Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya - Azərbaycan sənədləri imzalanmasından sonra bəyanatı və jurnalistlərin suallarına cavabı - 9 yanvar 2001-ci il


Rusiya Federasiyasının cənab Prezidenti, çox hörmətli Vladimir Vladimiroviç Putin!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Rusiya Federasiyası Prezidentinin Azərbaycana rəsmi səfəri başlanmışdır və səfərin birinci günü artıq başa çatmaqdadır. Hər şeydən əvvəl, bu səfər Azərbaycan və Rusiya dövlət müstəqilliyi əldə etdikdən sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi, çox böyük tarixi əhəmiyyətə malikdir. Mən bu səfərin həyata keçirilməsinə görə, xahişim yerinə yetirildiyinə və biz bu gün çox səmərəli iş görə bildiyimizə görə prezident Vladimir Vladimiroviç Putinə minnətdaram. Bizim kifayət qədər uzun çəkən və çox səmərəli təkbətək danışıqlarımız və söhbətimiz oldu. Ən başlıcası isə, bu danışıqlar dostluq, qarşılıqlı anlaşma, mehribanlıq və səmimilik şəraitində keçdi. Biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası və hökumətlərarası münasibətlərə, demək olar, həyatın bütün sahələrinə dair çoxlu məsələlər barəsində fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi, təkbətək söhbət əslində, Rusiya Federasiyası və Azərbaycan nümayəndə heyətləri arasında danışıqların uğurla aparılmasının əsası oldu.

Demək istəyirəm ki, Rusiya Federasiyası nümayəndə heyətinin üzvləri də görüşmək və ünsiyyətdə olmaq, iqtisadiyyatın müxtəlif sahələri üzrə və digər istiqamətlərdə bir çox məsələləri müzakirə etmək imkanı əldə etdilər. Nəticədə biz yekun danışıqları apardıq və sənədlər imzaladıq. İndiyədək Rusiya Federasiyası ilə Azərbaycan arasında 70-dən artıq hökumətlərarası, dövlətlərarası sənəd imzalanmışdır. Bu gün onlara daha səkkiz sənəd əlavə olundu. Yəqin ki, bu rəqəm gələcəkdə artacaqdır, çünki həyatın mühüm istiqamətləri sahəsində münasibətlərin tənzimlənməsi zərurəti əlavə tədbirlərin görülməsini və zəruri sənədlərin imzalanmasını tələb edir.

Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin prinsipləri və perspektivlərinin son dərəcə mühüm müddəalarını əks etdirən Bakı bəyannaməsinin böyük əhəmiyyəti vardır. Bu, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək tədbirlərini nəzərdə tutan sənəd, Rusiya ilə Azərbaycan arasında 1997-ci ilin iyulunda bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik müqaviləsi əsasında bizi əməkdaşlığın daha yüksək səviyyəsinə çıxaran sənəddir. Bu sənədin mühüm müddəası ondan ibarətdir ki, biz Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın səviyyəsini daha yüksək pilləyə qaldırmağı öhdəmizə götürmüşük. Mən çox vaxt almaq istəməzdim, bu sənəd ümumən müstəsna əhəmiyyətə malikdir və bugünkü reallıqları, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının perspektivlərini səciyyələndirir.

Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Rusiya Federasiyasının Prezidenti və Azərbaycan Respublikasının Prezidentinin imzaladıqları birgə bəyanatın böyük əhəmiyyəti var, belə ki, Xəzəryanı ölkələrin Xəzər dənizində əməkdaşlığı barədə məsələ artıq 7-8 ildir müzakirə edilir. Ancaq təəssüf ki, biz nəinki öz mövqelərimizi və baxışlarımızı yaxınlaşdıra bilməmişik, hətta hansısa prinsipləri də müəyyənləşdirə bilməmişik. Bu gün isə artıq Rusiya ilə Azərbaycan arasında sənəd imzalanmışdır və o, ölkələrimizin Xəzər dənizində əməkdaşlığının prinsiplərini müəyyənləşdirir. Rusiya Federasiyası ilə Qazaxıstan arasında imzalanmış eyni sənəddən sonra bu sənəd Xəzəryanı ölkələrin daha intensiv əməkdaşlığı və Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üçün böyük imkanlar açır. 

