Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya nümayəndələrini qəbul edərkən söhbətindən - Prezident sarayı, 30 iyun 2000-ci il


Heydər Əliyev: Bu gün mən Moskvanın nümayəndə heyətini qəbul edirəm. Siz hazırda Moskva merinin birinci müavinisiniz?

Lyudmila Şvetsova (Moskva hökuməti sədrinin birinci müavini): Bəli, həm də Azərbaycanla əməkdaşlıq qrupunun rəhbəriyəm. Merin birinci müavini vəzifəsi kimi, bu vəzifə də mənim üçün çox mühümdür. Bu gün Tatyana Qriqoryevna Rusiya tərəfini artıq beynəlxalq səviyyədə də təmsil edir.

Heydər Əliyev: O, burada bütün rollardadır, həm Rusiyada, həm də MDB-dədir. Mən sizi Azərbaycanda salamlayıram və buraya gəldiyinizə görə şadam. Artıq üçüncü, yaxud dördüncü gündür ki, Azərbaycan Rusiyanın, Moskvanın mədəniyyət və incəsənət xadimləri ilə birlikdə yaşayır. Nə qədər xoş görüşlər olmuşdur və deyirlər ki, mədəniyyət xadimlərinin çıxışları çox uğurla keçmişdir. Bütün teatrlarımız tamaşaçılarla dolu və mənəvi əhval-ruhiyyə çox yüksək idi. Azərbaycan vətəndaşları Rusiyanın, Moskvanın mədəniyyət xadimləri ilə görüşməyə müvəffəq oldular. Nəhayət, bu hadisə Azərbaycan və Rusiya üçün böyük əhəmiyyətə malikdir. Mən bir neçə gün əvvəl Rusiyanın nümayəndə heyəti ilə görüşdüm və köhnə, xoş, yaxşı ənənələr var. Xoş, yaxşı olan nə varsa, onları unutmaq olmaz, əksinə, onlardan ümumi mənafelər, əməkdaşlığın, dostluğun möhkəmləndirilməsi üçün istifadə etmək lazımdır. Zənnimcə, böyük zərurət var.

Lyudmila Şvetsova: Heydər Əliyeviç, biz, Moskvanın nümayəndə heyəti dünən gəlmişik. Təəssüf ki, bir qədər vaxt itirdik, çünki Moskvada leysan yağışı yağırdı və vaxtında gələ bilmədik. Təbii fəlakət baş vermişdir, sellər axırdı, ola bilsin, bütün il ərzində bu qədər yağış yağmamışdır. Buna baxmayaraq, dünən biz proqrama qoşulduq, opera və balet teatrında olduq. Perm baletinin ifasında "Qu gölü" baletinə bir az baxdıq. Bu gün şəhərə çox yaxşı ekskursiyaya çıxdıq, şəhərin necə tikildiyini gördük. Yeri gəlmişkən, demək istəyirəm ki, mən bir neçə il əvvəl Bakıda olmuşam. Dəyişikliklər dərhal nəzərə çarpır, çünki şəhərdə çox fəal tikinti işləri aparılır. Çoxlu yeni binalar ucaldılmışdır, şəhər gözəlləşir. Biz buna çox şadıq və bu, olduqca xoşdur.

Bu gün biz bir sıra danışıqlar apardıq. Təəssüf ki, dünən mən Sumqayıtda ola bilmədim, çünki gecikdik. Amma həmkarlarım mənə dedilər ki, Sumqayıtda necə qarşılandıqlarından heyran qalmışlar. Sözün düzü, gələndə bir qədər ehtiyat edirdik - axı şəhər adi bir şəhər deyildir və tarixin son illəri qüssə-kədərlə və sarsıntılarla bağlıdır. Lakin çox gözəl birlik, dostluq, qarşılıqlı anlaşma mühiti var idi. Deyilənlərə görə, orada hər artistə dörd dəstə gül-çiçək dəstəsi düşürdü. Sumqayıtın bütün gülləri aktyorlarımıza bağışlanmışdı və bu, çox sevindirici haldır.

Biz buraya həqiqətən xoş niyyətlə gəlmişik. Biz buraya incəsənətimizlə gəlmişik, gələrkən bilirdik ki, burada yolumuzu gözləyirlər. Bu da çox əhəmiyyətlidir. Mən də çox şadam ki, Azərbaycan torpağında Rusiyanın da, Rusiyanın paytaxtı olaraq Moskvanın da birgə mədəniyyət günləri keçirilir. Onu da bilirəm ki, Siz iştirakınızla mədəniyyət günlərini şərəfləndirdiniz və onların gedişini daim izləmisiniz. Buna görə çox sağ olun.

Mən, fürsətdən istifadə edərək, əvvəla Sizə Moskva hökumətindəki bütün həmkarlarımdan, Yuri Mixayloviç Lujkovdan salamlar yetirmək istəyirəm. Yuri Mixayloviç Sizə böyük hörmət bəsləyir, bütün bu illər ərzində aranızda yaranmış dostluğu yüksək qiymətləndirir. Ona görə də Sizə rəsmən bildirmək istəyirəm ki, Rusiyada, Moskvada biz Sizi çox sevirik, Sizi həm gözəl dostumuz kimi, həm də Sovet İttifaqı üçün, Rusiya üçün çox işlər görmüş bir insan kimi sevirik.

Mən Sizin SSRİ hökuməti sədrinin birinci müavini olduğunuz dövrləri xatırlayıram, onu da xatırlayıram ki, Siz sosial problemlərlə məşğul olarkən mədəniyyət üçün, uşaqlar üçün çox böyük, xeyirxah işlər görürdünüz. Buna görə çox sağ olun, Sizə bizim hamımızın böyük məhəbbətini yetirirəm. Əlbəttə, fəxr edirik ki, Siz burada, öz ölkənizdə, öz vətəninizdə də, məncə, respublikaya hamıdan çox başçılıq edən adamsınız. Keçmiş Sovet İttifaqının ölkələrində heç kəs bu qədər rəhbərlikdə olmayıbdır.

Heydər Əliyev: Fasilələrlə.

Lyudmila Şvetsova: Bax, bu fasilə yəqin ki, bu ölkənin tarixində ən kədərli vaxtdır. Siz nəinki Azərbaycanda, həm də Qafqazda, ümumiyyətlə, MDB ölkələrində elə bir insansınız ki, çoxları Sizdən nümunə götürürlər, Siz burada Rusiya ilə qarşılıqlı münasibətlərin dayağısınız. Hər halda, mən bunu Rusiya adından bəyan etmək üçün rəsmi şəxs deyiləm, amma bir rusiyalı olaraq bunu duyuram, bilirəm, başa düşürəm. Ona görə də ən səmimi sözləri Sizə yetirmək və Sizi salamlamaq istəyirəm. Şübhəsiz, arzu edirəm ki, Siz hələ çox-çox illər ərzində öz istedadınızdan və öz zəkanızdan Azərbaycanın çiçəklənməsi üçün və əlbəttə, Rusiya ilə dostluğun daha möhkəm olması üçün istifadə edirsiniz. Ona görə ki, yeni əsrə qədəm qoyuruq və bu əsrdə biz nəinki baş vermiş hadisələr barəsində, eləcə də, ən başlıcası, nə olacağı barədə düşünməliyik. Zənnimcə, biz birlikdə olmağa, bir-birimizi başa düşməyə məhkumuq.

Heydər Əliyev: Çox sağ olun. Azərbaycanda gördüyünüz dəyişikliklər barəsində də, mənim barəmdə də, keçmiş işimiz haqqında da, dostluğumuz barədə də dediyiniz sözlərə görə sizə çox minnətdaram. Bunların hamısı doğrudur. Uzun illər ərzində mənim Azərbaycanda, sizin isə komsomolda birgə işimizə şadam, xatirimdədir, siz buraya gəlirdiniz...

Lyudmila Şvetsova: Bəli, yadımdadır, ölkənin tarixində ilk dəfə olaraq biz Sizinlə birlikdə uşaq evlərini abadlaşdırırdıq.

Heydər Əliyev: Sonra isə Moskvada biz birlikdə işlədik. Biz böyük işlər, yaxşı işlər görürdük. Ancaq biz indi də birlikdəyik. Mən dedim ki, kiçik fasilələrlə, ona görə ki, siz yəqin bilirsiniz, mən müəyyən müddət hər şeydən uzaqlaşdırıldım, sürgündə oldum. Amma sonra tale məni buraya gətirdi. Talenin hökmü belə oldu.

Lyudmila Şvetsova: Talenin və Azərbaycan xalqının.

Heydər Əliyev: Şübhəsiz, xalqın da. Əgər xalq olmasaydı, mən Bakıya necə qayıdardım? Mən artıq yeddi ildir buradayam. Biz o vaxtlar da birlikdə yaşayırdıq və hesab edirəm ki, indi də birlikdəyik. O vaxtlar biz bir dövlətin tərkibində idik, indi isə müxtəlif dövlətlərdəyik, buna baxmayaraq, hisslər dəyişməyibdir. Yəqin ki, siz Sumqayıtda keçirilmiş görüşlərdən danışarkən bu hissləri keçirirdiniz. Sumqayıt mürəkkəb şəhərdir, böyük sənaye şəhəridir. Bir vaxtlar biz bir çox iri sənaye müəssisələri yaratmışdıq. Siz Rusiyanın həyatından bilirsiniz ki, indi iri sənaye müəssisələri necə narahat bir dövr keçirir. Odur ki, orada işsizlər də, yaxşı yaşamayan adamlar da var.

Amma bir baxın, sizin dediyiniz kimi, necə bir görüş oldu. Bu, mənim çox xoşuma gəlir. O ki qaldı Bakıda keçirilmiş bu cür görüşlərə, hesab edirəm ki, müəyyən dərəcədə belə də olmalıdır. Ancaq Sumqayıtdakı görüş də, hesab edirəm, məhz belə olmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, başlıcası insanın bu gün işləyib-işləməməsi deyil, onun qəlbidir, onun keçirdiyi hisslərdir. Əsl insan öz hisslərini heç zaman dəyişmir, öz baxışlarını heç zaman dəyişmir. Sumqayıtlılar da belə insanlardır. Yeri gəlmişkən, əgər sizin adamlar respublikamızın başqa regionlarına getsəydilər, görərdilər ki, çətinliklərimiz hər hansı digər MDB ölkəsində olduğundan qat-qat çoxdur.

Bilirsiniz ki, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bu torpaqlardan bir milyon azərbaycanlı didərgin salınmışdır, onlar çadırlarda yaşayırlar.

Yeri gəlmişkən, elə həmin Sumqayıtda yerli sakinlərlə birgə yaşayırlar. Sumqayıt gənc şəhərdir. Əlli il bundan öncə, boru-prokat zavodu tikilməyə başlandığı vaxtlarda salınmağa başlanmışdı. Sonra digər zavodlar tikildi, biz orada böyük kimya müəssisələri yaratdıq. Ermənistan silahlı qüvvələrinin işğalından sonra öz doğma yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış bir çox insanlar bu şəhərdə yaşayırlar. Şübhə etmirəm ki, Rusiyanın və Moskvanın mədəniyyət xadimlərini mehribanlıqla qarşılayanlar arasında onlar da var idi. Onlar bu şəhərdə olduqca çoxdur. Demək istəyirəm ki, bir özünüz diqqət yetirin, insan öz torpağını itirmişdir, öz evini itirmişdir, hər şeyini itirmişdir, çox adam itirmişdir, - ona görə ki, orada müharibə gedirdi. Biz onu altı il bundan əvvəl dayandırdıq, bundan əvvəl isə aramsız surətdə müharibə gedirdi, - amma hər şeyi itirməsinə baxmayaraq, onda belə ülvi hisslər var. Sizə açığını deyəcəyəm, xalqımızın qəlbi və Rusiyaya münasibəti də, rus incəsənətinə, Rusiya mədəniyyətinə də münasibəti belədir. Daim belədir, özü də nəinki yaxşıdır, həm də çox gözəldir. Mənə söylədilər ki, burada tamaşalar çox böyük müvəffəqiyyətlə keçdi, bütün salonlar tamaşaçılarla dolu idi. Təəssüflənirəm ki, hər yerdə olmağa imkanım yox idi. Amma açılışda oldum, çox yaxşı konsert verildi, bu gün isə...

Lyudmila Şvetsova: Bu gün isə estrada daha çox olacaq, akademik konsert isə az.

