Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası prezidentinin Xəzərin statusunun tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Viktor Kalyujnı ilə söhbətindən - 9 noyabr 2000-ci il


Heydər Əliyev: Sizi görməyimə şadam. Əvvəla, sizi görmək istəyirdim, həm də istəyirdim siz də görəsiniz ki, mən sağ-salamatam. İkincisi də, söhbət etməyimizə şadam.

Viktor Kalyujnı: Hər şeydən öncə, bir daha ünsiyyətdə olmaq imkanına görə sağ olun. Çünki hesab edirəm ki, ünsiyyət nə qədər çox olarsa, problemlərin həlli bir o qədər sürətlə irəliləyər. İkincisi, Azərbaycanın hazırkı mövqeyi bizi razı salır və sevindirir. Şadıq ki, Siz sağ-salamatsınız. Seçkilərin kifayət qədər uğurla və sərbəst keçməsi münasibətilə Sizi təbrik etmək istərdim. Sizi kifayət qədər sanballı siyasi addım - Azərbaycanın Avropa Şurasına qəbul edilməyə tövsiyə olunması münasibətilə təbrik edirəm. Bu, tarixi addımdır. Azərbaycana uğurlar arzulayıram.

Heydər Əliyev: Sağ olun.

Viktor Kalyujnı: Bu gün biz mövcud problemlər barəsində Sizinlə fikir mübadiləsi aparmaq, birgə qərarları müzakirə etmək və müəyyənləşdirmək istərdik.

Bizim bir problemimiz var və onu intensiv surətdə həll etmək lazımdır. Biz İranla çox şeyi müzakirə etmişik, amma İranın mövqeyi konstruktiv deyildir.

Heydər Əliyev: Viktor İvanoviç, təbriklərinizə görə sağ olun. Konkret mövzuya gəldikdə isə, mən məmnunam ki, siz bu məsələnin həllinə başçılıq edəndən sonra biz Rusiyanın əvvəlki mövqeyi ilə müqayisədə indi realist mövqe tutduğunu hiss etmişik. Buna görə də belə düşünürəm ki, biz bu barədə razılığa gələ bilərik. Sizin tərəfinizdən hansısa bir layihə var. Bizim adamlar onunla tanış olmuşlar, mən isə hələ baxa bilməmişəm. Qazaxıstanla Rusiya arasında bəyannamə var. Biz bu ayın axırında Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin səfərini gözləyirik. Gördüyünüz kimi, biz həmin vaxtadək hər şeyi hazırlaya bilərik. Əminəm ki, səfər baş tutacaq və biz bu məsələdə Azərbaycanın və Rusiyanın mövqeyinə nöqtə qoya biləcəyik. Düşünürəm ki, biz arxayın ola bilərik. Siz bunu əvvəllər də demişdiniz, indi də deyirsiniz.

Viktor Kalyujnı: Heydər Əliyeviç, mən Azərbaycana bir daha gəlmək imkanından məmnunam. Biz iştirak etdiyimiz konfransda konkret mövzuları müzakirə edə bildik. Buraya gəlib-gəlməmək məsələsi yox idi. Məni iştirakçıların səviyyəsi maraqlandırmırdı, maraqlandıran o idi ki, Xəzərin problemləri müzakirə ediləcəkdir.

