Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan prezidenti adından Moldova Respublikasının prezidenti Petru Luçinskinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 27 noyabr 1997-ci il


Cənab prezident, əziz Petru Luçinski!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Moldova prezidentinin Azərbaycana ilk rəsmi səfəri sona çatır. Tam əsasla deyə bilərik ki, səfər uğurla keçir və biz səfər zamanı birgə böyük nailiyyətlər əldə etmişik.

Mən hörmətli qonağımız, dostumuz prezident Petru Luçinskiyə mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlməsi münasibətilə və burada birgə əldə etdiyimiz nailyyətlər münasibətilə ürəkdən təşəkkür edirəm.

Moldova prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkəmizin həyatında əlamətdar hadisə və Azərbaycan-Moldova münasibətlərində mühüm mərhələdir. Şübhə yoxdur ki, bu səfər və onun gedişində görülmüş səmərəli iş, imzalanmış dövlətlərarası, hökumətlərarası sənədlər bizim dostluq münasibətlərimizi, əməkdaşlığımızı daha da dərinləşdirmək və genişləndirmək üçün yaxşı əsas olacaqdır.

Dərin məmnuniyyət hissi ilə qeyd edirəm ki, Moldova prezidentinin Azərbaycanda olduğu müddətdə, iki gün ərzində biz çox iş görə bildik. Dövlətlərarası münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik, əlaqələrimizin gələcək inkişafının çox məsələləri barədə fikir mübadiləsi apardıq, qarşıdakı fəaliyyətimizin yollarını müəyyənləşdirdik. Biz dünya siyasəti, beynəlxalq həyatla, o cümlədən MDB-də birgə fəaliyyətimizlə bağlı bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi etdik. Dünya həyatının, MDB-də birgə fəaliyyətimizin bir çox məsələləri barəsində baxışlarımızın eyni olduğunu, üst-üstə düşdüyünü gördük. Ən başlıcası isə odur ki, ikitərəfli münasibətlərimizin gələcək inkişaf yolları haqqında baxışlarımız tamamilə eynidir.

Hesab edirəm ki, bizim bu gün imzaladığımız sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı hüquqi-müqavilə əsası yaradır. Moldova ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin xüsusi əhəmiyyəti var. Məmnuniyyətlə qeyd edirəm ki, suveren, müstəqil dövlətlərə münasibətdə beynəlxalq hüququn tələblərinə dair, demək olar, bütün mühüm müddəalar bu müqavilədə öz ifadəsini tapmışdır. Bu, çox mühümdür. Çünki həm Moldova, həm də Azərbaycan yaxın dövrdə, 1991-ci ilin sonunda, Sovetlər İttifaqı dağılandan sonra özlərinin dövlət müstəqilliyini elan etmişlər.

Biz müstəqil inkişaf yolunda ilk addımları atırıq, istər daxildə, istərsə də xarici aləmdə çoxlu çətinliklərlə qarşılaşırıq. Ona görə də dövlətlərarası münasibətlərimizi səciyyələndirən sənədlərdə ölkələrimizin dövlət müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə aid əsas müddəaların təsbit olunmasının çox böyük əhəmiyyəti var.

Həmin sənəddə bir çox başqa məsələlər də öz ifadəsini tapmışdır və bu da bizə bütün dünyada həm Moldovanın, həm də Azərbaycanın mövqelərini müdafiə etməyə imkan verir. Mən separatizm, terrorizm ilə və dünyada geniş yayılmış bir çox başqa mənfi hallarla mübarizəni nəzərdə tuturam.

İqtisadiyyat, təhsil, mədəniyyət, gənclər, maliyyə sahələrində əməkdaşlıq məsələlərinə dair sənədlər şübhəsiz ki, fəal qarşılıqlı əlaqələrimiz üçün əlverişli şərait yaradır. Hesab edirəm ki, indi biz bu iki gün ərzində əldə etdiyimiz və imzaladığımız sənədlərdə öz əksini tapmış nailiyyətlərdən yaxşı istifadə etməliyik.

Bu səfər Moldova ilə Azərbaycan arasında, xalqlarımız arasında olan dostluq münasibətlərini bir daha nümayiş etdirir. Azərbaycan və Moldova xalqları arasında dostluğun zəngin tarixi var. Biz keçmişdə xalqlarımız və respublikalarımız arasında qarşılıqlı münasibətlərdə nə olmuşdursa, hamısını böyük minnətdarlıq hissi ilə xatırlayırıq.

Moldova və Azərbaycanın mədəniyyət, incəsənət, elm xadimləri, yazıçıları, bəstəkarları bu sahədə çox işlər görmüşlər. Keçmiş dövrdə bizim mədəniyyət və elm xadimlərimiz arasında mövcud olmuş sıx əməkdaşlığa, səmimi dostluğa dair çoxlu misallar göstərmək olar.

Keçmişdə respublikalarımız arasında iqtisadiyyat sahəsində də yaxşı əməkdaşlığın olduğunu söyləməyə əsasımız var. Şübhəsiz ki, bütün bunlar bizi yaxınlaşdırmış, xalqlarımız arasında dostluğu möhkəmləndirmiş, elə şərait yaratmışdır ki, Azərbaycanda Moldovanı çox yaxşı tanıyırlar, Moldovada isə Azərbaycanı yaxşı tanıyırlar.

Bizim üçün sevindirici hadisədir ki, əməkdaşlığımızın məhz bu son illərində Moldovada, kiçik olsa da, Azərbaycan icması, Azərbaycan diasporu yaranmışdır. Bu gözəl ölkədə yaşayan azərbaycanlılar Moldovanın vətəndaşları olmuşlar və onun digər vətəndaşları ilə yanaşı bərabər hüquqlardan istifadə edirlər.

Böyük hörmət hissi doğuran odur ki, bir çox millətlərin və xalqların nümayəndələri Moldovada dostluq və həmrəylik şəraitində yaşayır, bütün hüquqlardan istifadə edirlər. Bununla əlaqədar Moldovanın tərkibindəki Qaqauziyanın özünəməxsus mədəniyyətini, uğurlarını da qeyd etməyi zəruri sayıram. Qaqauziyanın xalqı bizə çox yaxındır, yəni demək istəyirəm ki, biz, demək olar, eyni dildə danışırıq. Keçmiş dövrlərdə Azərbaycan ilə Qaqauziya arasında çox fəal ədəbi əlaqələr vardı. Bu gün onu da görmək çox xoşdur ki, Moldovanın tərkibində Qaqauziyanın özünə aid müstəqilliyi, azadlığı, ana dilində məktəbləri, təhsil müəssisələri, bu xalqın milli mədəniyyətinin yaşaması və tərəqqi etməsi üçün lazım olan hər şey vardır.

Xalqlarımız arasında dostluğu səciyyələndirən bir çox başqa faktlar da göstərmək olar. Bu dostluq məhz indi, həm Moldova, həm də Azərbaycan müstəqil dövlət olan bir vaxtda bizim üçün böyük sərvətdir.

Dünən də, bu gün də məlum oldu ki, biz sosialist sistemindən yeni milli dövlət quruculuğuna, yeni bazar iqtisadiyyatı sisteminə, demokratikləşdirməyə keçid dövrünü yaşayarkən eyni problemlərlə qarşılaşırıq. Ona görə də fikir və təcrübə mübadiləsi aparmaq bizim üçün çox vacibdir. Biz Moldova prezidentinin Azərbaycana səfəri zamanı aldığımız məlumatda çox şey öyrəndik və dövlət müstəqilliyi illəri ərzində Moldovanın qazandığı uğurlar bizi sevindirir.

