Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Hüquqşünaslar İttifaqının prezidentini qəbul edərkən söhbətindən - 14 mart 2000-ci il


Heydər Əliyev: Şadam ki, siz respublikamıza, ölkəmizə diqqət göstərmisiniz və buraya gəlmisiniz.

Mənə artıq məlumat veriblər ki, sizin burada bir çox maraqlı və faydalı görüşləriniz olubdur. Şübhəsiz ki, bütün bunların bizim üçün böyük əhəmiyyəti var, ona görə ki, gənc müstəqil dövlət hər cür köməyə, ən çox da qanunla, hüquqla, yurisprudensiya ilə bağlı hər şeydə köməyə ehtiyac duyur. Odur ki, ümidvaram, kollektivlərdə görüşləriniz, ünsiyyətiniz, çıxışlarınız bizə böyük fayda gətirəcəkdir. Sizi salamlayıram.

Andres Trebkov: İş cədvəlinizin gərgin və mürəkkəb olmasına baxmayaraq, ictimai hüquq təşkilatının rəhbərləri ilə görüşməyə hər halda vaxt tapdığınıza görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Mən bunu xüsusilə qiymətləndirirəm, çünki Sizin tərəfinizdən ictimai hüquq təşkilatına göstərilən münasibət çox şeyə - ilk növbədə bizim hüquqşünas peşəmizə ehtirama dəlalət edir. Heç də hər yerdə belə olmur. Sizi buna əmin edə bilərəm, çünki biz bütün MDB ölkələri ilə, eləcə də başqa ölkələrlə əməkdaşlıq edirik.

Sizin görüş ərəfəsində çox şey, xüsusən, 70-ci illərin əvvəllərində partiya işində çalışdığım dövr yadıma düşdü. O vaxtlar mən Tümendə işləyirdim və biz Azərbaycanın neftçi mütəxəssisləri ilə çox sıx əməkdaşlıq edirdik. Əslinə qalsa, Qərbi Sibirin neft-qaz yataqlarının işlənilməsində mütəxəssislərin, eləcə də, məsələn, Fərman Salmanov səviyyəli rəhbərlərin əksəriyyətini qardaş Azərbaycandan olanlar təşkil edirdilər. Buna görə də biz hələ o vaxtdan bəri çox səmimi dostluq edirdik.

Əgər yurisprudensiyaya müraciət etsək, onda görərik ki, o vaxtlar, 70-ci illərin əvvəllərində, Siz Sovet İttifaqında əslində birinci olaraq korrupsiyaya, cinayətkarlığa qəti mübarizəyə başladığınız vaxtlarda, nə gizlədim, Sizdən səbirsizliklə materiallar gözləyirdik. O vaxtlar mən Vilayət Partiya Komitəsində işləyirdim və Azərbaycandan gələn yoldaşlardan hər dəfə xahiş edirdim ki, özləri ilə respublika qəzetlərini də gətirsinlər. Hələ onda biz Sizin materiallardan, məruzələrdən istifadə edərək Sizdə bu işin necə qoyulduğunu, Sizin necə nümunə göstərdiyinizi öyrənirdik.

Sizin Moskvada yüksək vəzifədə - Siyasi Büronun üzvü, hökumət başçısının birinci müavini vəzifəsində işlədiyiniz, yeni ədliyyə nazirini təqdim etdiyiniz dövrlə bağlı bir epizodu da Sizə xatırlatmaq istəyirəm. O vaxtlar mən SSRİ Ədliyyə Nazirliyi kollegiyasının üzvü idim. Nazirliyin necə olması, bu vəziyyətdə, - onda isə dönüş vəziyyəti idi, - nazirin, bizim hamımızın, yəni kollegiya üzvlərinin, nazirliyin aparatının özünü necə aparmalı, ölkədə öz işini necə qurmalı olduğu barədə Sizin gözəl, qısa, lakin çox məzmunlu nitqinizi xatırlayıram. O vaxtlar İttifaq nazirliyi qarşısında qoyduğunuz vəzifələrin bir çoxu indi Rusiya Ədliyyə Nazirliyində, onun funksiyalarında öz təcəssümünü tapmışdır.

Bu, keçmişdə ötəri bir nəzərdir. Bir çox başqa şeyləri də xatırlamaq olar, lakin vaxtınızı almamaq üçün onu deyib, Beynəlxalq hüquqşünaslar İttifaqı barədə söhbətə keçmək istərdim.

Siz yəqin xatırlayırsınız ki, 1989-cu ildə SSRİ Hüquqşünaslar İttifaqı yaradılmışdır. Bu, əslində, hüquqşünasların güclü ictimai təşkilatının ilk qurultayı idi. Ümumiyyətlə, bu, ictimai təşkilatın demokratik əsasda keçirilmiş ilk qurultayı olmuşdur. Orada Azərbaycanın çox mötəbər nümayəndə heyəti vardı. O vaxtdan bəri bir çox ittifaq təşkilatları fəaliyyətini dayandırmışdır, bizim ittifaq isə mövcuddur, saxlanılmış və beynəlxalq ittifaqa çevrilmişdir. Buraya keçmiş sovet respublikalarının, indi isə suveren dövlətlərin hüquqşünaslar ittifaqları daxildir. Onlar heç yana getməmişlər, biz hüquqşünasların bir ittifaqındayıq, böyük xoşbəxtlikdir ki, buraya Azərbaycan Hüquqşünaslar İttifaqı da daxildir.

