Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə çıxışı - 9 fevral 1994-cü il


Azərbaycan haqqında yəqin ki, məlumatınız var. Ancaq bəzi fikirləri mənim dilimdən eşitmək sizin üçün əhəmiyyətli olardı.

İndi Azərbaycanın daxili həyatında ictimai-siyasi sabitlik var. Bir neçə ay öncə Azərbaycanın daxilində olan qarışıqlıq aradan götürülmüşdür. Xarici siyasətə gəldikdə isə, Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, bərabər hüquqlu əlaqələr saxlamaq prinsipini rəhbər tutur və biz öz xarici siyasətimizi bu istiqamətdə aparırıq. Azərbaycan bütün beynəlxalq təşkilatlarda imkan daxilində fəaliyyət göstərməyə çalışır və beynəlxalq aləmdə müstəqil bir dövlət kimi fəaliyyət göstərir. Respublikamız bütün dövlətlərlə müstəqil ikitərəfli əlaqələr yaradır, eyni zamanda qonşu ölkələrlə münasibətlərə daha çox fikir verir. Azərbaycanın Türkiyə ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycanı Türkiyə ilə çoxəsrlik tarix bağlayır. Azərbaycan Respublikasının müstəqilliyini dünyada ilk dəfə Türkiyə Cümhuriyyəti tanımışdır. Azərbaycan xalqını və Türkiyə xalqını birləşdirən milli köklər, adət və ənənələr, dil və mədəniyyətin yaxınlığı iki dövlət arasındakı münasibətləri daha da əhəmiyyətli edir.

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmuşdur. Keçmiş SSRİ-nin indi həmin birliyin üzvü olan on iki respublikasından biri kimi, Azərbaycan bu dövlətlərlə tarixən yaranmış iqtisadi, mədəni, elmi-texniki əlaqələri daha da möhkəmləndirmək yolu ilə gedir.

Ermənistan ilə Azərbaycan arasındakı münaqişə son altı ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlıdır. "Qarabağ problemi" kimi meydana çıxmış məsələ indi artıq Ermənistanla Azərbaycan arasında qanlı müharibəyə çevrilmişdir. Bu müharibə nəticəsində Ermənistan silahlı qüvvələri müəyyən imkanlardan istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Keçmiş Dağlıq Qarabağ Vilayəti indi tamamilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Bundan əlavə keçmiş Dağlıq Qarabağ Vilayətinin ətrafında olan bir neçə rayon da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan-İran sərhədinin bir hissəsinə də Ermənistan silahlı qüvvələri nəzarət edir. Bütün bunların nəticəsində bir milyondan artıq azərbaycanlı ev-eşiyindən, obasından qaçqın düşmüşdür və çox ağır şəraitdə yaşayır.

Azərbaycan bu müharibəyə son qoymaq istəyir, bütün imkanlardan istifadə edərək bu problemi sülh yolu ilə həll etməyə çalışır. Bunun üçün Azərbaycan ilk növbədə Birləşmiş Millətlər Təşkilatının, onun Təhlükəsizlik Şurasının imkanlarına çox ümid bəsləyir, ATƏM-in, onun Minsk qrupunun imkanlarından, böyük dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Türkiyənin, Rusiyanın vasitəçilik imkanlarından istifadə etməyə çalışır və bu istiqamətdə bir çox diplomatik addımlar atmışdır. Təəssüf ki, bütün bu tədbirlərimiz indiyədək nəticə verməmişdir. Müharibə gedir, döyüşlər davam edir, yenə də qan tökülür.

Onu da bilmək lazımdır ki, müharibə Azərbaycan torpağında gedir. Ermənistanla Azərbaycan arasında gedən bu müharibədə Ermənistan öz torpağının bir qarışını da itirməmişdir.

Biz bu müharibəyə son qoymağa çalışırıq. Bir daha qeyd edirəm ki, biz bu istiqamətdə üstünlüyü yenə də yalnız və yalnız sülh məramına, sülh yoluna, sülh danışıqlarına veririk. Güman edirəm ki, dünya dövlətlər birliyi bu məsələnin sülh yolu ilə həll olunması üçün gərək daha çox səy göstərsin və Azərbaycanla Ermənistan arasında müharibəyə son qoyulsun, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü tamamilə təmin olunsun.

Təəssüf ki, Ermənistan tərəfi məsələni güc yolu ilə, zor yolu ilə həll etmək istəyir. işğal olunmuş torpaqları əlində saxlamağa və Azərbaycanın yeni ərazilərini qəsb etməyə çalışır. Beləliklə də çalışır ki, öz iddialarını Azərbaycana qəbul etdirsin. Biz isə, şübhəsiz ki, buna heç vəchlə razı ola bilmərik.

Biz sülh danışıqlarına üstünlük verməklə yanaşı, eyni zamanda Azərbaycan torpaqlarının müdafiəsi üçün lazımi tədbirlər görürük. Son aylarda bu sahədə görülmüş tədbirlər nəticəsində Azərbaycan torpaqlarının etibarlı müdafiə edilməsinə imkan yaranmışdır və güman edirəm ki, bu imkanlar daha da genişlənəcəkdir. Lakin siz diplomatlar xarici siyasət adamları olduğunuza görə bir daha bildirirəm ki, Azərbaycan müharibə istəmir, ona son qoymağa çalışır. Bunun da şərti ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir, Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün danışıqlar aparılmalıdır.

Çıxışımın əvvəlində qeyd etdim ki, indi Azərbaycanın daxilində sabitlik yaranmışdır. Eyni zamanda sizə bildirmək istəyirəm ki, Azərbaycan bütün dövlət quruculuğunu, cəmiyyətdə dəyişiklikləri yalnız və yalnız demokratik prinsiplər əsasında həyata keçirmək əzmindədir. Biz Azərbaycanı hüquqi demokratik dövlət kimi formalaşdırıb inkişaf etdirmək yolu ilə gedirik. Azərbaycan dünya demokratiyasının bütün imkanlarından istifadə edərək bundan sonra da demokratiya yolu ilə gedəcəkdir. Azərbaycanda hüquqi, dünyəvi, sivilizasiyalı cəmiyyət qurmaq fikrindəyik. Respublikada çoxpartiyalı sistem bərqərar olmuş, bütün partiyalara tamamilə sərbəst fəaliyyət göstərmək imkanı verilmişdir. Milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdirlər. Azərbaycanda insan hüquqlarının qorunması üçün təminat yaranmışdır və bu sahədə bütün tədbirlər görüləcəkdir. Bir sözlə, Azərbaycan Respublikası demokratiya yolu ilə gedir.

İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.

Güman edirəm ki, mənim bu qısa məlumatım sizdə Azərbaycan haqqında müəyyən təsəvvür yaradır. Ona görə də vaxtınızı çox almaq istəmirəm.

"Azərbaycan" qəzeti, 12 fevral 1994-cü il