Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrin iqamətgahları Ankarada yerləşən, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüşdə çıxışı - 5 may 1997-ci il


Hörmətli səfirlər, hörmətli cənablar!

Mən sizi salamlayıram və sizinlə bu qısa görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm. Siz bilirsiniz ki, mən bu gün səhər buraya rəsmi səfərə gəlmişəm, bütün günü danışıqlar gedir. Proqramdan bir qədər kənara çıxmışıq. Ona görə də mən sizinlə görüşə bir az gecikmişəm. Bununla yanaşı 25 dəqiqədən sonra yeni bir proqram başlanacaqdır.

Sizin burada, Türkiyədə səfir olmaqla bərabər eyni zamanda Azərbaycanda öz ölkənizi təmsil etməyiniz bizim üçün çox əlverişlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında çox sıx dostluq, qardaşlıq əlaqələri var. Türkiyə bizim üçün çox yaxın ölkədir və Türkiyə ilə Azərbaycan arasında məsafə də çox qısadır. Ona görə də burada oturaraq Azərbaycanda səfirlik fəaliyyətini həyata keçirmək şübhəsiz ki, başqa ölkələrə nisbətən daha yaxşıdır. Ancaq biz eyni zamanda arzu edərdik ki, siz Azərbaycana tez-tez gələsiniz, Azərbaycanın vəziyyəti ilə daim maraqlanasınız, Azərbaycanda gedən proseslər haqqında həm özünüz məlumat alasınız, həm də öz ölkənizə həmişə məlumat verəsiniz. Çünki biz sizin ölkələrinizlə çox sıx əlaqə saxlamaq istəyirik və bu əlaqələrin də saxlanmasında səfirin rolu çox böyükdür. Sizin ölkələrinizdə bizim səfirliyimiz yoxdur. Buna görə də siz həm öz ölkənizin Azərbaycanda səfiri, həm də Azərbaycanın sizin ölkənizdə səfiri olmalısınız. Hər halda mən bunu arzu edir və ümidvaram ki, siz mənim arzumu yerinə yetirəcəksiniz.

Yəqin ki, Azərbaycandakı indiki vəziyyət sizə məlumdur. Əvvəla, daxili ictimai-siyasi sabitlik təmin olunubdur. Bilirsiniz ki, keçmiş illərdə Azərbaycan daxili sabitlik baxımından çox çətin proseslər içərisində idi. İndi Azərbaycanda dövlət orqanları normal fəaliyyət göstərir, demokratik hüquqi dövlət quruculuğu prosesi gedir. Azərbaycan parlamenti daim işləyir və yerli hakimiyyət orqanları da öz vəzifələrini yerinə yetirirlər.

Cari ilin üç ayı ərzində Azərbaycan iqtisadiyyatında bəzi müsbət nəticələr əldə olunubdur. Bilirsiniz ki, inflyasiyanın qarşısı tamamilə alınıb və indi Azərbaycanda inflyasiya yoxdur. Milli valyutamızın - manatın dəyəri möhkəmlənib və ötən illə müqayisədə dollarla nisbətdə 10 faiz artıbdır. Bu üç ayda dövlət büdcəsi yerinə yetirilibdir. Güman edirik ki, büdcə ilin axırınadək də yerinə yetiriləcəkdir.

İstehsalatda, iqtisadiyyatda müəyyən artımlar var. Keçən illərdə bizdə istehsalın səviyyəsi daim aşağı düşürdüsə, indi bu dayandırılıb və müəyyən artım də əldə edilibdir. Güman edirəm ki, 1997-ci ildə bu müsbət meyl daha da artacaqdır. İqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur. Özəlləşdirmə proqramı əməli surətdə həyata keçirilir. Aqrar sektorda islahatlar həyata keçirilir və bəzi hallarda biz onların müsbət nəticələrini hiss edirik. Bilirsiniz ki, biz "Torpaq islahatı haqqında" çox ciddi bir qanun qəbul etmişik. Torpaqlar xüsusi mülkiyyətə verilir. Bu qanun da artıq icra olunur.

Xarici ticarətdə liberallaşdırma prosesi davam edir. Ümumiyyətlə, Azərbaycanda artıq iqtisadiyyatda liberallaşdırma, sahibkarlığa geniş imkanlar yaradılması prosesi mövcuddur. Biz hesab edirik ki, iqtisadiyyatda baş vermiş bəzi müsbət nəticələr və meyllər məhz bu iqtisadi islahatların, özəlləşdirmənin həyata keçirilməsi ilə bağlıdır.

