Rusiya Federasiyasının Bakıdakı səfirliyinin Rusiyanın milli bayramı - Rusiyanın suverenliyi haqqında bəyannamənin qəbul olunması günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda çıxışı - 10 iyun 1996-cı il


Hörmətli Rusiya Federasiyası Dövlət Dumasının sədri cənab Gennadi Seleznyov, hörmətli Rusiya Federasiyası Dövlət Dumasının üzvləri, Federasiya Şurasının üzvləri, möhtərəm səfir, xanımlar və cənablar!

Sizi Rusiya Federasiyasının milli bayramı - Rusiyanın Suverenliyi günü münasibətilə təbrik edirəm. Sizin hamınıza, bütün Rusiya Federasiyası xalqına xoşbəxtlik, əmin-amanlıq, suverenliyin daha da möhkəmlənməsində uğurlar arzulayıram.

Rusiya Federasiyasının dövlət suverenliyi haqqında aktla Rusiyanın dövlətçiliyi əslində bərpa edilmişdir. Rusiya dövlətçiliyi çoxəsrlik tarixə, zəngin ənənələrə malikdir. Ötən dövrdə Rusiya Federasiyasının həyatında böyük dəyişikliklər baş vermişdir, çox coşğun proseslər müşahidə olunur.

Bütün bunlar iyirminci əsrin sonunda baş verdiyi bir vaxtda bu əsrə əvvəlki nəsillərin nədən başladıqları da yada düşür. Rusiyanın həyatında böyük dəyişikliklər, böyük yeniliklər yaranmışdır. Sonuna yaxınlaşdığımız iyirminci əsr ərzində də çox hadisələr baş vermiş, çox şey dəyişmişdir.

Lakin indi suveren bir dövlət kimi Rusiya Federasiyası öz dövlətçiliyini bərpa etmiş, öz suverenliyinin, öz dövlətçiliyinin daha da inkişaf etməsi və möhkəmlənməsi, Rusiya xalqlarının daha yaxşı həyatının təmin olunması üçün yeni böyük addımlar atılır. Biz Rusiyada baş verən bütün hadisələri çox maraqla izləyir və Rusiya xalqlarına indi bizim hamımızın yaşadığımız dövrün çətinliklərini uğurla aradan qaldırmağı və Rusiya Federasiyasının getdiyi yolda yeni müvəffəqiyyətlər qazanmağı ürəkdən arzulayırıq. Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin zəngin və çox böyük tarixi var. Xalqlarımız - Rusiya və Azərbaycan xalqları bir çox onilliklər və əsrlər ərzində birlikdə yaşamış və bunun nəticəsində qarşılıqlı surətdə zənginləşmişlər. Keçmişdə bizi birləşdirmiş olan nə varsa, hamısı çox qiymətlidir. Buna görə də biz dostluq münasibətlərimizin tarixini minnətdarlıq hissi ilə xatırlayır və bu gün baş verən hadisələrə böyük ehtiram hissi ilə yanaşırıq. İndi Rusiya Federasiyası ilə müstəqil Azərbaycan Respublikası arasında dostluq münasibətləri, səmimi əməkdaşlıq yaranmışdır. Bu, əməkdaşlıq Rusiya Federasiyasına da, Azərbaycana da fayda gətirir.

Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, bu, münasibətlərimizin tarixi ilə, Rusiya xalqları, rus xalqı ilə Azərbaycan xalqı arasında dostuğun tarixi ilə qabaqcadan müəyyən edilmişdir. Bu dostluq bizim üçün qiymətlidir və indi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər onun əsasında qurulur.

Əməkdaşlığımız həyatın, demək olar, bütün tərəflərini iqtisadiyyatı da, mədəniyyəti də, elmi də, humanitar sahələri də, yəni sırf insani münasibətləri əhatə edir. Bütün bunlar bizim üçün çox vacibdir, bütün bunlar bizim üçün böyük dəyərə malikdir. Rusiya böyük ölkədir, Rusiya bizim xeyirxah və böyük qonşumuzdur. Odur ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin müstəqil Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, inkişaf etməsi üçün böyük əhəmiyyəti var və zənnimcə, Rusiya Federasiyasının suverenliyinin möhkəmlənməsi ilə bilavasitə bağlıdır.

Buna görə də bu gün biz bu milli bayramı, dostluğumuzun bayramını birlikdə qeyd edirik. Ümidvaram ki, münasibətlərimizin gələcəyi daha möhkəm, daha uğurlu olacaqdır. Zənnimcə, bu, çox xoş təsadüfdür ki, Rusiya Federasiyasının dövlət suverenliyi gününün bayram edilməsi mərasimində Rusiya parlamentinin böyük bir nümayəndə heyəti, Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyov cənabları, parlamentin deputatları, Federasiya Şurasının üzvü olan deputatlar da iştirak edirlər.

Bəli, bu, Rusiya Dövlət Duması seçildikdən sonra ötən qısa müddətdə Dövlət Duması deputatlarının həqiqətən ilk səfəridir. Biz bunu yüksək qiymətləndiririk. Bu, Rusiya Federasiyası ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün və xalqlarımız və ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir. Mən Rusiya Federasiyasının parlament nümayəndə heyətini Azərbaycanda səmimi salamlayıram.

Bu, mənim onlarla ilk görüşümdür və çox xoşdur ki, bu görüş burada keçirilir. Əminəm ki, Rusiya parlamentinin - Dövlət Dumasının, Federasiya Şurasının nümayəndə heyətlərinin Azərbaycana səfəri bizə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərlə bağlı bir çox məsələlər barəsində fikir mübadiləsi aparmağa imkan verəcəkdir.

Parlamentlərarası əlaqələr ölkələr və dövlətlər arasında bütün sahələrdə münasibətləri möhkəmlətmək üçün çox mühüm rol oynamışdır və oynayır. Mən buna böyük əhəmiyyət vermişəm və verirəm. Rusiya Federasiyasının yeni seçilmiş parlamenti deputatlarının Azərbaycana ilk səfəri əlamətdar hadisədir. Biz Rusiya Federasiyası parlamenti üzvlərinin Azərbaycana rəsmi səfəri çərçivəsində də, Qara Dəniz Hövzəsi Ölkələrinin Parlament Məclisi çərçivəsində də birlikdə işləməliyik. Ümidvaram və əminəm ki, görüşlər, məsələlərin birlikdə müzakirələri, fikir mübadiləsi bizə münasibətlərimizin daha da möhkəmlənməsini təmin etməyə kömək göstərəcək və təbii olaraq, milli məsələlərimizin həllinə imkan yaradacaqdır. Mən hamını bu böyük bayram münasibətilə bir daha təbrik edir, bütün Rusiya xalqlarına, rus xalqına, Rusiya Federasiyasına xoşbəxtlik və tərəqqi arzulayıram.