Xəzər mövzusunun müzakirəsi mənim üçün olduqca vacibdir və biz bu barədə nə qədər çox danışırıqsa, onun həllinə doğru daha çox irəliləyirik. Sevindirici haldır ki, əvvəla, mövqelərimiz yaxınlaşır və Siz doğru dediniz ki, Vladimir Vladimiroviçin gözlənilən səfəri müvafiq təkan verməlidir. Çünki biz aşağılarda nə qədər görüşsək də, hər halda, iki birinci şəxsin iradəsi gərəkdir, onlar bu işə təkan verməlidirlər. Mən ötən dəfə digər dövlətlərin başçıları ilə görüşlərdən sonra Vladimir Vladimiroviçə məlumat verərkən dedim ki, hər şey yaxşıdır. Amma Siz - beş prezident gərək görüşəsiniz, bu halda boş söhbət olmaz, işin səmərəli davamı olar. Çünki biz öz səviyyəmizdə bir-birimizi inandırmağa çalışırıq, məsləhətləşirik və s. İki, üç ay vaxt keçir, İranın ssenarisi üzrə isə artıq iki ildir görüşmürük. Biz öz aramızda danışırıq, lakin birlikdə görüşmürük. Demək istəyirəm ki, o, bu ideyanı dəstəklədi, üstəlik, mən dedim ki, məsələn, "Şanxay altılığı" da mövcuddur. Beş nəfər görüşüb Qafqazın bütün problemlərini ortalığa qoydular.

Yeri gəlmişkən, o da deyir ki, bu, yaxşı ideyadır. Mən də hesab edirəm ki, Sizin də dəstəyiniz olsa, yaxşı olar, Niyazov da bu işi dəstəklədi, yığışmağın təşəbbüsçüsü də o idi. Əgər Xəzərə dair bu problemi həll etmək istəyiriksə, zənnimcə, biz görüşü hazırlamaq barədə tapşırıq almalıyıq.

Mən İrana axırıncı səfərimdən əvvəl Sizinlə danışdım, İrandan sonra yenə qayıtdım. Bizi narahat edən budur ki, İran görüşü keçirmək barədə öhdəlik götürsə də, bunu uzadır, özü də əsassız olaraq uzadır. İran deyir ki, Rusiyanın, Qazaxıstanın, Azərbaycanın mövqeyi onları təmin etmədiyinə görə, belə bir görüşün keçirilməsini müsbət və zəruri saymırlar. Onların irəli sürdükləri prinsiplər isə, - 20 faiz hesabı ilə bölgü, - bizi təmin edə bilməz. Buna görə də onlar vəziyyəti ikitərəfli görüşlər vasitəsilə aydınlaşdırmağa və bəlkə də bizi öz tərəflərinə çəkməyə çalışırlar. Türkmənistan barəsində buna nail olurlar, Türkmənistan bu məsələdə onları fəal dəstəkləyir. Mən bu işi birtəhər fəallaşdırmağa cəhd göstərdim, çünki bugünkü gündə mane olan İrandır. Hətta İqor Sergeyeviç İvanovdan xahiş etdim ki, o, Xərrazi ilə əlaqə saxlasın, görüşün mümkünlüyü barədə onunla söhbət etsin. Bu söhbət oldu, Xərrazi öz fikrini belə açıqladı ki, Kalyujnının təklifinə bizim alternativ təklifimiz var. Halbuki onlar demişdilər ki, hesab edirik, Kalyujnı konstruktiv təkliflərlə gələcək, amma belə olmadı. Maraqlıdır, belə çıxır ki, bu təkliflər Qazaxıstan, Azərbaycan üçün konstruktivdir, İran üçün isə yox. Demək istəyirəm ki, onların departament rəhbəri Moskvaya gəlmişdi və yenə də həmin 20 faiz, kondominium məsələsi qaldırıldı, o, 20 faizlik bölgüyə dair xəritəni necə təsəvvür etdiyini bildirəcəyini də vəd etdi.

