Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın Milli bayramı - Bastiliyanın alınması günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda nitqi - 14 iyul 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Fransanın milli bayramı - 14 iyul - Bastiliyanın alınması günü münasibətilə ürəkdən təbrik edirəm, Fransa xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Fransa xalqı böyük tarixə, zəngin mədəniyyətə malikdir, dünya sivilizasiyasına böyük töhfələr vermiş bir xalqdır. Ancaq Fransa inqilabı, Bastiliyanın alınması günü bu ölkənin həyatında ən böyük tarixi hadisə olduğu kimi, Avropanın, bütün bəşəriyyətin tarixində də böyük hadisə olmuşdur.

Bu gün dünyanın bir çox xalqlarının, ölkələrinin, dövlətlərinin getdiyi yolu - demokratiya, insan haqları, azadlıq, bərabərlik yolunu Fransa inqilabından sonra ilk dəfə bu ölkənin mütərəqqi şəxsiyyətləri ortaya atmışlar.

Fransa bu gün də dünyanın böyük, iqtisadiyyatı inkişaf etmiş, demokratiya yolunda mühüm xidmətlər göstərmiş, zəngin mədəniyyətə malik olan ölkəsidir.

Azərbaycan xalqı ilə Fransa xalqının əlaqələrinin də böyük tarixi vardır. Amma ən əsas tarix Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra ölkəmizlə Fransa arasında yaranmış dostluq, əməkdaşlıq əlaqələri zamanından başlayır. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra 1991-ci ildə Fransa Azərbaycanın müstəqilliyini tanımış, ondan sonra dövlətlərimiz arasında diplomatik əlaqələr qurulmuş, ötən illərdə Fransa-Azərbaycan əlaqələri sürətlə inkişaf etmiş və inkişaf etməkdədir. Biz bu əlaqələrə - həm iqtisadi, həm siyasi, həm elmi-mədəni, həm də humanitar əlaqələrə çox böyük əhəmiyyət veririk. Birinci növbədə ona görə ki, məhz bu əlaqələr nəticəsində, bu əməkdaşlıq vasitəsilə Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu prosesində həyata keçirdiyi tədbirlərdə, apardığı siyasətdə Fransanın təcrübəsindən istifadə edir.

Hörmətli səfir, Fransanın xarici işlər nazirinin Varşavadakı sözlərini burada xatırlayaraq, siz doğru buyurdunuz ki, demokratiya elan edilməklə demokratiya yaranmır, demokratiya yetişməlidir. Bu, çox dəyərli sözlərdir. Mən çox məmnunam ki, bu sözləri siz burada xatırladınız. Bu da həqiqətdir. Bu həqiqəti biz Azərbaycanın həyatında görürük.

Azərbaycan həyatın bütün sahələrində ümumbəşəri dəyərləri milli mənəvi dəyərlərlə birləşdirərək demokratiya, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz fəxr edirik ki, qısa bir zamanda bu sahədə müəyyən nailiyyətlər əldə etmişik. Amma eyni zamanda, dərk edirik ki, qarşımızda böyük yol, çətin vəzifələr vardır və bu vəzifələri həyata keçirmək üçün, bu yolla uğurla irəliləmək üçün biz böyük əzmlə çalışırıq, dünya təcrübəsindən istifadə edirik, Fransanın təcrübəsindən istifadə etməyə çalışırıq.

Azərbaycanda son illər aparılan demokratik dəyişikliklərin, proseslərin, siyasi və iqtisadi islahatların nəticəsidir ki, nəhayət, Azərbaycan Avropa ailəsinə, Avropa Şurasına daxil olmaq imkanı əldə etmişdir.

İyun ayının 28-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanı bu beynəlxalq təşkilata qəbul etmək haqqında qərarı bizim üçün tarixi əhəmiyyət kəsb edir. Bu gün böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu yolda Fransa daim bizimlə olmuş, ölkəmizə yardım etmiş və dörd il müddətində Avropa Şurasında namizədlik dövrü keçərkən Azərbaycana bir çox şeyləri həm öyrətmiş, həm də bizimlə əməkdaşlıq nəticəsində ölkəmizin bugünkü səviyyəyə gəlib çıxması üçün böyük xidmətlər göstərmişdir.

Bizim üçün çox sevindirici haldır ki, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün bu beynəlxalq təşkilatda Azərbaycan haqqında məruzəçi və ölkəmizin Avropa Şurasına qəbul olunmaq səviyyəsinə çatması sahəsində görülən işlərdə respublikamızla əməkdaşlıq edən Fransa parlamentinin üzvü, çox hörmətli senator cənab Bomel olmuşdur. Ancaq təkcə cənab Bomel yox, Fransadakı bütün dostlarımızın hamısı bu illər bizimlə bərabər olmuş, çoxlu məsləhətlər vermiş və bunların nəticəsində də ölkəmiz bu nailiyyəti əldə edə bilmişdir.

Çox məmnunam ki, Fransanın prezidenti hörmətli cənab Jak Şirakla mənim aramda çox səmimi dostluq əlaqələri yaranmış və bu əlaqələr də Azərbaycan-Fransa əməkdaşlığının inkişaf etməsinə, ölkəmizin daha da irəli getməsinə yardım edir.

1997-ci ilin yanvar ayında Fransaya mənim rəsmi səfərim zamanı hörmətli prezident cənab Jak Şirakla görüşlərimiz, danışıqlarımız, ölkənizin parlamentində, Fransanın Xarici İşlər Nazirliyində və hökumətində apardığımız danışıqlar, təbiidir ki, Fransa-Azərbaycan əlaqələri tarixində xüsusi yer tutur. Məhz o vaxtdan da Fransa Rusiya, Amerika Birləşmiş Ştatları ilə birlikdə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir.

Ötən illər Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması, bir milyondan artıq Azərbaycan vətəndaşının öz yerinə-yurduna qaytarılması üçün çox səylər göstərmişdir. Bu dövrdə Fransa prezidenti hörmətli cənab Jak Şirak ilə mənim müxtəlif beynəlxalq təşkilatlarda görüşlərim, danışıqlarım olubdur. Bu görüşlər, danışıqlar zamanı, xüsusilə son dəfə İstanbulda ATƏT-in zirvə görüşündə onunla apardığım danışıqlar nəticəsində deyə bilərəm ki, Fransa, onun prezidenti cənab Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün səmimiyyətlə çalışır və bu barədə öz səylərini əsirgəmir.

Son bir ay içərisində hörmətli prezident cənab Jak Şirakla mənim iki dəfə telefon danışığım olubdur və bu telefon danışıqlarında biz hörmətli prezident Jak Şirak ilə birinci növbədə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə yenə də fikir mübadiləsi aparmışıq. Eyni zamanda Fransa-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi haqqında da ətraflı söhbətimiz olmuşdur.

Azərbaycanlıların Fransa xalqına olan rəğbətini, güman edirəm ki, Avropa futbol çempionatı zamanı da həm burada olan Fransa nümayəndələri, həm də Fransada yaşayanlar yaxşı hiss etdilər. Futbol çempionatında Fransa komandasının uğurla çıxış etməsi və nəhayət, qalib gəlib çempion olması bizi sevindirdi. Mən dostum prezident Jak Şiraka təbrik məktubu göndərdim. Sonra isə telefon danışığımızda biz bu məsələyə də toxunduq.

Bizim son telefon danışığımızda prezident Jak Şirak məni və bütün Azərbaycan xalqını Avropa Şurası Parlament Assambleyasının qərarı ilə Azərbaycanın bu beynəlxalq təşkilata qəbul edilməsi münasibətilə təbrik etdi və ümidvar olduğunu bildirdi ki, Azərbaycan həqiqətən Avropa Şurasının üzvü olacaqdır, Fransa hökuməti, şəxsən prezident Jak Şirak bundan sonra da bu sahədə öz səylərini davam etdirəcəkdir.

İndi Fransa Avropa Birliyində sədrlik fəaliyyətini həyata keçirir. Bəlkə də çoxları bilmir ki, bu, çox ağır və məsuliyyətli bir işdir. Fransanın prezidenti cənab Jak Şirak telefon danışığında mənə bu barədə məlumat verərək, qarşıda nə qədər böyük vəzifələr olduğunu bildirdi. Amma eyni zamanda bəyan etdi ki, Fransa Avropa Birliyinin sədri kimi də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün lazımi işlər görəcək və əgər sülh əldə olunarsa Fransa həm Avropa Birliyinin və həm də Dünya Birliyinin bütün maliyyə imkanlarını işğaldan azad olunan torpaqların bərpa edilməsi üçün səfərbər etməyə çalışacaqdır.

Bütün bunlara görə mən bu bayram günü dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda əmin olduğumu bildirək istəyirəm ki, Fransa-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Hörmətli səfir!

Mən sizi bu bayram münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram. Fransa dövlətinə, hökumətinə və Fransa xalqına yeni-yeni uğurlar, sülh və əmin-amanlıq arzulayıram.

Sağ olun.


"Azərbaycan" qəzeti, 15 iyul 2000-ci il.