Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün bəyanatı - 6 dekabr 1996-cı il


Hörmətli xanımlar və cənablar, axşamınız xeyir olsun!

Bu gün ictimaiyyətin nümayəndələri ilə geniş söhbətimiz oldu, ona görə də mətbuat konfransının keçirilməsi bir balaca ləngidi və bu, xüsusən respublikamıza gəlmiş jurnalistlər üçün müəyyən qədər çətinlik yaratdı. Ümidvaram ki, siz bunu üzrlü səbəb sayacaqsınız. Lakin indi mən sizin qarşınızdayam və bütün suallarınıza cavab verməyə hazıram.

Doğrudur, mən azərbaycanca danışmışam, tərcümə olunmasa da güman edirəm ki, verdiyim məlumatla müəyyən qədər tanışsınız. Ona görə də hesab edirəm ki, xüsusi bir bəyanat verməyə ehtiyac yoxdur. Yəqin ki, sizi maraqlandıran və narahat edən suallara dərhal cavab versəm, daha yaxşı olar. Buyurun.

Sual: Hörmətli cənab prezident, zaman Qarabağ probleminə yeni mövqelərdən yanaşmağı tələb edir. Təəssüf ki, bunu hamı başa düşmür və bəzi kütləvi informasiya vasitələrindən olan həmkarlarımız belə yazmışlar ki, Lissabonda Azərbaycan nümayəndə heyəti və Azərbaycan diplomatiyası guya məğlubiyyətə uğramışdır. Hörmətli cənab prezident, xahiş edirəm, bu görüşün yekunlarından və mühüm sənədlərin imzalanmasından danışasınız.

Cavab: Lissabon Zirvə görüşünün yekunları haqqında bu gün azərbaycanca danışmışam. Təəssüflənirəm ki, danışdıqlarım tərcümə olunmadı. Buna baxmayaraq, sualınıza cavab verərək deyə bilərəm ki, əlbəttə, bizdə informasiya orqanları tamamilə müstəqildir və istədiklərini azad şəkildə yaza bilərlər. Lakin həqiqətən uzağa getmək lazım deyildir.

Dövlət və hökumət başçılarının Lissabon görüşü bütövlükdə uğurla bitdi. Hesab edirəm ki, görüş Azərbaycan Respublikası üçün, Azərbaycan nümayəndə heyəti üçün də uğurla başa çatdı. Orada vəziyyət çox mürəkkəb idi. Azərbaycan çalışırdı ki, Lissabon Zirvə görüşünün yekun sənədində xüsusi maddə olsun və bu maddədə Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılmasının əsas prinsipləri öz əksini tapsın. Bunlar Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə əsasında özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın, onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi prinsipləridir. Layihədəki 20-ci maddə məhz bu prinsiplər nəzərə alınaraq tərtib edilmişdi. Lakin Ermənistan nümayəndə heyəti bu maddəni qəbul etmədi və öz veto, konsensus hüququndan istifadə edərək, onun qəbul olunmasına maneçilik törətdi. Hərçənd ki, bu maddə bizi də tam qane etmirdi. Buna baxmayaraq, biz belə hesab edirdik ki, əgər o qəbul edilərsə, onda bütün üç prinsip - ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək özünüidarə muxtariyyəti və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat prinsipləri Lissabon Zirvə görüşünün yekun sənədində öz əksini tapacaqdır.

Lakin Ermənistan tərəfi öz vetosunu götürmədi. Onda biz bütün sənədə, yəni Lissabon Zirvə görüşünün bütün bəyannaməsinə veto qoyduq. Bu, dövlət və hökumət başçılarında çox böyük narahatlığa səbəb oldu. Ona görə ki, bu halda Zirvə görüşü hər hansı bir sənəd qəbul edilmədən başa çata bilərdi. Bizimlə çoxlu danışıqlar aparıldı. Bizə izah edirdilər ki, Zirvə görüşünün belə qurtarması arzuolunmazdır və çox kədərlidir. Bu zaman biz də öz mövqeyimizi izah edirdik. Axırıncı iclasadək, hətta dekabrın 3-də günorta iclas başlanana qədər sənəd, diplomatik dildə deyildiyi kimi, kvadrat mötərizələrdə qaldı. Yəni sənəd üçün Azərbaycan nümayəndə heyətinin konsensusu yox idi. Biz ona veto qoymuşduq.

Nəhayət, dövlət və hökumət başçılarının, müxtəlif nümayəndə heyətləri nümayəndələrinin bizimlə çoxsaylı görüşləri, danışıqları, söhbətləri və məsləhətləşmələri nəticəsində bizə alternativ variant, yəni artıq məlum olan və dərc olunan bəyanatı təklif etdilər - əgər Zirvə görüşünün bütün iştirakçıları, ATƏT-in üzvləri münaqişənin tənzimlənməsinin əsas prinsiplərini əks etdirən formulla razı olarlarsa, lakin Ermənistan veto qoyarsa, bu halda ATƏT-in qalan bütün üzvləri, - bu isə 53 və ya 54 dövlətdir, - bu barədə öz ümumi rəyini, ümumi iradəsini ATƏT-in indiki sədrinin xüsusi bəyanatında ifadə edə bilərlər. ATƏT-in indiki sədri təşkilatın bütün üzvləri adından çıxış edəcək və bu formul onun bəyanatında əks olunacaqdır.

Biz bunu məqbul saydıq və bununla yalnız axırıncı iclasın başlanğıcında bir şərtlə razılaşdıq ki, bu, qəbul edilsin. İclasda təşkilatın indiki sədrinin məhz bu cür bəyanatı oxunduqda biz öz vetomuzu götürdük və Lissabon Zirvə görüşünün ümumi sənədi qəbul olundu. Bununla da, biz Zirvə görüşünün sənədini aldıq, çünki orada qeyd olunmuşdur ki, bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil edilir. Zirvə görüşünün bu sənədində Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasının üç bənddən ibarət prinsipləri - Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə verən özünütəyinetmə əsasında Dağlıq Qarabağın sazişdə müəyyən edilmiş hüquqi statusu və Dağlıq Qarabağın, onun bütün əhalisinin təminatlı təhlükəsizliyi prinsipləri əks etdirilmişdir. Bəyanatda göstərilir ki, bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri dəstəkləyirlər və bu bəyanat ATƏT-in sənədlərinə daxil edilir. Biz həmin sənədlə geri qayıtdıq. Buna görə də kim necə istəyirsə, elə də hesab edir. Mən belə hesab edirəm ki, ATƏT bizim bu təşkilatda olduğumuz dövr ərzində və bu münaqişə ilə məşğul olduğu dövrdə biz ilk dəfə elə bir sənəd əldə etdik ki, burada Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasının əsas prinsipləri əks etdirilmişdir.

Sual: Hörmətli prezident, Siz Qafqazda və bütün dünyada sülh axtaran lidersiniz. Bunun ən bariz nümunəsi Lissabon Zirvə toplantısıdır. Qafqazda sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün Azərbaycan qonşu ölkələrə və digər türk dövlətlərinə nə ilə kömək edə bilər? Təşəkkür edirəm.