Siz bilirsiniz ki, ölkəmizdə çoxpartiyalı sistem, mətbuat azadlığı, söz azadlığı bərqərar olubdur. Ancaq bunlarla yanaşı, ölkəmizi narahat edən ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsidir və biz bu münaqişədə istədiyimiz nəticəni hələ əldə edə bilməmişik. Atəşkəs haqqında əldə etdiyimiz sazişin bir həftədən sonra üç ili tamam olacaqdır. Üç ildir ki, atəş yoxdur, məsələnin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırıq. Bu baxımdan keçən ilin dekabr ayında Lissabonda ATƏT-in Zirvə görüşündə əldə olunan sənəd çox böyük əhəmiyyət kəsb edir. Sizə məlumdur ki, Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması prinsipləri haqqında sənəd qəbul edilibdir. Bu məsələlərin həll olunması üçün yaradılmış Minsk qrupunun indi üç həmsədri var: Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Biz çox ümid bəsləyirik ki, üç böyük dövlətin bu məsələyə qoşulması və Lissabon Zirvə görüşündə sülh danışıqları prinsiplərinin müəyyən edilməsi 1997-ci ildə sülh prosesini irəlilədə bilər.

Ancaq buna çox mane olan amillər də var. Bilirsiniz ki, son iki ayda Rusiyanın Ermənistana üç il ərzində gizli olaraq çoxlu silah verməsi aşkara çıxarılmışdır. İndi artıq tam məlum olub və Rusiyanın müvafiq orqanları da bəyan ediblər ki, son üç ildə gizli olaraq, qanunsuz surətdə Rusiyadan Ermənistana bir milyard ABŞ dolları dəyərində ağır silahlar verilibdir. Bu silahlar içərisində çoxsaylı müasir tanklar da, toplar da, uzaq mənzilli raketlər də var. Rusiyanın Ermənistana bu qədər silah verməsi çox təəccüblüdür və eyni zamanda böyük təhlükə doğurur.

Bu, tək Azərbaycan üçün yox, tək Qafqaz bölgəsi üçün yox, Türkiyə də daxil olmaqla bütün bölgə üçün çox təhlükəlidir. Biz Rusiyanın dövlət başçılarından, şəxsən prezident Boris Yeltsindən xahiş etmişik, mən ona məktublarla müraciət etmişəm və mart ayının 29-da şəxsi görüşümdə ona bildirmişəm ki, Rusiya bu məsələ ilə əlaqədar ciddi ölçü götürməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistana verilmiş silahlar geri qaytarılmalıdır və gələcəkdə belə hallara yol verilməməlidir. Doğrudur, Rusiya parlamenti bu barədə qərar qəbul edibdir. Ancaq hələ konkret bir nəticə yoxdur. Moskvada istintaq gedir, araşdırmalar aparılır, lakin bir şey şübhəsizdir ki, silahlar verilibdir və bu silahların verilməsi haqqında sənədlər mövcuddur. Mən bir daha qeyd edirəm ki, bunlar bizi narahat edir və şübhəsiz ki, sülh danışıqlarının aparılmasına mane olur.

Lakin bunlara baxmayaraq, Azərbaycan yenə də məsələnin sülh yolu ilə həll olunması mövqeyində durur. Bu gün mən sizə bir daha bəyan edirəm ki, biz məsələ sülh yolu ilə həll olunana qədər, yəni böyük sülh müqaviləsinin bağlanmasına qədər atəşkəs rejimini qoruyub saxlayacaq və ona riayət edəcəyik.

Bu gün Türkiyənin prezidenti, baş naziri, baş nazirin müavini və başqa şəxslərlə Türkiyə-Azərbaycan əlaqələri haqqında geniş danışıqlar aparmışıq. Biz bu danışıqlardan çox məmnunuq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr gündən-günə inkişaf edir. Bu əlaqələri daha da inkişaf etdirmək üçün bu gün biz çox dəyərli səkkiz müqavilə imzalamışıq. Bu müqavilələrdən biri Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqındadır və onu Türkiyənin və Azərbaycanın prezidentləri imzalamışlar. Qarşıdakı günlərdə də Türkiyədə görüşlərimiz, danışıqlarımız olacaqdır. Mən Türkiyəyə bu rəsmi səfərimə xüsusi əhəmiyyət verirəm.

Mən sizi bir daha salamlayıram və Azərbaycan ilə öz ölkələriniz arasındakı əlaqələrin inkişaf etməsi üçün sizdən daha böyük səylər göstərməyinizi xahiş edirəm. Təşəkkür edirəm. Sağ olun.