Yaxşı tanıdığınız adamları Sizə xatırladım - bunlar ittifaqımızın rəhbərliyinin tərkibinə daxil olan Aleksandr Yakovleviç Suxarev, habelə Vyaçeslav Nikolavyeviç Lebedevdir. O, mənə dedi ki, bu yaxınlarda Sizinlə görüşübdür.

Heydər Əliyev: Bəli. O da mənə maraqlı bir epizodu xatırlatdı. Həyatımda belə epizodlar çox olubdur. Əlbəttə, onların hamısı yadımda deyildir. Lakin belə görüşlərdə adamlar xatırladırlar. Mən bunu sonra deyəcəyəm.

Andrey Trbekov: İttifaqımızın rəhbərliyinin tərkibinə Sizin tanıdığınız bir çox digər rusiyalılar da daxildirlər. Əslində, rəhbərliyin tərkibinə bütün MDB ölkələrindən olan Ali Məhkəmələrin, Konstitusiya Məhkəmələrinin sədrləri, baş prokurorlar daxildirlər. Biz çox şadıq ki, Azərbaycan Respublikasının baş prokuroru Eldar Həsənov da bizim rəhbərliyin tərkibindədir. O, nəinki Əlaqələndirmə Şurasına daxildir, həm də sədrin müavinidir.

Beynəlxalq hüquqşünaslar İttifaqının rəhbərləri arasında Xanlar Hacıyev də var, çünki Azərbaycan Hüquqşünaslar İttifaqının sədri vəzifəsinə görə Beynəlxalq İttifaqın rəhbərliyinin tərkibinə daxildir.

Natiq İsmayıloviç Ağamirov də ittifaqımızın rəhbərliyinin tərkibinə daxildir. SSRİ Hüquqşünaslar İttifaqı yaradıldıqdan sonra Rusiya notariusları onu Rusiya Notariuslar Assosiasiyasının prezidenti seçmişlər və həmin vaxtdan bəri o, ittifaqımızın rəhbərliyinin tərkibinə daxildir.

Cənab prezident, İttifaqımızın nə ilə məşğul olduğundan danışmaq lazım gəlsə, deməliyəm ki, ən öncül istiqamətlərimizdən biri məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində MDB ölkələrində görülən işləri təhlil etməkdən ibarətdir.

Bu, məlum səbəblərə görə, ümdə məsələdir. Biz cinayətkarlıqla, ən əvvəl mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə də az diqqət yetirmirik.

Son aylar biz Azərbaycan Respublikasında görülən işləri araşdırmışıq. Burada çox böyük iş aparıldığı barədə bizə diqqətəlayiq informasiya gəlmişdi. Ona görə də biz beynəlxalq səviyyəli görkəmli ekspertlərimizə müraciət etdik və onlar bir neçə ay işləyərək, Sizin təşəbbüsünüzlə ölkə parlamenti tərəfindən qəbul olunmuş qanunvericilik aktlarını, habelə cinayətkarlığa qarşı mübarizə məsələləri üzrə əməli işə aid materialları təhlil etdilər. Təhlil ilə məşğul olmuş nəinki Rusiya, həm də başqa ölkələrin mütəxəssislərindən bir neçəsinin familiyasını xatırladım. Rusiya tərəfindən işləyən qrupa keçmiş Sovet İttifaqının baş prokuroru, indi isə Rusiya Prokurorluğunun Elmi-Tədqiqat Mərkəzi direktorunun birinci müavini Aleksandr Yakovleviç Suxarev başçılıq edirdi. Onun qrupuna Avropa Şurasının ekspertləri də daxil idi.

Bu, çox ixtisaslı tərkib idi, təhlil çox əsaslı şəkildə aparılmışdır. Biz onlardan respublikada mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baxımından görülən bütün işləri obyektiv araşdırmağı xahiş etmişdik.

Bundan əlavə, bildiyiniz kimi, Yevgeni Vsevolodoviç Yakovlevin başçılıq etdiyi Ali Arbitraj Məhkəməsindən məhkəmə-hüquq islahatının, Sizdə qəbul olunmuş qanunvericilik aktlarının təhlilini keçirməyi xahiş etmişdik. Bu iş bizdə professor Kolodkinin başçılıq etdiyi Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən də araşdırıldı. Kolodkin həm də Beynəlxalq Dəniz hüququ üzrə hakimdir. Biz ittifaqımızın tərkibinə daxil olan, London Universitetinin professoru Uilyam Batlerə də müraciət etmişdik. O, Böyük Britaniyada və vaxtilə işlədiyi Amerika Birləşmiş Ştatlarında çox məşhur hüquqşünasdır, artıq neçə illərdir ki, ittifaqımızın rəhbərlərindən biri kimi onun tərkibinə daxildir. Biz Ukrayna Ali Ədliyyə Şurasının sədri və bu ölkənin Hüquqşünaslar İttifaqının sədri, Ümumdünya Hüquqşünaslar Assosiasiyasının vitse-prezidenti başçılıq edirdi. Ali Arbitraj Məhkəməsində professor Neşatayeva işləyirdi. O, həmin məhkəmənin hakimidir, beynəlxalq hüquq sektoruna başçılıq edir. Mən Natiq İsmayıloviçdən xahiş etdim ki, notariusa aid hər şeyi nəzərdən keçirsin. Beləliklə, bir neçə aylıq işdən sonra biz rəy hazırladıq və onu Sizə gətirdik. Sizin yüksək müsaidənizlə onu Sizə təqdim edəcəyik.

Ekspertlərimizin gəldikləri başlıca qənaətdən danışmalı olsaq, bu, ondan ibarətdir ki, zamanca qısa, lakin işin məzmunu baxımından məhuldar dövrdə, əslində son 8-9 ildə məhkəmə-hüquq islahatına dair normativ aktlar və cinayətkarlığa qarşı mübarizə məsələləri üzrə əməli iş əsas parametrlərdə Avropa Şurasının və ümumiyyətlə, Dünya Birliyinin yüksək tələblərinə cavab verir.

O ki qaldı bəlkə də başlıca məsələ olan insan hüquqlarının müdafiəsi məsələsinə, - onun təhlili normativ aktların və görülmüş işin 1950-ci il tarixli Avropa Konvensiyasına və ona əlavə edilən protokola nə dərəcədə cavab verdiyi baxımdan aparılmışdır, - bu halda da təhlil təsdiq etmişdir ki, burada hər şey Avropa Şurasının irəli sürdüyü tələblərə uyğundur. Ekspertlər ölüm hökmünün ləğvinə dair məsələni xüsusi nəzərə çarpdırmışlar. Bilirsiniz, bu addım nə dərəcədə müsbətdirsə, bir o qədər də cəsarətli bir addımdır.

Heydər Əliyev: Xüsusən də bizim respublika kimi respublikada. Bildiyiniz kimi, burada xüsusi təhlükəli cinayətkarlar çox idi.

Andrey Trebkov: Bəli. Ekspertlər məruzə etdikdə, indi də mövcud olan vəziyyətdən yayınmaq olmazdı. Bu, əslində, həm də müharibə vəziyyətinin davam etməsidir, çox böyük sayda qaçqınların olmasıdır, torpaqların hələ də azad edilməməsidir, buradan irəli gələn külli miqdarda digər problemlərdir.

Öz şəxsi təəssüratımdan danışmaq istəyirəm. Mən 10 ildir Azərbaycanda olmamışam. SSRİ Ədliyyə Nazirliyində işlədiyim vaxtlarda respublikanızda tez-tez olurdum, o vaxtlar biz çoxlu yaxşı işlər görürdük. İndi, başqa ölkəyə gəlmiş bir vətəndaş kimi belə bir hal mənə xoş təsir bağışladı ki, burada kimsə mənim kimi gecə mehmanxanadan çıxaraq istədiyi yerə gedə bilər. Bu, hər şeyə sübutdur.

Necə deyərlər, hər şey məişət səviyyəsində dərk edilir. Əgər sən gündüz uşağı məktəbə göndərib və işdən ayrılaraq onu oradan özün götürüb aparmırsansa, əgər qarət olunacağından qorxmayaraq gecə küçə ilə gedə bilirsənsə, bu o deməkdir ki, dövlətdə sabitlik var, qəbul olunmuş qanunlar işləyir. Ona görə də buradan qayıtdıqdan sonra mən Azərbaycanda olmamış, ekspertlərimə deyəcəyəm ki, onların gəldikləri qənaətləri bir şahid kimi təsdiqləyə bilərəm.

Cənab prezident, biz çox ümid edirik ki, Siz bu sənədə lazım bildiyiniz kimi baxacaqsınız. Çox istərdik ki, bu sənəd gənc müstəqil dövlətinizə, hamıya məlum olan çox böyük səylərinizdə şəxsən Sizə, möhkəm hüquqi zəmində işləyərək sivilizasiyalı dünyaya daxil olmaq üçün apardığınız işə bizim cüzi töhfəmiz, cüzi köməyimiz olsun.

Heydər Əliyev: Əvvəla, bir çox beynəlxalq ekspertlərin təhlili əsasında respublikamızdakı vəziyyətə, xüsusən, hüquqi islahatların aparılması və cinayətkarlıqla mübarizə, qayda-qanunun möhkəmlənməsi və sabitliyin bərqərar edilməsi ilə bağlı bir çox məsələlərin həlli sahəsində vəziyyətə verdiyiniz qiymətə görə sizə təşəkkürümü bildirirəm.

