Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin abidəsi önünə toplaşanlar qarşısında çıxışı - 9 may 1994-cü il


Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur. 1941-45-ci illər müharibəsi dünya müharibəsidir. Həmin müharibədə azərbaycanlılar da iştirak ediblər, qurbanlar veriblər və bunu heç vaxt unutmaq olmaz. Bu, XX əsrin, bütövlükdə dünyanın ən dəhşətli müharibəsidir. Doğrudur, indi bizim ölkədə də müharibə gedir. Amma bu müharibə regional müharibədir. Bütövlüklə dünya sülh şəraitində yaşayır, bu isə ötən müharibədə iştirak etmiş, həlak olmuş, qanı tökülmüş adamların, bu günədək yaşayan veteranların xidmətidir. Bu xidməti xalq heç vaxt unutmayacaq.

Mən sizi - müharibə veteranlarını Qələbə günü münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram, respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. Respublikamızın ərazisində 6 ildir ki, erməni təcavüzkarları ilə müharibə gedir, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq qaçqın evsiz-eşiksiz qalmışdır. Mən torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda qəhrəmanlıq göstərənlərin xatirəsi qarşısında baş əyirəm, inanıram ki, onların xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır...

Yeddi milyonluq Azərbaycan xalqı öz şərəfini, namusunu, müstəqilliyini, ərazisinin toxunulmazlığını, öz tarixini, keçmişini və gələcəyini müdafiə etmək üçün vuruşmalıdır. Biz hücum etmirik. Bir halda ki, torpaqlarımıza hücum edirlər, biz müdafiə olunmalıyıq, düşmənə layiqli cavab verməliyik. Mən bu gün sizin qarşınızda çıxış edərkən son illərdə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşan və özünü şəhid verən övladlarımızın xatirəsi önündə baş əyirəm. Allah onlara rəhmət eləsin. Onların igidlikləri Azərbaycanın şanlı salnaməsində layiqli yer tutur və xalqımız üçün örnəkdir. Biz onları unutmamışıq və heç vaxt unutmayacağıq. Onlar əbədiyyətə qovuşmuşlar.

Öz torpaqlarımızı biz özümüz qorumalıyıq. Heç kəs gəlib torpaqlarımızı bizim əvəzimizə qorumayacaq, bizim əvəzimizə şəhid olmayacaq. Hər kəs öz evini, öz obasını qorumalıdır.

Sizin qəhrəmanlıq nümunələriniz heç vaxt unudulmayacaq. Siz də gənclərimizin vətənpərvərlik tərbiyəsi, onların döyüş ruhunun qaldırılması, vətənə sədaqət, xalqa xidmət ruhunun yüksəldilməsi üçün fəal çalışmalısınız.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər