Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Rusiyа Təhlükəsizlik Şurаsının kаtibi Vlаdimir Ruşаylоnun bаşçılıq еtdiyi nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 20 fеvrаl 2003-cü il


Hеydər Əliyеv: Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən sаlаmlаyırаm. İki ölkənin mühüm strukturları – təhlükəsizlik şuralarının aparatları arasında yaranmış yaxşı, işgüzar münasibətlərin səviyyəsindən məmnun qaldığımı bildirirəm.

Moskvada da, Bakıda da bir neçə görüş keçirilmiş, indi isə Rusiya nümayəndə heyəti rəsmi səfərə gəlmişdir.

Hesab edirəm, dünən və bu gün görülmüş işlər – biz məhz bu barədə danışırdıq – çox faydalıdır. Mən əməkdaşlığın, bax, belə formalarını dəstəkləmişəm və indi də dəstəkləyirəm, çünki onlar, təbii ki, bir məqsədə – Rusiyanın və Azərbaycanın dövlətlərarası münasibətlərinin inkişafına və möhkəmlənməsinə, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir.

Təkbətək görüşün məzmunundan danışaraq bildirirəm ki, həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının maraqlarına aid məsələlər haqqında ciddi söhbət getmişdir. Bu heç də ona görə deyildi ki, çoxsaylı mürəkkəb problemlər var və onları həll etmək lazımdır, yaxud həll edə bilmirik. Söhbətimizdə ən çox bunu əsas tuturduq ki, Rusiya da, Azərbaycan da bu mərhələdə çox mühüm tədbirlər, o cümlədən də öz dövlətçiliyinin möhkəmləndirilməsi, öz iqtisadiyyatının, demokratik prinsiplərin inkişaf etdirilməsi sahəsində tədbirlər həyata keçirir və təbii olaraq, beynəlxalq həyatda fəal iştirak edirlər. Əlbəttə, bizim beynəlxalq həyatda Rusiya qədər iştirak etmək imkanımız yoxdur, biz kiçik ölkəyik. Rusiya isə indi beynəlxalq aləmdə və dünyanın müxtəlif regionlarında baş verən proseslərin həllində, şübhəsiz, çox mühüm rol oynayır.

Təkbətək görüşdə Аzərbаycаn ilə Rusiyа аrаsındа ikitərəfli iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin, beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizənin gücləndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdik. Biz bu baxımdan Rusiya ilə Azərbaycan arasında həm yaxşı əməkdaşlıq təcrübəsinin, həm də yaxşı nəticənin olmasından məmnunuq.

Ölkəmizin ərazisində cinayətlər törətmiş və ədalət mühakiməsindən qaçıb Rusiyada gizlənmiş 2 mindən çox Azərbaycan vətəndaşı fəal qarşılıqlı tədbirlər və əməkdaşlıq nəticəsində yaxalanaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına verilmişdir. Məlumdur ki, Rusiya ərazisində də, Dağıstanda və digər regionlarda cinayətlər, terror aktları törətmiş bir sıra çox təhlükəli cinayətkarları biz burada, Azərbaycanda məhz beynəlxalq terrorizmlə mübarizə çərçivəsində yaxalamış və Rusiyanın hakimiyyət orqanlarına vermişik.

Şadam ki, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu sahədə aktiv fəaliyyətimizi dəfələrlə qeyd etmiş və bizə təşəkkürünü bildirmişdir.

Terrorizmlə daim mübarizə aparmaq çох mühüm bir məsələdir. Təəssüf, indi dünya elədir ki, hər hansı bir dövrə yekun vurmaq və terrorizmin, xüsusən də beynəlxalq terrorizmin daha olmadığını demək səhv olardı. Dünyanın əslində bütün regionlarında, xüsusən Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr hadisələrindən sonra terrorçular baş qaldırmışlar – bunlar narkotiklərlə və bir çox digər əməllərlə məşğul olan müxtəlif cinayətkarlardır. Ona görə də mübarizə davam edir və indi də, gələcəkdə də birgə fəaliyyətimizin mühüm istiqaməti beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizədə fəal əməkdaşlıqdan ibarət olacaqdır.

Təkbətək görüşdə beynəlxalq siyasətin problemləri, o cümlədən İraq ətrafında vəziyyət barədə fikir mübadiləsi apardıq. Bu ölkə coğrafi cəhətdən bizə də, Rusiyaya da çox yaxındır, ona görə də biz bu hadisələrə biganə qala bilmərik.

Söhbətimizdə Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması məsələsinə xeyli yer ayrıldı. Mən Vladimir Borisoviçi bu məsələnin bütün tarixi ilə və real vəziyyətlə müfəssəl tanış etdim, ATƏT-in 10 ildən çoxdur bu məsələ ilə məşğul olmasına və 7 ildən artıqdır ATƏT-in Minsk qrupuna Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın başçılıq etməsinə baxmayaraq, problemin indiyədək nə üçün öz həllini tapa bilmədiyini öz mövqeyimiz baxımından açıqladım.

Bununla əlaqədar bizim aramızda geniş fikir mübadiləsi oldu. Mən həmişə belə düşünmüşəm və demişəm. Əslində biz Vladimir Vladimiroviç Putinlə də bu məsələni müzakirə edərkən ona məhz belə yanaşmışıq ki, bu, yalnız Ermənistan–Azərbaycan məsələsi deyildir, bütün Qafqaza aid məsələdir.

