Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın Azərbaycandakı yeni səfarətxana kompleksinin açılışı mərasimində çıxışı - 23 avqust 1998-ci il


Hörmətli cənab səfir!

Azərbaycanın və Rusiya səfirliyinin hörmətli qonaqları, xanımlar və cənablar!

Bu gün Azərbaycanda, Bakıda əlamətdar hadisə baş verir - biz Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin yeni kompleksinin açılışında iştirak edirik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi 1992-ci ildən mövcuddur və son illər böyük təşəbbüskarlıq və fəallıq göstərmiş, öz imkanlarından və ölkəmizdəki imkanlardan istifadə etmiş, özünün gələcək işi üçün belə gözəl kompleks yarada bilmişdir.

Bu hadisə Rusiya Federasiyası səfirliyi üçün də böyük əhəmiyyətə malikdir, belə ki, onun əməkdaşlarının fəaliyyəti, həyatı və istirahəti üçün daha əlverişli şərait yaradır. Bununla yanaşı səfirlik kompleksinin tikintisi və istifadəyə verilməsi şəhərimizin memarlıq simasını zənginləşdirir və Bakıda olanlara daha bir gözəl kompleks əlavə edir. Ona görə də bu hadisəni həm Rusiya Federasiyası, həm də Azərbaycan üçün çox əlamətdar hesab edirəm. Simvolikdir ki, səfirlik kompleksinin açılışı Rusiya üçün, Azərbaycan üçün, habelə keçmişdə Sovetlər İttifaqının tərkibinə daxil olmuş digər müstəqil dövlətlər üçün tarixi əhəmiyyəti olan günlərdə keçirilir. Avqustun 19-21 və 22-də Moskvada baş vermiş qaynar qiyam adlandırılmış unudulmaz hadisələrin yeddi ili tamam olmuşdur. Fövqəladə Vəziyyət Komitəsi, qiyam, onun nəticələri bir çox cəhətdən təkcə Rusiyanın deyil, həm də Sovet Sosialist Respublikaları İttifaqını təşkil edən digər respublikaların da gələcək taleyini müəyyən etdi. Məhz avqustun 22-də Rusiya Federasiyası Ali Sovetinin sessiyasında Rusiya bayrağı haqqında qərar qəbul olundu. Bu akt Rusiya üçün çox əlamətdardır. O, həm də onunla əlamətdardır ki, onun ardınca keçmiş Sovetlər Birliyinin digər respublikalarında da belə aktlar baş verdi və avqustun 22-i bayram - Rusiya bayrağı günü elan edildi. Ona görə də bizim məhz bu günlərdə burada toplaşmağımızın və Rusiya Federasiyası səfirliyinin yeni kompleksinin açılışında iştirak etməyimizin böyük əhəmiyyəti var.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi var. Dünən sankt-peterburqlu və moskvalı qonaqlarımızla söhbət əsnasında biz xatırladıq ki, 1724-cü ildə böyük I Pyotr Rusiyanın Azərbaycana ilk səfirini göndərmişdir. Biz onu da xatırladıq ki, XIX əsrin əvvəllərində, Rus-İran müharibəsindən sonra Azərbaycan iki hissəyə parçalandı və onun şimal hissəsi Rusiyanın tərkibinə daxil oldu. Ötən bu tarixi dövrdə çox hadisələr baş vermişdir. Faciəli, ağır hadisələr çox olmuşdur, ancaq xeyirxah, yaxşı işlər də çox olmuşdur. Bütün bunlar artıq tarixə çevrilmişdir. Biz irəliləyirik və bunu edərkən vaxtı 1991-ci ilin avqustunda Moskvada tarixi hadisələr baş verdiyi, Rusiya Federasiyası öz bayrağı haqqında, öz suverenliyi haqqında qərar qəbul etdiyi zamandan hesablamağa başlayırıq. Bu proseslər Sovet İttifaqının süquta uğramasına və ona daxil olmuş respublikaların dövlət müstəqilliyi qazanmasına, bayraq haqqında öz qərarlarını qəbul etməsinə gətirib çıxardı.

Bir ölkə, bir dövlət kimi Rusiya zəngin tarixə malikdir, lakin 1922-ci ildən sonra Rusiyanın əslində öz suverenliyi yox idi. Azərbaycanın da suverenliyi yox idi. O, suverenliyə ondan əvvəl də, XIX əsrin başlanğıcından da malik deyildi. Rusiya isə suverenliyə 1922-ci ildən, Sovet Sosialist Respublikaları İttifaqı yarandığı vaxtdan malik deyildi. Ona görə də Rusiyanın, eləcə də Azərbaycanın heç yerdə öz səfirliyi yox idi.