Lakin aradan ay yarım keçib, onlar isə bizə heç nə verə bilməyiblər. Bu müddət ərzində Moskvada Qazaxıstan mütəxəssisləri ilə görüş keçirilmiş, Xələfovla görüş olmuş, Quliyev Moskvaya gəlmişdir və bu mövzu işgüzar qaydada müzakirə edilmişdir. Biz buraya yola düşməzdən əvvəl İqor Sergeyeviçlə məsləhətləşdik ki, bundan sonra nə edək? Belə bir razılığa gəldik ki, əgər 10 gün ərzində İran tərəfindən fəallıq göstərilməsə, Rusiya müzakirələrə başlamaq və məsələni irəlilətmək üçün Moskvada bir daha toplaşmaq təşəbbüsü ilə çıxış edəcəkdir. Siz bilirsiniz ki, Qazaxıstan ilə Rusiya arasında bəyannamə Vladimir Vladimiroviç Putinin Qazaxıstana sonuncu səfəri zaman imzalanmışdır. Bu, tamamilə normal, demokratik və müsbət sənəddir. Belə ki, burada mərhələlilik prinsipləri və bu mərhələlərin növləri əks olunmuşdur.

Hərçənd çoxları deyir ki, əvvəlcə hamısını birdən həll etmək, yəni orta xəttə, həm də modifikasiya edilmiş, dənizin dibi üzrə xəttə baxmaq lazımdır, su qatı isə hələlik ümumi istifadədə nəzərdə tutulur. Sonra isə Xəzərin inkişafı üzrə, Sizə dediyim kimi, mərkəz yaratmaq barədə düşünmək gərəkdir. Bunun Sizin üçün maraqlı olduğunu və Sizin buna maraq göstərdiyinizi bilirik. Biz layihəni buraya, sizin mütəxəssislərinizə göndərmişik ki, onlar bu məsələ üzərində işləsinlər. Biz istəyirdik və hazırıq ki, - Xələfovla razılığa gəlmişik, - bu gün həm də işgüzar qaydada görüşək, əgər etirazınız yoxdursa, biz onu, sadəcə olaraq, müzakirə etmək, danışmaq, rəyi öyrənmək istərdik. Çünki onların bütün bunları oxumağa, nəzərdən keçirməyə, qiymətləndirməyə vaxtı var idi ki, Vladimir Vladimiroviç gələnədək iki prezident Xəzər mövzusu haqqında öz rəyini artıq sənədlərdə ifadə edə bilsinlər. Ona görə ki, bizim gedib-gəlməyimiz, müzakirə etməyimiz bir işdir, bizim ümumi mövqelərimiz var, lakin biz bunu heç yerdə sənədlərdə təsbit etmirik. Məsələn, Qazaxıstan barəsində təsbit etmişik. Zənnimcə, nəyisə təsbit etməyə başlamağımızın vaxtı gəlib çatmışdır. Belə düşünürəm ki, bu, düzdür. Biosfer, balıq, təbiət, gəmiçilik haqqında sənədləri, sazişləri biz ötən gəlişimizdə XİN-ə verib xahiş etmişdik ki, gözləməmək üçün onlar öz qiymətini versinlər. Yumşaq desək, dənizin dibini necə bölüşdürəcəyimizi təbiət gözləməsin. İrəliləmək lazımdır və bu, status problemini həll etməyimizə əsla mane olmayacaqdır.

İstərdik, Siz XİN işçilərinin fəallaşmasına hansısa şəkildə kömək edəsiniz ki, onlar bu sazişlərə tez baxsınlar. Hər halda, üç-dörd ay keçmişdir. Bizsə istərdik ki, masa arxasına keçək və bu sazişləri müzakirə edək. Bunu XİN-dən xahiş edərdik. Mən Qazaxıstana da müraciət etdim ki, bir araya gəlmək üçün diplomatlar İranla fəal dialoq aparmağa başlasınlar. Rusiyanın xahiş etməsi, bir yerə toplaşmaq üçün təzyiq göstərməsi bir işdir. Mən istərdim ki, bu, kollektiv təzyiq olsun, çünki görüş haqqında məsələnin uzadılması müxtəlif fikirlər meydana çıxarır. Məsələn, Türkmənistanda olduğu kimi, Boris Şıxmuradov çıxış edir və deyir, - mən bilirəm ki, bu Niyazovun mövqeyidir, - əgər orada bir şey həll edilməsə, onda biz BMT-ni buraya dəvət edəcəyik və qoy o, bizim problemlərimizi həll etsin. Hesab edirəm ki, bu səfehlikdir, ona görə ki, biz özümüz araşdırmalıyıq, bizə üçüncü tərəf lazım deyildir. Bu isə ondan irəli gəlir ki, biz tez-tez görüşmürük.