Əgər bu, Qafqazın məsələsidirsə, deməli, həm Rusiyanın, həm də Qafqazın digər ölkələrinin məsələsidir. Zənnimcə, bu cür görüşlər, vəziyyətin təhlili nəticə etibarilə belə bir əminlik yaranmasına kömək etməlidir ki, dünyada haqq-ədalət olmalıdır. Ermənistanla Azərbaycan arasında münaqişənin timsalında isə biz beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, ATƏT-in və digər beynəlxalq təşkilatların əsasnamələri baxımından haqq-ədalətin əsla olmadığını müşahidə edirik. Əgər hamı vəziyyəti ədalətlə qiymətləndirmək lüzumu barədə yekdil rəyə gələ bilsə, onda bu məsələnin həlli yolunu tapmaq çox asan olar. Bu baxımdan biz Vladimir Borisoviçlə yaxşı fikir mübadiləsi apardıq və mən bundan çox razıyam. Ümumən, hesab edirəm ki, söhbətimiz çox faydalı oldu, ölkələrimiz arasında, Azərbaycanın və Rusiyanın təhlükəsizlik şuraları arasında münasibətlərin inkişafı üçün bu söhbətin, şübhəsiz, böyük əhəmiyyəti olacaqdır.

Vladimir Ruşaylo: Cənаb Prеzidеnt, səmimi qəbula görə Sizə təşəkkür edirəm. Azərbaycanlı həmkarlarımızla və ölkənin ali siyasi rəhbərliyi ilə görüşlər bizim üçün son dərəcə vacibdir. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin də buna xüsusi əhəmiyyət verir. Son illər ərzində siz daim görüşürsünüz. Bu görüşlər Azərbaycanda da, Moskvada da olmuşdur. Cari ilin əvvəllərində Kiyevdə, MDB-nin zirvə toplantısında da görüşmüsünüz. Bu həftə Rusiya Federasiyasının Prezidenti ilə Sizin telefon danışığınız olmuşdur. Bir sözlə, siz daim əlaqə saxlayırsınız. Dövlət başçılarının göstərdikləri nümunə başqa rəhbərlərə də sirayət edir.

Azərbaycan Təhlükəsizlik Şurasının aparatı ilə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirirəm ki, 2003–2004-cü illər üçün birgə iş planı hazırlanmışdır. O işlənib təkmilləşşdirildikdən sonra mükəmməl bir sənəd halına düşmüşdür.

Qarşılıqlı fəaliyyətimiz bir neçə formatda qurulur. Bu, ilk növbədə, Müstəqil Dövlətlər Birliyi ölkələri formatında görülən işdən, «Qafqaz dördlüyü» formatında və bilavasitə ikitərəfli münasibətlər çərçivəsində görülən işdən ibarətdir.

Müasir dünyada Qafqaz mühüm coğrafi-siyasi mərkəzə çevrilir və məhz Sizin sayənizdə və Rusiya prezidentinin sayəsində münasibətlərimiz getdikcə daha çox strateji tərəfdaşlıq xarakteri alır.

Hörmətli Hеydər Əliyеviç, indi isə icаzə vеrin mən Rusiya dövləti başçısının şəxsi məktubunu və «Beynəlxalq təhlükəsizliyin təmin olunmasında xidmətlərə görə» medalını Sizə təqdim edim.

Ölkələrimizin güc strukturları, xüsusi idarələri, hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin səviyyəsini Heydər Əliyev həmişə yüksək qiymətləndirmişdir. Bu sahədə böyük iş görülmüşdür. Bеynəlxalq terrorizmə qarşı birgə mübarizə məsələlərinə konstruktiv yanaşdığına görə Azərbaycan rəhbərinə təşəkkür edirəm. Azərbaycan 170-dən artıq şəxsin axtarılıb tapılmasında Rusiyaya böyük kömək göstərmişdir, onların bir qismi RF ərazisində terror aktları törədilməsində iştirak etmişdir. Son dərəcə mühümdür ki, biz müxtəlif protokol tədbirlərindən tamamilə konkret işə keçmişik və bu öz bəhrəsini vermişdir. Biz Sizin bu konstruktiv mövqeyinizi qiymətləndiririk, Rusiya Prezidenti Vladimir Putin də bunu yüksək dəyərləndirir və bu barədə öz fikrini dəfələrlə söyləmişdir.

Ölkələrimizin təhlükəsizlik şuraları aparatlarının xətti ilə cari ildə bir sıra tədbirlər – işin 10 istiqaməti üzrə məsləhətləşmələr, birgə konfranslar, o cümlədən mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərinə həsr edilmiş konfranslar keçirilməsi nəzərdə tutulur.

Mən Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi həmin mövzuda beynəlxalq konfransda iştiraka dəvət edirəm. Kollektiv təhlükəsizlik haqqında regional müqavilə çərçivəsində tədbirlərdə müşahidəçi kimi daim iştirakına görə Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm. Martın 19–21-də Moskvada bu müqavilənin iştirakçısı olan ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasını keçirmək nəzərdə tutulmuşdur. Mən Аzərbаycаn dövlətinin başçısının razılığı ilə Ramiz Mehdiyevi bu iclasda iştiraka dəvət edirəm.

Sözümün sonunda dеmək istəyirəm ki, ümumiyyətlə, son vaxtlar Müstəqil Dövlətlər Birliyi ölkələri arasında bütün səviyyələrdə əməkdaşlıq ən müsbət qiymətə layiqdir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu işi öncül istiqamətlərdən hesab edir. Siyasi istiqamət müəyyənləşmişdir və biz onu həyata keçirəcəyik. Bildiyimə görə, Sizin də rəyiniz belədir.