Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin istifadəyə verilməsi mərasimində nitqi - 30 iyun 2001-ci il, Bakı, Mehdiabad qəsəbəsi


Əziz şəhid ailələri!

Əziz müharibə veteranları, əlilləri!

Hörmətli xanımlar və cənablar!

Bu gün bizim hamımızın buraya toplaşmağımızın əsas məqsədi Azərbaycan torpaqlarının qorunması uğrunda şəhid olmuş insanların ailəsinə, vuruşlarda, döyüşlərdə əlil olmuş insanlara dövlətin, hökumətin, ictimaiyyətin, xalqın münasibətini, öz münasibətimizi, hörmət və ehtiramımızı, qayğımızı bir daha nümayiş etdirməkdən ibarətdir. Mən sizin hamınızı ürəkdən salamlayıram. Hesab edirəm ki, burada olan insanlar - həm bu qəsəbənin sakinləri, həm bu qəsəbənin yaranmasında iştirak etmiş təşkilatların nümayəndələri, həm də başqa şəxslər bu işin nə qədər vacib və əhəmiyyətli olduğunu dərk edirlər.

Bizim müstəqil Azərbaycanın həyatı son on ildə çox ziddiyyətli olubdur. Bir tərəfdən bizim ən böyük nailiyyətimizdən - milli azadlığı əldə etməkdən, Azərbaycanın müstəqil dövlət olmasını təmin etməkdən, öz müstəqil ölkəmizdə yaşamaqdan, ikinci tərəfdən də Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başladığı təcavüzlə əlaqədar torpaqlarımızın, ölkəmizin qorunması ilə məşğul olmaqdan ibarət olmuşdur. Bu iki cəhət bir-biri ilə üzvi surətdə əlaqədədir. Çünki Sovetlər İttifaqının dağılması ilə əlaqədar bizim müstəqilliyimiz qansız-qadasız əldə olunubsa da, xalqımız müstəqilliyimizi qorumaq, Azərbaycanın ərazi bütövlüyünü, vətənimizi qorumaq üçün döyüşlərə qalxmalı, vuruşmalı olmuşdur. Bizim çox dəyərli insanlarımız şəhid, əlil olublar.

Beləliklə, biz böyük itkilər vermişik. Torpaq, vətən naminə, müstəqillik naminə şəhid olan insan ən yüksək zirvəyə çatmış insandır. Bu dünyada heç kəs daimi deyil. Bizim xalqda belə bir məlum deyim var: dünya gəldi-gedərdir. Ancaq əsası odur ki, bu həyatı kim nə cür, hansı amallarla yaşayır, hansı mənəvi keyfiyyətlər daşıyır. Vətən yolunda, torpaq yolunda, xalq yolunda şəhid olmaq, bir tərəfdən, ailə üçün, o insan üçün vaxtsız bir itkidirsə, ikinci tərəfdən, bu, insanlığın və insan mənəviyyatının ən yüksək zirvəsinə çatmaq deməkdir. Bunlar hamısı bizim dövlətimizə, hökumətimizə, xalqımıza, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərmək istiqaməti vermiş, bizim qarşımızda bu vəzifələri qoymuşdur. Biz hamımız bu vəzifələri yerinə yetirməliyik.

Əgər bu məsələyə bir az dərin fəlsəfi nöqteyi-nəzərdən baxsan, yəqin edərsən ki, şəhid olan insan öz vətənpərvərliyi ilə, öz arzusu ilə, öz yüksək mənəviyyatı ilə torpaqlarımızı, vətənimizi qorumaq üçün döyüşlərə giribdir, şəhid olubdur. Yəni bu onun özünün mənəvi istəyidir, özünün vətənpərvərlik hissiyyatlarıdır. Amma eyni zamanda biz bunu yüksək qiymətləndiririk. Baxmayaraq ki, döyüşlərə gedərkən o bildirdi ki, şəhid də ola bilər, əlil də ola bilər, xəsarət də ala bilər, onun ailəsi başsız da qala bilər. Ancaq vətəni, torpağı qorumaq və şəhidliyi gözünün önünə alıb vuruşa getmək - bunlar hamısı onun daxili mənəviyyatının bəhrəsidir. Biz bunları qiymətləndirməliyik.

Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir. Biz bunu yüksək qiymətləndirərək, şəhid olan insanların xatirəsini qəlbimizdə daim yaşatmalıyıq və eyni zamanda onun ailəsinə yardımımızı göstərməliyik. Döyüşlərdə xəsarət almış, əlil olmuş insanlar da təbiidir ki, bilərəkdən döyüşə gediblər, bunu vicdanın çağırışı ilə ediblər, döyüşüb, torpaqları qorumağa cəhd göstəriblər. Çoxları qəhrəmanlıqlar göstəriblər. Ancaq xəsarət alıblar, əlil olublar. Onlar bizim cəmiyyətdə yaşayırlar və yaşayacaqlar. Demək, onlara da bizim qayğımız, diqqətimiz daim olmalıdır.

Beləliklə, həm dövlətin, hökumətin, həm də cəmiyyətin bu təbəqədən olan insanlara borcu var. Borcu var ona görə yox ki, əvvəldən söz verib ki, mən sənə borcluyam. Ona görə ki, biz şəhidliyi, döyüşlərdə qəhrəmanlıq göstərmiş insanların şücaətini yüksək qiymətləndirərək, özümüzü onların qarşısında borclu hiss edirik və bu borcumuzu da yerinə yetirməliyik. Son illər biz Azərbaycan dövlətinin, hökumətinin imkanlarından maksimum istifadə edərək, bu vəzifələrimizi yerinə yetirməyə çalışmışıq və bundan sonra da çalışacağıq. Buradakı çıxışlarda gətirilən konkret faktlar görülən işlər haqqında əyani məlumat verir. Ancaq hələ bunlar azdır. Çünki bizim bu qayğımıza, bu diqqətimizə, yəni xüsusi münasibətə, xüsusi imtiyaza ehtiyacı olan şəhid ailələrinin, müharibə əlillərinin hamısı təmin olunmayıbdır. Ancaq aparılan siyasətin və əməli işin əsas istiqaməti ondan ibarətdir ki, biz bunu axıra qədər etməliyik.

Dövlətin, hökumətin müəyyən imkanları var. Bu da iqtisadiyyatın vəziyyətindən asılıdır. Bilirsiniz ki, təxminən 1995-1996-cı illərdən Azərbaycanda iqtisadiyyat inkişaf edir, insanların rifah halının yaxşılaşdırılması üçün daim tədbirlər görülür və rifah halı yaxşılaşır. Ancaq bunlar hamısı bizim iqtisadiyyatdan əldə etdiyimiz vəsaitlər çərçivəsində ola bilər. Bir də ki, təbii, bir çox beynəlxalq təşkilatlardan humanitar yardımlar alınır, ayrı-ayrı başqa yardımlar da göstərilir. Demək istəyirəm ki, indiyə qədər görülən işlər bizim özümüzü də qane etmir. Ancaq bizim imkanlarımız dairəsində etdiklərimiz maksimum səviyyədədir. Amma bir də qeyd edirəm ki, görülən işlər ilbəil artacaqdır. Çünki bizim iqtisadiyyatımız artıq yoluna düşübdür. Ümumiyyətlə, əhalinin rifah halı yaxşılaşacaq, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xüsusi yardım, xüsusi imtiyazlar daha da çox təmin olunacaqdır.

Cəmiyyətdə heç kəs ona məxsus olan vəzifədən, yaxud onun cəmiyyətdə tutduğu yerdən, hansısa gördüyü işdən, şucaətindən sui-istifadə etməməlidir. Əgər dövlət adamları tərəfindən, yerli hakimiyyət orqanları tərəfindən, bütün hakimiyyət orqanları tərəfindən, haradasa bu, yaxud başqa bir təbəqəyə dövlətin göstərdiyi qayğı, diqqət çatdırılmırsa, bu heç kəsə əsas vermir ki, o bu nöqsanları ümumiləşdirsin və dövlətin, hökumətin bu qayğısının müqabilində başqa yola düşsün. Ancaq təəssüflər olsun ki, bizdə bəziləri özlərinin nailiyyətlərindən, yaxud hökumət, dövlət, xalq qarşısında göstərdiyi xidmətlərdən sui-istifadə etməyə çalışırlar. Bu halda belə fikir yaranır ki, demək, sui-istifadə edən adamın yəqin ki, vaxtilə göstərdiyi şücaəti ilə onun daxili mənəviyyatı arasında böyük fərq var.

Yenə də deyirəm, bu sahədə nöqsanlar var. Amma bu nöqsanları meydana çıxarmaq, onları müvafiq orqanlara çatdırmaq və yaxud onların aradan qaldırılması üçün birgə tədbirlər görmək hamının borcudur. Amma bu nöqsanları bəhanə edərək, əlilliyindən, şəhid ailəsi olmasından, yaxud başqa bir xidmətindən sui-istifadə edərək xüsusi imtiyazlar əldə etmək istəyənlər özləri öz keçmişlərinə, gördükləri tərifəlayiq işlərinə xəyanət edirlər.

Bilirsiniz, bizdə müharibə olubdur, itkilər də olubdur, əlillər də olubdur, var. Ancaq keçmiş müharibələri götürün, dünyada olan müharibələri. Yaxud elə İkinci dünya müharibəsini götürün. Keçmiş Sovetlər İttifaqı müharibə apararkən təxminən 30 milyona qədər insan müharibədən geri dönmədi. Nə qədər insan da xəsarət aldı. İndi bəziləri yaşayırsa, 50 ildən çoxdur ki, həmin o müharibədən aldığı zərbə ilə yaşayır. Nə qədər ailələr başsız qaldı, qəhrəmanlıq göstərib geriyə qayıtmış nə qədər insanlar cəmiyyətdə fəaliyyətə başladılar. Ancaq əgər sovet hökuməti, sovet dövləti müharibədə həlak olmuş adamların hamısını ən yüksək səviyyədə təmin etməyə, onların ailələrini təmin etməyə çalışsaydı, o qədər böyük dövlətdə, imkanları olan dövlətdə bu, mümkün deyildi.

Yəni vətəni qorumaq, milləti qorumaq hər bir vətəndaşın şərəfli borcudur. Əgər vətəndaş bu şərəfli borcu yerinə yetirirsə, demək, o, ən yüksək qiymətə layiq olan vətəndaşdır. Ancaq bu borcu yerinə yetirərək, yaxud da yarımçıq yerinə yetirərək, sonra müxtəlif yollarla bundan sui-istifadə etmək, təbiidir ki, gördüyü işi və vətən qarşısında olan xidməti ləkələyir. Ona görə də mən arzu edirəm ki, bizim həm şəhid ailələri, həm müharibədə xəsarət almış, əlil olmuş insanlar bilsinlər ki, dövlətin, hökumətin qayğısı daim artacaqdır. Bu qayğının artması bizim imkanlarımızın artması ilə bağlıdır. Əlil olmuş bəzi adamların bundan sui-istifadə etməsi, yaxud da hansısa siyasi aksiyalara qoşulması onların özlərini ləkələyir və onların göstərdiyi xidmətləri heçə endirir. Mən ona görə məsləhət görərdim ki, onlar bu işlə məşğul olmasınlar. Təkcə onlar yox, heç kəs bu yola düşməsin. Bilirsiniz, insan bir iş görürsə, onun qiymətini alırsa, həm o iş görmüş adam, həm də qiymət vermiş adam - ikisi də yüksək səviyyədə olanlardır. Amma insan bir iş görürsə, bu qiymətini alırsa, bundan sui-istifadə etməyə başlayırsa, əvəzinə 10-15-20 qat çox nəsə tələb edirsə, artıq bu onun keçmiş xidmətini ləkələyir və heçə endirir. Bəzi adamların əlillikdən istifadə edərək cürbəcür mafioz qruplara çevrilməsi və müxtəlif qeyri-qanuni yollarla getməsi də təəccüb doğurur. Çünki qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm əlil üçün, həm də şəhid ailəsi üçün. Ancaq bu qanunla bərabər - mən artıq bu barədə geniş danışdım - hökumət müəyyən kateqoriyalardan olan adamlara xüsusi qayğı göstərir və göstərəcəkdir. Ayrı-ayrı adamların göstərdiyi - bəzi hallarda heç məlum deyil, göstərib, ya göstərməyibdir - xidmətlərdən qanunu pozaraq, qanun çərçivəsindən çıxaraq sui-istifadə etməsinə heç vaxt yol verilməyəcəkdir. Bunu hamı bilməlidir.

Mənim bu gün sizinlə söhbətimin əsas məqsədi bu deyildir. Əsas məqsədi ondan ibarətdir ki, siz də bilin və bütün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı da bilsin ki, bizim hər birimizin borcu xalqın, millətin qarşısında xidməti olmuş insanları layiqincə qiymətləndirməkdir. Bu, xüsusən dövlətin, hökumətin borcudur. Bizim hər birimizin borcu şəhid ailələrinə, müharibə əlillərinə maksimum diqqət və qayğı göstərməkdir. Onların da borcu bunu qiymətləndirməkdən ibarət olmalıdır, gələcəkdə də bu diqqətin artacağını bilməlidir, dərk etməlidir. Azərbaycanda bir söz var: gərək ayağını yorğanına görə uzadasan. Dövlətimizin yorğanı indi nə boydadırsa, biz ayağımızı o yorğandan çıxara bilmərik. Mümkündür, çıxardarsan, amma heç bir mənfəət gətirməyəcək, səni də isitməyəcəkdir. Çünki yorğan, adətən, adamı isitməkdən ötrüdür.

Mən çox məmnunam ki, burada şəhid ailələri, əlillər üçün belə gözəl evlər tikilibdir. Amma bu, birinci deyildir. Bilirsiniz ki, indiyə qədər bir neçə belə evlər, komplekslər yaranıbdır. Mən Qaradağ rayonunda iki böyük evin, hərəsində 50 mənzil olan evlərin açılışında da iştirak etmişəm. Başqa belə mərasimlərdə də iştirak etmişəm. Bu gün də buraya çox böyük həvəslə gəlmişəm. İndi orderləri də almısınız, evlərdə yaşayırsınız, çox yaxşı edirsiniz. Amma indi bizim buraya gəlməyimiz təkcə ondan ibarət deyil ki, orderi sizə təqdim edək, yaxud da qırmızı lenti kəsək. Bunlar hamısı formal atributlardır. Əsas ondan ibarətdir ki, qəsəbə salınıb, evlər tikilibdir. Mənə verilən məlumata və indi gördüyümə görə onlar keyfiyyətlidirlər, siz də burda yaşayırsınız və razısınız. Ancaq mənə dünən dedilər ki, burada iki şey çatmır. Birincisi, telefon yoxdur, ikincisi də deyəsən, elektrik enerjisi tez-tez kəsilir, demək, lazımınca təmin olunmur. Mən Rabitə nazirinə göstəriş verirəm: Buraya telefon çəkmək üçün sənə nə qədər vaxt lazımdır?

Nadir Əhmədov(Rabitə naziri): Cənab Prezident, beş gün.

Heydər Əliyev: Beş gündən sonra buranın telefonunu çəkirsən, məruzə edirsən. Sən gedib orada-burada qırmızı lentlər kəsirsən. Qırmızı lent lazım deyil, sadəcə, telefonla təmin et və mənə məruzə et. Elektriklə kim məşğul olacaq?

Əli Nağıyev(Əmək və Əhalinin Sosial Müdafiəsi naziri): Cənab Prezident, Fərhad Əliyev buradadır.

Heydər Əliyev: Fərhad Əliyev, sənə neçə gün vaxt lazımdır?

Fərhad Əliyev(İqtisadi İnkişaf naziri): Cənab Prezident, 10 gün.

Heydər Əliyev: Sən də 10 günə bunu edirsən və mənə məruzə edirsən. Başqa problemlər yoxdur ki?

Əli Nağıyev: Cənab Prezident, burada məktəbə ehtiyac var.

Heydər Əliyev: Bunlar üçün məktəb?

Əli Nağıyev: Bəli, orta məktəb.

Heydər Əliyev: Sən bir məktəb tikə bilməzsən?

Əli Nağıyev: Tikə bilərəm.

Heydər Əliyev: Sən məktəbin binasını tikirsən, Təhsil naziri də bu məktəbi müəllimlə, yaxud dərsliklərlə və sairə ilə təmin edir. Bunu da edin. Əlbəttə, başa düşürəm, bunu 5-10 günə edə bilməzsiniz. Ancaq nə qədər mümkündür, o qədər də tez edin. Görürəm ki, burada qəsəbənin sakinlərindən savayı, başqa adamlar da toplaşıblar.

Əli Nağıyev: Cənab Prezident, buradakılar bu işlə əlaqəsi olan adamlardır.

Heydər Əliyev: Bu insanların hamısının bu işlə əlaqəsi var?

