Azərbaycan Prezidenti Heydər Əliyevin Moskva şəhərinin meri Yuri Mixayloviç Lujkov cənablarına təbrik məktubu - Bakı şəhəri, 5 sentyabr 1997-ci il


Hörmətli Yuri Mixayloviç!

Sizi, Rusiya paytaxtının bütün sakinlərini, bütün rusiyalıları Moskva şəhərinin 850 illiyi münasibətilə təbrik edirəm.

Moskva qədimdən Rusiyanın siyasi, ticarət və mənəvi mərkəzi, Rusiya dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün çox böyük əhəmiyyətə malik mərkəz olmuşdur. Moskva əsrlər boyu yaranmış, çox böyük inkişaf yolu keçərək planetin ən iri şəhərlərindən birinə çevrilmişdir. Bu gün Moskva ən mühüm siyasi, iqtisadi, mədəni və elmi mərkəz kimi dünyada nadir bir rol oynayır. Moskva yeni demokratik Rusiyanın paytaxtıdır, çox böyük tarixi təcrübəni müasir dövrün tələbləri ilə uyğunlaşdırmaqda bizim hamımıza nümunədir, Rusiyanın bütün demokratik qüvvələrini sıx birləşdirməkdə, Rusiya dövlətçiliyini tarixin yeni mərhələsində möhkəmlətməkdə olduqca böyük rol oynayır.

Rusiya dövlətinin müdafiəsində Moskvanın rolu həmişə böyük olmuşdur. Rus dövlətçiliyinin qalası kimi o, yadelli qəsbkarların yolunu kəsərək qəhrəmanlıq və yenilməzlik nümunələrini dünyaya dəfələrlə nümayiş etdirmişdir. Moskva faşist qoşunlarının darmadağın edilməsində və faşizm təhlükəsindən bəşəriyyətin xilas olunmasında böyük rol oynamışdır. Bu gün biz iftixar hissi ilə xatırlayırıq ki, Azərbaycanın bir çox oğulları da Moskva müdafiəçiləri sırasında qəhrəmancasına həlak olmuşlar.

Moskva həmişə intellektual və yaradıcı qüvvələri cəlb edən yer olmuşdur. Moskvada hökm sürən məhz xüsusi mənəvi mühit sayəsində xeyli azərbaycanlı burada təhsil almış, elmi fəaliyyət və yaradıcılıq fəaliyyəti təcrübəsi əldə etmişdir.

Moskva çoxmillətli şəhərdir, burada azərbaycanlılar da yaşayır, müxtəlif sahələrdə çalışaraq, Rusiyanın iqtisadi potensialının möhkəmlənməsinə öz töhfəsini verirlər.

Moskva Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq əlaqələrinin genişlənməsi və möhkəmlənməsində mühüm rol oynayır. Hörmətli Yuri Mixayloviç, Moskvanın 850 illiyinin Azərbaycanda Sizin iştirakınızla bayram edilməsi bütün azərbaycanlıların Moskvaya, Rusiyaya son dərəcə böyük məhəbbət və hörmətini bir daha nümayiş etdirdi.

Mən həyatımın Moskvada yaşadığım illərini dərin hörmətlə və böyük səmimiyyətlə xatırlayıram. O illərdə mən Moskvanın çiçəklənməsi və inkişaf proseslərinə bilavasitə təsir göstərə bilirdim, bu şəhərin mənəvi və mədəni həyatının təsirini hiss edirdim. Bu gün müstəqil Azərbaycanın prezidenti kimi mən bu şəhərə, suveren Rusiyanın paytaxtına bizim hamımız üçün həmişə nurlu mənəviyyat rəmzi olmağı arzulamaq istəyirəm.

Hörmətli Yuri Mixayloviç! Sizin hamınıza xoşbəxtlik, cansağlığı və xoş həyat, qədim və daim gənc Moskvaya isə Rusiya dövlətçiliyinin inkişafı naminə daha da çiçəklənməyi arzu edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.154