Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdən sonra mətbuat konfransında çıxışı- Prezident sarayı, 13 iyul 1996-cı il


Hörmətli mətbuat nümayəndələri!

Biz sizinlə artıq görüşmüşük. Çünki Avropa Şurasından Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşümüzün başlanğıcında siz iştirak etmisiniz. Ona görə də xüsusi bir bəyanat verməyə ehtiyac yoxdur. Qısaca onu deyə bilərəm ki, Azərbaycanın Avropa Şurasında xüsusi qonaq statusu almasından sonra bu Şuranın yüksək səviyyəli və geniş tərkibli nümayəndə heyətinin respublikamıza gəlməsi əməkdaşlığımızın artıq başlandığını göstərir.

Bu gün keçirdiyimiz görüşdən və apardığımız danışıqlardan mən çox razı olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, bizim aramızda qarşılıqlı anlaşma var. Biz bundan sonra Avropa Şurasının tamhüquqlu üzvü olmaq üçün qarşımızda duran vəzifələri yaxşı bilirik. Mən Avropa Şurasının nümayəndə heyətini bir daha əmin edirəm ki, Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvü olmağa əməli işlərlə çalışacaqdır. Mən əminəm ki, biz buna nail olacağıq.

Sözü nümayəndə heyətinin başçılarına verirəm və sizin suallarınıza cavab verməyə hazıram.

Sual: Mənim sualım cənab baş katibədir. Cənab baş katib, Ermənistan Respublikası Avropa Şurasına üzv olmaq üçün rəsmən müraciət etmiş ölkələrdən biridir. Avropa Şurasının bəyanatlarında, proqramında insan hüquqlarına hörmət, orta mədəni dəyərlərin qorunması ilk sırada dayanır. Azərbaycanın 2000-dək vətəndaşı Ermənistan ərazisində müxtəlif zindanlarda əsir, girov kimi işgəncələrə məruz qalır. Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni abidələr Ermənistanın işğalçı qoşunları tərəfindən darmadağın edilib, bir milyona yaxın qaçqın çox ağır, çətin şəraitdə yaşayır, Ermənistan Respublikası Avropa Şurasına qəbul edilərkən bu məsələlər nəzərə alınacaqmı?

Cavab: Mən əminəm ki, bu münaqişə Avropa Şurasının Parlament Assambleyası tərəfindən tamamilə nəzərdə tutulacaqdır və bu, diqqətdən qaçmayacaqdır. Bildirmək istəyirəm ki, ölkələrin Avropa Şurasına qəbul edilməsində həlledici rol oynayan qurum Avropa Şurasının Parlament Assambleyasıdır. Avropa Şurasının Parlament Assambleyası insan hüquqlarının harada olur-olsun pozulmasının əleyhinə çıxır. Şübhəsiz ki, biz Avropada bir sıra belə faciəli hallarla rastlaşmışıq, bəzi yerlər işğal olunubdur və işğal altında qalıbdır. Avropanın özündə də böyük saylı qaçqın ordusu vardır. Bu, elə bir məsələdir ki, Avropa Şurası ona daim diqqət yetirir. Avropa Şurasının xüsusi komissiyaları, komitələri vardır ki, onlar qaçqınların və köçkünlərin işləri ilə yaxından məşğul olurlar.

Mən şübhə etmirəm ki, həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq barədə müraciət edərkən və bu müraciətlər nəzərdən keçirilərkən qeyd etdiyimiz məsələlər diqqətdən yayınmayacaqdır.

Sual: Cənab prezident, siz Dağlıq Qarabağ probleminin həllini necə təsəvvür edirsiniz?

Heydər Əliyev: Bu problemin həllinin yolu çox dəqiq və aydındır. Biz bunu dəfələrlə demişik. Söhbət bundan gedir ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini, yəni işğal etdikləri ərazilərimizi azad etsinlər, oradan zorla qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşı doğma yerlərinə qayıda bilsin, ölkəmizin ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin pozulmazlığı təmin olunsun və bununla yanaşı, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilsin, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa hazırda dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət statusu verilsin. Bunlar aydın və ədalətli şərtlərdir. Biz bunu təklif edirik. Erməni tərəfi buna razı olsaydı, məsələ çoxdan həll edilərdi. Təəssüf ki, erməni tərəfi Azərbaycan ərazisinin işğal olunması ilə bağlı bəzi üstünlüklərdən istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışır və Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verilməsinə cəhd edir. Şübhəsiz ki, biz buna razı ola bilmərik. Azərbaycan ərazisinin bir hissəsinin zorakılıqla qəsb edilməsinə yol verə bilmərik. Beynəlxalq hüquq normaları da buna yol vermir. Hər bir dövlətin ərazi bütövlüyünün tanınması bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normasıdır. Biz bu prinsiplərə həm öz ölkəmiz barəsində, həm də digər dövlətlər barəsində sadiqik. Məsələnin həlli erməni tərəfindən asılıdır.