Heydər Əliyev: Bilirsinizmi, biz incəsənətin bütün növlərini xoşlayırıq. Perm baleti də, şübhəsiz, xalq çalğı alətləri orkestri də çox uğurla çıxış etdi. Belə düşünürəm ki, bu gün də yaxşı konsert olacaq, biz birlikdə olacağıq. Əlbəttə, bunun əhəmiyyəti mədəniyyət və incəsənətin hüdudlarından çox-çox kənara çıxır. Bu, mədəniyyət və incəsənətin məhz belə bir vasitəsidir ki, biz insanlar arasında, xalqlar arasında, ölkələr arasında qarşılıqlı münasibətləri onun köməyi ilə daha çox möhkəmləndirə bilərik. İqtisadi əlaqələr və qalan digər əlaqələr də rol oynayır, amma onlar hansısa bir sahə, ticarət xarakteri daşıyır: biz nəsə satırıq, nəsə alırıq, buradan nəsə aparırıq, buraya nəsə gətiririk. Amma incəsənət, mədəniyyət adamlarının görüşməsi, mahnılar, rəqslər, musiqi, bədii söz və sairə - bütün bunlar çox güclü vasitədir və həmişə belə də olmuşdur. Biz keçmiş Sovetlər İttifaqında bu vasitədən fəal istifadə edirdik. Zənnimcə, çox yaxşıdır ki, biz ondan istifadə edirik. Biz artıq bir neçə dəfə Bakıda, Azərbaycanda Rusiya, Moskva günləri keçirmişik. Bir dəfə Yuri Mixayloviç Lujkovun özü də gəlmişdi. Eləcə də Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.

Odur ki, mən bu hadisəyə şadam. Bu günlərdə Azərbaycanda böyük bayramdır. Yuri Mixayloviç Lujkovdan yetirdiyiniz səmimi salama görə sizə təşəkkür edirəm. Ona mənim dərin hörmət hisslərimi bildirən ən atəşin, ən səmimi qardaşlıq salamımı yetirin. O, bizim dostumuzdur. Onunla yaxşı dostluq münasibətlərimiz var. Onunla keçmişdə birlikdə necə işlədiyimizi də xatırlayıram. Ancaq mən bunu xüsusilə xatırlayıram ki, Azərbaycanla Moskva arasında, təbii olaraq, Moskvanın meri ilə Azərbaycanın prezidenti arasında çox yaxşı münasibətlər yaranmışdır. Bu, çox lazımdır, çox vacibdir. Rusiyada, o cümlədən Moskvada xeyli azərbaycanlı yaşayır.

Lyudmila Şvetsova: 100 mindən çox. Siyahıyaalmaya görə deyil, faktiki olaraq.

Heydər Əliyev: Amma rəqəmlər müxtəlifdir. Bəziləri deyirlər ki, bütün Rusiyada iki milyon, başqaları isə deyirlər ki, milyon yarımdır. Hər halda, mən bu yaxınlarda Moskvada olarkən Azərbaycan icmalarının nümayəndələri ilə görüşdü. Onlar 50 vilayətdən gəlmişlər.

Lyudmila Şvetsova:Yeri gəlmişkən, Sizin bu görüşünüz çox böyük əks-səda doğurdu. Sizin adamlarla söhbətlər edildi. Mətbuatda da çox yaxşı rəylər oldu.

Heydər Əliyev: Bəli, onlar 50 vilayətdən gəlmişdilər. Bilirəm ki, kiçik bir vilayət olan İvanovo vilayətində 30 min azərbaycanlı yaşayır. Məsələn, Tümeni götürək. Tümenin yataqları mənimsənilərkən Azərbaycan neftçiləri oraya gəldilər, orada məskən saldılar, yerli sakinlər oldular. Bu adamların əksər hissəsi Rusiyada çoxdan məskən salmışlar, kiçik bir hissəsi isə orada müvəqqəti yaşayan və ya hansısa bir işə düzələn adamlardır. Mən onların qarşısında çıxış etdim və Rusiyada yaşayan azərbaycanlılar barədə ümumiyyətlə, çox açıq danışdım. Yeri gəlmişkən, "Bakinski raboçi" qəzeti var. Xahiş edirəm, bu qəzeti onlara verin, qoy mənim nitqimi oxusunlar. Siz vermisiniz, kasseti də vermisiniz?

Aleksandr Prişşepov (Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili): Bəli, mən artıq Moskvaya göndərmişəm.

Heydər Əliyev: Zənnimcə, mən orada bir saatdan çox danışdım. Amma əsas məsələ bunda deyildir. Başlıcası onların, əvvəla, fəaliyyətinin əsas istiqamətləri, borcları və vəzifələridir, - axı, onlar orada yaşayırlar, - ikincisi, Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Onlar bu işdə çox böyük rol oynaya bilərlər.

Gördüyünüz kimi, indi bu proses yeni bir proses deyildir, çoxdan, hələ Sovetlər İttifaqının dövründən gedir. Bunun da böyük əhəmiyyəti var. Bizdə ruslar da yaşayırlar. Onlar Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Doğrudur, onlar əvvəllər daha çox idi. Yadımdadır, mən buraya gələndə təxminən 400 min nəfər idi. Azərbaycanda sizə məlum olan proseslər dövründə onların bir qismi köçüb getdi, amma burada qalanlar, - məncə, onlar 150 min nəfərdir, - Azərbaycanın sabit sakinləridir. Onlar öz həyatından razıdırlar. Onların heç bir problemi yoxdur. Gah orada, gah burada eşidirsən ki, MDB-nin hansısa ölkələrində rusdilli əhalinin problemləri var. Burada belə şey qətiyyən yoxdur, rus dilində məktəblər fəaliyyət göstərir. Özü də bu məktəblərə təkcə rusların uşaqları deyil, azərbaycanlılar da gedirlər. Bizdə hətta ali məktəblərdə rus sektorları var. Onlar necə vardısa, eləcə də saxlanmışdır. Bir sözlə, belə faktlardan çox gətirmək olar. Bu faktlar sübut edir ki, biz ayrı-ayrı dövlətlər olduqdan sonra da münasibətlər dəyişməyibdir. Münasibətlər yeni formalar kəsb edir və eyni zamanda getdikcə möhkəmlənir və inkişaf edir.

O dövr sizə məlumdur. Ona görə də danışmaq istəmirəm. Deyə bilərəm ki, mən buraya 1993-cü ildə gəlmişəm və o vaxtdan bəri böyük müsbət proses gedir. Elə sizin burada olmağınız da buna inandırıcı sübutdur.

Lyudmila Şvetsova: Heydər Əliyeviç, biz bunu görürük və bilirik. Ancaq mən demək istəyirəm ki, bu müsbət prosesin, əlbəttə, öz obyektiv səbəbləri də var. Amma, digər tərəfdən, hesab edirəm ki, burada, əlbəttə, subyektiv amillər də var. Bu amillər onunla bağlıdır ki, ölkəyə məhz Siz rəhbərlik edirsiniz. Bu amillər də böyük rol oynayır. Ona görə ki, məsələn, digər MDB ölkələrinin tarixində bəzi faktlar var, - indi mən bunu araşdırmaq istəmirəm, - məsələn, Lvovda əyləncə müəssisələrində hər yerdə rus mahnılarının ifasını ümumiyyətlə qadağan etmişlər və bunun üstündə hətta inzibati sənəd də tərtib oluna bilər. Bu, Konstitusiyaya və sağlam düşüncəyə ziddir. Demək istəyirəm ki, təəssüflər olsun, hələ də elə adamlar var ki, düşmənçilik toxumu səpməyə hər vasitə ilə can atırlar, özü də elə məsələlərdə ki, onlara artıq çoxdan heç kəs məhəl qoymur.

Burada, Sizdə isə həqiqətən çoxlu rus məktəbi var, rus diasporuna da həmişə çox yüksək diqqət yetirilmişdir. Hətta yadımdadır, Siz bizim qarşımızda məsələ qaldırmışdınız ki, biz onlara kostyum, musiqi alətləri və kitab, dərslik sarıdan kömək edək. Biz də öz növbəmizdə şəhərimizdəki Azərbaycan diasporuna qayğı göstərməyə çalışırıq. Demək lazımdır ki, bu il biz belə mədəni milli birliklər yaradılmasının 10 illiyini qeyd etdik və bizdə ilk dəfə məhz Azərbaycan birliyi yaradılmışdır. Biz bunu bələdiyyə idarəsinin salonunda qeyd etdik, bu münasibətlə orada şənliklər keçirdik və bütün milli birliklərin nümayəndələri Azərbaycan diasporunun qonağı oldular. Bu birliyə Tofiq Davudoviç Məlikov başçılıq edir. O, ziyalı bir insandır. Əlbəttə, daha çox və daha geniş işlər görmək olardı. Bizdə məktəb də var. Biz bu təşkilatı dəstəkləyirik.