Cavab: Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsi artıq səkkiz ildir davam edir. Ermənistan Azərbaycana hərbi təcavüz edibdir, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur, bir milyondan çox Azərbaycan vətəndaşı bu işğal olunmuş torpaqlardan zorla çıxarılıbdır və indi çadırlarda ağır vəziyyətdə yaşayır. Biz 1994-cü ilin may ayında atəşi dayandırmışıq, 2 il 7 aydır ki, atəşkəs rejimi mövcuddur. Biz atəşkəs rejimini bundan sonra da davam etdirmək fikrindəyik. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Məsələni məhz sülh yolu ilə həll etmək üçün Lissabon Zirvə görüşündə bu sülh danışıqlarının əsas prinsiplərini əldə etmək istəyirdik ki, bu, tək bizim təklifimiz olmasın, həmin prinsiplər ATƏT-ə daxil olan dövlətlər üçün də məqbul olsun, yəni onlar bunu təsdiq etsinlər. Biz buna nail olduq. Biz bundan sonra da bu yolla getmək istəyirik. Mən bu gün artıq bəyan etmişəm və bir daha bəyan edəcəyəm ki, biz döyüşə yenidən başlamaq istəmirik, müharibə istəmirik. Biz tam sülh istəyirik. Hesab edirəm ki, biz bu münaqişəni həmin prinsiplər əsasında aradan qaldıra bilərik.

O ki qaldı başqa ölkələrdəki münaqişələrə, bəli, Qafqazda Gürcüstan - Abxaziya münaqişəsi var, Gürcüstan - Osetiya münaqişəsi var, yaxud da Qafqazda Çeçenistan - Rusiya münaqişəsi var, bir balaca zəif olsa da çeçen-inquş münaqişəsi var. Bəli, Qafqaz bölgəsində bu münaqişələr var. Arzu edirəm ki, bu münaqişənin hamısı sülh yolu ilə həll edilsin, müharibə olmasın, heç yerdə atəş olmasın. Biz həm öz münaqişəmizi, həm də qonşu ölkələrdəki münaqişələri sülh yolu ilə həll etmək üçün öz imkanlarımızdan bundan sonra da istifadə edəcəyik.

Sual: Heydər Əliyeviç, Sizə sual verməzdən əvvəl demək istəyirəm ki, mən bu salonda bəlkə də yeganə adamam ki, Siz mənə borclusunuz. Bəli, dörd ildir ki, Siz mənə müsahibə borclusunuz. Biz Sizinlə Naxçıvanda söhbət edəndə mən Sizə dedim ki, vaxt gələcək, xalq Sizi Bakıya çağıracaq. Siz onda gülümsədiniz. Mən isə dedim: Onda mənə müsahibə verərsiniz. Buraya da məhz ondan ötrü gəlmişəm. Mən mətbuat konfransından sonra Sizin qərarınızı gözləyəcəyəm.

Hələlik isə sualım belədir - sənədi imzalamaq, yoxsa imzalamamaq kimi ən faciəli, ən incə məqamda Siz Rusiya hökumətinin başçısı Viktor Çernomırdinin və xarici işlər naziri Yevgeni Primakovun münasibətini necə hiss etdiniz - bu, diplomatik nəzakət, yoxsa Sizin mövqeyinizin güclü şəkildə dəstəklənməsi demək idi?

Cavab: Hörmətli Korsunski, ən əvvəl mən sizi Azərbaycanda salamlayır və şadam ki, siz respublikamıza gəlmisiniz. Söz yox ki, mən öz borcumu verəcəyəm və Siz məndən müsahibə alacaqsınız. Sizə minnətdaram ki, mənim üçün ağır dövrdə - 1990-cı və ya 1991-ci ildə, mən Naxçıvanda yaşadığım dövrdə siz həqiqətən Sankt-Peterburqdan Naxçıvana gəldiniz və mənimlə söhbət etdiniz. O dövrdə Naxçıvan blokadada idi, - yeri gəlmişkən, indi də blokadadır, lakin bu gün ona kömək göstərməyə hər halda imkanımız var, - mən Moskvada və Bakıda məruz qaldığım təqiblərdən can qurtararaq oraya getmişdim və adi bir sakin kimi orada yaşayırdım. Yadımdadır, suallarınıza cavab verdim və sonra siz mənimlə müsahibəni "Ças pik" qəzetində dərc etdirdiniz. Mən sizə buna görə, həmçinin ona görə təşəkkür edirəm ki, siz söhbətimiz barəsində vicdanlı hərəkət etdiniz və hər şeyi dediyim kimi dərc etdirdiniz. Buna görə də mən sizinlə görüşməyə çox şadam. Güman edirəm ki, bu gün, ya da sabah sizinlə xüsusi olaraq görüşəcəyəm.

İndi də sizin sualınız barədə. Deməliyəm ki, Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya Federasiyasının baş naziri cənab Çernomırdin və Rusiyanın xarici işlər naziri cənab Primakov bu prosesdə çox fəal iştirak etdilər. Mən onlarla sammitdən əvvəl də, sammit zamanı da görüşdüm. Onlar mənim mövqeyimi başa düşdülər və ümumi sənədə konsensus verməməyimə rəğbətlə yanaşdılar. Lakin bununla yanaşı, digər nümayəndə heyətinin rəhbərləri kimi, onlar da çox narahat idilər ki, sammit sənəd qəbul edilmədən başa çata bilər. Bildiyiniz kimi Rusiya Minsk qrupunun həmsədridir, buna görə də Rusiyanın üzərinə xüsusi məsuliyyət düşürdü. Həmçinin Minsk qrupunun həmsədri olan Finlandiya ilə birlikdə Rusiya Lissabon Zirvə toplantısı ərəfəsində Helsinkidə təklif irəli sürmüşdü və bu təklif sammitin yekun sənədinin 20-ci maddəsinin prinsipcə əsasını təşkil etmişdi. Lakin Ermənistanın veto qoyması nəticəsində bu maddə qəbul olunmadı. Alternativ qərar axtarmağa başlandıqda Rusiya nümayəndə heyəti, cənab Çernomırdin və cənab Primakov bu işdə çox yaxından iştirak etdilər və buna görə mən onlara minnətdaram.

Rusiya nümayəndə heyətinin başçısı, baş nazir cənab Çernomırdin ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatı qəbul olunan zaman da çıxış etdi və zənnimcə, bu bəyanatı çox güclü dəstəklədi və əmin etdi ki, Rusiya bu münaqişənin aradan qaldırılması üçün hər şey edəcəkdir. Mən çox razıyam. Burada, sizin dediyiniz kimi, diplomatik nəzakət yox idi, real dəstək var idi.

