Azərbaycan - Ukrayna münasibətləri


Münasibətlərin tarixi: Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq olan Krım tatarları ilə isə Azərbaycan xalqını daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türk dilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb. Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar.

İkitərəfli siyasi münasibətlər: MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Ölkələr arasındakı münasibətlər sürətlə inkişaf edib. 1995-ci ilin mart hadisələri zamanı Azərbaycanda bir qrup şəxs silahlı dövlət çevrilişi etməyə çalışdığı bir vaxtda martın 17-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçma prezident Heydər Əliyevə zəng vuraraq ona öz dəstəyini ifadə edib.

Bundan bir neçə gün sonra, 1995-ci il martın 23-də Heydər Əliyev Ukraynanın keçmiş baş nazirinin müavini Valeri Şumarovu qəbul edib. Görüş zamanı Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər və əməkdaşlığın gələcək forması müzakirə olunub. 1995-ci il mayın 9-da faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvada səfərdə olan Prezident Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb. Görüş zamanı Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf etdirilməsi üçün prezidentlər və hökumət nümayəndələri səviyyəsində görüşün keçirilməsi barədə razılığa gəlinib. 1995-ci il iyunun 30-da Ukraynanın baş naziri Yevgeni Marçuk Azərbaycana gəlib və Prezident Heydər Əliyevlə görüşərək prezidentlər səviyyəsində keçiriləcək görüşün proqramını müzakirə edib. 1995-ci il iyulun 26-da Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Leonid Kuçma Heydər Əliyevlə birlikdə qaçqın düşərgəsində olub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Leonid Kuçma Heydər Əliyevlə birlikdə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb və Bakkondisioner İstehsalat Birliyi əməkdaşları ilə görüşdə çıxış edib. Səfərin nəticələri ilə bağlı keçirilən mətbuat konfransı zamanı prezidentlər iki ölkə arasındakı münasibətlərin inkişaf potensialının böyük olduğunu qeyd ediblər. Mətbuat konfransında Ukrayna Prezidenti Leonid Kuçma ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Prezident Heydər Əliyevin Leonid Kuçma ilə növbəti görüşü 1995-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı Nyu-York şəhərində olub. Heydər Əliyev və Leonid Kuçma daha bir dəfə, 1996-cı il yanvarın 11-də Fransanın mərhum Prezidenti Fransua Mitteranın dəfn mərasimində görüşüblər. Heydər Əliyevin cavab xarakterli rəsmi səfəri isə 1997-ci il martın 24-25 baş tutub.

Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşü olub. Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Ukrayna Prezidenti Leonid Kuçma bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Heydər Əliyevin Ukraynaya etdiyi rəsmi səfərin əhəmiyyətli nəticələrindən biri kimi, Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannamənin, hərbi-texniki əməkdaşlıq haqqında sazişin və neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanmasını göstərmək olar. 1996-cı il ərzində Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Tkaçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti, Ukraynanın mədəniyyət naziri Dmitri Ostapenko və digər Ukrayna rəsmiləri Azərbaycana səfər ediblər. 1997-ci il oktyabrın 10-da Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova prezidentləri GUAM adlı birliyin yaradılması haqda bəyannamə imzalayıblar.

1997-1998-ci illər ərzində Azərbaycan və Ukraynanın müxtəlif səviyyəli dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər davam edib. Bu səfərlərin nəticəsi olaraq Azərbaycan-Ukrayna münasibətləri enerji sahəsindən tutmuş müdafiə sahəsinə qədər geniş əməkdaşlıq spektrlərini əhatə edib. Beynəlxalq təşkilatlar formatında əməkdaşlıq sıx aparılsa da, ölkələr arasında birbaşa əməkdaşlıq modelinə daha böyük üstünlük verilib. 1998-ci il avqustun 9-10-da Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçmanın Yalta şəhərində keçirilən 60 illik yubiley tədbirində iştirak edib. Heydər Əliyevlə Leonid Kuçmanın keçirdiyi görüş zamanı 1999-cu ildə iki ölkə arasında əməkdaşlıq proqramı da müzakirə olunub. Nəticədə, 1999-ci il ərzində Ukraynanın müxtəlif dövlət rəsmiləri - Ukraynanın baş naziri Mixail Qladını (1999-cu il, 23 iyun), Ukraynanın xarici işlər naziri Boris Tarasyuk (1999-cu il, 1 iyul) Azərbaycanda səfərdə olublar. 1999-cu il noyabrın 3-də isə Heydər Əliyev bir daha Ukraynaya səfər edərək Leonid Kuçmanın yenidən prezident seçilməsi münasibəti ilə təşkil olunan andiçmə mərasimində iştirak edib.