Sizə məlumdur ki, şəhərin və Rusiyanın həyatında hadisələr baş vermişdi və bu hadisələr diqqəti millətlərarası münasibətlərə cəlb etmişdi, ədavəti qızışdırmaq üçün bəhanə axtarırdılar. Mən Sizin burada atdığınız addımları və Sizin adınızdan Ramiz Həsənoviçin gördüyü tədbirləri xatırlayıram. O, haradasa bu ədavət alovunun söndürülməsi üçün, adamların başa düşməsi üçün ki, onlar təhlükəli dünyada yaşasalar da, milli amil bu və ya digər insanların cinayətkar əməllərinə qiymət verilməsindən ötrü səbəb olmadığını dərk etmələri üçün bizimlə dəfələrlə görüşdü. Halbuki onda çox ağır vaxt idi. Əgər bizim şəhərdə evlər partlamasaydı, terror olmasaydı, ümumiyyətlə, həyat daha yaxşı olsaydı, belə sosial problemlər olmazdı, bəlkə millətlərarası münasibətlər də daha sakit olardı. Amma Moskva əhalisinin yarısının dolanışığı yaşayış minimumundan aşağıdırsa və ən varlıların gəliri ən yoxsul adamların gəlirindən 62 dəfə artıqdırsa - əlbəttə, bütün bunların fonunda bir kibrit böyük yanğın törədir. Sivilizasiyalı, normal həyatda isə belə olmazdı.

Heydər Əliyev: Yəqin ki, MDB çərçivəsində münasibətlərimizi hərə öz evində ümumi səylərlə möhkəmləndirib inkişaf etdirərsə, biz bütün bunları aradan qaldırarıq.

Lyudmila Şvetsova: Mən Mədəniyyət Nazirliyinə və şəxsən Polada təşəkkür etmək istəyirəm, çünki şəhərdə 250 qonaq var və onların hamısı qayğı ilə əhatə olunmuş və yerbəyer edilmişdir. Ən yaxşı səhnələr onların ixtiyarına verilmiş, çox böyük iş görülmüşdür. Dünən mən maşında diqqət yetirdim ki, o gedə-gedə necə operativ müşavirə keçirir. Belə düşünürəm ki, onun bütün həmkarları da xoş sözlərə layiqdirlər. Zənnimcə, səfirin nümayəndə heyətlərimizlə birlikdə bu tədbirlərdə iştirak etməsi mədəniyyət günlərimizə münasibətdə rəmzi əlamətdir.

Yeri gəlmişkən, əgər o, burada olmasaydı, mən bu barədə daha açıq və aydın danışardım. Ancaq onun yanında bir qədər utanıram, amma ümumiyyətlə, demək istəyirəm ki, Ramiz Həsənoviç bizdəki səfirlər arasında xüsusi bir adamdır. Məsələn, mən bu yaxınlarda onun növbəti xeyirxah bir işinin şahidi oldum. O, 9 mayın ertəsi günü səfirliyə çoxlu adam, məncə yüzdən çox adam toplamışdı. Onlar Azərbaycanın Moskva elitası sırasında olan dostları idi. Orada hərbçilər də, rəhbər işçilər də, mədəniyyət xadimləri vardı. Xoş münasibətlərimiz naminə təşkil olunmuş çox səmimi və mehriban gecə idi. Əlbəttə, o, narahat adamdır və bizə də dinclik vermir, böyük fəallıq göstərir. Zənnimcə, o, hələlik etmədiyimiz işlərdən yaxşı mənada narazıdır. Çox problemlər var, elə restoran məsələsini də heç cür həll edə bilmirik. Buna baxmayaraq, biz canlı prosesin içindəyik.

Heydər Əliyev: Mənim Moskvaya daha bir tapşırığım var. Biz Rusiyadakı Azərbaycan icmalarının birinci konqresini keçirdik. İndi onlara Moskvada iqamətgah, otaqlar lazımdır. Mən ona belə tapşırıq vermişəm və demişəm ki, bunu etmək sənin üçün çətin olmayacaq, çünki Yuri Mixayloviç də, Lyudmila İvanovna da dostumuzdur.

Lyudmila Şvetsova: İndi biz Moskvada böyük bir millətlər evi yaradırıq. İri bina almışıq, təmir edirik. Biz onları ilk vaxt orada yerləşdirəcəyik, sonrasına baxarıq. Əlbəttə, istərdik ki, Azərbaycanın perspektivli binası olsun.