Bəli, keçmişdə Sovetlər İttifaqına daxil olmuş bir çox digər respublikalarla müqayisədə respublikamız həqiqətən çox mürəkkəb yol keçmişdir. Onların bir çoxunda, sadəcə, necə deyərlər, dövlət quruluşu sistemi, ideologiya dəyişmişdir, lakin müharibə, qaçqınlar, onların ərazisinin işğalı, qurbanlar, habelə Azərbaycandakı qədər dövlət çevrilişi cəhdləri, terror aktları törətmək cəhdləri olmamışdır. Azərbaycan keçmişdə Sovetlər İttifaqına daxil olmuş bütün respublikalardan məhz bununla fərqlənir.

Təbii ki, bütün bunlar Azərbaycanda vəziyyəti çətinləşdirmişdir. Hələ Sovetlər İttifaqı dövründə Azərbaycanda ən əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə, Dağlıq Qarabağ problemi ilə, sonra isə ölkənin daxilində baş vermiş proseslərlə, silahlı dəstələrə və sairə malik ayrı-ayrı qüvvələrin hakimiyyət uğrunda mübarizə aparması ilə əlaqədar çox ağır vəziyyət yaranmışdı. Onlar bir dəfə, sonra ikinci dəfə hakimiyyəti devirdilər və 1993-cü ildə respublika vətəndaş müharibəsi həddinə gəlib çıxdı.

İndi aradan kifayət qədər vaxt keçmişdir və indi arxayın yaşayan, sizin dediyiniz kimi, gecə küçəyə qorxu-hürküsüz çıxan, gəzib-dolaşan və onları heç kimin narahat etməyəcəyini bilən adamlar əvvəllər nələr olduğunu bəzən unudurlar. 1993-cü ildə mən Bakıya gəldikdə, vəziyyət dəhşətli idi. Azərbaycan parçalanırdı, dağılırdı, cinayətkarlıq son həddə çatmışdı. Bununla yanaşı, müharibə gedirdi və bu vəziyyətdən istifadə edən Ermənistan silahlı birləşmələri irəliləyir və yeni-yeni ərazilərimizi işğal edirdilər.

O vaxt biz bunların hamısının qarşısını aldıq, amma bizdə hakimiyyət uğrunda, konstitusion hakimiyyəti devirmək uğrunda silahlı mübarizə xəstəliyi hələ ki, keçib getməyibdir. Belə əhval-ruhiyyə bu gün bəlkə də azdır, lakin hələ var.

1994-cü ilin oktyabrında biz silahlı yolla dövlət çevrilişi cəhdi ilə qarşılaşdıq. Bu cür cəhd 1995-ci ilin martında da olmuşdu. Yeri gəlmişkən, Azərbaycanda son dərəcə ağır, faciəli vəziyyət yaranmasının martda beş ili tamam olur.

1993-cü ildə vətəndaş müharibəsi baş verdi və onun qarşısını almaq mümkün oldu. 1994-cü ilin oktyabrında dövlət çevrilişi cəhdi edildi. Ola bilsin ki, tarixdə belə analoq yoxdur. Lakin o vaxtlar mən hərbi qüvvəyə, orduya və sairə malik deyildim, xalqa müraciət etdim və xalq konstitusiya quruluşunun müdafiəsinə qalxdı və biz qiyamçıları zərərsizləşdirə bildik, onlar qaçıb dağıldılar. Onların böyük əksəriyyəti tutuldu və məhkəmə orqanlarımız tərəfindən məsuliyyətə cəlb olundu.

6 aydan sonra - 1995-ci ilin martında isə daha ciddi dövlət çevrilişi cəhdi edildi. Onda Daxili İşlər Nazirliyi qüvvələrinin bir hissəsi, yəni o vaxtlar yaradılmış XTDM - xüsusi təyinatlı milis dəstəsi əvvəlcə nazirliyin rəhbərliyinin tabeliyindən, sonra da dövlətin, prezidentin tabeliyindən çıxdı. Qanunsuz olaraq toplanmış çox böyük miqdarda silahlı və əlbəttə, müəyyən terror fəaliyyəti, soyğunçuluq təcrübəsinə malik yaraqlıları olan, Azərbaycandakı müxtəlif siyasi partiyalarla, o cümlədən Xalq Cəbhəsi, Müsavat Partiyası ilə, Rusiyada olan Mütəllibovla, qaçıb aradan çıxan sabit prezident Əbülfəz Elçibəylə əlaqəyə girən və şübhəsiz ki, xarici xüsusi idarələr tərəfindən idarə edilən bu dəstə dövlət çevrilişini həyata keçirməyə başladı.

Bu əlamət bizdə var idi və biz tədbirlər görürdük, məsələn, mən bu adamların ağıllarını başlarına yığıb onları öz cinayətkar niyyətlərindən əl çəkmələri üçün çox səylər göstərdim, onlarla danışıqlar apardım, hörmətli adamları, tanınmış yazıçılarımızı, alimlərimizi bu işə səfərbər etdim, bu silahlı dəstələrin bəzi rəhbərləri ilə danışıqlar apardım, lakin bütün bunlar bir nəticə vermədi. Çünki onlar, bir tərəfdən, həyasızlaşmışdılar, digər tərəfdən isə müxtəlif siyasi qüvvələrin, üstəlik, xarici xüsusi idarələrin dəstəyini hiss etmişdilər. Onlar burada hakimiyyətin əvvəlki hakimiyyət olmadığını başa düşməyərək, avantüraya getdilər - hakimiyyəti devirməyə çalışdılar. Onların ağıllarını başlarına yığmaq, bu hərəkətlərinə yol verməmək üçün göstərdiyim üçün cəhdlər, gördüyüm bütün tədbirlər heç bir nəticə vermədi.

Martın 17-nə keçən gecə onlar Prezident Sarayını - bax, bu binanı, televiziyanı, Müdafiə Nazirliyini, Daxili İşlər Nazirliyini tutmaq məqsədi ilə hücuma başladılar və hesab edirdilər ki, hakimiyyət artıq onların əlindədir.

Lakin biz tab gətirdik və bunun qarşısını aldıq. Doğrudur, bu zaman qan töküldü. 1994-cü ilin oktyabrında edilmiş ilk dövlət çevrilişi cəhdi zamanı qan tökülməmişdi. Bu dəfə isə qan töküldü. Lakin bu, onların günahı idi, çünki hücuma keçərək hesab edirdilər ki, birini, ikisini, üçünü öldürəcək, sonra isə prezidentə gəlib çıxacaqlar - onu ya həbs edəcək, ya da öldürəcək, hakimiyyəti öz əllərinə alacaqlar.

Tezliklə bu hadisənin beş ili tamam olacaqdır. Lakin, təkrar edirəm, onda biz Azərbaycanda yenidən vətəndaş müharibəsinə, onun bir dövlət kimi parçalanmasına gətirib çıxara biləcək bu faciəli vəziyyəti aradan qaldırdıq.

Doğrudur, onlar öz niyyətlərini həyata keçirmək fikrindən əl çəkmədilər. Təəccüblüdür ki, onlar bir dövlətin deyil, bir neçə dövlətin xüsusi idarələrinin köməyindən istifadə edirdilər. Omonçuların bir hissəsini tutmaq mümkün olmadı, onlar qaçıb aradan çıxdılar, müxtəlif ölkələrdə - Ukraynada, Rusiyada, Türkiyədə gizləndilər. Sonralar yenə də müxtəlif xüsusi idarələrin köməyi ilə onlar Azərbaycana toplaşdılar. Burada prezident xarici səfərdən qayıdarkən onun təyyarəsini vurmağa cəhd edildi, Ukrayna prezidentinin Bakıya rəsmi səfəri zamanı onun və Azərbaycan prezidentinin keçməli olduğu körpünü partlatmağa cəhd göstərildi.

Amma biz bütün bunların qarşısını aldıq. Təqsirkarların əksəriyyəti məsuliyyətə cəlb olunmuşdur. Düzdür, onların ilhamçılarından bəziləri respublikanın hüdudlarından kənardadır, həmin OMON-un başçılarından biri hazırda İranda fəaliyyət göstərir. Lakin hesab edirəm ki, indi Azərbaycanda hakimiyyət 1993-cü, 1994-cü və 1995-ci illərdə olmuş hakimiyyət deyildir. Biz sabitlik yaratmışıq, dövləti möhkəmlətmişik, ən başlıcası isə, sabitlik şəraiti yaratmışıq və adamlar arxayın yaşayır və işləyirlər. Əlbəttə, islahatların həyata keçirilməsi, sosial, iqtisadi məsələlərin həlli sahəsində gördüyümüz tədbirlər həyatı gündən-günə yaxşılaşdırır. Dünən mən elmi işçilərin, səhiyyə, mədəniyyət, sosial sahələrdə çalışan bütün işçilərin əmək haqqının 25 faiz artırılması haqqında sərəncam imzaladım. Bundan bir neçə ay əvvəl mən bütün təhsil işçilərinin əmək haqqını 25 faiz qaldırdım. Bir çox digər tədbirlər də görülmüşdür.

Lakin bundan ötrü büdcə vəsaitinin olması üçün iqtisadiyyat işləməlidir, büdcəyə mədaxil olmalıdır. 1994-cü, 1995-ci illərdə bizdə inflyasiya 1600 faizə çatırdı. Ancaq üç ildir ki, bizdə inflyasiya yoxdur. İnflyasiya olmadığına görə bizdə istehlak mallarının qiymətləri aşağı düşür, mən əmək haqqını qaldırıram. Siz təsəvvür edirsinizmi? İnflyasiyanın olduğu şəraitdə əmək haqqının qaldırılmasını müəyyən dərəcədə başa düşmək olar. Bu, məcburi tədbirdir. Lakin inflyasiya yoxdur, istehlak mallarının qiymətləri aşağı düşür, milli valyutamızın məzənnəsi möhkəmlənir və mən adamların əmək haqqını qaldırıram. Bu, işimizin nəticəsidir. Buna görə də təbiidir ki, təkcə inzibati tədbirlərimizlə və ya dövlət sistemini möhkəmlətmək tədbirləri ilə indiki vəziyyətimizi yaratmaq olmazdı. Bundan ötrü çox işlər görmək, o cümlədən də iqtisadi, sosial islahatlar, hüquq sistemində, məhkəmə sistemində və s. islahatlar aparmaq lazım idi.

