Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü - Aşqabad, «Ruhiyyət» sarayı, 24 aprel 2002-ci il


Azərbaycan prezidentini hərarətlə salamlayan cənab Vladimir Putin yaranmış hər bir imkandan istifadə edib Prezident Heydər Əliyevlə görüşməyindən çox şad olduğunu nəzərə çatdırdı.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşünün böyük əhəmiyyət daşıdığını vurğuladı:

Vladimir Putin: Başlıca nəticə ondan ibarətdir ki, müxtəlif səviyyələrdə on il ərzində aparılmış danışıqlardan, söhbətlərdən, görüşlərdən, müzakirələrdən sonra biz, nəhayət, bir yerə toplaşa bildik. İkinci mühüm cəhət ondan ibarətdir ki, biz Xəzərin problemi ilə əlaqədar belə yüksək səviyyədə müntəzəm olaraq görüşmək barədə razılığa gəldik. Nəhayət, hamı belə bir yekdil rəydədir ki, məsələləri, o cümlədən də mübahisəli xarakterli məsələləri ancaq həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar prosesində həll etmək olar. Zənnimcə, bunu bu görüşün müvəffəqiyyəti adlandırmaq olar.

Son vaxtlar təhlükəsizlik məsələlərinə, o cümlədən də ən kəskin məsələlərə dair intensiv dialoqlar aparılır. Diqqətəlayiq haldır ki, bizim görüşüb bu və ya digər məsələləri müzakirə etməyə imkanımız vardır.

Heydər Əliyev: Mən də bu fikirdəyəm, bizim belə imkanımız var, ümumiyyətlə, daha tez-tez görüşməyə ehtiyac duyulur. Şəxsən mən hesab edirəm ki, biz bu imkanlardan istifadə etməliyik. Bu, yaxşı imkandır. Biz burada Xəzər problemi ilə əlaqədar gərgin işləyirik. 2001-ci ilin yanvarında Sizin Azərbaycana rəsmi səfərinizdən sonra başlanmış dialoqumuz davam edir. Bu dialoq mənim Moskvaya səfərimdən sonra daha böyük vüsət alıbdır. Rusiya ilə Azərbaycan arasında münasibətlər ölkələrimizin mənafeləri naminə yaxşı istiqamətdə inkişaf edir. Biz Azərbaycanda buna şahidik. Hesab edirəm ki, Bakıda və Moskvada imzaladığımız bütün sənədlərdə nəzərdə tutulanları yerinə yetirməyə imkanımız vardır.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsindən də söhbət açıldı. Prezident Vladimir Putin bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya bu münaqişənin tezliklə həll olunması üçün öz səylərini artırmağa hazırdır.

Cənab Vladimir Putin Azərbaycan Prezidenti Heydər Əliyevi bu ilin iyun ayında Sankt-Peterburqda görmək arzusunda olduğunu bir daha nəzərə çatdırdı.

Prezidentlər regionda vəziyyət, Azərbaycan–Rusiya əməkdaşlığının daha da möhkəmləndirilməsi və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi apardılar.