Sual: Bu gün Azərbaycanın dəqiq xarici siyasət strategiyası sayəsində Ermənistanın beynəlxalq meydanda təklənməsi artıq bir faktdır. Odur ki, Yuqoslaviya barəsində görülmüş tədbirin ATƏT çərçivəsində Ermənistan barəsində də həyata keçirilməsi, yəni Ermənistanın ATƏT forumlarında səs hüququndan məhrum edilməsi mümkündürmü?

Cavab: Bilirsiniz ki, mən ATƏT-in adından danışa bilmərəm. Lakin şəxsən mən istəməzdim ki, Ermənistan barəsində belə qərar qəbul edilsin. Mən bu gün də, Lissabonda da bildirmişəm ki, biz hər halda Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı anlaşma yaratmaq istəyirik. Ermənistan nümayəndə heyətinin Lissabonda özünü destruktiv aparmasına baxmayaraq, ümidvaram ki, ATƏT-in fəaliyyətdə olan sədrinin bütün ATƏT üzvləri adından məlum bəyanatı qəbul edildikdən sonra artıq Ermənistanda düşünərlər və qarşılıqlı anlaşmaya nail olmağımız, danışıqlar prosesini daha da gücləndirməyimiz, əlbəttə, sammitin bəyanatında öz əksini tapmış üç prinsip əsasında gücləndirməyimiz üçün yəqin ki, müəyyən addımlar atacaqlar.

Sual: Cənab prezident, Xəzəryanı dövlətlərin noyabrda Aşqabadda axırıncı görüşündə Xəzərin statusu haqqında qəti qərar yenə də qəbul edilmədi. Məni maraqlandıran budur ki, indi bu məsələnin həlli hansı mərhələdədir və statusun perspektivi necədir?

Cavab: Bilirsinizmi, Xəzər dənizinin statusu haqqında indi hər hansı bir qərar qəbul etmək son dərəcə çətindir. Hətta deyərdim ki, əslində qeyri-mümkündür. Xəzərin statusunu müəyyənləşdirmək məqsədi ilə hər hansı bir əsas işləyib hazırlamaq üçün cəhdlər göstərilir. Məsələn, mən hesab edirəm ki, buna çox vaxt, bəlkə də illərlə vaxt gedəcəkdir. Azərbaycanın mövqeyinə gəldikdə, biz onu noyabrın 12-də Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bildirmişik. Azərbaycanın və Qazaxıstanın mövqeyi eyni olmuşdur - biz Xəzərin təkindən, onun mineral resurslarından istifadə olunması üçün Xəzər dənizini sektorlara bölməyi təklif edirik. Digər üç ölkə - İran, Rusiya və Türkmənistan başqa variant təklif edirlər. Bu variant nəinki təkcə bizim üçün, hesab edirəm ki, prinsipcə məqbul deyildir. Buna görə də orada heç bir qərar qəbul edilmədi. Belə bir ümumi bəyanat verildi ki, nazirlərin görüşü oldu və onlar Xəzər dənizinin statusu problemləri barədə fikir mübadiləsi apardılar. Doğrudur, orada Rusiya, İran və Türkmənistan Xəzər dənizinin bu ölkələrə aid sahil sularındakı resurslardan istifadə olunması üçün müştərək şirkət yaradılması haqqında saziş imzaladılar. Biz buna etiraz etmirik, yarada bilirlər - qoy yaratsınlar.

Sual: Cənab prezident, Azərbaycan NATO-nun üzvü olmaq niyyətindədirmi? Azərbaycan hansı təşkilatı regionda sabitliyin və sülhün təminatçısı, habelə bölgədəki mövcud regionlararası, millətlərarası münaqişələrin aradan qaldırılmasının təminatçısı hesab edir? Ermənistanla birbaşa dialoq barəsində Siz nə düşünürsünüz? Bu, mümkündürmü?

Cavab: Birinci suala cavab olaraq deyim ki, biz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzaladıq və bu proqram çərçivəsində NATO ilə əməkdaşlıq edirik.

O ki qaldı ikinci sualınıza, yəni Azərbaycanın hansı təşkilatı sabitliyin və münaqişəni aradan qaldırmağın təminatçısı hesab etməsi barədə suala, bilirsinizmi, indi Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə həlli məsələsi müzakirə olunur. Bu məsələ ilə əlaqədar ATƏT-in və onun yaratdığı Minsk qrupunun, Minsk konfransının müvafiq tədbirləri həyata keçirilir. ATƏT Minsk konfransını 1992-ci ildə, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün xüsusi olaraq yaratmışdır. Biz belə hesab edirik ki, ATƏT-in Minsk qrupu, Minsk konfransı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə nail olmaq üçün daha böyük imkanlara malikdir. Buna görə də biz ATƏT çərçivəsində Minsk qrupu ilə əməkdaşlığı davam etdirəcəyik, xüsusən də tənzimlənmənin əsas prinsiplərinin öz əksini tapdığı ATƏT bəyanatını, sənədini əldə etdikdən sonra. Əlbəttə, bununla yanaşı, biz danışıqlar prosesinin gedişinə müsbət təsir göstərmək üçün bütün beynəlxalq təşkilatlardan, o cümlədən, BMT-dən, habelə başqa ölkələrə nisbətən buna daha böyük imkanları olan ABŞ, Rusiya kimi dövlətlərlə ikitərəfli münasibətlərimizdən də istifadə edəcəyik. Biz bundan sonra da bu imkanlardan istifadə edəcəyik. Ancaq biz hesab edirik ki, ATƏT və Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün mühüm vasitədir.

Üçüncü sual ilə əlaqədar deyim ki, Ermənistanla Azərbaycan arasında bilavasitə dialoq, əlbəttə, kəsilməmişdir. Bu dialoqu Azərbaycan prezidentinin nümayəndəsi Vəfa Quluzadə və Ermənistan prezidentinin nümayəndəsi Libaridyan aparmışlar. Lissabonda prezident cənab Ter-Petrosyanla görüş zamanı da biz razılığa gəldik ki, bu dialoq fəal surətdə davam etdirilsin. Yeri gəlmişkən, Ter-Petrosyan sammitin yekun iclasında da bu cür bəyanat vermişdir.

Sual: Cənab prezident, Azərbaycanın Avropa Şurasına daxil olması haqqında danışıqlar indi hansı mərhələdədir?

Cavab: Siz bilirsiniz ki, bizi oraya, özlərinin dediyi kimi, dəvət olunmuş qonaq, yaxud Avropa Şurasına namizəd kimi qəbul ediblər. Ümidvarıq ki, təxminən gələn ilin əvvəllərində Azərbaycan Avropa Şurasına qəbul ediləcəkdir.

Sual: Bundan əvvəlki Zirvə toplantısında - Budapeştdə Ermənistanın mövqeyi indiki kimi sərt olmamışdır. O vaxtdan iki il keçmişdir və elə təsəvvür yaranır ki, indi bütün atəşkəs dövrü ərzində ən gərgin günlər başlayır. Sizcə, bununla əlaqədar Lissabon sammiti yekunlarının real əhəmiyyəti nədən ibarətdir və dəyişmiş vəziyyətdə Rusiyanın rolu necə ola bilər?

Cavab: Bilirsinizmi, sammitin yekunu ondan ibarətdir ki, onun son, əsas sənədində münaqişədən bəhs olunmur, çünki 20-ci maddə Ermənistanın təkidi ilə çıxarılmışdır. Lissabon sammitinin daha bir sənədi var - bu, fəaliyyətdə olan sədrin sammit adından verdiyi bəyanatdır. Mən demişəm və təkrar edirəm, - bu yaxşı zəmindir və hesab edirəm ki, mühüm sənəddir. Bu sənəd tam sülhə nail olmaq, münaqişəni aradan qaldırmaq üçün Ermənistanla Azərbaycan arasındakı danışıqlarda yeni mərhələ açır. Çünki Ermənistan Minsk qrupu çərçivəsində görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyündən söhbət gedən formulu qəbul etməkdən boyun qaçırdı. Son vaxtlar onlar hətta o dərəcəyə çataraq bildirmişlər ki, Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın tərkibindən kənarda təyin edə bilər - aydın deyil ki, harada və necə. Ona görə də indi, Ermənistan istisna olmaqla, sammitin bütün iştirakçıları, ATƏT üzvləri bu bəyanata səs verdiyi bir vaxtda - özü də bu bəyanat qəbul edilərkən Amerika Birləşmiş Ştatlarının da, Rusiyanın da, Finlandiyanın da nümayəndələri çıxış edib bildirdilər ki, onlar bu bəyanatı dəstəkləyirlər və danışıqlar məhz onun əsasında aparılacaqdır, Avropa Birliyinin 15 ölkəsi adından İrlandiyanın baş naziri çıxış etdi və bu üç prinsipi dəstəklədiyini bildirdi, - bütün bunlar sülh danışıqlarının aparılması üçün tamamilə yeni səhifə, yeni mərhələ açır. Sammitdən sonra Ermənistan tərəfi öz mövqelərini yenidən nəzərdən keçirib müəyyən dərəcədə dəyişməlidir. Ümidvaram ki, biz dialoqu davam etdirəcək və sülhə nail olmaq üçün bu prinsiplər əsasında daha intensiv danışıqlar apara biləcəyik.

Rusiyanın roluna gəldikdə, Rusiya Minsk qrupunun həmsədri olaraq qalır. Finlandiya Minsk qrupunda bundan sonra həmsədr olmayacaq və onun yerini başqa dövlət tutacaqdır. Rusiya isə həmsədr olaraq qalır. Buna görə də həm Minsk qrupunun həmsədri, həm də Zaqafqaziya bölgəsinə, Ermənistana və Azərbaycana çox yaxın münasibəti olan ölkə kimi Rusiya bu münaqişənin həllində, sülh əldə edilməsində, şübhəsiz, çox böyük rol oynaya bilər. Mən buna ümid bəsləyirəm.

Sual: Hörmətli prezident, Lissabonda çətin mübarizəniz zamanı Sizə ən çox hansı ölkə dəstək verdi? Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz? Lissabon Zirvə toplantısının prinsiplərinə uyğun olaraq qarşıdakı illərdə Azərbaycan xalqı Türkiyədən nə kimi yardım gözləyir? Bir də, Siz nə üçün rusca danışırsınız?

Cavab: Mən rusca verilən suallara rusca cavab verirəm, buna görə də siz gərək məni üzrlü hesab edəsiniz.

Mən sizə bildirmək istəyirəm ki, orada bizim mövqeyimizi, demək olar, bütün dövlətlər dəstəkləyirdilər. Ancaq aydındır ki, bu problemlə birinci növbədə məşğul olan Minsk qrupunun dövlətləridir. Onların arasında Amerika Birləşmiş Ştatları da, Rusiya da, Türkiyə də, Almaniya da, Fransa da, Finlandiya da və başqa dövlətlər də var. Onların hamısı bizim mövqeyimizi dəstəkləyirdi. Başqaları da dəstəkləyirdi. Mən orada çox görüşlər keçirdim. Məsələn, ABŞ-ın vitse-prezidenti cənab Qor, Rusiyanın baş naziri cənab Çernomırdin, Almaniyanın xarici işlər naziri cənab Kinkel, Fransanın xarici işlər naziri cənab Erve de Şarett, Böyük Britaniyanın xarici işlər naziri cənab Rifkind və digər şəxslər - prezidentlər, baş nazirlər ilə görüşdüm. Ümumiyyətlə, biz çox görüşlər keçirdik. Türkiyənin cümhur başkanı, əziz dostum Süleyman Dəmirəl bizim bu məsələlərlə daim məşğul olur. Mən Lissabona gələn günü, yəni dekabrın 1-də Süleyman Dəmirəl ilə xüsusi görüş keçirdik. O məni Türkiyənin Lissabondakı səfirliyinə dəvət etdi. Orada biz bu məsələni də müzakirə etdik. Türkiyə bizim mövqeyimizi daim dəstəkləmişdir - keçmişdə də, Lissabonda da.

Biz Türkiyədən nə gözləyirik? Onu gözləyirik ki, Türkiyə bundan sonra da bizimlə birlikdə olsun, bizim yanımızda olsun. Türkiyənin cümhur başkanı Süleyman Dəmirəl də, ölkənin digər rəhbərləri də deyirlər ki, Azərbaycanın dərdi Türkiyənin dərdidir, Azərbaycanda güləndə Türkiyədə də gülürlər, Azərbaycanda kədərlənəndə Türkiyədə də kədərlənirlər. Bax, bu, doğrudan da, bizim dostluğumuzun, qardaşlığımızın prinsipidir. Biz dostluğumuzu məhz bu prinsip əsasında davam etdirəcəyik.

Sual: Cənab prezident, Siz sammitin birinci günündə edilən çıxışdan sonra Levon Ter-Petrosyanla keçirdiyiniz görüşdən danışdınız. Sammitin əhəmiyyətini dərk edərək biz bu görüşün gedişini Portuqaliyadan peyk vasitəsilə birbaşa verilişdə izləyirdik. Sammit bitdi və bu zaman Sizin Ter-Petrosyanla kiçik bir dialoqunuz oldu. Maraqlıdır, bu zaman nə danışdınız? Sualımın davamı olaraq soruşmaq istəyirəm: Sizə elə gəlmirmi ki, diplomatiyanın güclü və ya zəif olması praktikası diplomatiya arxayınçılığına gətirib çıxarır? Çox sağ olun.

Cavab: Siz sammit bitəndən sonra Ter-Petrosyanla olan görüşümüzümü deyirsiniz? Bəli, həmin dialoq ondan ibarət oldu ki, biz bir gün əvvəl danışmışdıq və danışığımızın sonunda prezident Ter-Petrosyan da, mən də bəyan etdik ki, bir-birimizə qarşı sərt çıxışlarımıza baxmayaraq, biz danışıqlar prosesini davam etdirəcəyik - Minsk qrupu çərçivəsində danışıqlar aparacağıq və birbaşa danışıqlar da davam etdiriləcəkdir. Həmin bir neçə saniyəlik görüşümüz də bunun təsdiqinə həsr olunmuşdu.

