Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Sərhəd Xidmətinin direktoru A.İ.Nikolayevlə görüşdən sonra mətbuat üçün bəyanatı - 14 fevral 1996-ci il


Bu gün biz Rusiya ilə Azərbaycan arasında sərhəd qoşunları xətti üzrə əməkdaşlığın çox mühüm məsələlərini müzakirə etdik və belə hesab edirəm ki, bu əməkdaşlığın inkişafına dair bəzi yeni addımlar barədə razılığa gəldik. Şəxsən mən söhbətimizdən və müzakirə olunan məsələlərə dair fikir mübadiləsindən məmnunam. Rusiya Federasiyası ilə Azərbaycan arasında əməkdaşlığın gələcək inkişafı haqqında saziş paraflandı. Şübhəsiz ki, sonra bu sənəd iki ölkənin rəhbərləri səviyyəsində imzalanacaqdır. Lakin ən başlıcası budur ki, çox açıq, səmimi fikir mübadiləsi oldu. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Təbii ki, müstəqil dövlətlər kimi həm Rusiyanın, həm də Azərbaycanın bütün mənafeləri gözlənilmək şərtilə.

Bununla əlaqədar demək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında dostluq və sıx əməkdaşlıq münasibətləri mövcuddur. Müxtəlif səbəblər üzündən son illər bu sahədə hər şey istənilən səviyyədə olmamışdır. Şübhəsiz, müəyyən obyektiv səbəblər olub və bunları aradan qaldırmalı idik və qaldırırıq. Başlıcası isə budur ki, ölkələrimiz arasında səmimi dostluq münasibətləri, qarşılıqlı anlaşma və bütün istiqamətlərdə, o cümlədən sərhəd xidməti sahəsində fəal əməkdaşlıq etmək istəyi var.

Sərhəd xidməti, sərhəd haqqında danışarkən şübhəsiz, qarşıya elə məsələlər çıxır ki, bunlara cavab vermək lazımdır. Bununla əlaqədar demək istəyirəm ki, Rusiya ilə həm quru, həm də dəniz sərhədi olan Azərbaycan müstəqil dövlət kimi maraqlıdır ki, sərhəd etibarlı qorunsun. Lakin bununla yanaşı, əməkdaşlığımızın gələcək inkişafına, əlaqələrimizin bundan sonra da genişlənməsinə xidmət etsin və fəal əlaqələrə heç bir halda mane olmasın, əksinə bu əlaqələri, geniş mal mübadiləsinin, nəqliyyatın və bütün digər kommunikasiyaların geniş fəaliyyətini təmin etsin. Hesab edirəm ki, bu baxımdan vəzifələrimizi eyni dərəcədə başa düşür və bunları necə yerinə yetirmək barədə eyni cür düşünürük. Bununla yanaşı, biz bunu necə etmək lazım gəldiyini də başa düşür və bilirik. Müəyyən məsafə var və biz onu qət etməliyik.

Ancaq belə əməkdaşlığın etibarlı olması və daim həm Rusiyanın, həm də Azərbaycanın mənafeyini təmin etməsi üçün çox dəqiq, konkret mövqelər gərəkdir. Bununla əlaqədar demək istəyirəm ki, Rusiya ilə sərhədimiz olduğuna, onunla dostluq münasibətləri saxladığımıza görə biz Azərbaycanda öz ərazimizdən Rusiya ərazisi, ümumən Rusiya barədə hər hansı düşmənçilik hərəkətlərinə heç vaxt yol verməyəcəyik. Son illər müxtəlif proseslərin və s. ayrı-ayrı terrorçu qrupların, cinayətkar ünsürlərin və sairənin müxtəlif hərəkətlərinin həm Rusiyada, həm də Azərbaycanda vəziyyəti mürəkkəbləşdirdiyini nəzərə alsaq, bunun prinsipial əhəmiyyəti var.

Biz Rusiya ilə Azərbaycan arasında sərhədin qorunmasını öz tərəfimizdən təmin etmək üçün bütün tədbirləri görəcəyik ki, Rusiya ərazisinə hər hansı şəxslərin, yaxud qrupların, hətta üçüncü ölkələrdən olan şəxslərin keçməsinə yol verməyək ki, onlar vəziyyəti mürəkkəbləşdirə və ya hansısa qanuna zidd əməllər, yaxud cinayətkar hərəkətlər törədə bilsinlər. Hesab edirəm ki, həm o, həm də bu tərəfdən qorunan sərhədin belə halların vaxtında qarşısını almaq vasitəsi ola bilməsi üçün Rusiya tərəfi də eyni cür hərəkət edəcəkdir. Bir daha təkrar edirəm, bu, çox mühüm məsələdir və bu gün, bu görüşdən, bu imkandan istifadə edərək bəyan etməyi zəruri sayıram ki, Azərbaycan ərazisindən Rusiyanın, Rusiya dövlətinin, onun vətəndaşlarının mənafelərinə qarşı yönəldilmiş hər hansı hərəkətə yol verməmək üçün biz hər şeyi edəcəyik.

Sərhəd xidməti sahəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın böyük perspektivi var. Bilirsiniz ki, MDB çərçivəsində birliyin xarici sərhədlərinin qorunması haqqında müqavilə mövcuddur. Azərbaycan bu sənədə hələ qoşulmamışdır. Lakin hesab edirəm ki, biz Azərbaycan üçün məqbul şərtlərlə bu sazişə yaxınlaşmaq və gələcəkdə onun iştirakçısı olmaq üçün tədbirlər görməliyik. Şübhəsiz ki, MDB-yə daxil olan hər bir ölkənin öz xüsusiyyəti var və bunu əsas tutaraq bu və ya digər qərarları qəbul edir. Zənnimcə, MDB-nin müsbət xüsusiyyəti ondadır ki, sazişlər və ya sənədlər son dərəcə demokratik şəraitdə qəbul olunur. MDB-yə daxil olan ölkə hansısa sazişə qoşula bilər, bunu etməyə də bilər. Bunun həmin ölkə üçün heç bir mənfi nəticəsi yoxdur. Bununla yanaşı, birliyimizin inkişaf prosesi göstərir ki, bu və ya digər ölkənin daxili problemləri ilə, yaxud MDB çərçivəsindəki qarşılıqlı münasibətlərlə bağlı olan müxtəlif maneələr tədricən aradan qaldırılır. Biz hesab edirik ki, bu çox müsbət haldır və həmin prosesin inkişafına kömək edəcəyik. Hesab edirəm ki, məhz bu prosesin inkişafı baxımından biz MDB-nin xarici sərhədləri haqqında sazişə Azərbaycanın qoşulmasının mümkünlüyü məsələsinə yaxınlaşacağıq.

Ümumən demək istəyirəm ki, danışıqlarımız, söhbətlərimiz dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət şəraitində, həm Rusiyanın, həm də Azərbaycanın mənafelərinə hörmət bəslənilməsi şəraitində keçdi. Məmnunam ki, general Andrey İvanoviç Nikolayev başda olmaqla böyük bir nümayəndə heyəti Azərbaycandadır. Bu məsələləri müzakirə etməyə və qərarlar qəbul etməyə imkanımız var.