Heydər Əliyev: Viktor İvanoviç, sağ olun, mən sizinlə, sizin fikirlərinizlə razıyam, biz bu barədə əvvəllər də danışmışdıq. Əgər bizdə nə isə ləngimişdirsə, bu, ona görə deyil ki, biz istəmirik, görünür, məsələnin özü uzanır. Mən baş nazirə tapşırmışam, o, sizin təqdim etdiyiniz variant üzərində mütəxəssislərlə birlikdə işləyir. Siz yəqin ki, onunla görüşəcəksiniz. Mən onu hələ görməmişəm. Yəni, mənə elə gəlir ki, prinsipcə aramızda böyük fikir ayrılıqları yoxdur. Ona görə ki, ötən dəfə bildirdiyiniz mövqeyi mən realist, normal mövqe adlandırardım. Məsələnin uzanmasında biz təqsirkar deyilik. Əgər siz bütün bu ölkələri gəzib-dolaşıbsınızsa və bundan sonra bir daha gəlib yığışacağınızı söyləyirsinizsə, artıq bundan o tərəfi yoxdur. O ki qaldı bizim dövlət başçılarının toplaşmasına, mən bununla razıyam, amma sizinlə Qazaxıstan arasında olduğu kimi bir nəticə hasil edilməlidir. Yaxşı olar ki, Azərbaycan da Rusiya ilə bu cür sənəd imzalasın. Bilmirəm, siz başqa ölkələrlə belə sənədi necə imzalaya biləcəksiniz. Onda biz beşlikdə bir yerə toplaşa bilərik. Yəni, mən prinsipcə bunun əleyhinə deyiləm, istənilən vaxt toplaşmaq olar, amma düşünmək lazımdır, necə etməli ki, bu beşlik həqiqətən görüşüb, əliboş dağılışmasın.

Zənnimcə, biz sizində bu mövzuda danışacağıq və baş nazir də sizinlə ətraflı danışacaqdır. Biz istəyirik ki, sizin doğru dediyiniz kimi, bu məsələni mərhələ-mərhələ həll edək. Hər şeyi birdən həll etmək olmaz, prinsipial mövqeləri müəyyənləşdirmək lazımdır. Odur ki, mən sizinlə razıyam.

Viktor Kalyujnı: Nazarbayevlə axırıncı görüş zamanı o, Rusiyanın Azərbaycanla bu cür bəyannamə imzalamalı olması barədə özünün şəxsi rəyini söylədi, dedi ki, mən özüm Heydər Əliyeviçə zəng vuracağam, sonra isə biz üçlükdə Niyazovla da söhbət edəcəyik. Bu, onun ideyasıdır.

Heydər Əliyev: Mən razıyam. Üstəlik, mən dedim, belə hesab edirəm ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin səfəri zamanı biz bu problem barəsində bütün sənədi imzalamalıyıq. Bu mənim qəti qərarımdır.

Viktor Kalyujnı: Əlbəttə, burada sırf qanunvericilik səpkisində bəzi incəliklər var. Bu gün konfransda sizin universitetin kafedra müdiri hüquqşünas Məmmədov çıxış etdi, Rusiyanın Xəzər barədə mövqeyini, onun hüquqi əsasını kifayət qədər dərindən aydınlaşdırdı. Konstitusiyanın 7-ci və ya 11-ci maddəsində Xəzərin sektorlara bölünməsindən bəhs edilir. Amma biz elə etməliyik ki, qanunvericilik də, Konstitusiya da pozulmasın. Danışıqlar masası arxasında əyləşmək və razılığa gəlmək lazımdır.