O ki qaldı diplomatiyanın güclü və ya gücsüz olmasına, bilirsinizmi, bunlar bir növ nəzəri fikirlərdir. Mən buna vaxt itirmək istəmirəm.

Sual: Siz MDB-nin gələcəyini necə görürsünüz?

Cavab: Mən MDB-ni indikindən daha təsirli birlik kimi görmək istərdim. Ona görə ki, MDB onu görmək istədiyimiz səviyyəyə hələ gəlib çıxmamışdır. Dünyada nümunə ola biləcək misallar var. Məsələn, Avropa Birliyi, digər ittifaqlar. Elə etmək lazımdır ki, MDB-nin fəaliyyətində qarşılıqlı münasibətlərdə demokratik prinsiplər üstünlük təşkil etsin. Gərək MDB öz fəaliyyətinin üstün istiqamətlərini müəyyənləşdirsin, ayrı-ayrı sahələrə səpələnməsin. Aydındır ki, MDB öz təşəkkül dövrünü yaşayır və bu dövrdə qarşıya olduqca çoxlu çətinlik çıxır. Onu da nəzərə almaq lazımdır ki, MDB öz müstəqilliyini yenicə əldə etmiş olan ölkələrdən ibarətdir. Hər ölkənin öz problemləri var, xüsusən də iqtisadi-sosial sahədə. Odur ki, belə bir şəraitdə MDB-nin, məsələn, Avropa Birliyi səviyyəsində olması barədə düşünmək sadəlövhlük olardı. Görünür, illər, bəlkə də çox-çox illər gərəkdir ki, biz bu səviyyəyə gəlib çataq. Lakin biz buna nail olmağa çalışmalı, bu yolla getməliyik. Misal üçün, Azərbaycan bunu istəyir.

Sual: Hörmətli prezident, iki ildən sonra ziyarət etdiyim Azərbaycan həqiqətən çox böyük nailiyyətlər əldə etmişdir. Buna neftdən əldə olunacaq gəliri də əlavə etsək, görərik ki, gələcəkdə Azərbaycanı daha böyük uğurlar gözləyir. Sualım belədir - boru kəmərləri ilə neft nə vaxt axacaq? Azərbaycan neftdən gəliri nə vaxt götürməyə başlayacaq? Təşəkkür edirəm.

Cavab: Əvvəla, təşəkkür edirəm ki, siz iki il bundan öncə gördüklərinizi indi müqayisə edərək ədalətli olaraq, Azərbaycanda baş vermiş dəyişiklikləri görmüsünüz və bu barədə öz sözlərinizi dediniz. Təşəkkür edirəm. Ona görə ki, bəzən ölkəmizə gələn bir para adamlar vəziyyəti düzgün qiymətləndirə bilmirlər. İkincisi, öz ölkəmizin daxilində elə adamlar var ki, onlar müxalifətdə olduqlarına görə Azərbaycanda baş verən hər şeyi qara eynəklə görürlər və hər bir şeyi də pis qiymətləndirirlər. Odur ki, bu müsbət qiymətinizə görə sizə təşəkkürümü bildirirəm.

Azərbaycanda iqtisadiyyat sahəsində baş vermiş dəyişikliklər doğrudan da mövcuddur. Bunlar Azərbaycanın yeritdiyi iqtisadi siyasətin, iqtisadi islahatlar aparılmasının, özəlləşdirmə prosesinə başlanmasının, torpaq islahatının həyata keçirilməsinin, torpağın şəxsi mülkiyyətə verilməsi haqqında qanun qəbul olunmasının, idxal-ixrac prosesinin liberallaşdırılmasının və ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırma prosesinin nəticəsidir.

Şübhəsiz ki, biz Azərbaycanın qapılarını açaraq xarici şirkət və firmaları ölkəmizə dəvət edirik. Ola bilsin ki, keçən illərdə sabitlik olmadığından Azərbaycana o qədər də etibar etmirdilər və çoxları da gəlmirdi. Artıq son iki ildə Azərbaycanda tam sabitlik var və bunu da xarici ölkələrin şirkətləri görür, nəticədə Azərbaycana qoyulan investisiyalar gündən-günə artır. Söz yox ki, bunlar bizim imzaladığımız neft müqavilələri ilə əlaqədar qoyulan investisiyalardır. Güman edirəm ki, bizim neft müqavilələrimiz vaxtında həyata keçirilir. Bir-iki ay bundan öncə mən bu barədə məlumatı dinlədim. Mənə verilən hesabat göstərir ki, nəzərdə tutulan proqram vaxtında həyata keçirilir. Biz heç bir şeydə gecikmirik. Azərbaycandan nefti ixrac etmək üçün Rusiyadan keçən boru kəməri bu ilin sonunda hazır olacaq. 1998-ci ilin sonunda isə Azərbaycandan Qərbi Gürcüstan ərazisi ilə Qara dənizin Supsa limanına gedən boru kəməri çəkilib başa çatdırılacaqdır. Bu boru kəmərinin inşasına 1997-ci ildə başlanacaqdır. Biz böyük boru kəməri barədə də düşünürük. Güman edirəm ki, 1997-ci ildə bu barədə qərar qəbul olunacaqdır.

Mən bilirəm, Türkiyə ictimaiyyəti maraqlanır ki, Bakı - Ceyhan boru kəməri olacaqmı? Mən istəyirəm ki, bu olsun və bunun üçün də çalışıram.

Sual: Cənab prezident, iki il bundan qabaq ağayi Həsənovla mənim müsahibəm oldu. O bildirdi ki, Azərbaycanın həm daxili, həm də xarici siyasəti Azərbaycanın neftindən asılıdır. İndiki vəziyyətdə Azərbaycanın daxili siyasətində də, xarici siyasətində də birinci məsələ Qarabağ problemidir. Sizin fikrinizcə, Xəzər nefti Qarabağ probleminin həllinə nə dərəcədə kömək edəcək?

Cavab: Mən bilmirəm, kim sizə deyib ki, Azərbaycanın daxili və xarici siyasəti Azərbaycan neftindən asılıdır. Deyirsiniz ki, bunu Həsənov bildirib? Mən belə hesab etmirəm, Həsənov da belə hesab etmir. Bizim xarici və daxili siyasətimiz heç bir şeydən asılı olmayan, Azərbaycan Respublikasının milli mənafelərini qoruyan, Azərbaycanın dövlət müstəqilliyini təmin edən, Azərbaycanı Dünya Birliyində bərabər hüquqlu dövlət etməyə yönəldilən bir siyasətdir.

