Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın milli bayramı - Rusiya Federasiyasının dövlət müstəqilliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə rəsmi qəbulda nitqi - 12 iyun 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Rusiya Federasiyasının milli bayramı - Dövlət suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Mən dövlət dilində, Azərbaycan dilində çıxış etməliyəm, amma biz keçmiş vaxtlardan bir-birimizin dilini çox yaxşı mənimsəmişik, xüsusən azərbaycanlılar rus dilini daha yaxşı öyrənmişlər. Buna baxmayaraq, bizdə Azərbaycan dilindən rus dilinə tərcümə edə bilən ixtisaslı tərcüməçilər yoxdur, çünki keçmişdə tərcüməçilərə ehtiyacımız yox idi. İndi bizdə olduqca çox tərcüməçi var və onlar müxtəlif xalqların dillərinə tərcümə edirlər. Amma, məsələn, mənim nitqimi rus dilinə tərcümə etmək, zənnimcə, çətin olacaqdır.

Rusiya böyük ölkədir. Rusiyanın çoxəsrlik tarixi bir çox ictimai-siyasi hadisələrlə - sarsıntılarla, qələbələrlə, uğurlarla və məğlubiyyətlərlə səciyyələnir. Lakin XX əsrdə Rusiya bəşəriyyətin tarixində - çar imperiyasının süquta uğramasında, dünyada ilk sosialist inqilabının qalib gəlməsində, əvvəllər ancaq nəzəriyyə şəklində mövcud olan dövlət sisteminin qurulmasında, Sovet İttifaqının yaranmasında, sonra, əsrin axırlarında Sovet İttifaqının dağılması və əvvəllər Sovet İttifaqının tərkibinə daxil olmuş respublikaların müstəqil dövlətlərinin meydana gəlməsində xüsusi rol oynamışdır.

Bütün bunlar bir əsr üçün həqiqətən olduqca çoxdur. Amma bununla belə, gələcəkdə tarixçilər XX əsri təkcə bizim yerləşdiyimiz region üçün deyil, bütün dünya üçün də dərindən öyrənəcək və olmuş hadisələrin hamısına qiymət verəcəklər.

Əvvəllər Sovet İttifaqının tərkibinə daxil olmuş respublikalar arasında ilk olaraq Rusiyanın, Rusiya Federasiyasının dövlət suverenliyi haqqında bəyannamə qəbul etməsinin və bununla da sovet respublikaların müstəqilliyinə, azadlığına, suverenliyinə doğru yol açmasının bizim üçün xüsusi əhəmiyyəti var. Bu, mühümdür. Bunu qeyd etmək lazımdır, çünki bir vaxtlar, daha doğrusu, 1922-ci ildə Sovet İttifaqı ilk növbədə Rusiyanın və bəzi digər respublikaların səyləri ilə tanış edilmişdi. 70 ildən artıq mövcud olmuş ictimai-siyasi, iqtisadi sistemi də Rusiya müəyyənləşdirirdi. Elə Rusiyanın özü də bu yolun səhv olduğuna inanaraq, dövlət suverenliyi haqqında bəyannamə qəbul etdi, o mənada ki, ən əvvəl Rusiya Federasiyasının dövlət müstəqilliyini, suverenliyini təmin etmək və başqa xalqlara, başqa respublikalara müstəqil olmağa və öz müstəqil, suveren dövlətini qurmağa imkan vermək lazım idi.

Həqiqətən, Rusiya dövlət suverenliyi haqqında bəyannaməni qəbul edərək, keçmişdə olanların hamısından imtina edərək, demokratik inkişaf yolunu tutmuşdur. Bu, sadə olmayan, mürəkkəb, çətin bir yoldur və əgər kimlərsə hər hansı qərarların, bəyannamələrin və ya konstitusiyaların qəbul edilməsi ilə bu yolu qısa müddətə keçməyin mümkün olduğunu düşünürlərsə, onlar yanılırlar, çünki müstəqilliyimizin onillik tarixi buna inandırıcı sübutdur.

Başlıcası budur ki, bunun nəticəsində Azərbaycan da dövlət müstəqilliyinə, azadlığa nail oldu, sərbəst inkişaf yoluna çıxdı, demokratik inkişaf, bütün sahələrdə demokratik islahatlar aparılması yoluna, Dünya Birliyi ilə inteqrasiya yoluna çıxdı və Dünya Birliyində öz layiqli yerini tutdu. Rusiya Federasiyasının 1990-cı ildə qəbul etdiyi dövlət suverenliyi haqqında bəyannamənin nə kimi əhəmiyyətə malik olduğundan qısaca danışmaq lazım gəlsə, onun çox böyük əhəmiyyəti olduğunu deyə bilərik.

Bəziləri düşünürlər ki, müstəqillik uğrunda mübarizə bu və ya digər xalqı onsuz da müstəqilliyə gətirib çıxaracaqdı. Bu, səhv fikirdir. XX əsr tarixində baş vermiş proseslər böyük imperiyaların dağılmasına və bir çox müstəqil dövlətlərin yaranmasına gətirib çıxardı. 20-ci yüzilliyin son dövründə Sovet İttifaqında və dünyada baş vermiş proseslər də Sovet İttifaqının süqutu üçün, Sovet İttifaqının tərkibində olmuş respublikaların azad və müstəqil olması üçün məhz bir əsasa çevrildi.

Əlbəttə, biz çox çətinliklərlə qarşılaşdıq. İlk növbədə, Rusiyanın özü də təkcə 1991-ci ilin avqustunda deyil, başqa vaxtlarda da çox çətinliklərlə üzləşdi. Nə yaxşı ki, 1991-ci ilin avqust hadisəsi baş verdi. Əgər o vaxtın hadisələri olmasaydı, Azərbaycanın müstəqilliyə qovuşması prosesi bəlkə də hələ uzanardı. Rusiyanın taleyinin həqiqətən həll edildiyi 1993-cü ilin oktyabrındakı hadisələr, eləcə də bu qısa zaman kəsiyini səciyyələndirən bir çox digər hadisələr tarixdə təkcə sizin üçün deyil, Azərbaycan üçün də, keçmişdə bir ümumi dövlətə - Sovet İttifaqına daxil olmuş başqa respublikalar, müstəqil ölkələr üçün də son dərəcə böyük əhəmiyyətə malikdir.

Biz Rusiyada gedən prosesləri diqqətlə izləyirik. Biz bir-birimizlə sıx bağlıyıq, talelərimiz bağlıdır, təxminən iki yüz il bir dövlətdə olmağımızla bağlıyıq. Ona görə də Rusiyada nə baş verirsə, onların hamısı bizim üçün də böyük əhəmiyyətə malikdir. Əgər Rusiyanın demokratik dəyişikliklər, demokratik inkişaf, demokratik hüquqi dövlət, hüquqi cəmiyyət quruculuğu yolunu tutduğunu nəzərə alsaq, onda bunun bizim üçün nə kimi əhəmiyyəti olduğunu müəyyənləşdirmək mümkündür.

Azərbaycanda biz də bu yolu keçirik. Cənab səfirin burada dediyi kimi, əgər Rusiya başqa nəticələrə, çox fəlakətli nəticələrə gətirib çıxara biləcək hadisələrlə iki dəfə qarşılaşmışsa, Azərbaycan hələ dövlət müstəqilliyini əldə etdiyi vaxt çox ağır vəziyyətdə idi, ona görə ki, 1988-ci ildən etibarən Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, münaqişəyə başlamış, sonra da Azərbaycana sözün əsl mənasında hərbi təcavüz etmişdir. Azərbaycan dövlət müstəqilliyini belə şəraitdə qazanmışdır.

1990-cı il yanvarın 20-si isə Azərbaycan tarixində ən ağır gün oldu. Elə götürün sonrakı vaxtları, 1993-cü ili, bax, indi biz həmin dövrün 8-ci ildönümünü yaşayırıq. O vaxt Azərbaycan od içində yanırdı, vətəndaş müharibəsi gedirdi və Azərbaycan əslində parçalanmaq həddində idi və uçuruma doğru gedirdi. Sonra Azərbaycanda 1994-cü ilin, 1995-ci ilin hadisələri, silahlı dövlət çevrilişi cəhdləri oldu. Bilirsinizmi, bütün bunlar tarixi baxımdan çox qısa müddət ərzində baş verdi. Bir baxın, insanların həyatı necə də ağırlaşır, Rusiyanın öz problemləri var, bizim də öz problemlərimiz var. Əlbəttə, hamınız yəqin razılaşarsınız ki, ötən onillikdə və bu gün Azərbaycanda problemlər Rusiyada olduğundan qat-qat çoxdur. Ancaq əhəmiyyətlisi odur ki, bütün bu çətinliklər, bütün bu maneələr bizim getdiyimiz yoldan, müstəqillik yolundan, azadlıq yolundan, demokratik dəyişikliklər yolundan döndərə bilmədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı məkanında, bəlkə də, ilk münaqişə idi və nəhəng fövqəldövlətin, Sovet İttifaqının müvafiq dövlət orqanları o illərdə bunun qarşısını ala bilərdilər. Amma bunu etmədilər və Sovet İttifaqının bizə bir çox digər mənfi hallarla yanaşı, daha bir ağır miras - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qaldı. Bu münaqişə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına, bir milyondan çox insanın yurd-yuvasından qovulmasına gətirib çıxardı, onlar artıq neçə illərdir dözülməz şəraitdə, çoxu da çadırlarda yaşayırlar. Biz məsələnin sülh yolu ilə nizama salınması üçün tədbirlər görürük. Biz müharibə istəmirik. Hərçənd olduqca çox zərər çəkmişik, hərçənd intiqam almağa mənəvi haqqımız var, lakin bizə belə böyük ziyan vurulduğuna görə yox, işğal olunmuş ərazilərin azad edilməsi üçün

Cənab səfir burada öz dövlətinin rəyini ifadə edərək bir daha bildirdi ki, Rusiya beynəlxalq hüquq, hər bir dövlətin ərazi bütövlüyü, beynəlxalq birliyin tanıdığı sərhədlərin toxunulmazlığı, pozulmazlığı mövqelərində möhkəm dayanmışdır. Amma neçə illərdir biz beynəlxalq hüququn, Helsinki aktının bütün bu prinsiplərinin ölkəmiz barəsində pozulduğu bir vəziyyətdəyik. Dostluğumuzun, - mən Rusiya-Azərbaycan dostluğunu nəzərdə tuturam, - böyük tarixi var və biz bu tarixi qiymətləndiririk. Müstəqillik əldə etdikdən sonra Azərbaycan, hər halda, Azərbaycan xalqı həmişə Rusiya ilə Azərbaycan arasında dostluq, qarşılıqlı fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq mövqeyində durmuşdur. Son illər dostluq münasibətlərimizin ardıcıl inkişafı ilə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmlənməsi ilə səciyyələnir.

Bu baxımdan Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin bu il yanvarın 9-da Azərbaycana rəsmi dövlət səfərinin olduqca böyük əhəmiyyəti var. Xalqımız iftixarla deyir ki, Rusiya Federasiyasının prezidenti XXI əsrin əvvəlində, üçüncü minilliyin əvvəlində özünün ilk dövlət səfərini məhz Azərbaycana etmişdir. Məsələ təkcə bunda deyildir, məsələ həm də ondadır ki, Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin əhəmiyyətini, təəssüflər olsun, on il Moskvada heç də hamı başa düşmürdü və yüksək səviyyədə belə səfər də olmamışdı.

Ona görə də xalqımız bu səfəri olduqca böyük məmnunluq hissi ilə və eyni zamanda böyük ümidlə, dostluq münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyinə, iqtisadi əlaqələrimizin inkişaf edəcəyinə ümidlə, regionumuzda təhlükəsizliyə, Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların təhlükəsizliyinə ümidlə qarşıladı. Ən çox da belə bir ümidlə qarşıladı ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və sərhədlərinin toxunulmazlığının təmin edilməsinə əvvəlki illərə nisbətən indi daha fəal qoşulacaqdır. Məlumdur ki, 1992-ci ildən başlayaraq bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur, onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Amma bildirməliyəm ki, həmsədrlərin bu tərkibi 1997-ci ilin əvvəllərində yaranmışdır. Rusiya isə münaqişənin əvvəlindən və xüsusən 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra bu münaqişənin dincliklə nizama salınmasının fəal iştirakçıları sırasında həmişə olmuşdur. Lakin təəssüf ki, o illərdə göstərilmiş səylər yetərli olmamışdır və münaqişə indiyədək həll edilməmiş qalır. Ona görə də Vladimir Vladimiroviç Putin Rusiya Federasiyasının prezidenti seçildikdən sonra onun istər Rusiya üçün, istərsə də beynəlxalq münasibətlər sahəsində bir çox digər dövlət qərarları ilə yanaşı, bizim üçün ən önəmlisi odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsində Rusiyanın mövqeyi çox əhəmiyyətli dərəcədə dəyişmişdir.

Bu qısa müddətdə prezident Vladimir Vladimiroviç Putinlə çox görüşüm olmuşdur. Üç prezidentin - Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri keçirilmişdir və Müstəqil Dövlətlər Birliyi ölkələri prezidentlərinin bu yaxınlarda Minskdəki zirvə toplantısında biz yenidən görüşdük. Özü də əvvəlcə xüsusi olaraq Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması yollarının müzakirəsi üçün üç prezidentin görüşü, sonra isə dörd prezidentin, - mən Gürcüstanı da nəzərdə tuturam, görüşü keçirildi. Bu görüş bütün Qafqazda təhlükəsizlik məsələlərinə və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuşdu.

Bu və bir çox digər faktlar indi Rusiya rəhbərliyinin və ən əvvəl prezident Putinin Qafqaza, ümumən regionumuza və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə necə böyük əhəmiyyət verdiyini göstərir. Təkrar edirəm, xalqımız bu məsələdə Rusiyanın fəal roluna böyük ümidlər bəsləyir. Rusiyanın bunda fəal rol oynaya bilməsini sübut etməyə, məncə, lüzum yoxdur.

Dövlətlərarası münasibətlərimiz bütün əvvəlki illərdəkinə nisbətən indi ən yüksək səviyyədədir və bu, bizim arzularımıza, yəni Azərbaycanın xarici siyasət prinsiplərinə tam uyğundur. Şadam ki, burada da aramızda tam anlaşma var və mən Rusiyanın və xüsusən Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana münasibətində çox mühüm dəyişikliklər olduğunu hiss edirəm.

Biz Rusiyaya onun qarşısında hələ də duran bütün mübahisəli məsələləri uğurla həll etməyi arzulayırıq. Problemlər və məsələlər çoxdur. Bayaq dediyim kimi, biz hadisələrin gedişini dostcasına çox diqqətlə izləyirik, təcrübənizi öyrənməyə çalışırıq. Biz hesab edirik ki, Vladimir Vladimiroviç Putin Rusiyada prezident seçildikdən sonra elə bir dövr başlamışdır ki, indi bütün bu çətin, mürəkkəb məsələlər Rusiya Federasiyası xalqlarının rifahı naminə, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsi naminə daha tez, daha uğurla həll olunacaqdır. Mən bu gün bu bayrama, bax, belə hisslərlə - böyük sevinc hissləri ilə gəlmişəm. Sizi təbrik edirəm, bütün rusiyalılara, Rusiya Federasiyasının bütün xalqlarına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Rusiyaya demokratik dəyişikliklərin həyata keçirilməsində yeni-yeni uğurlar arzulayıram, özümə dost bildiyim Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə uğurlar və nailiyyətlər diləyirəm.

Hörmətli xanımlar və cənablar, bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm. Bütün Rusiyalılara səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram.