Azərbaycan - Moldova münasibətləri


Münasibətlərin tarixi: Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Azərbaycan və Moldova xalqları arasında həmişə dostluq münasibətləri olub. Bu dostluq münasibətləri bu gün də davam etməkdədir. Azərbaycanda azsaylı Moldova diasporu var. Onların sayı təqribən 500 nəfərdir. Moldovadakı Azərbaycan diasporu isə 5 min nəfərdən çoxdur.

İkitərəfli siyasi münasibətlər: Azərbaycanla Moldova arasında diplomatik əlaqələr 1992-ci il mayın 18-də qurulub. 2004-cü ildə Moldova Ukraynadakı səfirini Azərbaycana da təyin edib. 2005-ci ilin martında isə Azərbaycan Respublikasının Moldovada səfirliyi açılıb. 1996-cı ilə qədər iki ölkə arasında münasibətlər zəif templə inkişaf edib.

Hazırda iki ölkə arasında əlaqələrin inkişaf dinamikasını yüksək hesab etmək olar. Bu əlaqələrin inkişaf etməsində iki ölkə pezidentinin qarşılıqlı səfərləri, eləcə də ölkə başçılarının müxtəlif beynəlxalq təşkilatlarda görüşləri mühüm rol oynayıb.

1997-ci il noyabrın 26-28-də Moldova Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsində böyük əhəmiyyəti olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova Prezidenti Petru Luçinski ilə görüşərək ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığa dair məsələlər, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparıblar. Bu görüş Azərbaycan və Moldova arasında yüksək səviyyədə keçirilən ilk görüş olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Moldova Respublikasının Prezidenti Petru Luçinski birgə mətbuat konfransı keçiriblər. Heydər Əliyev mətbuat konfransında bəyanatla çıxış edib: "...Biz hər iki ölkə üçün çox mühüm bir məsələ - ərazi bütövlüyü, bir-birinə qarşı güc işlədilməsinin, hər hansı ölkənin ərazi və sərhədlərinin zor gücünə dəyişdirilməsinin yolverilməzliyi məsələsi barədə fikir mübadiləsi etdik. Bu məsələlərdə, xüsusən də həm Azərbaycan, həm də Moldova dövlət müstəqilliyi əldə etdikdən sonra onların qarşılaşdıqları münaqişələrin həlli məsələsində tam yekdil rəydə olduq...".

Moldova Respublikasının Prezidenti Petru Luçinskinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda Prezident Heydər Əliyev geniş nitq söyləyib. "... Moldova Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkəmizin həyatında əlamətdar hadisə və Azərbaycan-Moldova münasibətlərində mühüm mərhələdir...".

Səfər çərçivəsində iki ölkə arasında 15 sənəd imzalanıb. Azərbaycan Respublikası və Moldova Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə,Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq, elmi-texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, beynəlxalq avtomobil əlaqəsi, istehsalat kooperasiyası, pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri, təhsil sahəsində əməkdaşlıq, mədəniyyət sahəsində əməkdaşlıq, valyuta və ixrac nəzarəti sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol və digər sənədlər imzalanıb.

9 avqust 1998-ci ildə Prezident Heydər Əliyev və Petru Luçiniski Yaltada Leonid Kuçmanın 60 illik yubileyində növbəti dəfə görüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

2004-cü il oktyabrın 26-27-də Moldova Prezidenti Vladimir Voronin rəsmi səfərlə Azərbaycana gəlib. Bu səfər onun Qafqaz regionuna ilk səfəri kimi də əlamətdar olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti Vladimir Voroninin təkbətək görüşü olub. Görüş zamanı dövlət başçıları Azərbaycan və Moldovanın təcavüzkar separatizmin nəticəsi olan işğala məruz qaldıqlarını, buna son qoyulması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq hüquq normaları əsasında bərpa edilməsi üçün beynəlxalq təşkilatların səylərinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Moldova Prezidentinin səfəri zamanı qarşılıqlı münasibətləri tənzimləyən bir sıra sənədlər imzalanıb - Azərbaycan Respublikası Prezidentinin və Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi, Azərbaycan Respublikası və Moldova Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə,Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq, vətəndaşların qarşılıqlı səfərləri, bitkilərin karantini sahəsində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında, əmək və əhalinin sosial müdafiəsi sahəsində, Azərbaycan Respublikası Kənd Təsərrüatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı və Yeyinti Nazirliyi arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2005-2006-cı illər üçün məsləhətləşmələr Planı.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il aprelin 21-də rəsmi səfərlə Moldovada olub. Səfər zamanı Prezident İlham Əliyevlə Prezident Vladimir Voroninin təkbətək görüşü olub. Görüş zamanı beynəlxalq və regional xarakterli məsələlər müzakirə olunub. Dövlət başçıları beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyini bir daha təsdiqləyərək, təcavüz aktlarına və suveren dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərə qarşı beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Prezident İlham Əliyevin və Prezident Vladimir Voroninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında Moldova Respublikasının ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının ərazisində müvəqqəti işləyən Moldova Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi, baytarlıq-sanitariya Konvensiyası, hava əlaqəsi, informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq, Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və "Teleradio-Moldova" İctimai Şirkəti arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Dövlət başçıları Kişinyovda aparılmış danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçiriblər. Prezidentlər jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər. Moldova Prezidenti Vladimir Voroninin bəyanatında bildirib ki, "...bizim həll etməli olduğumuz çoxlu problemimiz var. Ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istəyirəm. Biz ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik və bu problemin həllinə təkan verə biləcək bütün tədbirlərdə iştirak etməyə hazırıq...". Prezident Ilham Əliyev də qarşılıqlı olaraq öz bəyanatında qeyd edib ki, "...Biz Moldovanın ərazi bütövlüyünün bərpa edilməsi, Dnestryanı bölgə probleminin nizama salınması sahəsində fəaliyyətini tamamilə dəstəkləyirik..." 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Baş Məclisin Ermənistan - Azərbaycan - Dağlq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edən qətnamə layihəsinin müzakirələri zamanı Moldova qətnamənin lehinə səs verib. Moldova Prezidenti Vladimir Voronin 2008-ci il aprelin 23-də növbəti səfərlə Azərbaycanda olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibli görüşündə Azərbaycanla Moldova arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri də müzakirə edilib. Moldova Prezidenti hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini bəyan edib.

İqtisadi əıaqələr: İki ölkə arasında iqtisqdi əlaqələr yüksək səviyyədə olmasa da, inkişaf etməkdədir. Moldova həm ikitərəfli, həm də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM) və s. təşkilatlar çərçivəsində Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır.

2007-ci ilin fevral ayında Moldovanın baş naziri Vasili Tarlev Bakıda səfərdə olub. Moldovanın baş naziri bildirib ki, Rəsmi Kişinyov Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Moldova Azərbaycana kənd təsərrüfatı texnikası və kənd təsərrüfatı məhsulları satmaq, Azərbaycandan isə təbii qaz, elektrik enerjisi idxal etmək istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moldova Respublikasının Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti bildirib ki, "Potensial mövcuddur, ikitərəfli iqtisadi əlaqələr üçün imkanlar və onları inkişaf etdirmək arzusu var. Biz müttəfiq, tərəfdaş ölkələrik. Ona görə də fəal əməkdaşlığa ümid bəsləyirik".

23 fevral 2007-ci ildə Bakıda Azərbaycan-Moldova biznes-forumu keçirilib. Forumda hər iki ölkədən 40-dan çox iş adamı iştirak edib. Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini və Moldovanın baş naziri də iştirak ediblər. Moldovanın baş naziri ölkəsində sərmayələr və ticarət, aqrosənaye, şirniyyat, yüngül sənaye, neft və qeyri-neft sənayesi, turizm sahəsində əməkdaşlıq üçün əlverişli mühitin yaradıldığını forum iştirakçılarının diqqətinə çatdırıb.

2008-ci ildə "Moldovanın Azərbaycanda Ticarət Evi" məhdud məsuliyyətli cəmiyyəti və qurumun nizamnaməsi qeydiyyatdan keçib.

2009-cu il martın 12-də Moldova Respublikasının maliyyə naziri Marianna Durleştyanu Bakıda işgüzar səfərdə olub. Səfərin məqsədi Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, maliyyə-iqtisadi siyasətlə tanışlıq və s. olub.

2010-cu ilin I rübündə Azərbaycanın Moldova ilə ticarət əlaqələri, qeyd olunan kimi olub (min ABŞ dolları). İdxal 713,9, ixrac 20,2, xarici ticarət saldosu -693,7.

Mədəni əlaqələr: Azərbaycan-Moldova prezidentlərinin qarşılıqlı səfərləri digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafına müsbət təsirini göstərib. 26 noyabr 1997-ci ildə Moldova prezidenti Petru Luçiniski Azərbaycanda rəsmi səfərdə olarkən ona Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova prezidenti Petru Luçinskiyə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqim edilməsi mərasimində çıxış edib: "...Görün, nə qədər böyük səadətdir - 35 il öncə gənclərin rəhbəri kimi ilk dəfə Azərbaycanda olmusunuz, tələbələrlə görüşmüsünüz. 35 ildən sonra isə öz ölkənizin prezidenti olub Bakı Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşürsünüz və sizə elmlər doktoru fəxri adı verirlər...". 2005-ci il aprelin 21-də Prezident İlham Əliyevin Moldovaya səfəri zamanı Moldovanın paytaxtı Kişinyov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Moldova Prezidenti Vladimir Voronin iştirak ediblər. 2007-ci ilin may ayında Kişinyov və Komrat şəhərlərində Azərbaycan Mədəniyyəti günləri keçirilib. 2008-ci il aprelin 23-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova mədəniyyəti günlərinin təntənəli açılışı olub. Mərasimdə Prezident İlham Əliyev və Prezident Vladimir Voronin də iştirak ediblər.

Moldova və Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdir. Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllində hər iki ölkə vahid mövqedən çıxış edirlər. Moldova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi daxilində həll edilməsinin tərəfdarıdır. Moldova və Azərbaycan prezidentləri dəfələrlə ölkələrin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Moldova və Azərbaycan 1997-ci ilin oktyabrında yaradılan GUAM Təşkilatının təsisçiləridir, həmçinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Bu iki dövlət həm də bu təşkilatlar çərçivəsində iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan və Moldova Avropa Şurasının üzvüdür və 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulublar.

Ümumi tarixi arayış 19 iyun 2010-cu ildə tərtib olunub.