Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 19 mart 1997-ci il


Əziz həmvətənlər!

Sizi, respublikanın bütün vətəndaşlarını qədim milli bayramımız - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Xalqımızın uzun əsrlər boyu qeyd etdiyi bu Bahar bayramı Azərbaycanın müstəqillik əldə etməsi ilə respublikanın dövlət bayramlarından biri oldu. Novruzun hər dəfə keçirilməsi müstəqillik və dövlətçilik prinsiplərimizin təntənəsinə olan inamı daha da artırır.

Mənəvi dəyərlərimizə sədaqət və ehtiramı nümayiş etdirən Novruz bayramı insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün həmişə gözəl zəmin yaratmışdır. Qoy builki Novruz da müstəqil Azərbaycanımızın tərəqqisi naminə cəmiyyətdə milli həmrəyliyin tam bərqərar olması işində yeni bir mərhələ olsun, təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın.

Əziz Novruz bayramını hər kəsin öz ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. Əminəm ki, öz yurdundan, eveşiyindən didərgin düşmüş soydaşlarımızın bu adəti gerçəkləşdirə biləcəkləri gün uzaqda deyildir. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın qohum-əqrəbasına, yaxınlarına bu əziz gündə Ulu Tanrıdan səbr diləyirəm. İnanıram ki, respublikanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda atdığımız hər yeni uğurlu addım şəhidlərimizin ruhunu şad edəcəkdir.

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, ürəyində Vətən sevgisi olan hər bir həmvətənimiz Novruz bayramını böyük sevinc və fərəhlə qeyd edir. Bu bayram şənlikləri onları vətənlərinə, ata-baba yurdlarına, öz milli köklərinə daha sıx bağlayır.

Əziz bacı və qardaşlar, əziz soydaşlar!

Bu şad bayram günlərində hər birinizi bağrıma basıram, sizə gözəl Novruz əhval-ruhiyyəsi diləyir, həyatınızda və işlərinizdə uğurlar arzulayıram!

Bayramınız mübarək olsun!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər