Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın xarici işlər naziri İqor İvanovla görüşdən sonra bəyanatı - 2 sentyabr 1999-cu il


Hörmətli mətbuat nümayəndələri!

Bilirsiniz ki, bu gün Rusiya Federasiyasının xarici işlər naziri cənab İvanov İqor Sergeyeviç Azərbaycana səfərə gəlibdir. Biz çox ətraflı söhbət, danışıqlar aparmışıq.

Əslinə qalsa, bu danışıqlar səhərdən Xarici İşlər Nazirliyində başlanmışdı. Azərbaycanın baş naziri ilə görüş olmuşdur. Bizim görüşümüz uzun sürdü.

İndi sizin yanınıza gəlmişik. Siz onsuz da bizim danışıqlarımızın əsas hissəsində iştirak edibsiniz, amma yenə də nəticələr haqqında ümumi məlumat vermək istəyirik.

Söhbətlərin və danışıqların gedişində və sonda belə bir yekdil fikir ifadə olundu ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə - siyasi, iqtisadi, humanitar, elmi, mədəni, insani sahələrdə inkişaf edib dərinləşməlidir. Əslinə qalsa, bu, indiyədək edilmişdir. Bununla yanaşı, bəlkə də hər şey mümkün olmamışdır. Bu da təbiidir, çünki hər şey dərhal hasil olmur.

Bu gün biz bir sıra konkret məsələləri müzakirə etdik, elə məsələlər ki, onların barəsində nəticələr əldə edə bilərik və bu nəticələr Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafını, şübhəsiz, təmin edəcəkdir.

Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər dostluq münasibətləridir və belə də olacaqdır. Hansısa məsələlər, hansısa ziddiyyətlər, hansısa ayrı-ayrı məqamlar Azərbaycanda mövcud olan və Rusiya ilə münasibətlərin möhkəmlənməsinə və inkişafına yönəldilmiş strateji xətti heç də poza bilməz.

Bu gün biz Ermənistanla Azərbaycan arasında münaqişə, Dağlıq Qarabağ münaqişəsi problemini çox ətraflı müzakirə etdik. Siz bizim söhbətimizdə oldunuz, orada deyilmiş sözləri təkrar etməyə lüzum yoxdur. Başlıcası ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi Rusiya bu gün bəyan etdi ki, o, münaqişənin nizama salınması məsələsi ilə son vaxtlardakına nisbətən indi daha fəal məşğul olacaqdır. Yəqin ki, biz yaxın vaxtlarda Minsk qrupundan, - təbii ki, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan birlikdə, - müəyyən yeni təkliflər ala biləcəyik, yəni danışıqlar prosesimizi fəallaşdıra biləcəyik. Son vaxtlar olmuş durğunluğun öz səbəbləri və müəyyən dərəcədə obyektiv səbəbləri var.

İndi Azərbaycanda biz bütün imkanlardan istifadə edərək danışıqlar prosesini fəallaşdırmaq mövqeyində möhkəm dayanmışıq. Əlbəttə ki, Minsk qrupu, Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa başlıca vasitə olaraq qalırlar.

Biz regional məsələləri, Şimali Qafqazda, Cənubi Qafqazda, yaxın rayonlarda vəziyyəti də müzakirə etdik. Bu məsələlərdə bizim aramızda fikir ayrılığı yoxdur, biz bütün bu problemlərə eyni cür yanaşırıq və həmin münasibət ondan ibarətdir ki, Qafqazda sülhə, sabitliyə nail olmaq lazımdır. Cənubi Qafqazda tam və etibarlı sülhə nail olmaq lazımdır. Azərbaycanda biz bunu istəyirik. Rusiya da bəyan edir, - zənnimcə, əvvəllər də bəyan edirdi ki, bu, Rusiya üçün də çox zəruridir.

Mən bunları deyə bilərəm. Sözü hörmətli İqor Sergeyeviçə verirəm.