Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Putinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə Heydər Əliyevin bəyanatı - 25 yanvar 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Möhtərəm Vladimir Vladimiroviç, ilk növbədə mən Rusiyaya, Moskvaya dövlət səfərinə dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mənə, nümayəndə heyətimizin bütün üzvlərinə şəxsən sizin tərəfinizdən və həmkarlarınız tərəfindən göstərilən diqqətə, qonaqpərvərliyə və qayğıya görə sizə təşəkkür edirəm. Bütün bunların sayəsində səfər son dərəcə uğurla keçir. Mən səfərin ilk dəqiqəsindən bu ana qədər olan hər şeydən məmnunam.

Biz çox lazımlı, əhəmiyyətli, səmərəli söhbətlər apardıq. Məsələn, dünən axşam Vladimir Vladimiroviçin dəvəti ilə onun evində apardığımız təkbətək söhbəti çox yüksək qiymətləndirirəm. Əslində biz bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq və bütün məsələlərdə, ilk növbədə dövlətlərarası münasibətlər, habelə beynəlxalq həyatla bağlı bir sıra digər məsələlərdə fikirlərimizin tamamilə üst-üstə düşdüyünü aşkar etdik. Bizim bugünkü təkbətək söhbətimiz də bu məsələlərin müzakirəsini davam etdirməyə imkan verdi. Mən bütün bunlardan məmnunam. Nəhayət, nümayəndə heyəti üzvlərinin iştirakı ilə keçirdiyimiz görüş gələcək əməkdaşlıqla bağlı fəaliyyətimizin istiqamətlərini daha ətraflı müəyyənləşdirməyə imkan yaratdı.

Mən müzakirə etdiyimiz və razılığa gəldiyimiz məsələlər barəsində prezident Putinin dediyi fikirlərin hamısı ilə tam razıyam. Ona görə də mən bunları təkrarlamaq istəmirəm, lakin demək istəyirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə xüsusi diqqət yetirdik. Mən məmnunam ki, Rusiya Federasiyası və şəxsən prezident Putin bu məsələyə böyük diqqət yetirir və fəal tədbirlər görür. Mən ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin, - Rusiya da həmsədrdir, - gələcəkdə öz səylərini artıracağına, habelə prezident Putinin bundan sonra da bu məsələdə səy göstərəcəyinə ümid bəsləyirəm. Bu barədə biz fikir mübadiləsi etdik və mən buna ümid edirəm, çünki Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, təbiidir ki, bizim üçün həyati əhəmiyyətə malikdir.

Lakin bu məsələ bütün Qafqaz üçün də böyük əhəmiyyət kəsb edir. Deməli, təkcə Qafqaz üçün deyil, həm də bütün Avropa üçün əhəmiyyətlidir. Rusiya, şübhəsiz ki, Qafqaz ölkəsidir və bu məsələnin həm Rusiyaya, həm də bütün Avropaya bilavasitə dəxli var. Hesab edirəm, bizim ictimaiyyətimiz də bu fikirdədir ki, Rusiya bu məsələdə mühüm və bəlkə də, həlledici rol oynaya bilər.

Ona görə də biz bu istiqamətdə Rusiyanın səylərinin daha da güclənəcəyinə ümid bəsləyəcəyik. Əlbəttə, biz mühüm məsələ kimi, Xəzərin hüquqi statusu məsələsi barədə də fikir mübadiləsi apardıq. Mən məmnunam ki, bu barədə Rusiyanın və Azərbaycanın mövqeləri eynidr, bizim mövqelərimiz Qazaxıstanla da uyğun gəlir. Məsələn, mən məmnunluqla xəbər tutdum ki, Rusiya ilə Qazaxıstan arasında nəinki prinsiplər, həm də orta xəttin koordinatları müəyyən edilmişdir. Bu gün biz də elə həmin məsələ barəsində razılığa gəldik və Vladimir Vladimiroviç təşəbbüs göstərdi ki, Xəzərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında da bu cür iş aparaq. Ümidvaram ki, bizim birgə səylərimiz və əlbəttə ki, Rusiya Federasiyasının geniş fəaliyyəti ümumən Xəzərin hüquqi statusu haqqında məsələnin həllinə gəlib çıxmağımıza imkan verəcəkdir.

O ki qaldı humanitar sahədə münasibətlərimizə, bunlar yaxşı vəziyyətdədir. Düşünürəm ki, bu münasibətlər Rusiyada da, Azərbaycanda da məmnunluq doğurur. Mədəniyyət, incəsənət, elm xadimləri arasındakı əlaqələr, Azərbaycanda Rusiya mədəniyyəti günləri, Rusiyada, Moskvada, Rusiyanın digər regionlarında Azərbaycan mədəniyyəti günləri keçirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malikdir. Biz bu praktikanı davam etdirəcəyik. Lakin əlaqələrimiz, əməkdaşlığımız, şübhəsiz, bir çox digər məsələləri əhatə edir və bunlarla bağlı heç bir problemimiz yoxdur. Söhbətlərimiz zamanı da biz səylərimizi gücləndirmək barədə razılığa gəldik.

Hesab edirəm ki, bizim bugünkü görüşümüz Rusiya-Azərbaycan münasibətləri tarixində çox mühüm yer tutacaqdır. Lakin bunun bünövrəsi ötən il, Rusiya prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri zamanı qoyulmuşdur. Açığını deyəcəyəm, bu səfərin bizim üçün tarixi əhəmiyyəti var. Zənnimcə, o, Rusiya üçün də çox böyük əhəmiyyətə malikdir, Rusiya-Azərbaycan münasibətləri üçün də müstəsna əhəmiyyətə malikdir. Əslinə qalsa, bu səfər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin, əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur. Ötən dövr ərzində biz münasibətlərimizi intensivləşdirə bilmişik və bu münasibətlər bugünkü görüşə və indicə qol çəkdiyimiz mühüm sənədlərin imzalanmasına gətirib çıxarmışdır.

Vladimir Vladimiroviç kimi, mən də sənədlər sırasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləyə və Qəbələ RLS-ın hüquqi statusu haqqında sazişə çox böyük əhəmiyyət verirəm. Mən hesab edirəm ki, biz birlikdə xeyli iş gördük və bu radiolokasiya stansiyasının gələcək fəaliyyəti üçün lazım olan bütün hüquqi şəraiti yaratdıq. Biz bu sahədə də, müdafiə və hərbi fəaliyyətlə bağlı digər sahələrdə də əməkdaşlığımıza gələcəkdə də kömək edəcəyik.

Vladimir Vladimiroviç, bir daha çox sağ olun. Dəvətinizə görə, bu gün imzalanmış sənədlərə görə, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə dair təkliflərinizə görə, bizə və şəxsən mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Çox sağ olun.

Vladimir Putin: Mən də öz tərəfimdən həm prezidentə, həm də bütün nümayəndə heyətinə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Mən, zənnimcə, bugünkü münasibətlərimizi səciyyələndirən bir məqamı vurğulamaq istəyirəm. Bu, ilk baxışdan kiçik bir məsələ olsa da, təkrar edirəm, bütün qarşılıqlı əlaqələrimizin bütün kompleksini səciyyələndirir. Ötən dəfə biz Heydər Əliyeviçlə görüşəndə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın bizdən metro vaqonları alması barədə danışdıq. Rusiya 2002-ci ilin büdcəsində metro vaqonları alması üçün Azərbaycan tərəfinə hətta kredit resursları da nəzərdə tutmuşdur. Bu gün danışıqlarımız zamanı mən bu barədə prezidentə məlumat verəndə o dedi: "Bizə kredit lazım deyil, biz öz büdcəmizdə artıq bunu nəzərdə tutmuşuq, biz vaqonları birbaşa alacağıq". Zənnimcə, əgər biz qarşılıqlı əlaqələrimizin bütün istiqamətlərində işə belə hazırlıq nümayiş etdirsək, əlaqələrimizin bütün komplekslərində çox fəal surətdə irəliləyəcəyik.

Heydər Əliyev: Vladimir Vladimiroviç, yayda Sankt-Peterburqda görüşə dəvət etdiyinizə və dahi Azərbaycan şairi Nizaminin abidəsi artıq hazır olduğuna görə sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Yayda Peterburqda görüşərkən biz həmin abidəni birlikdə aça bilərik. Aleksandr Sergeyeviç Puşkinə Bakıda ucaltdığımız gözəl abidə kimi, bu abidə də, sözsüz, Rusiya-Azərbaycan dostluğunun, xalqlarımız arasında dostluğun daha da inkişaf etməsinə kömək göstərəcəkdir.

Çox sağ olun.