Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Roma papasının qarşılanması mərasimində nitqi - 22 may 2002-ci il


Zati-Müqəddəsləri!

Sizi Azərbaycanda salamlamaqdan böyük məmnunluq duyuram. Dəvətimi qəbul edib Azərbaycana gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm.

Siz ölkəmizə çox əlamətdar bir vaxtda gəlmisiniz.

Bilirəm ki, mayın 18-də doğum gününüzü qeyd etmisiniz. Bu münasibətlə Zati-Müqəddəslərinizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, dünyada sülh, qarşılıqlı anlaşma sahəsində gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Sabah, yəni mayın 23-də müstəqil Azərbaycan Respublikasının Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10 ili tamam olur. Məhz belə bir gündə Sizin Azərbaycanda olmağınız tarixi hadisədir.

Mən 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfərim zamanı Vatikanı ziyarət etməyimi və orada Sizinlə görüşməyimi, ətraflı fikir mübadiləsi aparmağımızı məmnunluqla xatırlayıram. Çox şadam ki, aradan beş il keçəndən sonra Sizi yenidən, bu dəfə Azərbaycanda əziz qonağım kimi qarşılayıram.

Zati-Müqəddəsləri!

Vatikan dövlətinin başçısı və Roma papası kimi Siz əsrlər boyu mövcud olan ənənələrin hüdudlarını cəsarətlə aşmısınız. Siz dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların və xalqların dostu kimi tanınmış, bütün dünyanın vətəndaşına çevrilmisiniz.

Həmişə öz dini dözümlülüyü, tolerantlığı ilə seçilən Azərbaycan xalqı Sizin fəaliyyətinizin bu nəcibliyini və insanpərvərliyini yaxşı başa düşür və yüksək qiymətləndirir.

Azərbaycan da daxil olmaqla, islam dininin geniş yayıldığı ölkələrə Sizin səfərləriniz iki böyük dünya dini arasında sülhə və qarşılıqlı etimada xidmət edir.

Siz insanlar arasında şəfqət və rəhmdillik ideyaları təbliğ edir, ağır fəlakətə düşənlərə səbr və təsəlli diləyirsiniz. Azərbaycanda da belə fəlakət qurbanları var. Onlar qonşu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz yurd-yuvalarını itirmiş bir milyondan çox azərbaycanlı qaçqınlardır. Bu insanlar Sizin xeyirxah sözünüzə, təsəllinizə ehtiyac duyurlar. Onlar haqqın öz yerini tutmasında Sizdən də kömək umurlar.

Zati-Müqəddəsləri!

Siz katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın bir müddət ərzində Azərbaycana səfər edən ilk Roma papasısınız.

Bu səfəri həyata keçirdiyiniz üçün Sizə minnətdarlığımı bildirir və "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.