Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Xarici işlər nazirinin MDB işləri üzrə müavini Leonid Draçevskini qəbul edərkən söhbətindən - 6 fevral 1999-cu il


Heydər Əliyev: Sizin Azərbaycana gəlməyinizə şadam. Dünən biz Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr edilmiş şənliklərdə görüşdük. Bu gün isə burada görüşürük. Azərbaycanda özünüzü necə hiss edirsiniz?

Leonid Draçevski: Burada mənim üçün həmişə rahat olmuşdur, çünki gənclik illərimdə də, kamillik illərimdə də Azərbaycanda çox vaxt keçirmişəm. Hər şeydən əvvəl demək istərdim, biz çox şadıq ki, Siz iş başındasız, qayıtmısınız. Dünən Eldar Şengelayanın dediyindən daha yaxşı demək mümkün deyil - heç kəsdə şübhə də yox idi ki, belə də olacaq və özü də çox tez olacaqdır. Buna görə də mən Sizi iş yerinizdə olmağınız münasibətilə bir daha təbrik etmək istərdim. Rusiyanın xarici işlər nazirinin salamını Sizə məmnunluqla yetirmək istərdim.

Heydər Əliyev: Təşəkkür edirəm.

Leonid Draçevski: ...Müəyyən həsrət çəkirəm, çünki əvvəllər hər il altı aydan bir vaxtımı Mingəçevirdə keçirir, oradakı qonaqpərvərlikdən və bazadan istifadə edirdim. Bu baza o vaxtlar Sizin çox fəal iştirakınızla tikilmişdi və zənnimcə, öz imkanları baxımından indiyədək də bir inci olaraq qalır. Dünən komitənin sədri mənə dedi ki, bu bazanın bərpa olunması üçün Beynəlxalq Olimpiya Komitəsinin proqramından istifadə etmək niyyətindədir.

Heydər Əliyev: ...Baza həqiqətən çox maraqlı və çox gözəldir, ən başlıcası isə, yaradılmış olduğu məqsəd üçün əlverişlidir. Amma, təəssüf ki. indi orada qaçqınlar yaşayır. Bütün otaqlar qaçqınlara verilmişdir. Bəli, elə gözəl vaxtlar olmuşdu, indi isə tamam başqa zəmanədir.

Leonid Draçevski: Hərdən mənə Sizinlə qısa müddət görüşmək qismət olmuşdur. 1996-cı ildə Kislovodskda dövlət başçılarının iclasında və ötən il Siz Varşavaya gələndə. O vaxt mən Polşada səfir idim. Görüşlər qısa olsa da, yaddaqalandır.

Heydər Əliyeviç, fürsətdən istifadə edərək bir daha demək istərdim ki, iki dövlət arasında dostluğu və əməkdaşlığı inkişaf etdirmək üçün xalqımızın da, Rusiya rəhbərliyinin də möhkəm əsasları var. Yenə də dünən deyildiyindən yaxşı deyə bilməzsən - biz bir-birimizlə möhkəm tellərlə birləşmişik. Siz ümumi mədəniyyətimizin - çoxmillətli əsasda formalaşmış mədəniyyətimizin beşiyi başında durmuş adamları xatırladınız. Bununla əlaqədar bu münasibətlərin üstünə düşən hər hansı kölgə bizi olduqca narahat edir. Mən Sizə çox minnətdaram ki, bu gün məni qəbul etməyə və bu fikri eşitməyə razılaşdınız. Bizə elə gəlir ki, qarşılıqlı münasibətlərimizdə meydana gələ biləcək hər hansı şəkk-şübhəni həmişə şəxsi görüşlər, danışıqlar yolu ilə aradan qaldırmaq olar".

Heydər Əliyev: Azərbaycanla Rusiya arasında münasibətlər həmişə dostluq münasibətləri olmuşdur və bu gün də belədir. Biz buna çox böyük əhəmiyyət veririk, Rusiya ilə Azərbaycan arasında yüzillər ərzində yaradılmış çox ciddi zəmini nəzərə alaraq həmişə çalışmışıq və indi də çalışırıq ki, bütün sahələrdə inkişaf edib genişlənsin. Bu məsələdə bizim siyasətimiz - dövlətimizin siyasəti burada dəyişməz.

O ki qaldı kölgələrə, onlar, şübhəsiz, bəzən əmələ gəlir. Gərək onlara yol verməyəsən. Hər halda biz, Azərbaycan onlara heç vaxt yol vermirik və əmin edirəm ki, heç vaxt yol verməyəcəyik. Ancaq qarşılıqlı münasibətlərimizdə bəzən bu cür etinasız münasibət narahatlığa gətirib çıxarır.

Əlbəttə, mən söhbətin nədən getdiyini başa düşürəm. Rusiya Müdafiə Nazirliyi tərəfindən Ermənistana bir milyard dollardan artıq məbləğdə döyüş sursatlarının, hərbi texnikanın qanunsuz və qeyri-leqal göndərilməsi ilə əlaqədar məsələ son vaxtlar xüsusilə kəskinləşmişdir. Rusiya Federasiyasının müvafiq strukturları bu baxımdan tədbirlər görmək istəmirlər. Bu məsələ hələlik həll edilməyibdir, lakin son vaxtlar Ermənistan intensiv surətdə hərbiləşdirilir. Razılaşın ki, burada, Azərbaycanda siz də olsaydınız, narahatlıq keçirərdiniz. Sual olunur: bu, nəyə gərəkdir? Biz bu məsələ barəsində öz mövqeyimizi dəfələrlə bildirmişik. Şəxsən mən Rusiya Federasiyasının rəhbərləri ilə görüşlərimizdə, MDB dövlətləri başçılarının görüşlərində bu məsələdən danışmışam. Amma, yumşaq desək, fikirlərimizə, müraciətlərimizə, məktublarımıza etinasız münasibət, təbii olaraq narahatlıq doğurur.

Mən dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, Azərbaycanda biz hərbiləşdirmənin, xüsusən bölgəmizdə - Qafqazda, Zaqafqaziyada hərbiləşdirmənin əleyhinəyik, buna zərurət görmürük. Biz Qafqazın hər hansı ölkəsində hərbi bazalar olmasına qarşı açıq çıxış edirik. Biz bunu dəfələrlə bəyan etmişik. Lakin bəyanatlarımız qətiyyən nəzərə alınmır. Bu bir yana, Ermənistana silahlar göndərilməsi intensiv surətdə artırılır. Əgər bu, məsələn, Cürcüstanda olsaydı, bizi çox da narahat etməzdi. Gürcüstanla bizim aramızda səmimi, xoş, yaxşı münasibətlər var və heç bir münaqişə yoxdur. Lakin Ermənistanla Azərbaycan hərbi münaqişə vəziyyətində olduğu, münaqişəni dinc vasitələrlə aradan qaldırmaq, Qarabağ məsələsini nizama salmaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün 1994-cü ildə atəşkəsə nail olduğumuz bir dövrdə Ermənistan ərazisində müxtəlif növ silahlar intensiv surətdə yerləşdirilir. Bu, anlaşılmaz vəziyyətdir.

MDB-də biz 12 ölkəyik. Mən bilən, Rusiyanın heç bir MDB ölkəsində hərbi bazası yoxdur. Amma Ermənistanda var. Yaxşı, deyək ki, hərbi baza orada mövcud olmuşdur və s. Amma Rusiya heç bir MDB ölkəsinə Ermənistana göndərdiyi qədər silah, hərbi texnika daşımır. Nə məsələdir? Demək olar ki, aydın deyildir. Bəli, aydın deyildir. Ancaq bununla yanaşı, müəyyən dərəcədə aydın olur.

Əgər indi münasibətlərimiz üzərinə düşən kölgədən danışmalı olsaq, onda görərik ki, narahatlığımıza səbəb məhz budur. Başqa səbəb yoxdur. Bu səbəbi isə biz yaratmamışıq. Buna görə də hesab edirəm ki, nəinki Azərbaycan ilə Rusiya arasında, eləcə də bütün MDB ölkələri arasında münasibətlərin normal olması üçün biz bütün bunlara yol verməyə bilərik. Məsələn, hələ 1993-cü ilin dekabrında Aşqabadda MDB dövlət başçılarının görüşündə mən bəyanat verərək bildirmişdim ki, bir ittifaqda, birlikdə olan ölkələrin bir-birinə qarşı müharibə aparması yolverilməzdir. O vaxt hələ müharibə gedirdi. Lakin bu bəyanata reaksiya verilmədi.

Lakin biz atəşi dayandırdıq. Rusiya atəşkəs əldə olunmasında fəal iştirak etdi. Biz bunu həmişə vurğulayırıq. Əgər bir halda ki, atəşi dayandırmışıqsa, Qafqazda sülhü bərqərar etmək istəyiriksə, onda işi tərksilaha doğru aparmalıyıq. Amma 1997-ci ildə belə bir fakt aşkara çıxarılır, özü də bizim tərəfimizdən deyil, məhz Rusiyanın səlahiyyətli orqanları tərəfindən aşkara çıxarılıb yayılır ki, bundan əvvəlki ötən üç ildə Rusiyanın Müdafiə Nazirliyi Ermənistana bir milyard dollarlıq silah göndərmişdir. Bu, araşdırılmağa başlandıqda şəxsən mən Boris Nikolayeviç Yeltsinə görüş zamanı da müraciət etdim, ona rəsmi məktub da göndərdim. Hamı sanki razılaşdı ki, bu, çox ciddi məsələdir. Xatirimdədir ki, Boris Nikolayeviç araşdırmaq, təhqiq etmək barədə göstəriş verdi və sair. Biz sevindik. Ancaq bir neçə aydan sonra vəziyyət dəyişdi. Cürbəcür təkliflər irəli sürülməyə başlandı və bu məsələ beləcə də qaldı.

Biz bu məsələni gündəlikdən çıxarmırıq və cavab almayınca çıxarmayacağıq. Biz isə məsələni belə qoyuruq ki, qanunsuz göndərilmiş, özü də pulsuz göndərilmiş silahlar, - bilmirəm, Müdafiə Nazirliyi doğrudanmı elə varlıdır ki, bir milyardlıq silahı pulsuz göndərir, - Rusiyaya qaytarılsın. Belə edilməyincə, biz bu məsələni gündəlikdən çıxarmayacağıq.

C-300 raketlərinin, MİQ-29 təyyarələrinin Ermənistanda intensiv surətdə yerləşdirilməsi bizdə yeni narahatlıq doğurur. Bizə deyirlər ki, C-300 raketləri sırf müdafiə silahıdır. Bilmirəm, orada Rusiya Ermənistanla birlikdə kimdən müdafiə olunur? Burada kimdənsə müdafiə olunmaq lazım deyildir. Bax, məsələ belədir.

Leonid Draçevski: Demək istərdim ki, Siz öz narahatlığınız sarıdan tamamilə haqlısınız və mənə özümü Azərbaycanın yerində olmağı təklif etməyiniz çox güclü dəlildir. Mən bunların hamısını başa düşə bilirəm. Amma sadəcə, bəzi məqamları aydınlaşdırmaq istərdim. Ən əvvəl, məsələlərin həlli barəsində. Bizə elə gəlir ki. bir-birimizdəki narahatlığı aradan qaldırmağın ən yaxşı mexanizmi ötən il bir dəfə toplaşıb, sonra da fəaliyyət göstərməyən üçtərəfli komissiyadır. Əlbəttə, istəməzdim bir-birimizi açıq surətdə ittiham edək ki, kim bu komissiyanın fəaliyyətini iflic vəziyyətinə salıb, o, nə üçün əslində işləmir. Zənnimcə, bütün silahların göndərilməsini bu komissiya çərçivəsində aşkara çıxarmaq və bununla da bu narahatlıqları aydınlaşdırmaq və aradan götürmək olardı.

O ki qaldı 102-ci bazaya, Heydər Əliyeviç, məlum olduğu kimi, MDB çərçivəsində müvafiq sazişə uyğun olaraq bu baza hava hücumundan müdafiənin ümumi sisteminə daxil edilmişdir və indiki halda söhbət aviasiya texnikasının dəyişdirilməsindən gedir - əvvəlki nəsil MİQ-lər silahlar sırasından çıxarılır, onlar bütün silahlı qüvvələrdən götürülür və MİQ-29 təyyarələri göndərilir. Onlar heç bir hücum potensialına malik deyildir, çünki hava hədəfləri üçün nəzərdə tutulmuşdur. C-300 raketlərinə gəldikdə isə, onlar göndərilmir. Bu, istər bizim tərəfimizdən, istərsə digər tərəfdən olan hansısa adamların uydurmasından başqa bir şey deyildir.

Tam əsasla deyə bilərəm ki, heç bir C-300 raketi göndərilməyibdir. Söhbət məhz ondan gedir ki, yaranmış narahatlığı müxtəlif səviyyələrdə - bu komissiya, xarici işlər nazirlikləri, müdafiə nazirlikləri səviyyəsində aradan qaldırmaq olar. Mən hələ onu demirəm ki, sizin Rusiyada hamı ilə gözəl münasibətləriniz var və Sizə dünya miqyaslı görkəmli dövlət xadimi kimi münasibət göstərilir. Bunu hamı etiraf edir və bunu hamı bilir. Kimsəyə sirr deyil ki, Siz dünyada tayı-bərabərini tapmaq çətin olan bir şəxsiyyətsiniz. Buna görə də hamı Sizin rəyinizlə hesablaşır və zənnimcə, münasibətlərimizə heç nə əlavə etməyən, hər halda onları heç də yaxşılaşdırmayan gurultulu bəyanatlar vasitəsilə deyil, məhz bilavasitə dialoq yolu ilə ölkələrimiz həmişə ümumi dil tapa bilərlər. Biz də öz tərəfimizdən ehtiyatlı olmağa çalışırıq və yəqin ki, Siz də ehtiyatlı münasibət göstərirsiniz.

Heydər Əliyev: Leonid Vasilyeviç, bu üçtərəfli komissiya barəsində. O, Rusiya Federasiyasının təşəbbüsü ilə yaradılmışdı. Məsələn, biz hesab edirdik ki, bu komissiyanın yaradılmasına ehtiyac yoxdur, çünki məsələ tamamilə aydındır. Amma onu, açığını deyəcəyəm, problemi mürəkkəbləşdirmək üçün yaratdılar. Biz komissiyanın yaradılması ilə razılaşmalı olduq. Amma, əgər istəyirsinizsə, deyə bilərəm ki, biz razı olduğumuzu dərhal bəyan etdik və öz nümayəndəmizi - Azərbaycan baş nazirinin birinci müavini Abbasovu təyin etdik. Ancaq bu komissiyanın yaradılması bir neçə ay çəkdi. Bir müddətdən sonra Rusiya baş nazirin müavini Serovu təyin etdi. Ermənistan hələ də təyin etmirdi və nəhayət, bu komissiyaya əslində heç kimi təyin etmədi. Cəmi bir görüş oldu və Ermənistandan çox aşağı səviyyədə nümayəndə gəldi. Təbii ki, orada heç nə edilmədi. Serov istefaya getdi, bu işlə Rıbkin məşğul olmağa başladı, sonra o da getdi və indi biz ümumiyyətlə, bilmirik ki, bu komissiya ilə Rusiya tərəfindən kim məşğul olur.

Təşəbbüs yenə də Rusiya tərəfindən irəli sürülməlidir. Bu üçtərəfli komissiyaya Rusiya başçılıq edir. Əgər Rusiya bu komissiyanın işləməsini istəmirsə, onda necə etmək olar ki, komissiya işləsin? Biz məsələnin aydınlaşdırılması üçün istənilən formaya hazırıq, hərçənd məsələ tamamilə aydındır. Çünki Rusiya Federasiyasının Baş Prokurorluğunda olan sənədlər nə qədər silah verildiyini səhih şəkildə sübut edir. Silahlar hansı hissədən, haradan, hansı növ nəqliyyatla aparılmışdır - bunların hamısı onlara məlumdur. Bu komissiyanın isə buraya dəxli yoxdu. Yox, əgər Rusiya tərəfi bu komissiyanın olmasını lazım bilirsə, qoy olsun. Amma o işləmir. Əgər Rusiya tərəfi və Ermənistan tərəfi komissiyanın işləməsini istəmirlərsə, biz onun işləməsi üçün heç nə edə bilmərik.

C-300 barəsində. Zənnimcə, Rusiya XİN-in bəyanatında deyilir ki, C-300 raketləri müdafiə xarakteri daşıyır.

Leonid Draçevski: XİN-in bəyanatında yazılmışdır ki, C-300 raketləri göndərilmir. Onların göndərildiyi barədə bəlkə bundan əvvəl hansısa digər bəyanatlar, izahatlar olmuşdur. Amma bu raketlər göndərilmir.

Tofiq Zülfüqarov (Azərbaycanın xarici işlər naziri): Hərbi hava qüvvələrinin komandanı Kornukovun bəyanatı olmuşdur. O, Ermənistana səfər zamanı hava hücumundan müdafiə sahəsində əməkdaşlığı genişləndirmək planlarından danışmış, qırıcı təyyarələrin əvəz edilməsinin və C-300 zenit-raket kompleksləri göndərilməsinin mümkün olduğunu bildirmişdir. İndi komplekslərdən hansını göndərmək barədə diskussiya gedir. Onların bir neçə modifikasiyası var.

Heydər Əliyev: Leonid Vasilyeviç, bir sözlə, bəyan edirəm ki, biz Rusiya ilə bütün sahələrdə əlaqələri daha da genişləndirmək, möhkəmləndirmək mövqelərində qətiyyətlə dururuq. Biz bu münasibətlərin nə iləsə azacıq da olsa pozulmasını və ya ləkələnməsini qətiyyən istəmirik. Biz öz tərəfimizdən bu baxımdan heç nəyə yol verməmişik və yol vermirik. Yaranmış vəziyyətdə narahatlığımızın səbəbi, əvvəla, Rusiyanın Ermənistanda hərbi bazasının olması ilə, ikincisi, hərbi bazanın silahının intensiv surətdə artırılması ilə və üçüncüsü də onunla bağlıdır ki, Rusiya tərəfi Rusiya Müdafiə Nazirliyinin Ermənistana bir milyard dollarlıq silah, döyüş sursatı, texnikanı qanunsuz göndərməsi ilə əlaqədar indiyədək heç bir tədbir görməyibdir. Sizinlə bugünkü görüşdən istifadə edərək, sizə müraciət edir və Rusiya Federasiyasının rəhbərliyinə çatdırmağı xahiş edirəm ki, biz indiyədək dayandığımız mövqelərdə möhkəm dayanmışıq. Biz bu məsələni gündəlikdən mümkün qədər tez çıxarmaq istəyirik və istərdik ki, buna müvafiq reaksiya verilsin, tədbirlər görülsün.

"Azərbaycan" qəzeti, 7 fevral 1999-cu il.