Əli Nağıyev: Bəli, eyni zamanda sosial müdafiə sahəsində çalışan, Mehdiabad qəsəbəsində yaşayan adamlardır.

Heydər Əliyev: Buranın mənzərəsi çox gözəldir. İndi yaydır, mən sizə məsləhət görürəm ki, payızda burada yaşıllaşdırma işləri aparın, ağaclar əkin. Çünki mənim həyatımda ən böyük iş, bəlkə də, hər yeri yaşıllaşdırmaqdan ibarət olubdur. Bilirsiniz ki, 70-ci illərdə mən Bakının yaşıllaşdırılması ilə əlaqədar böyük bir proqram irəli sürüb, onunla məşğul olmuşam. İndi Bakının küçələrində, hər yerdə böyük-böyük ağaclar, yaşıllıqlar var. Yəni bu, çətin bir şey deyil, sadəcə, burada ağac əkmək və onu sulamaq lazımdır. Yəqin ki, sakinlər bu ağaclara qulluq edəcəklər. Amma hesab edirəm, siz də, rayon icra orqanı da payızda burada - hər bir həyətdə, küçədə lazımi qədər ağac əkərsiniz ki, hava daha da təmiz olsun. Onsuz da buranın havası təmizdir. Amma ağaclar, yaşıllıq buranı daha da gözəlləşdirər.

Mən hər dəfə şəhid ailələri ilə, müharibə iştirakçıları, veteranları, əlilləri ilə görüşəndə, birincisi, çox  məmnun oluram. Çünki başa düşürəm ki, bu görüş məni nə qədər sevindirirsə, o qədər də sizi sevindirir. İkincisi də, sizi bu görüşlərdə daha çox görərək, sizin işlərlə məşğul olmaq borcumuzu, vəzifəmizi bir daha dərk edirəm. Ona görə də bugünkü görüş sizin üçün nə qədər əhəmiyyətlidirsə, o qədər də mənim üçün əhəmiyyətlidir və vacibdir. Buraya toplaşdığınıza görə, bu görüşünüzə görə sizin hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm. Burada işləri görmüş adamların hamısına təşəkkür edirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu öz ixtiyarında olan vəsaitlə edibdir. Ancaq vəsait bəzi yerlərdə var, iş görülmür. Bəzi yerlərdə isə vəsaiti lazımi işə yönəltmək əvəzinə, başqa istiqamətə yönəldirlər. Biz onun xeyrini də görmürük. Ona görə mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gördüyü bu işi qiymətləndirirəm. İnşaatçıların işlərini qiymətləndirirəm. Qəsəbənin yaranmasında iştirak etmiş adamların hamısının işini qiymətləndirirəm və hamınıza təşəkkür edirəm.

Ümidvaram ki, bunlar hələ ilkin addımlardır. Bizim bu sahədə imkanlarımız çoxdur. Həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də başqa nazirliklər, təşkilatlar bunlardan daha da səmərəli istifadə etməlidirlər ki, biz bu təbəqədən olan insanların həyat şəraitini təmin edək. Təbiidir ki, həyat şəraiti, yaşayış şəraiti ilə bərabər, işlə təmin olunma məsələləri də var. O barədə də nazirlik bir çox işlər görübdür, ancaq hələ bir çox işlər də görməlidir.

Mən qeyd etdim, bir də bildirmək istəyirəm ki, bizim imkanlarımız ilbəil artacaqdır. Həmin imkanlardan mütləq bu işləri genişləndirmək üçün istifadə edəcəyik. Bizim xalqımızın şəhidləri, müharibə əlilləri Ermənistanın Azərbaycana etdiyi təcavüz və bu səbəbdən başlanmış müharibənin nəticəsidir. Bu müharibə bizə çox böyük zərbələr vurmuşdur. Birincisi, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız didərgin düşüb, qaçqın vəziyyətindədir və çoxları çadırlarda yaşayırlar. Çox ağır vəziyyətdə yaşayırlar. Bu müharibə bizə itkilər veribdir. Dəyərli insanlarımız şəhid olub, vuruşub əlil olan insanlar var. Bu, Azərbaycan üçün 1988-1989-cu ildən başlanmış bir faciədir.

İndi Azərbaycanda hamını bir şey maraqlandırır və hamının qəlbində bir arzu var: işğal olunmuş torpaqlarımızı tezliklə azad edək, ərazi bütövlüyümüzü təmin edək, yerindən-yurdundan didərgin düşmüş insanları öz doğma torpağına qaytaraq. Görürsünüz, son 7-8 ildə aparılan gərgin işlər hələ ki, öz nəticəsini verməyibdir. Biz 1994-cü ildə müharibəni dayandırdıq. Hesab edirəm ki, biz düz etdik. Təsəvvür edin, əgər müharibə davam etsəydi, nə qədər şəhid ailəsi artacaqdı, nə qədər insan əlil olacaqdı, nə qədər də şəhid olacaqdı. Biz bunların qarşısını aldıq. Ona görə yox ki, torpaqlarımızı təslim etdik.Yox. Bunu ona görə etdik ki, məsələnin sülh yolu ilə həll olunmasını təmin edək. Bilin ki, məsələnin sülh yolu ilə həll edilməsi üçün biz daim, gecə-gündüz məşğul oluruq, bundan sonra da məşğul olacağıq. Mən ümidvaram, inanıram ki, məsələnin sülh yolu ilə həll olunmasını təmin edəcəyik. O insanlar öz yerinə-yurduna qayıdacaqlar. Ancaq işğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Evlər də dağıdılıbdır, insan yaşayışı, onun əmək fəaliyyəti üçün yüz illərlə yaranmış bütün hər şey dağıdılıbdır.

İndi təsəvvür edin, bizim qarşımızda nə qədər ağır və nə qədər böyük vəzifə durur. Birincisi, işğal olunmuş torpaqları azad etmək, ikincisi, həmin o torpaqlarda insanların yenidən yaşaması üçün şərait yaratmaq. Bu bizdən nə qədər vəsait tələb edəcəkdir. Bu işdə hamımızın nə qədər səfərbər olunmağımızı tələb edəcəkdir. Ona görə bilin, biz bir tərəfdən, xoşbəxtik ki, dövlət müstəqilliyini əldə etmişik, müstəqil dövlətimiz var. Xoşbəxtik ki, biz Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə gedən iqtisadiyyatını inkişaf etdiririk, insanların rifah halını yaxşılaşdırırıq. Amma eyni zamanda bizim üçün nə qədər böyük çətinliklər var. Birincisi, işğal olunmuş torpaqları azad edək, ikincisi, orada bərpa işləri aparaq və insanları öz yerinə qaytaraq, onlar orada, heç olmasa, minimum şəraitdə yaşasınlar. Təbiidir ki, sonra o yerlərdə yenə də, əvvəlkindən də yaxşı evlər də, binalar da tikiləcəkdir, insanların yaşayışı da təmin olunacaqdır. Ona görə həm şəhid ailələri, həm müharibədə əlil olmuş insanlar, həm də bütün vətəndaşlarımız bilsinlər ki, qarşımızda duran əsas məsələni, yəni işğal edilmiş torpaqların azad olunmasını təmin edəcəyik. Sülh yolu ilə olursa, sülh yolu ilə, sülh yolu ilə mümkün olmasa, bizim başqa imkanlarımız var. Bütün o yolların hamısından istifadə edib bunu təmin edəcəyik. Amma hələ çox illər ondan sonra qarşımızda bu ərazilərin bərpa olunması proqramı durur. Onu da edəcəyik, ona da nail olacağıq.

Mən bu qəsəbədə ev almış, yaşayan vətəndaşlarımızı ürəkdən təbrik edirəm. Burada xoşbəxt yaşayasınız, firavan yaşayasınız. Bu qəsəbə Azərbaycanın başqa qəsəbələrinə nümunə olsun. Burada bütün hakimiyyət orqanlarına göstəriş verirəm ki, dediklərimin ardıcıl surətdə həyata keçirilməsi üçün öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. Sizi təbrik edirəm və bu qəsəbədə yaşayan insanlara xoşbəxt həyat, cansağlığı arzu edirəm. Bilirsiniz, indi mənə deyirlər ki, order verək. Bu bir az yaxşı çıxmır. Çünki insanlar artıq burada yaşayırlar. Order o vaxt verərdim ki, hələ o, evə girməyib, yaşamır. Amma o orada yaşayır. Mən ona order verəndə, bu, bir az əcaib görsənir. Hesab edin ki, bütün orderləri mən vermişəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM