Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey İvanov ilə görüşdə söhbəti - Prezident sarayı, 22 yanvar 2001-ci il


Heydər Əliyev: Sergey Borisoviç, mən sizi Azərbaycanda salamlayıram! Biz bu yaxınlarda görüşmüşdük, şadam ki, yenidən görüşürük. Bu ona dəlalət edir ki, belə səviyyələrdə görüşlər daimi xarakter alır. Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün vacibdir. Biz bu barədə burada söhbət etdik, sənədlər imzaladıq.

Sizə deməliyəm ki, Rusiya prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri çox böyük əhəmiyyətli hadisə oldu. Əhalinin mütləq əksəriyyəti bunu məhz belə qarşıladı və əslinə qalsa, indi də böyük razılıqla, məmnunluqla müzakirə edir, bildirir ki, indi Rusiya-Azərbaycan münasibətləri nəinki yaxşılaşır, həm də yüksək səviyyədədir. Burada - təkcə burada deyil - zənnimcə, dünya miqyasında da hamı Rusiya prezidentinin yeni ilin, yeni əsrin başlanğıcında məhz Azərbaycana rəsmi səfər etməsini xüsusi qiymətləndirir. Əlbəttə, buna qısqanclıqla yanaşan ölkələr var. Lakin səfər ümumən razılıq, məmnunluq hissi ilə qarşılanmışdır, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olacağına hamıda böyük ümid var, ona görə ki, bu, Rusiyanın və Azərbaycanın milli mənafelərinə cavab verir. Səfərin yekunları bizim mətbuatda indiyədək müzakirə edilir. Müxtəlif təbəqələrdən olan insanlar öz fikirlərini söyləyirlər. Əlbəttə, mütləq əksəriyyət müsbət rəydədir. Açığını deyəcəyəm, xalqımızın belə səfər üçün bu qədər darıxdığını təsəvvürümə də gətirməzdim. Bununla yanaşı, əlbəttə, müxtəlif rəylər var. Siz yəqin bizdən çox məlumata maliksiniz. Müxtəlif ölkələrdə bunu müxtəlif cür qiymətləndirir, müxtəlif cür təhlil edirlər. Lakin bilirsinizmi, mən həmişə hesab etmişəm ki, müxtəlif analitiklər, icmalçılar çox vaxt öz subyektiv fikirlərini həqiqət kimi qələmə vermək istəyirlər. Bununla belə, məsələ heç də bu fərdi şəxslərdə deyildir, biz bilirik ki, bu səfər təkcə ayrı-ayrı informasiya vasitələrində deyil, həm də ayrı-ayrı ölkələrdə, amma müxtəlif cəhətlərdən böyük maraq doğurmuşdur. Biz bunu bilirik, izləyirik, nəzərə alırıq. Lakin hesab edirik ki, - bu gün mən bir daha təsdiqləmək istəyirəm - bu, əsrimizin başlanğıcında çox mühüm hadisədir və Rusiya ilə Azərbaycan arasında münasibətləri həqiqətən real surətdə inkişaf etdirməlidir. Bunun isə təkcə Rusiya üçün deyil, Azərbaycan üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu, bütün Qafqaz üçün böyük əhəmiyyəti var.

Vladimir Vladimiroviç yanvarın 16-da mənə zəng etmişdi. Biz onunla səfərin yekunları haqqında danışdıq. Mən bütün bunlar barəsində ona məlumat verdim. O da, mən də yekdil fikirdə olduq ki, səfər çox uğurlu, çox faydalı idi. Təkrar edirəm, hər iki tərəfin ümidləri gələcək işlərimizdə öz əməli əksini tapacaqdır. Bununla əlaqədar indi siz regiona səfərə gəlmisiniz. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqaz regionunda öz fəaliyyətini gücləndirir. Mən sizi salamlayıram və gəlişinizə çox şadam.

Sergey İvanov: Qonaqpərvərliyə görə, səfərin təşkili ilə bağlı görülmüş genişmiqyaslı hazırlığa  görə Vladimir Vladimiroviçin böyük təşəkkürünü Sizə yetirmək istəyirəm. Səfərlə əlaqədar ölkəmizdə yekdil rəy var, özü də partiya mənsubiyyətindən asılı olmayaraq, siyasi qüvvələrin hamısının rəyi yekdildir. Hamı bu səfəri yüksək qiymətləndirir. Bu bütün cəmiyyətimizin rəyidir.

Rusiya Qafqazın problemlərinə, həqiqətən, böyük diqqət yetirməyə başlamışdır, onlara maksimum obyektiv, nəzakətlə yanaşmağa çalışır və Rusiya-Azərbaycan əlaqələrinin inkişafını alqışlayır. İkincisi, o, həqiqətən, xalqlarımızın tarixi əlaqələrinin keçmişdəkindən daha dinamik, təbii ki, yeni reallıqlar nəzərə alınmaqla, inkişaf etməsi üçün imkan çərçivəsində hər şeyi etməyə çalışır.

Mən bununla da razıyam ki, bu səfər dünyanın digər ölkələrində də çox diqqətlə izlənilirdi. Münasibət müxtəlif idi, jurnalistlərin yanında demək yaxşı düşməsə də, siyasətçilər bu səfəri əsas etibarilə alqışlayırdılar, jurnalistlər isə mənsub olduqları ölkədən, regiondan asılı olaraq, müxtəlif cür yazırdılar. Sizin kimi, biz də bunu bilirik, nəzərə alırıq, amma öz milli mənafelərimizi, Azərbaycanın və ölkəmizin xalqlarının mənafelərini əsas götürürük. Hesab edirik ki, münasibətlərimizi bundan sonra da hərtərəfli inkişaf etdirməliyik. Hər halda, Rusiyanın siyasi rəhbərliyi, təkcə siyasi rəhbərlik deyil, işgüzar dairələr də belə əhval-ruhiyyədədirlər. Yazılanlarla görülmüş işlər arasında fasilə yaranmaması üçün, ilk növbədə, səfər zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi çərçivəsində, imzalanmış sazişlər çərçivəsində münasibətlərimizi ardıcıl surətdə inkişaf etdirmək, digər tərəfdən isə, ən yaxın vaxtlarda atacağımız növbəti addımları müəyyənləşdirmək lazımdır.

Sizi əmin etmək istəyirəm ki, Vladimir Vladimiroviç də bu əhval-ruhiyyədədir, sizinlə telefon söhbəti haqqında o da danışırdı. Düşünürəm ki, yaxın gələcəkdə nəinki Siz prezidentlər üçün, həm də xalqlarımız üçün növbəti faydalı görüşlərimiz olacaqdır.

Heydər Əliyev: Demək istəyirəm ki, prezident Vladimir Vladimiroviç Putinin yola düşdüyü günün elə ertəsi mən Azərbaycanın Təhlükəsizlik Şurasını da, Nazirlər Kabinetini, onun baş idarələrini də geniş tərkibdə topladım. Biz səfərin yekunlarını müzakirə etdik, sabaha daha heç nə qalmaması üçün, habelə yeni bəyannaməmizlə və Xəzər dənizinə dair bəyanatımızla bağlı hər bir məsələ üzrə konkret olaraq nə kimi işlər görülməli olduğunu müzakirə etdik. Biz Qəbələ stansiyası barəsində və digər bütün məsələlər, xüsusən iqtisadi məsələlər barəsində qəti bir qərara gəlməliyik. Mən Baş nazirin rəhbərliyi ilə xüsusi komissiya yaratmışam. Komissiya bütün bu məsələləri işləyib hazırlayır. Ona görə də biz haqqında danışdığımız, razılığa gəldiyimiz hər bir məsələ üzərində - əgər razılığa gəlməmişiksə, hər halda, yeni zəmin yaratmışıq, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açmışıq - çox ciddi işləmək niyyətindəyik ki, bütün bunlar öz praktiki həllini tapsın.

Sergey İvanov: Bizim də mövqeyimiz belədir. Rusiya Qafqazda öz münasibətlərini beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik əsasında, xalqlarımız arasında təşəkkül tapmış ənənəvi əlaqələrdən çıxış edərək qurmaq niyyətindədir. Bu əlaqələri hətta çox istəsən də qıra bilməzsən.