Stalinqrad vuruşmasında qələbənin 60 illiyinə həsr olunmuş təntənəli yığıncağın iştirakçılarına - 1 fevral 2003-cü il


Hörmətli yığıncaq iştirakçıları!

Böyük Vətən müharibəsində əsaslı dönüşün başlanğıcını qoymuş Stalinqrad vuruşmasında qələbənin 60 illiyi münasibətilə sizi ürəkdən təbrik edirəm.

Stalinqrad vuruşması bəşəriyyəti faşizm zülmündən xilas etmək amalı ilə birləşmiş xalqlarımızın şanlı döyüş salnaməsinə qızıl hərflərlə yazılmışdır. Stalinqradın mərd və mətin müdafiəçiləri bu döyüşlərdə əsl qəhrəmanlıq və mərdlik nümunəsi göstərərək, faşist ordusunun məğlubedilməzliyi mifini darmadağın etmişlər.

Stalinqrad döyüşlərində digər xalqların nümayəndələri ilə çiyin-çiyinə vuruşaraq canından keçmiş Azərbaycanın minlərlə qəhrəman övladı böyük hərbi, siyasi və strateji əhəmiyyəti olan bu tarixi qələbəyə öz layiqli töhfəsini vermişdir.

Əminəm ki, bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirməklə biz faşizmə qarşı mübarizədə xalqlarımızın nümayiş etdirdiyi sarsılmaz birliyi əbədi yaşadacağıq.

Bu əlamətdar gündə Stalinqrad vuruşmasında həlak olanların xatirəsini dərin minnətdarlıq hissi ilə yad edir, bu döyüşlərin iştirakçılarına, bütün müharibə veteranlarına böyük ehtiramımı bildirirəm.

Sizi bir daha təbrik edir, sizin hər birinizə möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 fevral 2003-cü il.