Rusiya Federasiyasının prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 6 iyun 2003-cü il


Hörmətli Vladimir Vladimiroviç!

Rusiya Federasiyasının dövlət bayramı - Dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbul edilməsi günü münasibətilə Sizi, bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, ötən dövrdə Rusiya dövlətçiliyin möhkəmləndirilməsində, demokratiyanın genişləndirilməsində, iqtisadiyyatda və sosial sahədə islahatların həyata keçirilməsində mühüm uğurlar qazanmışdır.

Bu yaxınlarda Sankt-Peterburqun 300 illiyi münasibətilə keçirilmiş yubiley təntənələri Rusiyanın mənəvi dəyərlərinin dirçəldilməsinin daha bir parlaq sübutudur.

Sizin ardıcıl və dərindən düşünülmüş siyasətiniz nəticəsində bu gün Rusiyanın beynəlxalq nüfuzu dönmədən artır, dünya birliyində ölkənizin mövqeləri möhkəmlənir.

Əminəm ki, xalqlarımızın rifahı naminə açıq siyasi dialoq və səmərəli, qarşılıqlı surətdə faydalı əməkdaşlıq əsasında Azərbaycan ilə Rusiya arasında dinamik inkişaf edən dostluq münasibətlərinin xoş ənənələri bundan sonra da regionda sülhə və tərəqqiyə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, mənə göstərdiyiniz diqqətə, Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə məni təltif etdiyinizə görə, Sizə, əziz Vladimir Vladimiroviç, dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 iyun 2003-cü il.