Heydər Əliyeviç, demək istərdim ki, buraya, əlbəttə, çox beynəlmiləl nümayəndə heyətimiz gəlmişdir. Əvvəla, sizin də, bizim də görkəmli azərbaycanlılarımızı dəvət etmişik ki, onlar nümayəndə heyətində olsunlar. Məsələn, nümayəndə heyətimizə David Georgiyeviç İoseliani də daxildir. Doğrudur, o, azərbaycanlı deyil, gürcüdür, amma Azərbaycanı çox sevir və Bakıya ilk dəfə gəlir. O, Moskvanın baş kardioloqu, şəhərimizdə çox mühüm, ciddi bir mərkəzin direktorudur, professor, elmlər doktoru, neçə-neçə məqalələrin müəllifidir, bir sözlə, Moskvada çox məşhur adamdır. Biz onu da dəvət etmişik.

Mən çox şadam ki, Sizin dəvətiniz bizim dəvətimizlə üst-üstə düşdü və biz Tatyana Qriqoryevna Anodinanı dəvət etdik ki, o da gəlsin və iştirak etsin. Bilirəm ki, Siz onu dəvət etmişdiniz. Ona görə də mən bu prosesə qoşuldum. Biz səfirlə birlikdə bunu təşkil etdik.

Tatyana Anodina (MDB dövlətləri Beynəlxalq Aviasiya Komitəsinin sədri): Hörmətli Heydər Əliyeviç, hörmətli həmkarlar, mən fikirləşirdim ki, axı, mədəniyyətin aviasiya ilə hansı qeyri-adi əlaqəsi var. Siz çox mühüm bir fikir söylədiniz ki, mədəniyyət insanları birləşdirir. İnsanların həyatındakı bu ən yüksək mənəvi səviyyə sərhədləri aradan qaldırır. Amma aviasiya mahiyyətcə belə bir beynəlxalq sahədir ki, orada açıqca yazılmışdır ki, mülki aviasiya xalqların yaxınlaşmasına, dövlətlərin yaxınlaşmasına xidmət edir. Bu gün biz təyyarəçi və tanınmış yazıçı, maraqlı şəxsiyyət olmuş Sent-Ekzüperinin 100 illiyini qeyd edirik. Göründüyü kimi, mədəniyyətlə aviasiyanın vəhdəti təsadüfi deyildir.

Mən sizin vaxtınızı çox almayacağam. Xatirimdədir, Heydər Əliyeviç hələ Sovet İttifaqında bir çox mühüm işlərin təşəbbüsçüsü olmuşdur. Heydər Əliyeviç, bu gün mən Azərbaycan torpağına qədəm qoydum və Sizin hava limanını gördüm, bu postsovet məkanında ən yaxşı hava limanıdır. Mən Sizə deyim ki, onun böyük perspektivi var və mənası da dərindir, çünki o, dövlətin simasıdır. Təyyarənin elə pilləkəni yanında məndən öz təəssüratımı soruşdular və bildirdim ki, müasir Azərbaycanın nə demək olduğu əyani sürətdə görünür. Dedim ki, Lion şəhərinin hava limanına Sent-Ekzüperinin adı verilmişdir. Düşünürəm ki, bu hava limanına Heydər Əliyevin adını verməyi təklif etmək olar.

Dövlətlərarası Aviasiya Komitəsinin yaradıldığı vaxtdan 10 il keçmişdir və biz postsovet məkanında həqiqətən yeganə təşkilatıq ki, heç də təkcə aviasiya mədəniyyətini, təhlükəsizliyini qoruyub saxlamamışıq. Demək lazımdır ki, üç ildə müntəzəm reyslərdə bir nəfər də insan tələfatı olmamışdır. Bu, dünyada böyük nailiyyətdir. Biz bütün aviasiya mərkəzlərimizi, sertifikasiya və təhlükəsizliyin vahid sistemini qoruyub saxlamışıq. İndi bizi tanıyırlar. İlk dəfədir ki, bizim sistem Birləşmiş Ştatlar tərəfindən rəsmən tanınmışdır. ABŞ bu sahədə, necə deyərlər qanunvericidir. Hazırda biz Avropa Birliyi ilə danışıqlar aparırıq, saziş imzalayacağıq və biz də Amerika, Avropa sistemi kimi bir sistem olacağıq. Hesab edirik, bu, həmin sahədə nadir nailiyyətdir, çünki bizim beynəlxalq standartlar, normalar olmuşdur.

