Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 9 avqust 1998-ci il


Əziz Leonid Daniloviç, sizi əlamətdar yubiley - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Keçmişdə və müstəqillik illərində Ukrayna iqtisadiyyatının inkişafında sizin böyük xidmətləriniz ölkənizdə və onun hüdudlarından kənarda yüksək qiymətləndirilir.

Ukrayna prezidenti vəzifəsində siz Ukraynanın dövlət müstəqilliyinin möhkəmlənməsi, onun beynəlxalq nüfuzunun yüksəlməsi üçün çox işlər görmüsünüz. Ölkənizdə demokratik siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilməsi sahəsində sizin möhkəm, ardıcıl xəttiniz və əməli fəaliyyətiniz öz yaxşı nəticələrini verir və tam inam yaradır ki, Ukrayna Avropanın böyük, iqtisadi cəhətdən inkişaf etmiş, demokratik və çiçəklənən ölkəsi olacaqdır.

Sizin MDB-də prinsipial, konstruktiv mövqeyiniz və praktiki fəaliyyətiniz birliyimizə müsbət töhfə verir. Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin dönmədən inkişaf etməsi və möhkəmlənməsi məmnunluq hissi doğurur. Siz bu işdə olduqca böyük rol oynayırsınız. Ölkələrimiz arasında əməkdaşlığın yaxşı perspektivləri var və bu əməkdaşlıq qarşılıqlı fayda gətirir.

Əziz Leonid Daniloviç, bizim aramızda yaranmış səmimi dostluq münasibətləri, sizin şəxsi mənəvi keyfiyyətiniz Ukrayna -Azərbaycan əməkdaşlığı üçün böyük əhəmiyyətə malikdir. Mən bunu yüksək qiymətləndirir və bizim ölkələrimizin gələcəyi üçün mühüm amil hesab edirəm.

Azərbaycanda olduğu kimi, Ukraynada da çoxlu mürəkkəb və çətin siyasi, iqtisadi və sosial problemlər var. İnanıram ki, sizin rəhbərliyinizlə və Ukrayna xalqının milli mənafelərinə uyğun olan fəal daxili və xarici siyasətiniz sayəsində bu problemlər müvəffəqiyyətlə həll ediləcəkdir.

Əziz dost, bu fərəhli gündə Sizə səmimi-qəlbdən səadət, əmin-amanlıq, qardaş Ukrayna xalqının tərəqqisi naminə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.