2000-ci il 16 mart tarixində Ukraynanın dövlət başçısı Leonid Kuçma Azərbaycana rəsmi səfər gəlib. Səfərin nəticələrinə görə, Azərbaycanla Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb. Səfər zamanı Heydər Əliyev Leonid Kuçmaya "İstiqlal" ordeni təqdim edib. Leonid Kuçmanın səfərindən sonra Azərbaycan-Ukrayna münasibətlərini daha da genişləndirmək üçün 2000-2001-ci illərdə dövlət rəsmilərinin qarşılıqlı səfərləri davam edib. 2002-ci il iyulun 19-da Heydər Əliyev işgüzar səfərlə Ukraynanın Yalta şəhərində olub. 2003-cü il, yanvarın 28-29 isə Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə olub və Ukrayna Prezidenti Leonid Kuçma ilə danışıqlar aparıb. Görüşdə Azərbaycan-Ukrayna münasibətləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev prezident seçildikdən sonra da davam edib. Təsadüfi deyil ki, İlham Əliyev prezident seçildikdən sonra keçirdiyi ilk görüşlərindən biri məhz Ukraynanın Baş naziri Viktor Yanukoviçlə olub. Görüş zamanı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edən Viktor Yanukoviç Ukraynanın Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini əvvəlki illərdə olduğu kimi saxlamaq istədiyini deyib. Öz növbəsində prezident İlham Əliyev də münasibətlərin artan xətlə inkişaf edəcəyini deyib.

2004-cü il iyunun 3-də Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Səfər zamanı o Ukrayna Prezidenti Leonid Kuçma ilə, Baş nazir Viktor Yanukoviçlə, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Prezident İlham Əliyevin Leonid Kuçma ilə keçirdiyi görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUÖAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunublar. Prezident Leonid Kuçma bildirib ki, Ukrayna problemin sülh yolu ilə həllinə tərəfdardır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Həmin il oktyabr ayının 27-28-də İlham Əliyev daha bir dəfə Ukraynaya işgüzar səfər edib və ölkələr arasındakı inkişaf perspektivlərini müzakirə edib. Prezident İlham Əliyevin daha iki işgüzar səfəri 2005-ci il aprelin 22-nə və 2005-ci il iyunun 16-da baş tutub. Ukrayna ilə münasibətlərə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev 2006-cı il mayın 22-də Ukraynada rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra Ukrayna rəsmiləri ilə görüşən İlham Əliyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) dövlət başçılarının zirvə görüşündə də iştirak edib. 2006-cı il sentyabrın 7-də Ukrayna Prezidenti Viktor Yuşşenko rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının nəqlində işbirliyi müzakirə predmeti olub. 2007-ci il iyunun 16-da Viktor Yuşşenko daha bir dəfə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı tərəflər Azərbaycan-Ukrayna əlaqələrinin dinamik inkişafından, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən razı qaldıqlarını bildiriblər. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimizin xalqlarının mənafelərinə xidmət edən Demokratiya və İqtisadi İnkişaf Naminə təşkilatın beynəlxalq siyasətdə rolunun getdikcə artdığını vurğulayıblar. 2008-ci il mayın 24-də İlham Əliyev Ukraynada rəsmi səfərdə olub. Həmin il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin prezidenti Bakıda Ukraynanın yeni səfirliyi üçün ayrılan ərazi ilə tanış olublar.

2009-cu il aprelin 4-də Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilib. Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli sənədlərin imzalanma mərasimi olub. "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Viktor Yuşşenko imzalayıblar.

İqtisadi əlaqələr: Azərbaycan və Ukrayna iqtisadi səviyyədə də geniş əməkdaşlıq əlaqələri yarada biliblər. Demokratiya və İqtisadi İnnkişaf Naminə Təşkilatla (GUAM) yanaşı, Azərbaycanla Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər yaratmağa müvəffəq olublar. 1997-ci il aprelin 28-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan ölkələrin biznes konfransı keçirilib. Konfransda Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. QDİƏT-in növbəti toplantısı 1998-ci il iyunun 4-5-də Yalta şəhərində keçirilib. Bu sammitdə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev ukraynalı həmkarı Leonid Kuçma ilə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, iki ölkənin QİƏT çərçivəsindəki əməkdaşlıq perspektivləri də müzakirə predmeti olub. İki dövlət arasındakı münasibətləri növbəti səviyyəyə yüksəldən daha bir əməkdaşlıq sahəsi isə "Böyük İpək Yolu" layihəsi çərçivəsində həyata keçirilib. 1998-ci il 7-8 sentyabr tarixində Bakıda "Böyük İpək Yolu" Beynəlxalq konfransında Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Rumıniya, Qırğızıstan, Moldova, Bolqarıstan prezidentləri ilə yanaşı, Ukrayna Prezidenti Leonid Kuçma da iştirak edib. Leonid Kuçma ilə görüşən Heydər Əliyev "Böyük İpək Yolu" layihəsinin perspektivləri, ölkələrin bu formatda əməkdaşlıq imkanlarını müzakirə edib. 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası ticarət sahəsində 136 ölkə ilə əməkdaşlıq edərək 16.5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət əməliyyatlarının 2.9 faizi Ukrayna ilə aparılıb.

Ukraynadan Azərbaycan Respublikasına əsasən hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakuum nasosları, neft-qaz kəməri boruları, təyyarələr və ucan aparatlar, onların hissələri, soyuducular, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz ickilər, sirkə, tutun və s. idxal olunub. Azərbaycan Respublikasından Ukraynaya isə yanacaq, benzin, neft məhsulları, fındıq, bitki mənsəli məhsullar, meyvə sirələri və s. ixrac olunub.

2010-cu ilin I rübündə Azərbaycanın Ukrayna ilə ticarət əlaqələri qeyd edilən kimi olub (min ABŞ dolları). İdxal 86 890,9, idxal 153 101,7, xaici ticarət saldosu 66 210,8. 2010-cu il iyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub. Görüş zamanı Azərbaycan Prezidenti İlam Əliyev bildirib ki, "...Bizim üçün Ukrayna ən yaxın dost və tərəfdaşdır. Mən əminəm ki, ən yaxın gələcəkdə biz əməkdaşlığımızın yaxşı nəticələrini görəcəyik...".

Ukrayna Prezidenti Viktor Yanukoviç də öz növbəsində qeyd edib ki, "...2009-cu ildə əmtəə dövriyyəsinin azalması bizim ölkələrin real potensialına uyğun deyildir. İndi bizim vəzifəmiz əmtəə dövriyyəsinin əvvəlki səviyyəsini bərpa etməkdir. Hazırda o, təxminən 1 milyard dollar səviyyəsindədir. Fikrimcə, biz ən yaxın vaxtlarda əmtəə dövriyyəsini ən azı iki dəfə artıra bilərik...".

Mədəni əlaqələr: Azərbaycan Ukrayna mədəni əlaqələri sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu olub. 1997-ci il martın 24-də Prezident Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni təqdim edilib. Qeyd olunan tarixdə Kiyevdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur.17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. Açılışda Ukrayna Xarici İşlər Naziri A.Zlenkonun rəhbərliyi ilə Ukrayna nümayəndə heyəti iştirak edib. 7 sentyabr 2006-cı ildə Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi və dərinləşməsində xidmətlərinə görə Ukrayna Respublikasının Prezidenti cənab Viktor Andreyeviç Yuşşenkoya Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib. Azərbaycanın Təhsil əlaqələrinin həyata keçirilməsində Ukrayna üçüncü yeri tutur. Azərbaycan Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu açılıb. Ukraynada xalqımızın dahi şairi Səməd Vurğunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. 1978-ci ildə Kiyevdə şairin adı verilmiş kitabxana yüksək səviyyədə təmir edilərək oxucuların ixtiyarına verilib.

2008-ci il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olarkən görkəmli Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edib.

İnkişaf edən qarşılıqlı münasibətlər nəticəsində Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. Azərbaycanla Ukrayna arasında strateji müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Azərbaycan və Ukrayna Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat və QDİƏT çərçivəsində birgə uğurlu fəaliyyət göstərirlər. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir və ölkələr arasındakı münasibətləri inkişaf etdirirlər. Azərbaycan və Ukrayna təkcə postsovet məkanında deyil, beynəlxalq münasibətlər sistemində də nüfuzlu ölkələrə çevrilə biliblər. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır.

Ümumi tarixi arayış 27 iyun 2010-cu il tarixdə tərtib olunub.