Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəhidlərin xatirəsinə ucaldılacaq abidə yerində abidə kompleksinin müəllifləri ilə söhbətindən - Bakı, Şəhidlər xiyabanı, 18 aprel 1998-ci il


Baxın, burada mərasim keçirmək üçün böyük bir meydan olmalıdır. Bu meydanda təkcə 20 Yanvar şəhidlərinin xatirəsini yox, Azərbaycan torpaqlarının azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini əks etdirən abidə kompleksi ucaldılmalıdır. Burada məşəl, od yanmalıdır. Bura bizim əhalimiz üçün, eyni zamanda, Azərbaycanı ziyarət edənlər üçün əsas müqəddəs yer olsun. Necə ki, dünyanın bir çox ölkələrinin paytaxtlarında belə bir abidə vardır. Çünki bu xiyabanda uyuyanlar həm 20 Yanvar faciəsi zamanı, həm də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, müharibə aparılan zaman şəhid olanlardır. Burada keçmişdə də qəbiristanlıq olmuşdur. Ona görə də bura gərək müqəddəs bir yer elan edilsin.

Bu barədə layihə əzəmətli və sadə olmalıdır. Bilirsiniz, keçən illərdən mənim xatirimdədir, bizim memarlarımız, heykəltəraşlarımız çoxlu müxtəlif fıqurlar yaradıblar, bir az qarmaqarışıq düzəldiblər. Amma biz dünyanın çox ölkəsini gəzmişik, görürük - adətən belə yerlər sadə olur. Bu, çox əhəmiyyətlidir. Burada gərək qəbirləri ziyarət edərək, gəlib məşəlin qarşısında əklil qoyub, fəxri qarovulun önündən keçməklə mərasim keçirmək mümkün olsun. Bu, elə bir çətin şey deyildir. Siz 10 gün müddətində bunun planını mənə təqdim edə bilərsiniz. Çünki istərdim ki, bu uzanmasın. Neçə illərdir bu məsələ uzanır. Hesab edirəm ki, payıza qədər bunu etmək olar. Yenə də deyirəm, bu abidə Azərbaycanın torpaqlarının, müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsinə həsr edilməlidir. 20 Yanvar faciəsi bizim tariximizin faciəli səhifələrindəndir. İstərdim buradakı abidə kompleksi, memorial ümumi xarakter daşısın, çox böyük məna kəsb etsin. Bura şəhərin ən yüksək nöqtəsidir. Buradan - Dağüstü parkdan paytaxtın mənzərəsi çox gözəldir.

Dənizkənarı parkı - Azərbaycanın milli sərvətinə çevirməliyik. Buranın abadlaşdırılması, müasir səviyyədə qurulması vacibdir. Mənə məlumat verildi ki, Dənizkənarı parkın baş layihəsi hazırlanmışdır və xarici ölkə şirkətlərinin iştirakı ilə həyata keçiriləcəkdir. Dağüstü parkda istiqlal rəmzi daşıyan, Azərbaycanın istiqlaliyyətinə həsr edilən bir abidə yaratmaq olar. Burada azadlıq, istiqlal abidəsi kompleksi ucaldılmalıdır. Bu işə arxitektorlar, mütəxəssislər dəvət etmək lazımdır. Bunu da yenə əzəmətli etmək lazımdır, sadə etmək lazımdır. Görürsünüz, Parisdəki Bastiliya abidəsinin planı çox sadədir. Burada da Azərbaycanın istiqlaliyyətini təmsil edən və onu əbədiləşdirən xatirə kompleksinin olması zəruridir. Bu yerdə başqa şey olmaz və buranı boş qoymaq olmaz. Vaxtilə burada başqa şey olubdur. Ona görə də elə istiqlal abidəsinin əsl yeri buradır. Bu barədə fikirləşin və tədbirlər planını hazırlayıb mənə təqdim edin. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM