Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının "Yeni adlar" Beynəlxalq Xeyriyyə Fondunun və "Biznesmenlər - Azərbaycanın Gənc İstedadlarına" xeyriyyə fondunun himayə etdikləri gənc istedadların təqdimat konsertindən əvvəl "Yeni adlar" Beynəlxalq Xeyriyyə Fondunun yaratdığı "Planetin yeni adları" kitabı imzalandıqdan sonra çıxışı - Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, 10 may 1996-cı il


Öncə sizi salamlamaq, belə xoş məramlı təşəbbüs göstərdiyinizə və Azərbaycanda yaydığınıza görə təbrik etmək istəyirəm. Sizin sözlərinizə bəri başdan cavab vermək istəyirəm. Dediniz ki, Rusiya prezidenti Boris Nikolayeviç Yeltsin gənc istedadları himayə edir və hamını bu təşəbbüsə qoşulmağa çağırır. Mən bu çağırışa səs verir və bu gündən etibarən Azərbaycanın bütün gənc istedadlarını himayəmə götürürəm. Sizin Rusiyada gördüyünüz işlər, digər respublikalarda görülən işlər həqiqətən gələcəyə, XXI əsrə göstərilən qayğıdır.

Millətimizin gələcəyini, Azərbaycanın, Rusiyanın gələcəyini, digər millətlərin, xalqların gələcəyini təmin etmək üçün biz sizinlə birlikdə olacağıq, birlikdə irəliləyəcəyik. Mən bunu özüm üçün müqəddəs vəzifə sayıram. Buraya gəldiyinizə, öz təşəbbüsünüzlə bizi də xeyirxah işə cəlb etdiyinizə görə sizə bir daha təşəkkür edirəm. Lakin hədiyyə təqdim etməklə məni çətin vəziyyətdə qoydunuz. Axı mən tədbirin proqramını bilmirdim. Mən də hədiyyələrlə gəlməli idim ki, borclu qalmayım. Amma biz borclu qalmayacağıq.

Təqdimat konsertindən sonra səmimi minnətdarlıq sözləri

Bu gözəl təşəbbüsə və gözəl konsertə görə, İvetta Nikolayevna, sizə və Azərbaycana gəlmiş bütün qonaqlara səmimi qəlbdən təşəkkür edirəm. Açığını deyim, mənə bu barədə məlumat veriləndə düşünmürdüm ki, bugünkü tədbirdən belə böyük zövq alacağam. Əlbəttə, məsələ təkcə əyləncədə, gözəl musiqidə deyildir. Ən başlıcası odur ki, bizim belə gözəl istedadlarımız, bu cür gözəl uşaqlarımız var. Siz bu uşaqları aşkara çıxarmaqla, onlara hamilik etməklə, yol açmaqla xeyirxah iş görmüş olursunuz. Eyni zamanda bu təşəbbüs ürəklərimizi, qəlblərimizi, düşüncələrimizi, Rusiyanı və Azərbaycanı, Azərbaycanı və Rusiyanı, Rusiyanı və digər ölkələri, digər ölkələri və Rusiyanı bir daha birləşdirir. Bütün bunlar bizim əhval-ruhiyyəmizə, fikir və düşüncələrimizə də uyğun gəlir.

Çox sağ olun. Sizə son dərəcə minnətdaram. Bugünkü tədbirin mənim ad günümlə bir vaxta düşməsinə və mənə belə gözlənilməz hədiyyə hazırladığınıza görə çox sağ olun. Əlbəttə, mən bunu gözləmirdim. Mənim yaşım çoxdur, lakin ad günümü heç vaxt təntənəli şəkildə qeyd etməmişəm. Bu şərəfi ilk dəfə siz mənə nəsib etdiniz. Çox sağ olun. Hamınızı öpürəm.