümayəndələri bir yerdəyik. Amma biz ilk dəfə müşahidəçilik etmirik. Bu yaxınlarda Belarusda seçkilərdə olduq, bundan əvvəl yoldaşlarımın bir qismi Ukraynada seçkilərdə olmuşdur. Axı bu, heç də təkcə müşahidəçilik deyildir, həm də keçmişdə deyildiyi kimi, təcrübə mübadiləsidir. Biz nəyin harada və necə getdiyini müşahidə edirik. Axırıncı dəfə Belarusda seçkilərdə olmuşduq. Bilirsinizmi, sizin seçki komissiyasında söhbət əsnasında nə gördük? Eşitdik ki, ATƏT seçkilər haqqında qanunda 83 bəndin dəyişdirilməsini təklif etmişdir. Bu, ağır təsir bağışladı. Deməliyəm ki, ATƏT bu məsələləri Belarusda qaldıranda və Aleksandr Qriqoryeviç Lukaşenko onların əslində hamısını həll edəndən sonra da ATƏT-in münasibəti, qəribə olsa da, subyektiv idi. Odur ki, ATƏT nümayəndələrinin və Avropa üçlüyü təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirən bir çox deputatlar - Fransadan, Finlandiyadan gəlmiş və qeyri-obyektivlikdə qınaya bilmədiyimiz müşahidəçilər bizimlə həmrəy olduqlarını bildirdilər. Bir qədər kəskin desək, biz ATƏT-in mövqeyini pislədik. Eyni şərtləri ATƏT-in sizə də təklif etməsi bizə xoş təsir bağışlamadı. Sizə deməliyəm ki, bu gün gördüyünüz işlər - hər hansı qanun hətta bir qədər pozulsa da, müxalifətin seçkilərə getməsinə imkan vermək üçün gördüyünüz işlər həqiqətən şərqlilərə xas müdrik addımdır. Axı Aleksandr Qriqoryeviç Lukaşenko da çox ağıllı addım atmışdı. Yadınızdadırsa, axırıncı şənbə günü o, müxalifətə küçələrə çıxmağa icazə vermişdi və müxalifət küçələrə çıxdıqda bir nəfər də olsun milis işçisi görmədi, artıq bu, onlar üçün məğlubiyyət idi.

Sizin müdrik bir qərar, indiki halda şərqlilərə xas qərar qəbul etməyinizi biz çox düzgün sayırıq. Əlbəttə, seçkilərə gəlmək həddinin nə üçün 25 faizə endirildiyini bilmirəm. Yəqin ki, sizdə seçkilərə gələnlər 60 faizdən çox olacaqdır.

Heydər Əliyev: Öz aramızdır, bu, müxalifətin təklifi ilə və bəzi beynəlxalq təşkilatların təkidi ilə edilmişdir. Seçkilərə nə qədər adamın gəlməsi isə bizdən asılı deyildir.

Georgi Tixonov: Biz nədənsə belə bir qənaətə gəlmişik ki, bu göstərici 60 faizdən çox olacaqdır. Çox xoşdur ki, Siz məhz belə mövqe tutmusunuz. Siz ən təcrübəli adamlardan biri olaraq qalmısınız. Biz çox şadıq ki, bu gün Sizinlə görüşürük. Rəyimiz belədir ki, hər şey normal keçəcəkdir. Sabah biz respublikanın müxtəlif rayonlarına gedəcəyik, axşam yekun vuracaq və yoldaşlarımızla bir yerə toplaşacağıq. Biz seçki komissiyasında onun sədri ilə görüşərkən müxalifətin nümayəndəsi ilə də görüşdük. Gərək ki, o, sizdə komissiyanın katibi vəzifəsindədir. Deyilənləri dinlədik və deməliyəm ki, normal, sakit bir söhbət oldu.

Siz nə qədər ki, fəal işləyirsiniz, xəstələnməyəcəksiniz. Biz hamımız bundan şadıq.

Xatuna Xoperiya (Gürcüstan parlamentinin deputatı): Zati-aliləri, cənab prezident!

Mən Gürcüstanı təmsil edirəm. Sadəcə, müşahidəçilərə və Sizə müraciət etmək istəyirəm ki, biz Rusiyada və ya Gürcüstanda, yaxud da Azərbaycanda seçkilərin parlamentarizmin vətəni olan İngiltərədəki kimi keçiriləcəyi barəsində xülyalara qapılmırıq. Biz zənn etmirik, bilirik ki, həm sizdə, həm də bizdə olduğu kimi, hansısa pozuntular olacaqdır. Amma bu gün mən Xalq Cəbhəsi Partiyasının - o isə radikal müxalifətdir, - nümayəndələrindən biri olan cavan oğlanla danışarkən məni təəccübləndirdi. Dedi ki, 1995-ci illə müqayisədə o, hətta təsəvvürünə belə gətirə bilməzdi ki, seçkilər haqqında bu cür dəyişikliklər baş verə, indiki kimi tərkib seçkilərdə iştirak edə bilər. 14 partiyadan əslində 7-si radikal müxalifət partiyasıdır. Mən küçələrdə camaatla görüşüb söhbət etdim, təcrübəm var, ona görə də camaatın düşündüyünü öyrənməyə çalışırdım. Xalqın fəallığı çox yüksəkdir, bu isə belə şəraitdə ən başlıca amildir. Ona görə mən də bu fikirdəyəm ki, seçkilər yaxşı keçəcəkdir. Biz öz sözümüzü sonra deyəcəyik.

İndi isə Gürcüstanın nümayəndəsi və öz nəslimin nümayəndəsi olaraq Sizə müraciət etmək və demək istəyirəm. Mən bunu öz prezidentimizə də demişəm. Bilirsinizmi, xalq hərəkatları tez-tez bəyan edirlər ki, azadlığımızı və müstəqilliyimizi onlar gətirmişlər. Doğrudur, o vaxtlar biz Tbilisidə də, Bakıda da çox haray-həşir salır, mübarizə aparırdıq, amma bu gün dövlətçiliyə malik olmağımız Sizin xidmətinizdir. Dövlətçiliyimizə təminatı Siz və mənim prezidentim yaratmısınız. Buna görə sağ olun.

Aleksandr Popov: Bəlkə cənab səfir...

Heydər Əliyev: Səfir istənilən vaxt danışa bilər, əlbəttə, arzu edirsə. Xüsusən də ona görə ki, o, Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur. Biz ondan çox şey öyrənmişik. Bizim adamlar ondan çox şeyi soruşublar. O, Rusiyada seçkiləri uğurla keçirib və yüksək qiymət alıbdır.

Nikolay Ryabov (Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri): Mən heç nə demək fikrində deyildim, ona görə ki, Siz MDB ölkələrinin, o cümlədən Rusiyanın parlamentlərindən olan müşahidəçilərlə görüşürsünüz. Buna baxmayaraq, mən MDB ölkələrindən olan həmkarlarımı dəstəkləmək və demək istəyirəm ki, Azərbaycanda indiki parlament seçkilərinin keçirilməsi üçün olduqca böyük iş görülmüşdür. Şübhəsiz, bu böyük iş Siz başda olmaqla bu ölkənin xalqının və rəhbərliyinin nail olmağa çalışdığı nəticəni verəcəkdir. Düzdür, xəstəlikdən sonra bu az müddət ərzində Sizə rahat nəfəs almağa macal vermədilər, amma Siz çox irəli getmisiniz. Bu isə həqiqətən heyranedicidir. Allah hər şeyi görür. Ona görə da nəticə bu ölkədə göstərilmiş səylərə, şübhəsiz, müvafiq olacaqdır. Belə bir gərgin iş cədvəli olmasına baxmayaraq, - indi Sizin üçün necə çətin olduğunu başa düşürəm, - MDB ölkələri parlamentlərinin nümayəndələrini qəbul etdiniz. Söz yox ki, bu görüş onların xatirəsində qalacaqdır, xüsusən də ona görə ki, o, Azərbaycan üçün belə bir mühüm hadisə ərəfəsində keçirilir. Bu, sadəcə olaraq, seçkilər deyildir, Avropa Şurasına açılan pəncərədir. Zənnimcə, Siz bu səddi uğurla dəf edəcəksiniz və biz hamımız Sizin tərəfinizdəyik, Sizi fəal dəstəkləyirik. Azərbaycan Avropa Şurasında olmalıdır və olacaqdır.

"Azərbaycan" qəzeti, 5 noyabr 2000-ci il.