Fürsət düşmüşkən, Avropa Şurasına daxil olmağınız münasibətilə sizi təbrik edirəm. Bu, böyük hadisədir. Həmçinin demək istəyirəm ki, siz milli mülki aviasiyanızı tənqid etmişdiniz. Mən oxuyuram, izləyirəm. Mən hətta bizi çox sərt tənqid etdiyiniz, bir sıra iradlarınızı bildirdiyiniz vaxtları da xatırladım. Lakin demək istəyirəm ki, Azərbaycan Mülki Aviasiyasının baş direktoru buradadır, - mən onu çox tərifləmək istəmirəm, - onun nüfuzu nəinki MDB-də, beynəlxalq miqyasda da kifayət qədər yüksəkdir. Bu gün sizə məlumat vermək olar. Əvvəla, indi alyans yaradılmışdır ki, bu da çox mühüm və artıq realdır. O, Birləşmiş Ştatlarda üçüncü şirkətdir. Bu "Azərbaycan milli aviasiya xətləri"dir, o, çətinlik çəkirdi, lakin yaxın vaxtlarda bu alyansa qoşulduqdan sonra güclü şəkildə qalxacaqdır, bu, Rusiyanın "Transaero" Aviaşirkətidir. O, yaxın vaxtlarda Moskva ilə Bakı arasında birgə uçuşlara başlayacaqdır. Düzdür, bəzi çətinliklər var, lakin biz onları birlikdə həll edəcəyik: alyansa "Qazaxıstanın milli aviasiya xətləri" və Rusiyanın üç ən iri şirkəti - Ural, Sibir, Uzaq Şərq şirkətləri də daxildir. Bu, çox güclü alyans olacaq və iqtisadiyyatda öz layiqli yerini tuta biləcəkdir. Sizin aviasiyaya şəxsi töhfəniz və tələbkarlığınız da bu baxımdan əhəmiyyətlidir.

Fürsətdən istifadə edərək, özünüzün əkdiyiniz ağaca - mülki aviasiyaya konkret həyat yolunuzda verdiyiniz çox böyük töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi tez-tez görürəm və Dövlət Başçıları Şurasında çıxışınızı da dinləmişəm. Biz Rusiya prezidenti ilə Sizin görüşünüzdən çox razı qaldıq. Sizin nümayiş etdirdiyiniz o böyüklük MDB-ni dəstəkləmək üçün, ümumən MDB-nin strategiyası üçün vacib idi. Mən Sizə ürəkdən minnətdaram və başlıcası, arzum budur ki, öz xalqınıza, öz ölkənizə və bizə hələ uzun illər ərzində xidmət etmək üçün özünüzü bir qədər qoruyasınız. Çünki bu, bizim gələcəyimiz üçün çox vacibdir.

Heydər Əliyev: Hisslərinizə görə sağ olun. Aviasiyamız haqqında dediklərinizin hamısına görə sizə təşəkkür edirəm. Biz hava limanımızı ağır şəraitdə yarada bildik. Lakin doğru dediniz ki, mən onun tikintisinə hələ 80-ci illərin əvvəllərində burada işləyərkən başlamışdım. İllər ötdü, hər şey dayandı. Ancaq sonra mən onu başa çatdırmalı oldum. Şadam ki, onun tikintisi mən burada olmayanda dayandırılmışdı. Ona görə ki, o vaxtlar biz belə səviyyəyə gəlib çıxa bilməzdik. İndi isə səviyyə həqiqətən yüksəkdir. Amma mən ondan həmişə tələb edirəm, biz ona çox zəngin sərvət vermişik, o isə bunu çox bacarıqla, səliqə ilə, yaxşı və yüksək səviyyədə istismar, istifadə etməlidir. Bir sözlə, mən onlardan daim bunu tələb edirəm.

Mən İoseliani haqqında çox eşitmişəm, amma onu birinci dəfədir görürəm. Biz bir-birimizə heç zaman milli əlamətlərə görə fərq qoymamışıq. Bilirəm ki, o, böyük kardioloqdur, öz sahəsində çox işlər görür. Bilirəm ki, onun Azərbaycana çox səmimi münasibəti var və şübhəsiz, bütün bunlar qarşılıqlıdır. Əlbəttə, onun bir nöqsanı var ki, indiyədək Azərbaycanda olmayıbdır. Onun buraya gəlməsinə şərait yaratdığınıza görə mən sizə minnətdaram.

Sizin söhbətiniz mənim üçün çox xoşdur. Bu gün biz sizinlə birlikdə olacağıq, hələ danışacağıq.

"Azərbaycan" qəzeti, 1 iyul 2000-ci il.