Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransının iştirakçılarına - Bakı şəhəri, 16 fevral 1998-ci il


Hörmətli dostlar!

Sizi - Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransının iştirakçılarını ürəkdən salamlayıram.

Müstəqil Azərbaycan Respublikası demokratik, hüquqi dünyəvi və unitar dövlət quruculuğunda xalqın sarsılmaz əzminə, vətəndaş həmrəyliyinə və milli birliyinə arxalanır. Bizim üçün qonşu ölkələrlə, o cümlədən Rusiya Federasiyası və Dağıstan Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Əsrlərin sərt sınaqlarından şərəflə çıxmış Azərbaycan və Dağıstan xalqlarının qədim dostluq ənənələri vardır. Bu, ulularımızın göz bəbəyi kimi qoruyub yaşatdıqları və nəsillərə yetirdikləri əvəzsiz tarixi sərvətdir. Bölgədə sülhün, əminamanlığın, mehriban dostluq münasibətlərinin bərqərar edilməsi günümüzün ən vacib vəzifəsi və gələcəyimiz qarşısında müqəddəs borcumuzdur.

Əminəm ki, Dağıstan-Azərbaycan Dostluq Cəmiyyəti dostluğumuzun və qardaşlığımızın daha da möhkəmləndirilməsində, ictimai-mədəni əlaqələrimizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Sizin hamınıza, bütün Dağıstan xalqlarına cansağlığı, xoşbəxtlik, xeyirxah fəaliyyətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.