Azərbaycan Prezidenti Heydər Əliyevin BMT-nin Ümumdünya ərzaq proqramının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 14 yanvar 1999-cu il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən sizi səmimi qəlbdən salamlayıram. Sizin bu səfərinizi qiymətləndirirəm və güman edirəm ki, bu səfərinizin nəticəsində Azərbaycana Birləşmiş Millətlər Təşkilatının humanitar yardımları artacaqdır.

Güman edirəm ki, siz burada olduğunuz günlərdə Azərbaycanın bugünkü vəziyyəti ilə tanış ola bilmisiniz. Baş nazir Artur Rasizadə mənə söylədi ki, bu barədə sizinlə çox ətraflı danışıqlar aparılıbdır. Bizim Azərbaycanın bugünkü gerçəkliyi çox ziddiyyətlidir. Biz bir tərəfdən dörd ildən çoxdur ki, Ermənistan-Azərbaycan münaqişəsində atəşi dayandırmışıq və Azərbaycanın daxilində keçmişdə olan cürbəcür neqativ halları aradan qaldırmışıq. İctimai-siyasi sabitliyi təmin etmişik və Azərbaycanda ardıcıl olaraq iqtisadi, siyasi, sosial islahatlar həyata keçiririk. Bunlarla yanaşı, ikinci tərəfdən, Azərbaycanın həyatını çox çətinləşdirən, ağırlaşdıran odur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş bu torpaqlardan zorla çıxarılmış və vaxtilə Ermənistanın ərazisindən zorla çıxarılmış bir milyondan artıq qaçqın, köçkün Azərbaycanda ağır şəraitdə, əksəriyyəti çadırlarda çox ağır vəziyyətdə yaşayır. Onlar hamısı öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar, ona görə də bütün əzab-əziyyətlərə dözürlər. Ancaq məsələnin həll olunması gecikir və iqtisadi vəziyyət də günü-gündən xarablaşır.

Güman edirəm, siz artıq bunların hamısını görmüsünüz və sizə ətraflı danışıblar. Mən sadəcə, onları sizə bir daha xatırlatmaq istədim. Ümid edirəm ki, siz Azərbaycanın bugünkü reallığını nəzərə alaraq gələcəkdə Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasındakı əməkdaşlığın da planlarını quracaqsınız. Buyurun.

Robert Hauzer (BMT-nin Ümumdünya ərzaq proqramının Şərqi Avropa və MDB ölkələri üzrə şöbəsinin müdiri): Cənab prezident, çox sağ olun. Əvvələn, bugünkü qəbula görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. İkinci növbədə, sizin hökumətin biz bütün səviyyələrdə göstərdiyi dəstəyə, yardıma və əməkdaşlığa görə hökumət nümayəndələrinizə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, həm regionlarda, həm də Bakıda bizə hər cür dəstək verilmişdir, bizimlə hər cür əməkdaşlıq aparılmışdır. Baxmayaraq ki, bizim Azərbaycana bu səfərimiz qısamüddətlidir, bu səfər öz məhsuldarlığı ilə fərqlənir və ümumi götürsək, əməkdaşlıq ruhunda keçmişdir.

Qeyd edirəm ki, bizim səfərimiz qısa bir səfərdir. Lakin bu səfərin qısalığına baxmayaraq biz bəzi regionlarda olmuşuq və ölkə daxilində qaçqınlarla görüşmüşük, onlardan kifayət qədər məlumat almışıq. Bu səfərimiz zamanı humanitar məsələlərlə məşğul olan cənab Əli Həsənovla görüşmüşük və sizin qeyd etdiyiniz kimi, baş nazir cənab Artur Rasizadə ilə də ətraflı görüşümüz olmuşdur. Biz baş nazirlə görüşərkən bunu müzakirə etmişik, bunu təkrarən sizə bildirmək istəyirik.

Əlbəttə, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək lazımdır və elə bilirəm ki, bu missiya, yəni mən və həmkarlarım hər şeyi kifayət qədər görə bildik, məsələ ilə kifayət qədər tanış olduq. Artıq bəzi nəticələri çıxarmışıq və gələcəkdə necə əməkdaşlıq etməyi özümüz üçün planlaşdırmışıq.

Mən bir şeyi qəti əminliklə deyə bilərəm ki, biz bugükü günə qədər qurbanlar olmuşuq. Yəni biz Xəzər regionu ətrafında və neft ətrafında gedən söhbətlərin qurbanı olmuşuq. Bizdə belə bir təsəvvür var idi ki, Azərbaycan artıq çox zəngin, varlı bir ölkədir. Amma onu demək istəyirəm ki, bu hələ belə deyildir. Lakin biz gələcəyə böyük ümidlə baxırıq. Belə hesab edirik ki, çox tezliklə ölkənizin bu təbii zənginliyi həyata keçiriləcək və o, həqiqətən varlı bir ölkə olacaqdır. Hələlik isə elə bilirəm ki, ölkənizin yardıma ehtiyacı vardır. Xüsusilə də bunlar ölkənin o təbəqəsidir ki, biz onları daxili qaçqınlar adlandırırıq.

Bu missiyanın əsas fikri ondan ibarətdir ki, biz həm rəhbərlərimizə, həm də donor ölkələrə və təşkilatlara belə məlumat çatdıracağıq ki, Azərbaycana yardım davam etdirilməlidir. Lakin bu yardımın əsas istiqaməti bir qədər dəyişilməlidir. İndi əsas istiqamət daha çox reabilitasiya və qaçqınların məşğuliyyətinə yönəldilməlidir. Biz baş nazirlə bu məsələlərin hamısını ətraflı müzakirə etmişik. Ona görə də bütün bu məsələləri sizinlə müzakirə etmək fikrində deyilik. Lakin bizim fikrimiz ondan ibarətdir ki, ölkədaxili qaçqınlara yardım davam etdirilməlidir. Xüsusilə də psixoloji yardımı davam etdirməliyik, onları psixoloji vəziyyətdən çıxara bilək.

Köhnə atalar misalında deyildiyi kimi, balıqçıya balıq verməkdənsə, qarmaq verməliyik ki, həmin balıqçı balığı tuta bilsin. Bu baxımdan, sözümün davamı kimi, demək istəyirəm ki, eyni zamanda həmin balıqçı balığı o qədər ovlamalıdır ki, bu, yalnız onun ailəsi üçün yox, bütün ölkə üçün kifayət etsin. Biz elə bu ruhda da işimizi davam etdirmək fikrindəyik.

Heydər Əliyev: Mən sizə təşəkkür edirəm. Əvvəla, çox məmnunam ki, siz yerlərdə olmusunuz və xüsusən, yerindən-yurdundan didərgin düşmüş insanlarla görüşmüsünüz, onların vəziyyətini özünüz müşahidə etmisiniz.

Azərbaycan zəngin ölkə olmaq istəyir və bunun üçün əsas da vardır. Ancaq hələ zəngin deyilik və bunun üçün çox vaxt lazımdır. Biz məğrur millətik. Əgər biz zəngin olsaydıq, heç vaxt heç kəsdən yardım istəməzdik. Əksinə, başqalarına yardım edərdik. Əgər biz zəngin ölkələrdən və Birləşmiş Millətlər Təşkilatından, onun humanitar yardım idarələrindən Azərbaycanda ağır vəziyyətdə yaşayan qaçqınlara, köçkünlərə yardım istəyiriksə, demək, biz məcburiyyət qarşısındayıq. Ona görə də mən istərdim ki, buradakı təəssüratlarınız, gördükləriniz sizin Azərbaycanla əməkdaşlığınızın gələcəkdə əsasını təşkil etsin.

Biz çox çalışırıq ki, işğal olunmuş torpaqlar azad edilsin və yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar öz yerlərinə qayıtsınlar. Əgər buna nail ola bilsək, biz bu yardımdan imtina edəcəyik, yaxud da bu yardımın forması dəyişiləcəkdir. Təəssüf ki, biz hələ indiyə qədər buna nail ola bilməmişik. Bizim böyük nailiyyətimiz odur ki, müharibəni dayandırmışıq, qan tökülməsinin qarşısını almışıq, atəşkəs rejimi yaratmışıq və dörd il yarımdır ki, bu atəşkəs rejimini saxlayırıq. Amma insanları düşdüyü ağır vəziyyətdə də yaşatmaq laızmdır. Buna da bizim özümüzün gücümüz çatmır. Bu həm Azərbaycanın iqtisadiyyatında gedən proseslərlə əlaqədardır, həm də yerindən-yurdundan didərgin düşmüş insanların əksəriyyətinin işsiz olması ilə əlaqədardır.

Ona görə də, güman edirəm ki, sizin bu missiyanız gələcəkdə bizim əməkdaşlığımızın əsasını təşkil etmək üçün çox əhəmiyyətlidir. Mən sizə təşəkkür edirəm. Çox məmnunam ki, siz belə böyük tərkibdə gəlib Azərbaycanı ziyarət etmisiniz. Ümidvaram ki, sizin bu missiyanızın müsbət nəticələrini biz görəcəyik.

"Azərbaycan" qəzeti, 15 yanvar 1999-cu il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış