"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikada kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədə giriş sözü və yekun nitqi" (Bakı, 25 avqust 1995-ci il) sənədinə tarixi arayış


25 avqust 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Prezident sarayında ölkədə kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə aqrar bölmədə islahatların gedişi vəziyyəti haqqında əlaqədar qurumların səlahiyyətli nümayəndələrinin məruzələri dinlənilib, qarşıya çıxan məsələlərin həll olunması üçün tədbirlər planı müzakirə edilib. İlk olaraq Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə giriş nitqi söyləyib. Sonra cari məsələlərlə bağlı kənd təsərrüfatı naziri, aqrar islahatların vəziyyəti haqqında isə baş nazirin birinci müavini məruzə ilə çıxış ediblər.

Qeyd edilən məruzələr dinlənildikdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitq söyləyib. O, nitqində ölkənin ərzaqla təmin edilməsində aqrar sahənin əhəmiyyətinə toxunub və ölkədə aparılan islahatların sahənin intensiv inkişafını stimullaşdırmağa yönəldilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə dair belə müşavirələr Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən başlayaraq hər il azı iki və ya üç dəfə keçirilib. Bu müşavirələrin keçirilməsi bazar iqtisadiyyatına keçid şəraitində əhalinin maddi-rifah halının və ümumən iqtisadiyyatın inkişafına dövlət nəzarətinin gücləndirilməsinə xidmət edib.

Qeyd etmək lazımdır ki, 1993-2000-ci illərdə belə müşavirələrin tez-tez keçirilməsi həm də ölkədə özəlləşdirmə və torpaq islahatları aparmaq üçün daha əlverişli qərarların qəbul edilməsinə, qanunverici bazanın təkmilləşdirilməsinə, icra strukturları arasında düzgün koordinasiyaya nail olmağa xidmət edib.

Ötən müddət ərzində Azərbaycanda iqtisadi inkişaf kənd təsərrüfatında hiss olunacaq səviyyəyə gəlib çatıb. Bütün bunlara torpaq islahatları və özəlləşdirmənin həyata keçirilməsindən sonra nail olunub. Azərbaycanda kənd təsərrüfatında hər il orta hesabla 6-12 faiz artım qeydə alınır. Azərbaycanın sənayesi nə qədər inkişaf etsə də, o, aqrar-sənaye ölkəsidir. Çünki rəsmi statistikanın verdiyi məlumata görə Azərbaycanda əhalinin 50 faizi kənddə yaşayır. Lakin bu gün real faktlar əhalinin kütləvi şəkildə şəhərlərə axını ilə müşayiət olunur ki, bu da əsasən neft sənayesi və xidmət sahələrinin inkişafı ilə bağlıdır. Bu səbəbdən də aqrar sahədə sabit inkişafın saxlanılması üçün gələcək addımlar indidən müəyyən edilir.

Bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan "Respublikada aqrar sahənin vəziyyəti və əsas inkişaf istiqamətləri" konsepsiyasının icrasına başlayıb. 1995-ci ildən bu günə qədər torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı mükəmməl hüquqi baza yaradılıb, 52-dən artıq fərman, sərəncam və digər hüquqi aktlar hazırlanıb. (http://www.azerbaiyan.news.az/)

Torpaq islahatları nəticəsində torpaq üzərində özəl mülkiyyət forması müəyyənləşib və yaradılan fermer təsərrüfatları güzəştli vergi mühiti əsasında inkişaf etməkdədir. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8,6 milyon hektar torpaq sahəsindən 4,9 milyon hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb, 2,03 milyon hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verilib, 1,7 milyon hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə ayrılıb. (http://www.news.trend.az/)

Ölkədə aqrar sahənin sürətli inkişafına Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının" qüvvəyə minməsi və bu layihə çərçivəsində nəzərdə tutulan işlərin icrası böyük təsir göstərib. 2008-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin iqtisadi yekunlarına həsr edilən müşavirə keçirilib. Burada qərara alınıb ki, aqrar sahənin miqyaslı inkişafını təmin etmək üçün regionların inkişafı ilə əlaqədar 2009-2013-cü illəri əhatə edəcək yeni dövlət proqramı işlənilib hazırlansın. (http://www.president.az/)

Həmçinin həmin müşavirədə İlham Əliyev son illər dünyada ərzaq məhsullarının qiymətlərində baş verən sıçrayışlı artımı nəzərə alaraq Azərbaycanda aqrar sahənin, ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsini mühüm vəzifə olduğunu qeyd edib. O, öz çıxışında deyib: "2008-ci ildə qeyri-neft sektorunun inkişafı bizim üçün çox vacibdir. Beləliklə, bizim iqtisadiyyatımız neft amilindən asılı olmayacaqdır. Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir".

Qeyd edək ki, 2007-ci ildə ölkədə aqrar sahənin inkişafına kömək məqsədilə dövlət büdcəsindən 80 milyon manat məbləğində dotasiya ayrılıb. Bu vəsait hesabına kəndli-fermer təsərrüfatları aqrotexnika ilə, ehtiyacı olanlar aqrokreditlərlə təmin edilib və fermerlərə becərilən hər hektar ərazi üçün 40 manat həcmində nəqd pul formasında verilib. 2008-ci ildə də fermerlərə 80 milyon manat məbləğində dotasiyanın verilməsi dövlət büdcəsində nəzərdə tutulub. (http://www.president.az/)

Tarixi arayış 5 iyun 2008-ci ildə tərtib edilib.