Azərbaycan Prezidentinin Şərəfinə İzmir valisi Kutlu Aktaşın verdiyi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 7may 1997-ci il


Əziz, hörmətli bələdiyyə başkanı, hörmətli dostlar!

Türkiyəyə rəsmi səfərim çərçivəsində İzmir şəhərini ziyarət etmək mənim üçün böyük səadətdir. İzmir Türkiyənin həm böyük şəhəri, həm də ən gözəl guşələrindən biridir. İzmir şəhərinin böyük tarixi var və Türkiyə Cümhuriyyətinin yaranmasında, türk xalqının xarici işğalçılardan, qəsbkarlardan azad olunmasında da İzmirin və izmirlilərin xüsusi rolu var. 1922-ci il 9 Eylüldə məhz burada qurtuluş savaşının böyük qələbəsi əldə edilmiş və bu, Türkiyənin tarixinə daxil olmuşdur, bizimdə tariximiz üçün, ümumi, müştərək, birgə tariximiz üçün dəyərli səhifədir.

İzmir şəhəri ilə Azərbaycanın paytaxtı Bakı şəhərinin qardaşlıq əlaqəsi də məhz bu hissiyyatlardan doğmuşdur və biz bu qardaşlıq əlaqəsinə çox yüksək qiymət veririk. Hesab edirəm ki, bu əlaqələr bundan sonra da daha da genişlənməli, inkişaf etməlidir. Məhz bu əlaqələrin rəmzi olaraq Bakının gözəl guşələrindən birində olan parka "İzmir parkı" adı verilib. Görünür, biz bu gün burada da belə bir parkla rastlaşacağıq.

Bunlar hamısı qısa bir müddətdə, yəni Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, əlaqələrimizin sürətlə inkişaf etdiyi bir zamanda əldə olunan nailiyyətlərdir. Ancaq düşünün, qarşıda neçə illər, nə qədər böyük imkanlar var və biz bu sürətlə, bundan da artıq sürətlə inkişaf edəcəyiksə, -və etməliyik, -görün Türkiyə və Azərbaycan bir-birinə nə qədər yaxın olacaq, dostluğumuz, qardaşlığımız nə qədər sıx olacaqdır.

Bu gün "9 Eylül" Universitetində mən Türkiyə vətəndaşları ilə bərabər azərbaycanlıları, Azərbaycan vətəndaşlarını da gördüm. Hətta mən ordan çıxıb universiteti tərk edərkən iki gənc- bir qadın, bir kişi mənə yaxınlaşdı. Gözəl qız özünü tanıtmaq üçün dedi ki, mən Şakirzadənin qızıyam, - Şakirzadə Azərbaycanın böyük alimlərindən, filosoflarından biridir, - deyir ki, beş ildir burada çalışıram. Gənc oğlan isə skripkaçıdır. Soruşdum ki, burada vəziyyətiniz necədir, necəsiniz? Dedilər ki, çox gözəldir, yaxşıyıq. Bu, mənim sadəcə bir dəqiqə içində rastlaşdığım haldır. Son dörd-beş ildə belə hallar nə qədər çoxdur. Şübhəsiz ki, bunlar bizi sevindirir. Məhz belə zərrələrlə, bizim ümumi Türkiyə-Azərbaycan abidəsini quran, yaradan insanların qoyduğu hər kərpiclə də gələcək nəsillər üçün gözəl bir abidə ucaldacağıq. O abidənin də adı əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğudur.

Bu gün burada, İzmir şəhərində bizə göstərilən qonaqpərvərliyə, çox hərarətli münasibətə, çox dost münasibətinə görə təşəkkür edirəm. İzmir valisinə, bələdiyyə başkanına öz minnətdarlığımı bildirirəm.Bir daha qeyd edirəm ki, mənim bu səfərim zamanı, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün görülən işlər özünün gələcək nəticələrini verəcəkdir. Biz bu işlərə, bu dostluğa sadiqik və daim sadiq olacağıq. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələri gündən-günə yüksələcəkdir.

Rica edirəm, Türkiyə-Azərbaycan dostluğunun şərəfinə, Türkiyə Cümhuriyyətinin şərəfinə, Türkiyə Cümhuriyyətinin prezidenti, mənim əziz dostum Süleyman Dəmirəlin şərəfinə, İzmir şəhərinin şərəfinə, İzmir vətəndaşlarının, sakinlərinin şərəfinə, İzmir valisinin, bələdiyyə başkanının şərəfinə və bütün İzmir əhalisinin şərəfinə badə qaldıraq. Sağ olun, sizə xoşbəxtlik arzu edirəm.

"Azərbaycan" qəzeti, 9 may 1997-ci il.