Sual: Mənim sualım Avropa Şurası Nazirlər Komitəsinin sədrinədir. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, keçid dövrünün çətinlikləri və Ermənistanın respublikamıza təcavüzü elə bir vəziyyət yaradıb ki, ölkəmiz bu problemi ayrılıqda, beynəlxalq təşkilatların köməyi olmadan həll edə bilməz. Avropa Şurası ölkəmizin bu problemlərinin həllinə konkret olaraq hansı yardımlar edə bilər?

Siym Kallas: Bildiyiniz kimi bu dünyada siyasi mühiti formalaşdıran beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. Bu beynəlxalq təşkilatların hər birinin özünəməxsus xüsusiyyəti var. Avropa Şurasının əsas vəzifəsi ölkələrdə demokratiyanın inkişaf etdirilməsindən, insan hüquqlarının qorunmasından, demokratik və dinamik inkişaf edən dövlətlərin yaradılmasından ibarətdir. Bu baxımdan ölkələrdə demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması üçün hüquqi baza yaradılmasına yardım göstərmək, Avropa Şurasının bu ölkələrlə əməkdaşlığında ən mühüm sahələrdən birini təşkil edir.

Mən sizə bildirmək istəyirəm ki, Estoniyanın Avropa Şurası ilə əməkdaşlığı dövründə bizim gördüyümüz, yaşadığımız təcrübə çox məhsuldar olmuşdur. Sualınıza cavab olaraq bildirirəm ki, Avropa Şurası həm bu şuranın üzvü olan dövlətlərə, həm də üzv olmaq istəyən dövlətlərə çox geniş səpkili əməkdaşlıq təklif edir, yardımlar göstərir və qeyd etdiyim sahələrdə onları hər cür dəstəkləməyə çalışır.

Dövlətlər arasındakı münaqişələrə gəldikdə isə biz bu münaqişələrin daha çox dünyanın digər təşkilatları tərəfindən həll olunmasına üstünlük veririk. Məsələn, biz ATƏT-in bu münaqişənin həll olunmasındakı rolunu qiymətləndiririk və onun Minsk prosesinə hər zaman dəstək veririk. Öz növbəsində Avropa Şurası isə dünyanın müxtəlif bölgələrində formalaşmış muxtar qurumların və onların qarşılaşdığı problemlərin həlli yollarının nədən ibarət olması barədə məlumatları bu ölkələrə çatdıra bilər.

Bu gün bizim keçirdiyimiz çoxsaylı görüşlərdə Avropa Şurası tərəfindən belə bir yardımın, köməyin göstərilməsi məsələsi də müzakirə olunmuşdur. Əgər Azərbaycan bu təcrübədən də faydalanmaq arzusunu ifadə etsə, onda Avropa Şurası respublikanıza məmnuniyyətlə kömək edəcəkdir.

Sual: Cənab prezident, Ermənistan ilə Azərbaycan arasında müharibə bir il əvvəl qurtarmışdır. Bu, ölkənizin iqtisadi həyatına necə təsir edir?

Heydər Əliyev: Ermənistan ilə Azərbaycan arasında müharibə qurtarmamışdır, iki il əvvəl dayandırılmışdır, 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş imzalamışıq, lakin hələlik tam sülh yoxdur. Bu iki il ərzində biz ilk növbədə ATƏT-in Minsk qrupunun imkanlarından istifadə edərək məsələnin sülh yolu ilə həllinə çalışırıq. Şübhəsiz ki, atəşkəs həm Azərbaycanda, yeri gəlmişkən, qeyd etməliyəm ki, həm də Ermənistanda həyata müsbət təsir göstərmişdir.

Əgər müharibə yoxdursa, döyüş əməliyyatları aparılmırsa, qan tökülmürsə, şübhəsiz ki, xalq daha sakit yaşayır. Xalq, cəmiyyət, dövlət sosial-iqtisadi problemlərlə daha fəal məşğul olmaq üçün imkan əldə edir. Biz də bu imkandan çox fəal istifadə edə bilmişik və edirik. Məhz bu müddət ərzində biz qanunlar qəbul edə və iqtisadi islahatların, o cümlədən böyük özəlləşdirmə proqramının, aqrar bölmədə islahatların həyata keçirilməsinə başlaya bilmişik. Məhz bu şəraitdə Azərbaycanın ilk demokratik konstitusiyasını hazırlaya və qəbul edə, Azərbaycan parlamentinə ilk demokratik seçkilər keçirə bilmişik. Ölkəmizdə daxili, siyasi həyatı mürəkkəbləşdirən bir çox mənfi halları aradan qaldıra bilmişik. Təəssüf ki, Avropa ölkələrindən, o cümlədən Estoniyadan fərqli olaraq Azərbaycanda Ermənistanla hərbi münaqişə ilə yanaşı, bir sıra illər ərzində daxili siyasi vəziyyət də çox mürəkkəb olaraq qalırdı. Bu da hakimiyyət uğrunda mübarizə aparan müxtəlif silahlı qrupların qarşıdurması ilə əlaqədar idi. Ermənistanla müharibə ilə yanaşı, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlandı. Biz bu ağır hallardan yaxa qurtara bildik. Həm də xeyli dərəcədə ona görə ki, atəşkəs rejimini təmin edə bilmişdik.

Xarici sərmayədarlar Azərbaycana daha fəal maraq göstərməyə, bizimlə əməkdaşlıq etməyə başlamışlar. Biz Avropanın, Amerikanın ən iri neft şirkətləri ilə Azərbaycanda neft hasilatına dair böyük müqavilələr imzalamışıq. Yəni hərbi əməliyyatların dayandırılması, Azərbaycanda da ictimai-siyasi vəziyyətin sabitləşməsi şübhəsiz ki, respublikamıza daha fəal surətdə sərmayə qoyulmasına gətirib çıxarır. Zəngin təbii ehtiyatları və böyük iqtisadi, intellektual potensialı olan Azərbaycan dünyanın bir çox ölkələrinin şirkətlərinin diqqətini cəlb edir və biz bu əməkdaşlığa fəal surətdə gedirik. Bütün bunlar xeyli dərəcədə, atəşkəsə nail olunduqdan sonra yaranmış şəraitlə bağlıdır. Lakin biz tam sülhə, Ermənistanla dinc, mehriban qonşuluq münasibətləri yaranmasına, bütün Qafqaz regionunda sülhün bərqərar olunmasına çalışırıq.

Sual: Hörmətli prezident, hörmətli baş katib, mənim sualım sizədir. Cənab baş katib, görüşdə "Avropa ölkələrinin böyük ailəsi" fikri səsləndi, siz Azərbaycandan sonra, bu ailəyə daxil olmaq istəyən daha iki ölkəyə - Gürcüstana və Ermənistana gedəcəksiniz. Yəqin heç kəs istəməz ki, onun ailəsinin üzvləri dalaşsınlar, müharibə etsinlər. Avropa Şurasına üzvlüyə namizədlik dövründə bu ailə üzvlərinin dalaşmaması, müharibə etməməsi üçün siz hansı konkret addımlar atmaq niyyətindəsiniz?

Heydər Əliyev: Azərbaycan öz sülhsevər siyasətini davam etdirəcək və çalışacaq ki, Ermənistanla Azərbaycan arasında olan bu münaqişə ləğv edilsin və bölgəmizdə tam sülh yaransın.

Daniel Tarşis: Avropa Şurası Avropada gərginliyin azaldılması üçün bir çox tədbirlər görməkdədir. Biz Avropa Şurasına üzv olan dövlətləri, Avropanın bütün dövlətlərini ona inandırmağa çalışırıq ki, hansı dövlətlərdə siyasi plüralizm, demokratiya varsa, insan hüquqları qorunursa, onlar daha sabit və çiçəklənən dövlətlər olurlar, nəinki diktator rejimi olan qeyri-demokratik dövlətlər. Hansı dövlətlərdə qanunun aliliyi təmin olunursa, o dövlətlərin inkişafı labüddür.

Bütün bunlardan əlavə biz bir sıra ümumi dəyərlər də işləyib hazırlayırıq. Avropa Şurasına daxil olan bütün dövlətlər məhz o dəyərlərə sadiq olmalı, həmin öhdəlikləri yerinə yetirməlidirlər. Biz işgəncələrin, xaricilərin və digərlərinin bir-birinə qarşı nifrətinin aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bunun üçün biz hazırda Avropada geniş vüsət almış gənclər hərəkatından istifadə edirik. Biz Avropa dövlətlərini bir-birinin tarixini öyrənməyə sövq edirik. Tarix dərsliklərinin işlənib hazırlanması, onların ideologiyasızlaşdırılması, bu dərsliklərin şovinist ruhda olmaması üçün təhsil sahəsində əməkdaşlıq edirik.

Azlıqların hüquqlarının qorunmasına yardım edən hüquqi təkliflərimiz vardır. Biz müxtəlif ölkələr arasında açıq, şəffaf əməkdaşlığın genişləndirilməsinə sövq edən, onun yollarını göstərən mexanizmlər təklif edirik. Biz belə bir ideyanın tərəfdarıyıq ki, Avropada sərhədləri yenidən dəyişdirməyə heç bir ehtiyac yoxdur, bu sərhədləri açmaq və əməkdaşlığı genişləndirmək lazımdır. Milyonlarla insan məhz sərhədlərin dəyişdirilməsi ucbatından yaranmış münaqişələr nəticəsində əzab-əziyyət çəkir və çətinliklərə düçar olub. Məqsədimiz Avropa qitəsində elə bir mühit yaratmaqdır ki, bu qitəyə mənsub olan bütün xalqlar, dövlətlər özlərini bir ailədə hiss etsinlər.

İndiyədək söylədiklərimin hamısı münaqişələr baş verərkən bunların qarşısını almağa yönəldilən cəhətlərdir. Onu da əlavə edirəm ki, bu qəbildən olan münaqişələrin həlli texnikası, qaydaları da bizə bəllidir. Bu işi xüsusilə Avropa Şurasının Parlament Assambleyası həyata keçirir.

Sədrin sözlərinə qayıdaraq mən də təsdiq etmək istəyirəm ki, biz bu qəbildən olan münaqişələri daha çox Avropadakı digər təşkilatların, xüsusilə ATƏT təşkilatının ixtiyarına buraxmağa üstünlük veririk.

Sual: Mənim sualım prezident Heydər Əliyevədir. Azərbaycanda keçirilmiş son parlament seçkiləri tənqid olundu. Gələcəkdə seçkilərin daha düzgün keçirilməsi üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

Heydər Əliyev: Mən sizin bu fikrinizlə razı deyiləm. Hesab etmirəm ki, Azərbaycanda parlament seçkiləri azad, sərbəst seçkilər olmayıb. Onlar tam azad, sərbəst seçkilər olubdur. Bu seçkilər çoxpartiyalı sistem əsasında, tam aşkarlıq, siyasi plüralizm şəraitində keçirilibdir. Bütün sahələrdə özlərini seçkilərdə namizəd irəli sürənlərin hamısı informasiya orqanlarından, o cümlədən, radio, televiziyadan sərbəst istifadə edib. Azərbaycanda 30-dan artıq partiya qediyyata alınıb və fəaliyyət göstərir, 500-dən artıq qəzet nəşr edilir. Azərbaycanda müxalifətin çoxsaylı qəzetləri çıxır və çox geniş yayılır. Respublikamızda hər bir adam öz fikrini istədiyi kimi ifadə etmək imkanına malikdir. Bunların hamısı da parlament seçkilərində öz əksini tapıbdır.

Azərbaycanın hazırkı parlamentində 8 partiya təmsil olunur. Azərbaycanın parlamentində müxalifətdə duran partiyaların nümayəndələri də var. Bunlar hamısı müstəqil Azərbaycanda ilk parlament seçkilərinin tam demokratik şəkildə keçirilməsini nümayiş etdirir. Nəzərə almalısınız ki, Azərbaycan müstəqillik qazanandan sonra respublikamızda dövlət rəhbərliyi üç dəfə dəyişdirilibdir. Mən qeyd etdim, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Müxalifətdə duran ayrı-ayrı partiyaların silahlı dəstələri olubdur. 1994 və 1995-ci illərdə Azərbaycanda hakimiyyəti güclə, silahla ələ almaq cəhdləri olubdur, bir neçə terror aktı həyata keçirilib, dövlət başçısına qarşı bir neçə dəfə terror cəhdi edilibdir və bunların da qarşısı alınıbdır.

Belə bir şəraitdə olan Azərbaycanda son dövrdə, demək olar ki, 1995-ci ildə və artıq 1996-cı ildə daxili ictimai-siyasi sabitlik yaradılıbdır. Əgər Azərbaycana iki il bundan əvvəl gəlsəydiniz, Bakının küçələrində həddindən ziyadə cürbəcür qeyri-qanuni silahlı dəstələr görə bilərdiniz. Təəssüf ki, bunların da bir çoxu özlərini müxalifət adlandıran partiyalara və qruplara mənsub idi. Azərbaycanın bu cinayətkar dəstələrdən qısa müddətdə təmizlənməsi, insanlara sərbəst yaşamaq imkanı verilməsi və parlament seçkilərinin sərbəst şəkildə keçirilməsi Azərbaycanda demokratiyanın bərqərar olduğunu sübut edir.

Ona görə də müstəqil Azərbaycanda ilk parlament seçkilərini mən demokratiya sahəsində atılan ilk addımlar kimi qiymətləndirirəm və əminəm ki, bu demokratik proseslər ilbəil inkişaf edəcək və gələn parlament seçkiləri bundan da yüksək səviyyədə keçiriləcəkdir.

Diqqətinizə görə sağ olun!


"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.98-104.