Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Yeqor Stroyevlə görüşdəki söhbətindən - Prezident sarayı, 23 yanvar 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab Yeqor Stroyev! Sizin və başçılıq etdiyiniz nümayəndə heyətinin Azərbaycana gəlmənizi səmimi-qəlbdən salamlayıram. Rusiya Federasiyasının belə bir nümayəndə heyətinin respublikamıza səfərindən məmnun qaldığımı bildirirəm.

Azərbaycan ilə Rusiya Federasiyası arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın durmadan genişləndirilməsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Rəhbərlik etdiyiniz nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əmin olduğumu bildirirəm. Hesab edirəm ki, biz Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı, habelə elm, mədəniyyət, təhsil sahəsində əlaqələrimizin inkişafı ilə bağlı ən mühüm məsələlər barəsində fikir mübadiləsi apara bilərik.

Yeqor Stroyev: Cənab prezident, səmimi mehriban qəbula və Azərbaycana dəvətə görə Sizə təşəkkür edirəm. Bu səfər ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək və bu işdə Sizin göstərdiyiniz böyük diqqət və qayğı əvəzsizdir. Sizin rəhbərliyiniz ilə hüquqi demokratik dövlət quruculuğu, islahatların həyata keçirilməsi sahəsində Azərbaycanda görülən işlər, əldə edilən uğurlar Rusiya Federasiyasında diqqətlə izlənilir. Ölkələrimizin iqtisadi əlaqələrinin sıxlaşdırılmasına Rusiyanın da böyük maraq göstərdiyini nəzərə çarpdırmaq istəyirəm.

Heydər Əliyev: Bilirsiniz ki, Azərbaycan artıq yeddinci ildir müstəqil respublikadır. Bu illər ərzində ölkə bir çox mürəkkəb, olduqca çətin mərhələlərdən keçmişdir. Sovet İttifaqı hələ dağılmazdan əvvəl Azərbaycanda çox mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı. Siz yəqin ki, Dağlıq Qarabağdakı hadisələrlə və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanla Ermənistan arasında münaqişə barədə məsələyə baxılmasına o vaxtkı Sovet İttifaqı rəhbərliyinin ədalətsiz münasibəti ilə əlaqədar keçirilmiş aramsız mitinqləri, xalq çıxışlarını xatırlayırsınız. Bütün bunlar nəticə etibarilə Azərbaycan xalqı üçün böyük faciəyə gətirib çıxardı. Bir neçə gün bundan əvvəl Azərbaycan xalqı 20 Yanvar faciəsinin səkkizinci ildönümünü qeyd etmişdir. Xalq hərəkatını yatırmaq üçün sovet qoşunlarının iri kontingenti Bakıya yeridildi. Bu dəhşətli qərarı sovet rəhbərliyi, şəxsən Qorbaçov və onun ətrafındakılar qəbul etmişdilər. O vaxt Sovet İttifaqının güc nazirliklərinin bütün rəhbərləri Bakıda idilər və onlar Azərbaycan xalqına qarşı əslində soyqırımı törətdilər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Dünya Birliyi ilə əlaqələrinin daha da möhkəmləndirilməsi sahəsində bir çox müvəffəqiyyətlər əldə etmişdir. Biz dünyanın inkişaf etmiş ölkələri ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiririk.

Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələri, xalqlarımızın tarixi ənənələrə malik münasibətləri daha da canlandırmaq üçün ölkələrimizdəki zəngin potensial imkanlardan dolğun şəkildə istifadə etməliyik. Bunun hər iki tərəf üçün çox faydalı olduğunu nəzərə çarpdırmaq istəyirəm.

Yeqor Stroyev: Cənab prezident, mehriban qəbula görə təşəkkür edirəm. Sizə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin səmimi salamını və belə bir arzusunu - Sizin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həlli barədə Kişinyovda qaldırdığınız məsələlərin beynəlxalq hüquq çərçivəsində nizama salınmasını çatdırmaq istəyirəm. Rusiya Azərbaycanın ərazi bütövlüyünə, onun sərhədlərinin toxunulmazlığına həmişə tərəfdar olmuşdur və tərəfdardır. Səmimi qəbula və nikbinliyə, məsələlərin cəsarətlə qaldırılmasına görə, onları ən mürəkkəb vəziyyətdə həll etmək bacarığınıza görə Sizə cənab prezident, bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Səmimi sözlər üçün, ölkəmizin ərazi bütövlüyü barəsində fikirlərə və mövqelərə görə Sizə təşəkkür edirəm. Bu, böyük əhəmiyyətə malikdir, çünki məsələnin dincliklə nizama salınması üçün əsasdır. Rusiyanın parçalanması mümkün olmadığı kimi, Azərbaycanın parçalanması da mümkün deyildir. Ümidvaram ki. söhbətimiz əməli fəaliyyətimizdə konkret təsdiqini tapacaqdır.

"Azərbaycan" qəzeti, 24 yanvar 1998-ci il.