Bununla bərabər, Moldovada da, Azərbaycanda da problemlər var və biz onları həll etməliyik. Biz daha çox ondan danışdıq ki, bu problemləri necə həll etməliyik, çətinlikləri necə aradan qaldırmalıyıq. Tam əminəm ki, Moldovada da, Azərbaycanda da keçid dövrünün çətinliklərini aradan qaldıracaq, iqtisadiyyatda, ölkələrimizin vətəndaşlarının rifahında, bütün digər sahələrdə köklü yaxşılaşmaya nail ola biləcəkdir.

Zənnimcə, bizim üçün başlıcası budur ki, biz müstəqil dövlətlər olmuşuq, müstəqilliyi möhkəmlətmək və inkişaf etdirmək mövqelərində qətiyyətlə dayanmışıq. Biz yekdil fikirdə olduq ki, keçmişə qayıdış yoxdur, suverenliyimizə, dövlət müstəqilliyimizə ziyan vura biləcək hallara yol verməyəcəyik. Bu, dostluğumuzu, əməkdaşlığımızı və münasibətlərimizi daha da möhkəmlətmək və inkişaf etdirmək üçün yaxşı əsasdır.

Azərbaycanda da, Moldovada da olan problemlər arasında ən mürəkkəb problemlər münaqişələrlə bağlıdır. Təəssüf ki, Sovet İttifaqı dağıldıqdan sonra və bunun ərəfəsində bu dövlətin ərazisində silahlı münaqişələr yarandı. Bu münaqişələr Qafqazda, Zaqafqaziyada da, bəzi digər bölgələrdə, o cümlədən Moldovada da meydana gəldi. Biz yekdil rəydə olduq ki, bu münaqişələri sülh yolu ilə aradan qaldırmaq lazımdır. Hərbi əməliyyatlara, atəşə, silahlı toqquşmalara daha yol vermək olmaz. Azərbaycanda biz Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasında gedən münaqişədə atəşkəs rejimini üç ildən artıqdır saxlayırıq və münaqişə tamamilə aradan qaldırılan, tam sülh əldə edilən vaxtadək saxlayacağıq. Bizə məlum olduğu kimi, Moldovada da münaqişə yaranmasına yol verməmək üçün, Pridnestrovye probleminin dincliklə həlli üçün tədbirlər görülür. Odur ki, münaqişələrin olması istər Moldova üçün, istərsə də Azərbaycan üçün şübhəsiz, ölkələrimizin həyatını çətinləşdirən ən ağır, ən müşkül məsələdir. Burada da vəziyyətimiz, demək olar eynidir. Buna görə də biz bu münaqişələrin həllinə münasibətdə yekdil rəydə olduq.

Söhbətimizdən və danışıqlarımızdan sonra əminəm ki, Moldova daha geniş inkişaf üçün, öz dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün böyük potensial imkanlara malikdir. Biz sevinirik ki, Moldova Avropa Şurasına daxildir. Bir çox beynəlxalq təşkilatların üzvüdür, onun gələcəkdə Avropa Birliyində olmağa imkanı var.

Azərbaycan da Avropaya daxildir və bu baxımdan xüsusi mövqe tutur, çünki Avropa ilə Asiyanın qovuşuğunda, Avropanın ən ucqar hissəsində yerləşir. Azərbaycanı hələ Avropa Şurasına daxil olmaq, Avropa strukturları ilə unteqrasiya prosesi gözləyir. Biz bu yolla gedirik və gedəcəyik. Bununla əlaqədar Moldova ilə əməkdaşlığımızın son dərəcə böyük əhəmiyyəti var.

Biz dövlətlərlə nəinki ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq etməyə imkan tapmışıq. Bu dövlətlər isə bir çox məsələlərdə marağı olan Moldova, Ukrayna, Gürcüstan və Azərbaycandır. Artıq məlumdur ki, oktyabrın 10-da Strasburqda biz GUAM adlandırılan bizim bu təşkilatımız haqqında birgə rəsmi məlumat qəbul etmişik və qısa bir müddətdə hiss etmişik ki, o, həyat qabiliyyətinə malikdir, dörd ölkənin çoxsahəli əməkdaşlığı üçün faydalı ola bilər. Bu ölkələr isə, bir tərəfdən, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birləşir, digər tərəfdən, onların bir çox digər ümumi maraqları var.

Biz hesab edirik ki, Moldova Avrasiya nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq proseslərində, Xəzər dənizinin energetika ehtiyatlarından istifadə olunmasında da yaxından iştirak etmək üçün böyük imkanlara malikdir. Bu məsələlər də danışıqlarımızda və söhbətlərimizdə çox mühüm yer tutdu. Zənnimcə, bunların hamısı gələcək işlərimiz üçün yaxşı əsasdır.

Biz Moldovada demokratik proseslərin getməsini, bazar iqtisadiyyatının bərqərar olmasını yüksək qiymətləndiririk. Ona görə də burada da bizim baxışlarımız tamamilə üst-üstə düşür və bu, şübhəsiz ki, əməkdaşlığımız üçün yaxşı əsasdır.

Bütün bunları deyərkən Moldovada demokratik dəyişikliklərin həyata keçirilməsində prezidentin, bizim dostumuz Petru Luçinskinin rolunu xüsusi qeyd etmək istəyirəm. Şəxsən mən çox şadam ki, Petru keçən il, seçkilər zamanı Moldovanın prezidenti olmuş, öz xalqının böyük etimadını qazanmışdır. Mən Moldovanı və dostumuz Petru Luçinskini tanıyan bir adam kimi, Moldova xalqının bu addımını doğru, düzgün hesab edirəm. Ona görə ki, indiki mürəkkəb keçid dövründə dövlət başçısına böyük təcrübə, bilik, şəxsi nüfuz gərəkdir. Mənim dostum Petru Luçinskidə bunların hamısı var.

Biz bir-birimizi çoxdan tanıyırıq. Mən onunla ilk dəfə 1970-ci ildə burada, Bakıda görüşmüşəm, sonralar bizim iş prosesimizdə Moldovada və Azərbaycanda, Moskvada da görüşlərimiz olmuşdur. Buna görə də onun haqqında kifayət qədər tam təsəvvürüm var. O, hələ 30 il bundan öncə Moldovada yüksək vəzifədə olmuşdur. Bu illər ərzində öz bacarığı, biliyi, xalqına, torpağına sədaqəti sayəsində böyük uğurlar qazanmışdır. O, bir çox sınaqlardan, çətinliklərdən keçmiş, yenidən Moldovaya qayıdaraq parlamentin sədri seçilmişdir. Sonra isə xalq ona böyük etimad göstərərək prezident seçmişdir.

Bütün bunlar adi hal deyildir. Yalnız çox bacarıqlı, xalqın inamını itirməmiş insanlar bu çətin keçid dövrünü aşa və yenidən öz xalqınım etimadını qazana bilmişlər. Prezident Petru Luçinski bu mürəkkəb yolu keçmiş və öz xalqının yüksək etimadını qazanmışdır. Moldova xalqına çox böyük ehtiram hissi bəsləyərək onun bu addımını çox düzgün hesab edirəm və əminəm ki, məhz prezident Petru Luçinskinin rəhbərliyi altında Moldova bütün çətinlikləri aradan qaldıracaq, Avropada və bütün dünyada firavan, çiçəklənən ölkəyə çevriləcəkdir.

Mən müstəqil Moldovanın şərəfinə, moldavan xalqının şərəfinə, Azərbaycan-Moldova münasibətlərinin şərəfinə, Moldovanın prezidenti, bizim dostumuz Petru Luçinskinin sağlığına badə qaldırıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 13-cü cild Azərnəşr, Bakı - 2004, səh. 255.