Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məktubu - Bakı şəhəri, 1 aprel 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər qurulmasının 10 illiyi münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.

Ötən dövr ərzində xalqlarımız və ölkələrimiz arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri hərtərəfli inkişaf etmiş, dərinləşmiş, strateji tərəfdaşlıq xarakteri almışdır.

2001-ci ilin yanvarında Rusiya prezidentinin Azərbaycana ilk rəsmi səfəri və 2002-ci ilin yanvarında Azərbaycan prezidentinin Rusiyaya səfəri Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin tarixində, həqiqətən, çox mühüm hadisələr olmuşdur. Bu səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz, dövlətlərimiz arasında keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin etibarlı bünövrəsini qoymuşdur.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həllinə yönəldilmiş səylərinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin tezliklə sülh yolu ilə nizama salınması üçün fəaliyyətini daha da gücləndirəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Rusiya xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 aprel 2002-ci il.