Daxili siyasətimiz Azərbaycanda demokratik hüquqi dövlət qurmaqdır, demokratik prinsipləri inkişaf etdirmək, bərqərar etmək, insan azadlığını, söz azadlığını, mətbuat azadlığını, vicdan azadlığını təmin etməkdir. Bunlar daxili siyasətimizdir və eyni zamanda iqtisadi islahatlar aparmaq, özəlləşdirmə proqramını həyata keçirmək, torpaq islahatı keçirmək, torpağı şəxsi mülkiyyətə vermək və beləliklə də bu iqtisadi islahatlarla Azərbaycanın iqtisadiyyatını canlandırmaqdır. Azərbaycanın böyük iqtisadi potensialı var. Hesab edirəm ki, Azərbaycanda torpaq islahatı başa çatdırılsa, - bunun üçün 2-3 il lazımdır, - Azərbaycanın təbiəti, ümumi torpaqları çox böyük məhsul verəcək və iqtisadiyyatımızın böyük bir hissəsini təşkil edəcəkdir. Azərbaycan həmçinin böyük sənaye potensialına malikdir. Özəlləşdirmə həyata keçirildikdən sonra Azərbaycanın sənaye potensialı yeni bir mərhələyə qədəm qoyacaqdır. Bunun özü də böyük bir nəticə verəcəkdir. Gələcəkdə neft sənayesindən əldə edəcəyimiz nailiyyətləri də bunun üstünə əlavə edim. Bütün bunlar həm daxildə Azərbaycanın sosial-iqtisadi vəziyyətini xeyli yaxşılaşdıracaqdır, həm də xarici ölkələrlə ticarət əlaqələri üçün, iqtisadiyyatımızı dünya iqtisadiyyatına bağlamaq üçün şərait yaradacaqdır.

O ki qaldı Qarabağ məsələsinin həllinə neftin nə dərəcədə kömək edə bilməsinə, ola bilər, kömək edə bilsin. Amma bunları bir-birinə bilavasitə bağlamaq olmaz.

Sual: Ermənistan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi haqqında saziş bağlanmışdır. Bu saziş çox uzun müddət nə Rusiya Dövlət Duması tərəfindən, nə də Ermənistan parlamenti tərəfindən təsdiq edilməmişdir, dünən Ermənistanın konstitusiya məhkəməsi bu sazişin Ermənistan konstitusiyasına müvafiqliyi barədə vaxtından əvvəl qərar çıxarmış və onun təsdiq olunmasını tövsiyə etmişdir. Siz burada Lissabon sammitinin hər hansı bir nəticəsi olduğunu görürsünüzmü? Təşəkkür edirəm.

Cavab: Verdiyiniz məlumata görə sizə təşəkkür edirəm. Mən bunu bilmirdim. Bəlkə də müəyyən bir qarşılıqlı əlaqə var. Mən bunu bilmirəm. Mən prinsipcə hesab etmişəm və edirəm ki, Rusiya Federasiyasının Zaqafqaziya ərazisində, xüsusən Ermənistanda hərbi bazalarının olmasına heç bir lüzum yoxdur. Onlar nəyə gərəkdir, - mən başa düşmürəm. Məsələn, mən hesab edirəm ki, bu tamamilə lazım deyildir. Əgər Ermənistan saziş bağlayıb onu indiyədək təsdiq etməmişdirsə, dünən isə konstitusiya məhkəməsi sazişin təsdiqlənməsi barədə rəy vermişsə, bu, Ermənistanın daxili işidir. Mən Zaqafqaziya ərazisində Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsinin prinsipcə əleyhinəyəm.

Sual: Möhtərəm prezidentimiz, Lissabon sammitində Azərbaycan nümayəndə heyəti nə mümkünsə, ona nail oldu, Budapeşt sammiti ilə müqayisədə irəliyə doğru önəmli addım atdı. Lakin bu dəfə də ermənilər Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyindən düzgün nəticə çıxarmadılar. Bir sözlə, Dağlıq Qarabağa yüksək status verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat onları razı salmır. İndi hamını bir məsələ düşündürür: Bundan sonra ermənilərlə sülh danışıqları hansı yöndə aparılacaqdır?

Cavab: Elə həmin yöndə aparılacaqdır. Yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək status verilməsi prinsipləri Lissabon sammitində ATƏT-in üzvü olan dövlətlər tərəfindən dəstəklənib, qəbul edilibdir. Biz danışıqları da bu prinsiplər əsasında aparacağıq.

Sual: Möhtərəm prezident, Sizdən əvvəlki dövlət rəhbərləri Dağlıq Qarabağla bağlı keçirilən beynəlxalq görüşlərdə heç bir müsbət nəticə əldə edə bilməmişlər. Siz hələ Naxçıvanda blokada şəraitində olarkən Jeleznovodsk danışıqlarının uğursuz nəticələrini xalqa açıqlamışdınız. Siz dövlət rəhbəri olduqdan sonra bütün qüvvənizi Dağlıq Qarabağda sülh əldə olunmasına və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına sərf edirsiniz. Atəşkəs və Lissabondakı qələbə buna bir daha sübutdur. Cənab prezident, Lissabon Zirvə toplantısından sonra Azərbaycan xalqı Sizin siyasi müdrikliyiniz sayəsində hansı qələbəni gözləyə bilər? Çox sağ olun.

Cavab: Bilirsinizmi, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Məsələnin sülh yolu ilə həll olunmasına "qələbə" sözü o qədər də uyğun deyildir. Qələbə adətən vuruşlarda, döyüşlərdə olur, kimsə kiməsə qalib gəlir. Ancaq məsələni sülh yolu ilə həll etmək üçün danışıqlar lazımdır, qarşılıqlı razılıq lazımdır, bir-birinə müəyyən güzəştlərə getmək lazımdır, müəyyən kompromislər lazımdır. Biz məhz belə halda, bu yolla sülh əldə edə bilərik. Sülhün əldə edilməsi heç kəsin qələbəsi deyildir - nə Azərbaycan tərəfinin, nə də Ermənistan tərəfinin. Bu, ümumi qələbədir. Sülh Azərbaycan üçün o deməkdir ki, Azərbaycanın işğal olunmuş əraziləri Ermənistan silahlı qüvvələrindən təmizlənməli, o silahlı qüvvələr oradan çıxarılmalı, didərgin düşmüş vətəndaşlarımız Azərbaycanın işğal olunmuş torpaqları təmizləndikdən sonra öz yerlərinə qayıtmalıdırlar. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmalı, bir-birinə qarşılıqlı inam yaranmalı, bir-birinə olan düşmənçilik, ziddiyyətlər aradan götürülməlidir, keçmiş əlaqələrimizi bərpa etməliyik. Yaralarımız nə qədər dərin olsa da, itkilərimiz nə qədər çox olsa da, bu itkilər bizə nə qədər ağır olsa da, biz irəliyə baxmalıyıq. Ermənistanla Azərbaycan arasında daim düşmənçilik münasibətləri saxlamaq olmaz. Mən bunu Lissabonda prezident Ter-Petrosyanla görüşdə ona da bildirdim və dedim: Əgər siz düşünürsünüz ki, Azərbaycanla Ermənistan daim düşmən olacaq - bu, mümkün deyil, belə olmayacaqdır. Zaman keçəcək, biz sülh əldə edəcəyik, qonşuluq münasibətlərimiz, ticarət və iqtisadiyyat sahəsində əlaqələr bərpa olunacaqdır. Bu, həm Ermənistan, həm də Azərbaycan vətəndaşlarının, həm erməni xalqının, həm də Azərbaycan xalqının rifahı naminə olacaqdır.

Bu yolla getdikdə, şübhəsiz, qələbədən söhbət ola bilməz. Burada söhbət qarşılıqlı razılıqdan gedir. Biz bu yolla gedəcəyik.

Sual: Son vaxtlar Qafqazdakı bütün münaqişə ocaqlarında prezident seçkiləri keçirilməsinə cəhd göstərilir, o cümlədən də qondarma "Dağlıq Qarabağ Respublikası"nda. Sizcə, bu, təsadüfdür, yoxsa hansısa böyük məqsədyönlü siyasətin tərkib hissəsidir?

Cavab: Bilirsinizmi, buna birmənalı cavab vermək mümkün deyildir - bu, təsadüfdür, yaxud da məqsədyönlü siyasətin nəticəsidir. Ola bilər, təsadüf də var, ola bilər, məqsədyönlü bir siyasətdir. Bunun o qədər də böyük əhəmiyyəti yoxdur.

Sual: Əgər Ermənistan ATƏT-in Lissabon sammitinin yekun bəyannaməsinə əlavə edilmiş bəyanatın prinsiplərinə tabe olmasa, onda Azərbaycan hökuməti nə kimi tədbirlər görəcəkdir?

Cavab: Bilirsinizmi, Ermənistan hətta sammitin iclasında da bəyanat elan olunduqdan sonra onun əleyhinə çıxdı. Odur ki, Ermənistan bu bəyanata öz münasibətini bildirmişdir. Buna görə də biz Ermənistanın bu bəyanata tabe olacağını çətin ki, gözləyək. Lakin Ermənistan yaranmış gerçəkliklə hesablaşmaya bilməz. Axı bu bəyanatda göstərilmişdir ki, onu Minsk qrupunun bütün üzvləri və sammitin bütün iştirakçıları - ATƏT-in üzvləri dəstəkləyirlər. Əlbəttə, Ermənistan veto hüququndan istifadə edə bilərdi. Amma həmişə hamıya qarşı çıxış etmək onlar üçün yaxşı hal deyildir. Ermənistan bunu nəzərə almalıdır.

Sual: Möhtərəm prezident, vaxtınızı çox alsam da, bu münaqişədən ən çox zərər çəkmiş əhalinin mətbu orqanının - "Qarabağ" qəzetinin nümayəndəsi kimi bir neçə qısa və konkret sual verəcəyəm. Birinci sualım Lissabon sammiti ilə bağlıdır, yəni xalq, ayrılıqda götürsək, qarabağlılar bu Zirvə toplantısına böyük ümidlər bəsləyirdilər. İkinci sualım: Atəşkəsin uzanması bu münaqişənin Fələstin-İsrail münaqişəsinə yaxınlaşmasına zəmin yaratmırmı? Azərbaycan tərəfi güzəştlərə getdikcə, güzəştlərin sayını artırdıqca Ermənistan tərəfinin öz tələblərini daha da sərtləşdirməsini necə izah edə bilərsiniz və sərtləşmiş tələblərlə, yəni bizim güzəştlərimizlə barışmayan Ermənistanla danışıqlara getməyə dəyərmi? Üçüncü sualım sırf iqtisadi məsələlərlə bağlıdır. Azərbaycanda özəlləşdirmə prosesi artıq başlanmış və davam edir, eşitdiyimizə görə, aldığımız məlumatlara görə, 1997-ci ilin yanvarından vauçerlər paylanacaqdır. Bu baxımdan qaçqın əhali özəlləşdirmədən nə əldə edəcəkdir - itirilmiş torpaqları, dağıdılmış evləri, ləğv edilmiş mülkiyyəti və daha nəyi? Sağ olun.

Cavab: Mən artıq dedim ki, Lissabon sammitində əldə olunmuş sənəd Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün yeni bir mərhələ açır. Bir daha təkrar edirəm, çünki bu sülh danışıqlarını aparmaq üçün əsas prinsiplər müəyyən olunub və onlar o sənəddə öz əksini tapıbdır. Ona görə də hesab edirəm ki, Lissabon sammiti bizi bu məsələnin həllinə daha da yaxınlaşdırıbdır.

İkinci sualınıza cavab verirəm. Siz dediniz ki, guya məsələnin uzanması Fələstin-İsrail münaqişəsi vəziyyətinə gətirib çıxara bilər və biz güzəştlərə getdikcə Ermənistan da öz tələblərini sərtləşdirir. Əvvəla, demək istəyirəm ki, biz heç bir güzəştə getməmişik. Kimsə hesab edirsə ki, biz güzəştlərə getmişik, o, səhv edir. Təklif etdiyimiz üç elementdən ibarət formul əsla güzəşt deyil. Bu, Azərbaycanın mənafelərini tamamilə təmin edən bir formuldur. O ki qaldı məsələnin uzanmasına, məsələ nə qədər tez həll edilsə, şübhəsiz, bir o qədər yaxşı olar. Amma məsələnin uzanmasının da obyektiv səbəbləri var. Əgər vaxtilə Dağlıq Qarabağdan azərbaycanlılar çıxmasaydılar və rayonlarımız işğal edilməsəydi, şübhəsiz, münaqişəni daha asanlıqla aradan qaldırmaq mümkün olardı. Belə vəziyyət isə danışıqlar prosesini çox mürəkkəbləşdiribdir. Amma mən hesab edirəm ki, biz düz yoldayıq və məsələni də məhz bu yolla həll edə bilərik.

Özəlləşdirmə haqqında. Özəlləşdirmə iqtisadiyyatımızı canlandırmaq üçün əsas yoldur. Məlumdur ki, işğal olunmuş torpaqlardakı əmlakımız erməni işğalçıları tərəfindən tamamilə dağıdılıbdır. Ancaq o torpaqlar azad edildikdən sonra onların bərpası üçün xaricdən çox böyük kömək alacağıq. Bunun üçün beynəlxalq təşkilatlar, Ümumdünya Bankı bizə böyük vədlər veriblər. Bunun sayəsində həmin ərazilərdə hər şey bərpa ediləcək və insanlar öz yerlərinə qayıdacaq, orada olan öz əmlakından istifadə edəcəklər.

Vauçerlər isə yaşayış yerindən asılı olmayaraq, qaçqınlığından və ya öz daimi yerində yaşamasından asılı olmayaraq Azərbaycan əhalisinin hamısına veriləcəkdir. Hamı vauçerlərdən istifadə edəcəkdir, özü də hamı eyni hüquqla.

Sual: Siz Qafqazda əmin-amanlıq və sabitlik olmasının vacibliyini ATƏT-in Zirvə toplantısından əvvəl də, bu görüş zamanı da daim vurğulayırsınız. Sizin bu istəyiniz Türkiyə xalqı tərəfindən də dəstəklənir. Siz Lissabona gedərkən Türkiyədə bir nəqliyyat qəzası baş verdi. Mətbuatın yazdığına görə, qəza zamanı sabiq baş nazir, indiki xarici işlər naziri Tansu Çillərin əhatəsindən olan Abdulla Çatlı adlı birisi həlak olmuşdur. Bu adam Qafqazda, ən əvvəl Azərbaycanda bir sıra təxribatlar törətmişdir. Siz Abdulla Çatlının Azərbaycanda fəaliyyəti barədə hər hansı məlumata maliksinizmi?

Cavab: Abdulla Çatlı da, onunla bağlı olan əhvalatlar da mənə məlum deyildir. Əgər Türkiyədə belə bir məlumat varsa və Abdulla Çatlı dediyiniz adam Azərbaycanda bir iş görübsə, yəni onun bir suçu varsa, mən sizdən də, bütün Türkiyədən də rica edərdim ki, araşdırıb bizə bir məlumat verəsiniz. Bir şey məlumdur ki, sizin televiziyada və "Hürriyyət" qəzetində Fərman Dəmirqol adlı birisi bəyanatlar veribdir. O, Azərbaycanda həqiqətən bir neçə il yaşamışdır. Azərbaycanda Xalq Cəbhəsi iqtidarda olan zaman onu parlamentdə işə götürmüşdülər. Sonra isə burada 1995-ci ilin mart ayında Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən dövlət çevrilişinə cəhd göstərilmişdir. O dəstənin başçısı Rövşən Cavadov idi. Həmin dövlət çevrilişi cəhdində Fərman Dəmirqol da iştirak etmişdir. Dəmirqol bu işdə suçludur. Ona görə də yaxşı olardı ki, o, öz günahından danışsın.

Sual: Türkiyədə həm hökumət, həm də ictimaiyyət Azərbaycanda baş verən hadisələri çox yaxından izləyir. Siz söylədiniz ki, Lissabon toplantısında Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəklədi. Lakin Türkiyədə belə fikirlər də var ki, Türkiyənin bəzi siyasi dairələri Azərbaycanda daxili siyasi çəkişmələrə qarışırlar. Bu xəbərlər Azərbaycanda necə qarşılanır?

Cavab: Türkiyə ilə Azərbaycan arasında, dövlətlərimiz və xalqlarımız arasında çox gözəl dostluq və qardaşlıq əlaqələri var. Mən bu əlaqələrin bundan sonra daha da genişlənməsini və daha da güclənməsini istəyirəm. Bilirəm ki, Türkiyənin dövlət və hökumət başçıları da, xüsusən cümhur başkanı, əziz dostum Süleyman Dəmirəl də mənimlə eyni fikirdədirlər. Dediyiniz kimi, Türkiyənin ayrı-ayrı siyasi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, şübhəsiz, yararsız bir şeydir. Belə olmamalıdır. Həmin Fərman Dəmirqolun və onunla əlaqədar olan bəzi məmurların gördükləri iş orada məlumdur. O siyasi dairələr bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz.

Sual: Türkiyə bütün bu dövlət çevrilişi cəhdləri ilə bağlı hadisələri çox diqqətlə izləmişdir. Belə bir məlumat var ki, Siz bu dövlət çevrilişi cəhdi barədə Danimarkada olarkən Süleyman Dəmirəldən xəbər tutmuşdunuz. Əvvəla, bu, belədirmi? İkincisi, Siz dediniz ki, Fərman Dəmirqol dövlət çevrilişi cəhdlərində iştirak etməkdə təqsirləndirilir. Amma o, Türkiyəyə xüsusi təyyarə ilə göndərilmişdir. Nə üçün o, məsuliyyətə cəlb edilməmişdir?

Cavab: Doğrudur, Türkiyənin cümhur başkanı, hörmətli Süleyman Dəmirəl Azərbaycanda belə bir qəsdin hazırlanması barədə mənə məlumat vermişdi. Lakin o vaxt mən bilmirdim ki, bu qəsddə Fərman Dəmirqol və digər Türkiyə vətəndaşları da iştirak edirlər. Qəsdin qarşısı alındıqdan sonra Fərman Dəmirqolu biz həbs etdik. Amma o, Türkiyə vətəndaşı olduğuna görə biz onu Türkiyəyə təhvil verdik.

Sual: Bu, Azərbaycan - Türkiyə münasibətlərinə necə təsir göstərir?

Cavab: Bunların heç birisi əlaqələrimizə, Azərbaycan-Türkiyə əlaqələrinə heç bir təsir göstərə bilməz. Əlaqələrimiz sarsılmazdır. Ona görə də belə kiçik işlər bizim böyük işlərimizə mane ola bilməz.

Sual: Hörmətli prezident, bir az öncə Siz Fərman Dəmirqolun suçlu olduğunu söylədiniz. Onun günahkar olduğu barədə dəlil-sübut varmı?

Cavab: Bəli, onun suçlu olması haqqında Türkiyənin müvafiq orqanlarına lazımi məlumatlar verilibdir.

Sual: Hörmətli prezident, biz Amerika - Azərbaycan əlaqələrini diqqətlə izləyirik. Sizinlə ABŞ prezidenti Bill Klinton arasında telefon söhbətləri, məktub mübadiləsi olur. Aranızda sıx bir təmas var. Bill Klintonun yenidən prezident seçilməsindən sonra onun siyasətində, daha doğrusu, ABŞ-ın siyasətində yeni bir mərhələ olacaqmı, Amerikanın Azərbaycanı dəstəkləməsi davam edəcəkmi?

Cavab: Mən Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının əlaqələrinin çox yüksək səviyyədə olduğunu bildirmək istəyirəm. Biz bu əlaqələrimizi bundan sonra da davam etdirəcəyik. Mən cənab Bill Klintonun yenidən prezident seçilməsindən çox məmnunam. Çünki onunla bizim aramızda şəxsi əlaqələr yaranıbdır. Mən hesab edirəm ki, o, yenidən öz prezidentlik fəaliyyətinə başladıqdan sonra əlaqələrimizdə böyük tərəqqi olacaqdır.

Sağ olun, təşəkkür edirəm. Mən öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz bizə qonaq gəldiniz. Əgər hər hansı narahatlıq olubsa, nəzərə alın ki, mən dünən axşam Lissabondan çox gec qayıtmışam, bu gün səhərdən isə bütün bu məsələlərlə məşğul olmuşam. Odur ki, siz sabah burada qalıb qonağımız ola bilərsiniz.

Mən çox məmnunam ki, Türkiyə mətbuatından Azərbaycana müxbirlər gəliblər. Sizin hər birinizə təşəkkür edirəm, siz bizim qonağımızsınız. Əgər sizlərdən kimsə mənimlə şəxsən görüşmək istəyirsə sabah görüşə bilərik.

Hamınıza təşəkkür edirəm.