Buna görə də şadam ki, siz öz gözlərinizlə bunları tam olmasa da, müəyyən dərəcədə görürsünüz. Mənə xoşdur ki, siz buraya işimiz barədə beynəlxalq təşkilatların, beynəlxalq ekspertlərin konkret rəyləri ilə gəlmisiniz. Sizə təşəkkürümü bildirirəm və inanıram ki, sizinlə və ümumən bütün ictimai təşkilatlarla əməkdaşlığımız inkişaf edəcəkdir.

Yeri gəlmişkən, ictimai təşkilatın prezidenti ilə görüşməyim sizdə, nədənsə, müəyyən dərəcədə təəccüb doğurmuşdur. Bu, mənim üçün normal haldır. Çünki indi, cəmiyyətin demokratikləşməsi prosesinin getdiyi, demokratik, hüquqi dövlət qurduğumuz bir vaxtda biz bütün vasitələrdən istifadə etməliyik. Məsələn, mən dövlət orqanları ilə işi nə qədər mühüm bilirəmsə, ictimai təşkilatlarla da işi bir o qədər mühüm hesab edirəm. Buna görə də sizin səfərinizi və xoş təəssüratlarınızı bir daha alqışlayıram.

Siz mənə keçmişdən bəzi şeyləri xatırlatdınız. Bu, mənim üçün xoşdur. Bilirsinizmi, vaxt ötüb keçir, mənim özüm bəzi şeyləri unuduram. Unuduram ona görə yox ki, yaddaşım zəifləyibdir. Xeyr. Ona görə ki, o illərdə çox şeylər olubdur, onların hamısını eyni vaxtda yaddaşda saxlamaq olmur. Əgər bir-iki gün oturub hər şeyi yerbəyer etsəm, onda onların hamısını xatırlayaram.

Keçmişdə işlədiyim və ya mənim işimlə tanış olan adamlarla görüşdükdə və onlar konkret faktı mənə xatırlatdıqda, əlbəttə, bu, mənim üçün xoşdur. Çünki o vaxtlar da bütün bunlar asan olmamışdı.

Bax, siz dediniz ki, Tümendə işləyirdiniz və Azərbaycanda görülən işlərlə maraqlanırdınız. Bəli, 1969-cu ildə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdə öz işimə digər partiya rəhbərləri ilə müqayisədə tamam başqa tərəfdən - korrupsiya ilə, hakimiyyətdən hər cür sui-istifadə halları ilə, cinayətkarlıqla, xalqın, dövlətin mülkiyyətinin oğurlanması ilə mübarizədən başladım.

Bu, zəruri idi, çünki o vaxtlar respublikada vəziyyət bu cür idi. Lakin təkcə Azərbaycanda deyil, Sovetlər İttifaqının hər yerində vəziyyət belə idi. Haradasa bir qədər çox, haradasa bir qədər az idi. Ancaq əvvəllər belə bir psixologiya mövcud idi - bir halda ki, hər yerdə belədir, qoy bizdə də belə olsun. Çünki o vaxtlar hakimiyyət bu cür vəziyyətə ümumən öyrəşmişdi və hesab edirdi ki, bu, müəyyən dərəcədə qaçılmaz haldır.

Mən isə bu mübarizəyə başladım. Yeri gəlmişkən, deməliyəm ki, bu, dərhal Sovetlər İttifaqına və bütün dünyaya yayıldı. O vaxtlar Əliyevin məşhurluğu, nüfuzu təxminən bir neçə ayda elə artdı ki, adamlar bunu indiyədək xatırlayırlar.

O vaxtlar bununla yanaşı, mən aşkarlığa da başladım. Onu artıq sonralar, 80-ci illərin ortalarında bütün ölkədə həyata keçirməyə başladılar. Axı, o vaxtlar belə bir psixologiya mövcud idi - əgər bir şey vardısa, onu MK-da, rayon partiya komitəsində, vilayət komitəsində müzakirə edir, qərar qəbul edirdilər, xalqın isə bundan xəbəri olmurdu. Mən isə hər şeyi mətbuata, televiziya verirdim. Öz aramızdır, bu, adamlarda çox böyük siyasi fəallıq doğururdu və mən də məhz bunu istəyirdim. Çünki, məsələn, filan birinci katibin rüşvətxorluqda ifşa olunduğundan və məsuliyyətə cəlb edildiyindən, filan nazirin, yaxud da filan prokurorun və ya milis rəisinin öz vəzifəsindən sui-istifadəyə görə işdən çıxarıldığından və məsuliyyətə cəlb edildiyindən adamlar xəbər tutanda xalq başa düşəcək ki, hakimiyyət orqanları bunların hamısını görürlər, bütün bunlara qarşı mübarizə aparırlar. Belə olan halda xalq hakimiyyət orqanlarını dəstəkləyəcək və onlara kömək edəcəkdir. Çünki əvvəl belə bir əhval-ruhiyyə vardı ki, bu, sanki belə də olmalıdır.

Yadımdadır, 70-ci illərin təxminən ortalarında biz böyük sui-istifadə, rüşvətxorluq və bu kimi digər hallar olmuş bir rayonun işini MK-da müzakirə edirdik. O vaxt biz birinci katibi işdən çıxardıq, sonra məhkəmə məsuliyyətinə cəlb etdik. Rüşvət vermək üstündə məsuliyyətə cəlb edilmiş bir-iki adamdan soruşdum - siz nə üçün rüşvət vermisiniz? Onlar deyirdilər - biz hesab edirdik ki, rayon partiya komitəsinin katibinə rüşvət verilməməlidir, bunu normal hesab edirdik. Başa düşürsünüzmü, məsələ nə yerdədir?

Bir sözlə, sonra bu, tədricən yayıldı. Bax, siz deyirsiniz ki, uzaq Tümendə Azərbaycandan xəbərlər gözləyirdiniz. Siz bizim "Bakinski raboçi" qəzetini xatırlayırsınızmı? O indi də mövcuddur. Bu qəzet rus dilində olduğuna görə bütün Sovetlər İttifaqında yayılırdı. Yadımdadır, mənə deyirdilər ki, onun qiyməti 10 qəpikdir, Tbilisidə isə onu 25 manata satırlar. Bu qəzeti digər respublikalarda da satmağa başladılar. Hər yerdə onu tanışlardan alıb oxuyur, göndərməyi xahiş edirdilər. Maraq böyük idi.

Mən indi də həmin mövqedəyəm, dəyişməmişəm. Əksinə, bu baxımdan daha da sərtləşmişəm. Niyə görə? Ona görə ki, bu hallar indi daha geniş yayılmağa başlamışdır. Təkcə Azərbaycanda yox, təkcə postsovet məkanında yox, həm də bütün dünyada.

Bu yaxınlarda mən Avropa Birliyinin nümayəndələri ilə söhbət etdim və dedilər ki, sizdə korrupsiya var. Dedim ki, bəli, bizdə korrupsiya var, məgər sizdə yoxdur? Onların biri İtaliyadan, digəri isə Hollandiyadan idi. İtaliyalı dedi ki, bəli, bizdə də var. Hollandiyalı isə dedi ki, yoxdur. Mən ona dedim - sizdə də var. Siz Avropa Şurasında işləyirsiniz. Halbuki, yarım il bundan əvvəl Avropa Şurasının İqtisadi Komissiyasını - Jak Santer başda olmaqla çox iri beynəlxalq təşkilatı ifşa etmişdilər. Yeri gəlmişkən, biz Santerlə, habelə Hollandiyadan olan Van den Brukla əməkdaşlıq edirdik. Onların hamısı korrupsiyaya görə istefa verməli oldu.

Yəni bu hal indi hər yerdə çox geniş yayılmışdır. Amma hər bir kəs sübut etmək istəyir ki, bu hal başqa ölkədə daha çoxdur və ya var, onlardasa yoxdur. Bu, doğru deyildir. Hesab edirəm ki, bu, hər yerdə var - haradasa çoxdur, haradasa azdır. Azərbaycanda da var, Rusiyada da, Qərb ölkələrində də çoxdur. Yeri gəlmişkən, Qərb ölkələri sübut etməyə çalışırlar ki, bu, yalnız keçmiş Sovetlər İttifaqı və Şərqi Avropa ölkələri üçün səciyyəvi haldır. Buna görə də mənim prinsiplərim əsla dəyişməyibdir, əksinə, daha da sərtləşibdir.

Bəli, mən Ədliyyə Nazirliyində görüşümü də xatırlayıram. Mən bilən, o vaxt nazir Terebilov idi. Siyasi Büroda biz onu Ali Məhkəmənin sədri vəzifəsinə məsləhət gördük. Terebilovu mən təqdim etməli idim. Lakin Sovet İttifaqı Qəhrəmanı Kravtsovu nazir təyin etdilər. O, Rusiyanın prokuroru idi. Siyasi Büronun tapşırığı ilə mən həm Terebilovu, həm də Kravtsovu təqdim etməli idim. Lakin mən iki gün məşğul oldum, vaxtsa gedirdi. Terebilovun özü, təqdimatsız Ali Məhkəməyə getdi. Çünki keçmişdə Ali Məhkəmə sədrinin müavini olmuşdu. Onu sonralar ədliyyə naziri təyin etdilər. Kravtsov isə təyin olunmuşdu, amma işə başlaya bilmirdi. Mənə zəng vurub dedilər ki, axı, bu iş sizə tapşırılıbdır. Mən oraya gəldim. Yadımdadır, kollegiyanın geniş iclası keçirilirdi. Mən onu təqdim etdim, xatirimdədir, nitq söylədim. Şadam ki, siz bunu xatırlayırsınız. Hər halda, ədliyyə nazirliyi spesifik nazirlikdir. Məsələn, yollar nazirliyində və ya səhiyyə nazirliyində, mədəniyyət nazirliyində nitq söyləməyim başqa işdir, çünki onlar mənə daha yaxın sahələrdir. Amma ədliyyə…

Bəli, nitq söylədim. Nitqimdə o vaxtlar ədliyyə nazirliyi qarşısında duran vəzifələr əsas etibarilə öz əksini tapmışdı. O vaxtlar, 80-ci illərin ortalarında biz məhz qanunçuluğu möhkəmlətmək istəyirdik. Məsələn, mən Siyasi Büronun qərarı ilə əmək kollektivi haqqında ilk qanunun hazırlanması üzrə komissiyanın sədri təyin edilmişdim. Sonra biz dövlət müəssisəsi haqqında qanun hazırladıq. Yaxud da, məsələn, mən arbitraj haqqında qanunun hazırlanması üzrə komissiyaya başçılıq edirdim. O zaman biz arbitrajı ilk dəfə olaraq dövlətdən ayırdıq və onu müstəqil təşkilata çevirdik. O vaxtadək arbitraj Nazirlər Sovetinin tərkibində idi. Mən özüm Nazirlər Soveti sədrinin birinci müavini idim. Mən bu layihəni Nazirlər Sovetinin müzakirəsinə çıxardıqda hamı etiraz etdi - necə yəni arbitraj Nazirlər Sovetinin tərkibindən çıxır. Mən onlara sübut etdim ki, arbitraj tabelikdə olmamalıdır və iqtisadi mübahisələri sərbəst həll edə bilməlidir. Arbitraj Nazirlər Sovetinin tabeliyində olduqda, iki nazirlik və ya hansısa müəssisələr iqtisadi mübahisə apardıqda, bir-birinə qarşı iddialar irəli sürdükdə, sədrin müavinlərindən biri öz müəssisəsinin və ya nazirliyinin, digəri isə öz müəssisəsinin və ya nazirliyinin mənafelərini müdafiə etdikdə, ədalət ola bilməz.

Bax, siz Lebedevi xatırladınız. O da mənə çoxdan unutduğum bir əhvalatı danışdı. Dedi ki, onlar özlərinə bina tikdirmək istəyirdilər. O vaxtlar isə inzibati binaların tikintisi qadağan edilmişdi. Deyir ki, oraya getdik, buraya getdik və sairə. Sonra dedilər ki, bu məsələni həll etsə, ancaq Əliyev həll edər, əgər siz onun qəbuluna düşsəniz… Deyir - mən çox cəhd göstərdim və nəhayət, Sizin qəbulunuza düşdüm. Siz baxdınız, məni dinlədiniz və yazdınız ki, icazə verirəm. Beləliklə, biz bu binanı tikdirdik. Deyir ki, Siz olmasaydınız, biz onu tikdirə bilməzdik.

Bir sözlə, şadam ki, o vaxtlar biz faydalı iş, özü də çoxlu iş görürdük. Mən xüsusilə şadam ki, adamlar bunu xatırlayırlar, məsələn, mən təsəvvür etməzdim ki, siz keçmiş birgə işimiz haqqında bu qədər çoxlu fakt xatırlayırsınız.

Mən Moskvada işləyərkən qanunlar və sair hazırlanması ilə əlaqədar ədliyyə naziri ilə, akademiklər Kudryavtsev, Laptev ilə çox tez-tez görüşür, onlarla çox işləyir, müzakirə edirdim. O vaxtlar məsələlər mürəkkəb idi. Axı, bizdə, Sovetlər İttifaqında hər şey partiyanın qərarı ilə həll edilirdi, qanun formal xarakter daşıyırdı. Qanunların yaradılması prosesinə isə əslində 80-ci illərin ortalarında başlanmışdı. Mən bu məsələlərlə çox məşğul olurdum və bu, mənə Sovetlər İttifaqının bir çox hüquqşünasları ilə ünsiyyətdə olmaq imkanı verirdi. Onların bir çoxu bu gün də fəal işləyir.

Şadam ki, sizin beynəlxalq təşkilat respublikamızla fəal əməkdaşlıq edir, daha doğrusu, respublikamız sizinlə əməkdaşlıq edir. Mən bunu alqışlayıram və hesab edirəm ki, bu əməkdaşlıq dərinləşməli və genişlənməlidir. Hesab edirəm ki, bunun faydası olacaq, ən əvvəl də bizm üçün. Çünki dünya təcrübəsini özündə cəmləşdirən belə beynəlxalq təşkilatın təcrübəsi hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün çox faydalıdır.

Ağamirov bizim həmvətənimizdir? Siz Naxçıvana gəlmisinizmi?

Natiq Ağamirov: Bəli.

Heydər Əliyev: Həyatımda ağır dövr - Naxçıvan dövrü olubdur. 1990-cı ildə mən Moskvadan gəldim, lakin mənə burada Bakıda yaşamağa icazə vermədilər və mən Naxçıvanda yaşadım. O, gəlmişdi, xatirindədir, necə ağır şəraitdə…

Natiq Ağamirov: Bunlar unudulmaz günlərdir.

Heydər Əliyev: Azərbaycandan ayrı düşmüş və blokada vəziyyətində olan muxtar respublikanın, eləcə də mənim necə ağır şəraitdə yaşadığımızı xatırlayır. Mən orada üç ağır il keçirdim. Bir sözlə, mən onu həmin vaxtdan xatırlayıram.

Yaxşı, sağ olun.

"Azərbaycan" qəzeti, 15 mart 2001-ci il.