Dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə qəbul olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyinin möhkəmləndirilməsi məqsədilə BMT üzvlüyünə qəbul edilmək üçün zəruri addımlar atmağa başlayıb.
1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət edib. Müraciətdə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getməsini əsas götürərək dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, bu mötəbər təşkilata üzv qəbul olunması məsələsini nəzərdən keçirməyi BMT üzvlərindən xahiş edirdi.
14 fevral 1992-ci ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciətinə baxıb və Baş Assambleyaya onun üzvlüyə qəbulu üçün tövsiyə verib. Beləliklə, 2 mart 1992-ci ildə BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub. Həmin gün Nyu-Yorkda, BMT-nin iqamətgahı qarşısında Azərbaycanın bayrağı qaldırılıb.
6 may 1992-ci ildən BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb. BMT-nin Azərbaycan təmsilçiliyi isə 1993-cü ildə açılıb.
BMT-yə üzvlük Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, Ermənistanın təcavüzünə qarşı beynəlxalq qanunlardan daha səmərəli istifadə etmək, ümumilikdə dünya birliyinə sıx inteqrasiya imkanı yaradıb.
Birləşmiş Millətlər Təşkilatının qlobal məramı məhz bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaqdan ibarətdir.
Bu məramı əldə rəhbər tutan Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı birləşmələrinin müstəqil Azərbaycan dövlətinə təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyi bu təşkilat qarşısında qaldırıb. Ermənilərin Azərbaycan torpağı olan Dağlıq Qarabağı zəbt etdikdən sonra onun ətrafındakı digər rayonları da işğal etməsi BMT Təhlükəsizlik Şurasının reaksiyasına səbəb olub.
Həmin qurum Kəlbəcərin işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə 822, Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə 874, nəhayət Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul edib. Suveren Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması təsdiqlənmiş və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırılmış və ərazilərin əldə edilməsi məqsədi ilə güc işlədilməsinin yolverilməz olduğu vurğulamışdır. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və köçkün düşmüş insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir.
Bundan başqa, həmin dövrdə BMT-nin Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən yeddi bəyanatla çıxış edib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, İraqın Küveyti işğal etməsi, keçmiş Yuqoslaviyada və Əfqanıstanda baş verən hadisələr zamanı böhranın nizamlanmasına nail olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın bu günə kimi həmin qətnamələrə əməl etməməsinə sərt reaksiya vermir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün kütləsinin yaranması ilə əlaqədar BMT Baş Assambleyası 1993-cü ildəki plenar iclasında müvafiq qətnamə qəbul edib. Qətnaməyə görə Azərbaycandakı qaçqın və məcburi köçkünlərə beynəlxalq yardım göstərilməsi nəzərdə tutulub.
BMT Baş Assambleyasının 1994-cü ilin sentyabrında keçirilən 49-cu sessiyasında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib. O, sessiyada nitq söyləyərək yüksək tribunadan Azərbaycandakı vəziyyət, Ermənistanın təcavüzü barədə dünya ictimaiyyətini məlumatlandırıb. Heydər Əliyev 29 sentyabr 1994-cü ildə BMT Baş Assambleyasının sessiyasında çıxışında Azərbaycanın BMT-yə münasibətdə siyasətini belə qiymətləndirib: "Bütövlükdə Azərbaycan Respublikası gələcək üçün BMT-nin perspektivlərini nikbinliklə qiymətləndirir və bundan sonra da Birləşmiş Millətlər Təşkilatının yüksək prinsiplərini müdafiə etmək, təşkilatın nüfuzunun səmərəsinin artırılmasına nail olmaq əzmindədir."
Azərbaycan-BMT ilə əməkdaşlığının genişlənməsində BMT-nin Baş katibi Butros-Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə şəxsən tanış olan Butros Butros-Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təşkilatlarının öz səylərini artıracağını bildirib.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə əlaqədar Baş Assambleyanın xüsusi təntənəli sessiyasında da Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib. O, çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini açıqlayıb və Ermənistanın təcavüzünün dayandırılması üçün dünya birliyini təsirli tədbirlər görməyə çağırıb.
1996-cı ildə BMT Baş Assambleyası ATƏT-lə əməkdaşlığa dair qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bir daha təsdiqləyib. Bundan bir il sonra, 28 iyul 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı təşkilatın yeni Baş katibi Kofi Annanla görüşüb. Kofi Annan Azərbaycan Prezidenti ilə söhbətində BMT-nin ölkənin ərazi bütövlüyünə tərəfdar olduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Lissabon Zirvə görüşünün prinsipləri əsasında həllinin düzgünlüyünü bildirib.
1997-ci il iyul ayının 28-də BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri, iyul ayının 29-da isə BMT-də akkreditə olunmuş dünya dövlətlərinin daimi nümayəndələri - səfirləri ilə görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan haqqında, onun bugünkü həyatı, qarşılaşmış olduğu və bu gün də qarşılaşdığı mürəkkəb problemlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.
1996-cı ildə Azərbaycan BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə 1984-cü il konvensiyasını imzalayıb. Həmin müqaviləyə qoşulmaqla Azərbaycan BMT-nin İşgəncə əleyhinə komitəsinə öz ərazisində fəaliyyət və tədqiqat imkanı yaradıb.
1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilib. Həmin il onun təşəbbüsü ilə ölkədə ölüm hökmü və mətbuat üzərində senzura ləğv olunub.
2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dünya dövlətlərinin rəhbərlərinin iştirak etdiyi bu ümumdünya tədbirində də nitq söyləyib. O, yenidən Ermənistanın təcavüzünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda yaranmış vəziyyəti dünya dövlətlərinin diqqətinə çatdırıb. Azərbaycan Prezidenti son dövrlərdə haqqında geniş müzakirələr aparılan BMT-də islahatlara ehtiyac olduğunu da deyib.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycan BMT-nin anitterror tədbirlərinə qoşulub. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi və Əfqanıstanla bağlı Sanksiya Komitəsi ilə sıx əməkdaşlıq edib. 2001-ci ilin oktyabrında Əfqanıstana qarşı antiterror koalisiyasının əməliyyatlarında Azərbaycan da iştirakçı olub və Əfqanıstanda təhlükəsizliyin qorunması üçün beynəlxalq qoşunların köməyinə öz hərbi birləşməsini göndərib.
2001-ci ilin oktyabrında Azərbaycan Respublikası Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının alınması haqqında BMT Konvensiyasına qoşulub. Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci ilin mayında BMT TŞ-nin terrorizmə qarşı mübarizə məqsədilə 1368, 1373, 1377 saylı qətnamələrinin həyata keçirilməsi barədə sərəncam verib.
2003-cü ilin sentyabrında Azərbaycanın Baş naziri İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında çıxışı zamanı islahatlar məsələsini qaldıraraq beynəlxalq təşkilatın güc və nüfuzunun artırılması üçün onlara böyük ehtiyac olduğunu söyləyib. Cənab İlham Əliyev öz çıxışında qeyd edib: "İndi artıq aydındır ki, mövcud BMT mexanizmləri zamanın tələbinə cavab vermir, bununla bağlı Birləşmiş Millətlər Təşkilatında islahat vacib məsələyə çevrilmişdir. Təhlükəsizlik Şurasının da islahatına ehtiyac vardır, orada da həm bu günün reallıqları, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır."
Bir il sonra, 2004-cü ilin sentyabrında Assambleyanın 59-cu sessiyasındakı nitqində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini xatırladıb. Prezident İlham Əliyev işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, silah ötürülməsi, qeyri-qanuni iqtisadi fəaliyyət, qaçaqmalçılıq məqsədi ilə istifadə edilməsi, bu ərazilərin terrorçu yuvasına çevrilməsini sessiya iştirakçılarının nəzərinə çatdırıb.
Birləşmiş Millətlər Təşkilatı səmərəli idarəçiliyin təkmilləşdirilməsi, yoxsulluğun azaldılması, insan hüquqlarına rəğbətin və gender bərabərliyinin təmin olunması, insanların sağlamlıq və təhsil sahələrindəki əsas ehtiyaclarının qarşılanması üçün əlverişli mühit yaratmaqla Azərbaycanın inkişafını dəstəkləyir.
BMT ilə geniş əlaqələr quran Azərbaycan əməkdaşlığın müxtəlif vasitələrindən istifadə edir. Əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycan bir sıra mühüm beynəlxalq müqavilələrə qoşulub. Bu müqavilələr Azərbaycanın müasir ictimai-siyasi, sosial-iqtisadi sahələri ilə bağlı meydana çıxan problemlərin həll olunması üçün imkanlar yaradır. Azərbaycan mülki və siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar, uşaq hüquqları, qadınların, qaçqınların, müharibə qurbanlarının statusu və müdafiəsi, soyqırımın qarşısının alınması və bu cinayətə görə cəzalandırma, habelə başqa məsələləri əhatə edən çoxsaylı beynəlxalq sənədlərə qoşulub.
Azərbaycan Respublikası BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bunlardan BMT İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT Uşaq Fondu (UNİCEF), BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (YUNESCO), Sənaye İnkişaf Təşkilatı (YUNİDO), Ümumdünya Səhiyyə Təşkilatı, BMT Qadınlar Fondu (UNİFEM), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı (Azərbaycan 1997-ci ilin iyulunda qoşulub) daha fəaldırlar.
Azərbaycan UNİCEF-lə əməkdaşlıq sazişini prezident Heydər Əliyevin Baş Assambleyanın sessiyasında iştirakı zamanı, 1994-cü ilin sentyabrında imzalayıb. Qurumla birgə fəaliyyətdə əsas məqsəd qaçqın, məcburi köçkün uşaq və yeniyetmələrin vəziyyətini yüngülləşdirmək üçün yardımlar göstərməkdir. Azərbaycan 1995-1997, 1998-2000-ci illərdə UNİCEF-in İcra Heyətinin üzvü olub.
Azərbaycan-YUNESKO əlaqələri ölkənin təhsil, elm və mədəniyyət sahələrində inkişafa yardım məqsədiylə həyata keçirilir. Azərbaycan Prezidentinin 1994-cü ildə müvafiq sərəncamı ilə ölkənin YUNESKO yanında Milli Komissiyası yaradılıb. Azərbaycan YUNESKO münasibətlərinin inkişafında, onların canlanmasında və güclənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rola malikdir. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
1993-cü ildən ölkədə geniş fəaliyyətə başlayan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsi Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara humanitar yardım göstərilməsi üzrə əhəmiyyətli tədbirlər həyata keçirib. Xüsusilə ölkəmizin çətinlik çəkdiyi 1994-1995-ci illərdə BMT qurumlarının, digər beynəlxalq təşkilatların qaçqınlara və məcburi köçkünlərə himayədarlığı olmasaydı, o zaman Azərbaycanda humanitar böhran baş verərdi. Bu gün Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq məcburi köçkünlərin hüquqlarını və sosial müdafiəsini tənzimləyən mükəmməl hüquqi baza yaradılmış və bütün bunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Azərbaycan BMT-nin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ərzaq Proqramı kimi maliyyə və iqtisadi qurumlarıyla da sıx əməkdaşlıq edir.
2000-2002-ci illərdə Azərbaycan BMT-nin Qadınların vəziyyəti haqqında Komissiyasının, 2002-2004-cü illərdə BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının, 2003-2005-ci illərdə İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü olub.
Azərbaycan BMT-nin 2000-ci ilin sentyabrında elan olunmuş Minilliyin İnkişaf Məqsədləri layihəsində fəal iştirak edir. Bu məqsədlə 2003-2005-ci illərdə dövlətin irəli sürdüyü Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf adlı proqram BMT İnkişaf Proqramının yardımı ilə həyata keçirilib. Hazırda BMT ilə birlikdə Azərbaycan dövləti yeni Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında başlıca orqanı olan Təhlükəsizlik Şurasında islahatlar aparılmasının tərəfdarıdır.
Azərbaycan-BMT əməkdaşlığında əlamətdar hadisələrdən biri Azərbaycanın 2006-cı ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına üzv qəbul edilməsidir.
2008-ci il martın 14-də BMT-nin Baş Məclisi geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsini müzakirə edib. Müzakirələrdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev çıxış edərək BMT-nin üzvü olan dövlətlərin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə danışıb, nümayəndə heyətlərini məsələ ilə bağlı Azərbaycanın müəllifi olduğu qətnamə layihəsini dəstəkləməyə çağırıb.
9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edir. O cümlədən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərindən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir.
Müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnib. Beləliklə, BMT-nin Baş Məclisi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə qətnaməni qəbul edib.
Sənəddə "Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altında qoymasından" və cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlıq ifadə olunub. Baş Assambleya üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırır. "Baş Assambleya bir daha bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım göstərməməli və ya şərait yaratmamalıdır", - deyə qətnamədə bildirilir. Sənəddə "erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün zəbt edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" zərurəti qeyd edilib.
Azərbaycan BMT ilə əlaqələrin inkişafına çalışır, onun daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən təkliflərin müzakirəsində fəal iştirak edir. Azərbaycan Təhlükəsizlik Şurasının daha geniş tərkibli, daha məsuliyyətli və demokratik olmasının, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ şəkildə cavab verməsinin, bu qurumun qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasının tərəfdarı kimi çıxış edir.
Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək, çoxşaxəli əməkdaşlığa çevrilib və Azərbaycanın müstəqil dövlət kimi inkişafında beynəlxalq aləmdə müvafiq yer tutmasında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan da bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verib.
Tarixi arayış 2 oktyabr 2009-cu ildə yeniləşdirilib.