Mən Rusiya prezidentinin Azərbaycana səfərindən çox məmnunam və hesab edirəm ki, bugünkü gün münasibətlərimizdə son dərəcə mühüm mərhələnin başlanğıcı olacaqdır. Biz sabah da işləyəcəyik, lakin artıq bu gün əməli nəticələrdən, həm də olduqca müsbət nəticələrdən danışmaq mümkündür. Azərbaycan Rusiya ilə ölkəmiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi mövqelərində möhkəm dayanmışdır. Bu səfər, danışıqlarımız, imzalanmış sənədlər bu istiqamətdə irəliləyişimizdə yeni mərhələ açır. Diqqətinizə görə sağ olun.

* * *

Sual: Mənim sualım Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinədir. Cənab Prezident, Rusiyanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi əsasında həll olunmasında görməsi barədə Sizin bəyanatınız bizə məlumdur. Rusiya bu münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya bu münaqişənin dinc yolla həlli üçün yaxın perspektivdə hansı addımları atacaqdır?

Vladimir Putin: Siz tamamilə dəqiq xatırladınız ki, biz Minsk qrupunun işinin iştirakçısıyıq və bu strukturun çərçivəsində səylərimizi davam etdirəcəyik. Lakin biz bu gün Azərbaycan Prezidenti Heydər Əliyeviç Əliyevlə razılığa gəldik ki, Rusiya həm Azərbaycan, həm də Ermənistanla özünün ikitərəfli münasibətlərinin intensivliyini artıracaqdır. Biz mümkün kompromis əldə olunmasının bəzi variantları barədə danışdıq. Bu, mürəkkəb prosesdir, ona görə də mən indi təfərrüatdan danışmağa hazır deyiləm, lakin bunlar var. Əlbəttə, bu cür mürəkkəb məsələlərdə razılaşma əldə edilməsi həmişə kompromisdir, kompromis isə qarşılıqlı güzəştlər deməkdir. Aydındır ki, iki dövlətin bu gün üzləşdiyi şərait nə Ermənistanı, nə də Azərbaycanı razı sala bilməz.

Ancaq sizi əmin etmək istəyirəm ki, Rusiya bu vəziyyətin belə qalmasında maraqlı deyildir. Rusiya hesab edir ki, Qafqazda və Cənubi Qafqazda vəziyyətin sabit olmasına hamımız birlikdə səy göstərməliyik. Yalnız belə vəziyyət bizə hamı ilə münasibətlərimizi normal şəkildə inkişaf etdirməyə imkan verər. Bugünkü gündə bu münaqişənin özünün və düşdüyümüz vəziyyətin mövcudluğu nə Azərbaycanla, nə də Ermənistanla münasibətlərimizi tam şəkildə inkişaf etdirməyə imkan vermir. Belə vəziyyət Rusiyanı razı sala bilməz və biz kompromisin tapılmasına təkidlə çalışacağıq.

Sual: Sualım hər iki prezidentədir. Siz Qafqaz dördlüyünün bugünkü rolunu necə qiymətləndirirsiniz? Bu forumun fəaliyyətini hansı istiqamətə yönəltmək və onun gündəliyinə hansı məsələləri çıxarmaq niyyətindəsiniz?

Heydər Əliyev: Qafqaz dördlüyü, hər şeydən əvvəl, Rusiya Federasiyası Prezidentinin, hörmətli Vladimir Vladimiroviç Putinin təşəbbüsüdür. Əlbəttə, bu, sadə proses deyildir. Çünki Qafqaz dördlüyünün iki ölkəsi – Ermənistan və Azərbaycan münaqişə vəziyyətindədir. Məlumdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyon azərbaycanlı bu torpaqlardan zorla qovulmuşdur, onlar ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Ona görə də münaqişənin həll edilmədiyi bu şəraitdə, Azərbaycanla Ermənistanın bir yerdə olduğu belə tədbirlərdə ölkəmizin iştirak etməsi asan məsələ deyildir. Doğrudur, biz Müstəqil Dövlətlər Birliyinə daxilik. Lakin orada həll edilən məsələlərdə hər ölkənin öz mövqeyi olur. Qafqaz dördlüyündə də hər ölkənin öz mövqeyi var. Lakin Qafqaz dördlüyünün imkanlarından istifadə etmək zərurəti ilk öncə və başlıca olaraq, bütövlükdə Qafqazda vəziyyətin sabitliyini şərtləndirir.

Qafqaz, ola bilər, dünyanın çoxlu mürəkkəb prosesləri və konfliktləri olan ən nadir regionudur. Bəşəriyyətin inkişaf prosesi isə bütün münaqişələrin, müharibə ocaqlarının və təhlükəli halların aradan qaldırılmasını tələb edir. Buna görə də Azərbaycanın, eləcə də digər dövlətlərin Qafqaz dördlüyündə iştirakı bir-birinin mövqeyini – mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam – daha yaxşı başa düşmək, ümumi səylərlə bütövlükdə Qafqazda vəziyyətin sabitləşdirilməsinə nail olmaq üçün imkandır. Çünki biz Qafqaz deyəndə, burada Cənubi Qafqaz respublikalarından əlavə, böyük region – Rusiya Federasiyasının tərkib hissəsi, yenə də çoxlu siyasi və digər proseslərin getdiyi Şimali Qafqaz da var. Bu dördlük ilk dəfə yaradılmışdır. Hesab edirəm, o, sülhə, sabitliyə və təbii ki, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq məqsədi ilə yaradılmışdır. Biz – Azərbaycan bu prinsipləri əsas tutaraq, Qafqaz dördlüyündə iştirak edirik və onun perspektivlərini görürük. 

Vladimir Putin: Mən öz tərəfimdən aşağıdakıları əlavə edərdim. Bu gün danışıqların gedişində Azərbaycan prezidenti Heydər Əliyeviç Əliyev Qafqazın, təəssüf ki, regional münaqişələr yeri olaraq qaldığını vurğuladı və bu vəziyyət bizim hamımızı narahat etməyə bilməz. Hamımız başa düşürük ki, bu münaqişələrin müəllifləri biz deyilik. Bütün bunlar bizə imperiyadan miras qalmışdır. Əslində, onlar nəhəng imperiyanın basqısı altında qalmış xəstəliklər idi və o, yox olduqdan sonra bütün bu xəstəliklər üzə çıxmışdır.

Aydındır ki, biz bu gün həmin problemlərin həlli barədə düşünməyə bilmərik. Bu isə təkcə Qarabağ problemi deyildir. Bu həm də Abxaz problemi, Cənubi Osetiya problemi və bir sıra daha kiçik məsələlərdir. Bu, iqtisadi sahədə, rabitə və nəqliyyat, tibb və mədəniyyət sahəsində əlaqələr yaratmaq zərurətidir. Təəssüf ki, bütün bu problemlər, məsələlər, o cümlədən münaqişə vəziyyətləri telefonla, internet, faks vasitəsilə həll olunmur. Belə miqyaslı məsələlərin həllinin minimum şərti dövlət rəhbərlərinin şəxsi görüşləridir. Ən azı görüşmək lazımdır. Ona görə də biz hesab edirik ki, bu dördlük çərçivəsində təklif olunan məsləhətləşmələrdən imtina edilməsi hələlik məqsədəuyğun deyildir. Əksinə, Qafqaz və Cənubi Qafqaz ölkələrinin rəhbərlərinin şəxsi görüşləri işin xeyrinə olacaq, mübahisəli məsələlərin həlli yollarının axtarışına, yuxarıda qeyd etdiyim bütün istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərin yaradılmasına kömək göstərəcəkdir. Sağ olun.

Sual: Cənab prezident Əliyev, cənab prezident Putin! Rusiyanı və Azərbaycanı dərin tarixi dostluq, mehriban qonşuluq və əməkdaşlıq telləri bağlayır. İndiki səfər həmin münasibətlərin genişlənməsinə, dərinləşməsinə necə və hansı konkret istiqamətlərdə təsir göstərəcəkdir?

Heydər Əliyev: Bilirsiniz, biz mahiyyətcə, bu suala artıq cavab verdik. Çünki, əslinə qalsa, biz bütün günü məhz Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək, genişləndirmək və dərinləşdirmək üzərində işləyirik. Biz buna çalışırıq. Mən hələ əvvəldə dedim ki, Azərbaycan bu mövqelərdə möhkəm durur və zənnimcə, Rusiya Federasiyası Prezidentinin Azərbaycana ilk səfəri bunun üçün böyük imkanlar və münasibətlərimizin inkişafında yeni mərhələ açır.

Vladimir Putin: Bilirsiniz, biz bu gün həqiqətən, məhz Sizin dediyiniz problemlərlə məşğuluq. Azərbaycan prezidentinin indi söylədiklərinə mənim elə bir əlavəm yoxdur. Rusiya tərəfindən ancaq bunu demək istərdim: son on il ərzində Rusiya dövləti başçısının Azərbaycan torpağında olmaması faktının özü, artıq ikitərəfli münasibətlərimizin inkişafında, deməli, Qafqazda regional əməkdaşlığın inkişafında da çox böyük mənfi haldır. Əksinə, bizim bugünkü rəsmi formatda görüş faktının özü artıq region üçün də, bütün səviyyələrdə ölkələrimiz üçün də müsbət siqnaldır.

Yəqin təsadüfi deyildir ki, işgüzar dairələr ümumi məbləği təqribən 300 milyon dollar olan və 25 il üçün nəzərdə tutulan ən ciddi sərmayə layihələrindən birini məhz bu gün imzalayırlar. Təsadüfi deyildir ki, biz bu gün nəqliyyat infrastrukturunun, rabitənin, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışırıq. Mən ancaq onu qeyd etmək istəyirəm ki, Rusiyanın dünyada, xüsusilə keçmiş Sovet İttifaqı məkanında, Qafqazda siyasəti tarazlaşdırılacaqdır.

Sual: Mənim sualım cənab Prezident Putinədir. Bir neçə il əvvəl kütləvi informasiya vasitələrindən məlum oldu ki, bir milyard dollardan artıq məbləğdə Rusiya silahı qanunsuz olaraq Ermənistana verilmişdir. İndi mətbuatda Rusiya hərbi texnikasının Gürcüstandan Ermənistana göndərilməsi faktı hallandırılır. Siz necə hesab edirsiniz, bu, Minsk qrupunun üzvü olan ölkələrdən biri kimi, Rusiyanın imicinə ziyan vurmayacaqmı, eləcə də regionda sabitliyi pozmayacaqmı? Sağ olun.

Vladimir Putin: Mən sizin sualınıza cavab verəcəyəm və onu verdiyinizə görə təşəkkür edirəm. Çünki bu məsələdə Rusiyanın mövqeyini izah etməyə ehtiyac vardır. Silahların göndərilməsinə gəlincə isə, bildiyiniz kimi, Rusiyanın rəsmi mövqeyi bundan ibarət olmuşdur və ibarətdir ki, bütün bunlar Sovet İttifaqının hərbi mülkiyyətinin və silahlarının bölüşdürülməsi ilə bağlıdır. Bununla razılaşmaq da olar, razılaşmamaq da, mən rəsmi mövqe barəsində danışıram. Bilirsiniz ki, hətta müvafiq cinayət işi də qaldırılmış və təhqiq olunmuşdur. Bu məsələ hələ də Rusiya rəhbərliyinin diqqət mərkəzindədir.

İndi hərbi təyinatlı bəzi texnikanın Ermənistandakı Rusiya bazalarına indiki köçürülməsinə gəldikdə isə, bunun həqiqətən xüsusi izahata ehtiyacı vardır. Əvvəla, bu texnika sadəcə olaraq, Ermənistana göndərilmir və Ermənistan tərəfinə verilmir, Rusiyanın nəzarəti altındadır. Onlar Rusiya hərbi bazalarına göndərilir. Bu nə üçün edilir? Avropada adi silahlar haqqında yeniləşdirilmiş beynəlxalq müqaviləyə uyğun olaraq, dünyanın bu regionunda Rusiyanın müəyyən miqdarda hərbi texnika, o cümlədən zirehli texnika yerləşdirməyə ixtiyarı var. Bizim gürcü tərəfdaşlarımız Rusiya silahlarının bir hissəsinin Gürcüstandan çıxarılması məsələsini qaldırdığı üçün – biz isə hesab edirik ki, hazırda dünyada yaranmış vəziyyət Cənubi Qafqazda Rusiyanın hərbi qüvvələrinin olmasını hələlik zəruri edir – bizim başqa yolumuz yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, bu hərbi texnikanın Cənubi Qafqazın başqa yerinə, Ermənistandakı hərbi bazalarımıza köçürməkdən başqa seçimimiz yoxdur. Əgər Gürcüstan tərəfi bu texnikanın Gürcüstanda qalmasını istəsəydi, o, indiyədək orada olardı.

Bu, Ermənistan və Gürcüstanın qarşılıqlı münasibətləri ilə qətiyyən bağlı deyildir. Hərçənd, biz başa düşürük ki, bu heç kəsi sevindirmir, inanın ki, bu, Rusiya tərəfini də sevindirmir. Təkrar edirəm, bu, Gürcüstan ərazisindəki Rusiya bazalarının gələcəyi barədə danışıqlar prosesində tərəfdaşlarımızın mövqeyi ilə bağlı məcburi addımdır. Bir daha təkrar edirəm ki, bu texnika Rusiya silahlı qüvvələrinin ciddi nəzarəti altındadır.

Sual: Sualım cənab Putinə və cənab Əliyevədir. Bu gün Xəzər üzrə birgə bəyanatın imzalanması faktının özü göstərir ki, Azərbaycanın və Rusiyanın bu problem barədə mövqeləri yaxınlaşmışdır. Xəzər dənizinin statusunun işlənib hazırlanmasına dair bu yaxınlaşmanın parametrlərinə münasibətinizi daha konkret söyləyə bilərdinizmi? Sağ olun.

Vladimir Putin: Azərbaycan prezidentinin artıq qeyd etdiyi kimi, Xəzərin müxtəlif prinsiplər üzrə – dənizin dibinə, səthinə görə bölünməsi haqqında danışıqlar kifayət qədər çoxdan, artıq bir neçə ildir ki, aparılır, gəmiçilik məsələləri və digər məsələlər həll olunur. Aydındır ki, bütün bunlar hər şeydən öncə, Xəzəryanı dövlətlərin milli mənafeləri ilə bağlıdır. Təəssüf ki, indiyədək bu problemi çoxtərəfli planda həll etmək mümkün olmamışdır. Biz hesab edirik və ona əsaslanırıq ki, əgər ikitərəfli qaydada razılığa gəlmək mümkündürsə, bunu etmək lazımdır. Biz Qazaxıstanla artıq belə razılığa gəlmişik. Ötən müddət ərzində ekspertlər kifayət qədər səmərəli işləmişlər. Aydındır ki, azərbaycanlı həmkarlarımız öz milli mənafelərinə nail olmağa çalışmışlar. Lakin bizim mövqelərimiz xeyli dərəcədə üst-üstə düşmüşdür. Biz ona əsaslanırıq ki, gəmiçilik problemləri əvvəlki vaxtlarda olduğu kimi həll edilməlidir. Hazırda və bu sahədə hansısa dəyişikliklərə ehtiyac yoxdur.

Suyun səthinin bölünməsinə gəldikdə isə, biz Xəzərin bütün səthində sərbəst gəmiçilik təmin edilməsi şərti ilə dənizin dibi üzrə bölgüyə razılaşmışıq. Hesab edirik ki, biz milli maraqlarımızı nəzərə almaqla, bir-birimizi dəstəkləməliyik. Təkrar edirəm, ümumi halda və hətta praktik planda, yataqlardan istifadə baxımından razılaşma həm Rusiyanın, həm də Azərbaycanın mənafelərinə uyğundur.

Heydər Əliyev: Vladimir Vladimiroviç ətraflı cavab verdiyi üçün mənim deməyə sözüm yoxdur.