Sovet İttifaqının tərkibində Azərbaycanın heç olmasa Moskvada daimi nümayəndəliyi vardı. Ancaq bu, Sovet İttifaqı hökuməti nəzdində idi. Rusiya isə heç nəyə malik deyildi. İkinci dünya müharibəsi qurtardıqdan sonrakı dövrü xatırlayıram. Birləşmiş Millətlər Təşkilatı yaranmışdı. Dünyanın o vaxt mövcud olan bütün ölkələri Birləşmiş Millətlər Təşkilatının tərkibinə daxil oldular. Bu təşkilatın baniləri isə bir neçə ölkə, o cümlədən Sovet İttifaqı idi. O vaxt Sovet İttifaqı BMT-nin üzvü oldu. Ukrayna və Belorusiya Birləşmiş Millətlər Təşkilatının üzvləri oldu. Rusiya isə BMT-nin üzvü ola bilmədi. Söhbəti ona gətirirəm ki, Rusiya Federasiyasının öz dövlət suverenliyini bəyan etməsi onun üçün və Rusiya ilə birlikdə Sovet İttifaqının tərkibinə daxil olmuş digər respublikalar üçün tarixi hadisədir.

Mən xatırlatdım ki, ilk səfir I Pyotr tərəfindən 1724-cü ildə göndərilmişdi. Rusiyanın Azərbaycana ikinci səfiri isə 1992-ci ildə gəlmişdir. Səfirlik üçün ilk belə gözəl kompleksi isə biz sizinlə birlikdə bu gün açırıq. Bütün bunlar Rusiya, Azərbaycan tarixinin, Rusiya-Azərbaycan münasibətləri tarixinin mühüm mərhələləridir. Azərbaycanla Rusiya arasında dostluq münasibətləri olmuşdur.

Xalqlarımız - rus və Azərbaycan xalqları arasında, Rusiyanın bütün xalqları ilə Azərbaycan xalqı arasında həmişə xoş dostluq münasibətləri olmuşdur. Bu baxımdan biz keçmişin zəngin mirasına malikik. Bu gün də Rusiya Federasiyası ilə

Azərbaycan arasında dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətləri təşəkkül tapmış və mövcuddur. Biz buna böyük əhəmiyyət veririk. 1997-ci il iyulun 3-də Moskvada, Kremldə, Rusiyaya rəsmi səfərim zamanı Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışdır. Bu, münasibətlərimizin perspektivlərini və xarakterini müəyyənləşdirən mühüm sənəddir. Dövlətlərimiz arasında bir çox digər sənədlər də imzalanmışdır və onlar həyatın bir çox sahələrində əməkdaşlığı təmin edir. Biz bunu yüksək qiymətləndiririk və dostluğumuzu möhkəmlətmək və inkişaf etdirmək üçün, əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün hər şey etməyi vacib və zəruri hesab edirik.

Bu baxımdan bir çox konkret faktlar və misallar var. Biz Rusiya Federasiyası ilə dövlətlərarası münasibətləri saxlamaqla yanaşı, onun subyektləri ilə bilavasitə əlaqələrə də böyük əhəmiyyət veririk. Rusiya 89 subyektə malik olan çox böyük ölkədir. Rusiya Federasiyasının subyektləri ilə bilavasitə əlaqələr istər Rusiya Federasiyası üçün, istərsə də onunla əməkdaşlıq edən ölkələr üçün böyük əhəmiyyətə malikdir. Biz bu sahədə çox işlər görmüşük. Bizdə Moskva, Sankt-Peterburq hökumətləri ilə, Şimali Qafqaz respublikaları ilə, Rusiya Federasiyasının bəzi digər vilayətləri, Tatarıstan və başqa respublikaları ilə imzalanmış sənədlər var.

Hörmətli qubernator Vladimir Anatolyeviç Yakovlevin başçılıq etdiyi Sankt-Peterburqun nümayəndə heyəti indi buradadır. Dünən biz çox səmərəli danışıqlar apardıq, mühüm sənədlər imzaladıq və Azərbaycanın Sankt-Peterburq ilə bilavasitə əməkdaşlığının inkişaf etdirilməsinin və dərinləşdirilməsinin istiqamətlərini müəyyənləşdirdik. Bundan əvvəl bu, Moskva, Dağıstan, Kalmıkiya, Tatarıstan, Saratov ilə, Rusiya Federasiyasının bir çox digər subyektləri ilə edilmişdir.

Bütün bunlar Azərbaycan ilə Rusiya Federasiyası arasında əməkdaşlığa münasibətimizin çoxcəhətli və çoxplanlı olduğuna dəlalət edir. Bu addımlar ona yönəldilmişdir ki, əməkdaşlığımız həqiqətən real və səmərəli olsun. Ümidvarıq ki, biz bu istiqamətdə konkret praktiki nəticələrə nail olacağıq.

Rusiya ilə qarşılıqlı münasibətlərimizin xüsusi əhəmiyyəti var. Müstəqil dövlət kimi, Dünya Birliyinin üzvü kimi Azərbaycan dünyanın, demək olar, bütün ölkələri ilə diplomatik münasibətlərə, dünyanın bir çox ölkələrində öz səfirliklərinə malikdir. Bir çox ölkələrin Azərbaycanda səfirlikləri var. Lakin Rusiya ilə münasibətlərimiz, Rusiyanın Azərbaycanda və Azərbaycanın Rusiyada səfirliyinin olması xüsusi məna, xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, biz 200 il birlikdə olmuşuq, Çar Rusiyasının, Sovet İttifaqının tərkibində olmuşuq. Sovet İttifaqı da özlüyündə Rusiyanı təcəssüm etdirirdi. İndi isə biz bərabər hüquqlu dövlətlərarası münasibətlərə malikik. Bu amil də Rusiya Federasiyasının suverenliyinin nə demək olduğunu, Azərbaycanın müstəqilliyinin nə demək olduğunu əyani şəkildə nümayiş etdirir.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyini, eləcə də Rusiya Federasiyasının suverenliyini möhkəmləndirir və inkişaf etdirir. Bununla əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinə belə gözəl kompleks yaradılması Rusiyanın Azərbaycandakı səfirliyinin, həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyəti üçün xüsusi əhəmiyyətə malikdir. Söhbət təkcə ondan getmir ki, bu gün biz Rusiya Federasiyası səfirliyi üçün yeni kompleksin açılışını bayram edirik, söhbət məhz ondan gedir ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütün tarixi ərzində ilk dəfə olaraq Rusiyanın Azərbaycanda səfirliyi var və bu səfirlik Rusiya ilə Azərbaycan arasında bərabər hüquqlu münasibətləri, Rusiyanın və Azərbaycanın suverenliyini, Azərbaycan dövlətinin müstəqilliyini bir daha və yenə nəzərə çarpdırır. Buna görə də bu gün bu mərasimdə xüsusi məmnunluqla iştirak edirəm və şadam ki, qısa müddətdə Rusiya səfirliyi və şəxsən səfir Aleksandr Viktoroviç Bloxin belə gözəl kompleks yarada bilmişlər.

Hörmətli cənab səfir və səfirliyin əməkdaşları, sizi bu gözəl kompleks münasibətilə ürəkdən təbrik edirəm. Rusiya Federasiyasının hökumətini təbrik edirəm və xarici işlər nazirinin müavini İvan İvanoviç Sergeyevdən xahiş edirəm ki, bu hadisə ilə əlaqədar mənim ən xoş arzularımı Rusiya Federasiyasının prezidenti Boris Nikolayeviç Yeltsinə, bütün Rusiya hökumətinə yetirsin.

Mən burada Sankt-Peterburqun qubernatoru Vladimir Anatolyeviç Yakovlevi və Sankt-Peterburqun bütün nümayəndə heyətini salamlayıram. Moskvanın ən iri cənub dairəsinin prefekti, Aleksandr Vasilyeviç Belyayev başda olmaqla, Moskvanın nümayəndə heyətini və Rusiya Federasiyasının nümayəndə heyətini salamlayıram. Dağıstan hökuməti sədrinin müavini başda olmaqla bu respublikanın nümayəndə heyətini və bu şəxsin simasında Dağıstan xalqını salamlayıram. Məlum hadisələrlə əlaqədar Dağıstan xalqı bu günlər ağır kədər içəndədir. Düşünürəm ki, Dağıstan xalqı bu çətinlikləri aradan qaldıracaq və öz dövlətçiliyini, eləcə də bütün Rusiya Federasiyasının dövlətçiliyini möhkəmlədəcək və inkişaf etdirəcəkdir.

Bu gün bu şənliklərdə iştirak edərək bir daha bəyan edirəm ki, Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişafı və möhkəmlənməsi üçün biz öz tərəfimizdən bütün işləri görəcəyik. İnanıram ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi indi Bakıda heç bir xarici ölkə səfirliyinin malik olmadığı belə şəraitə malik olaraq, Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edəcək, dövlətlərimiz, hökumətlərimiz arasında imzalanmış bütün müqavilə və sazişləri birgə həyata keçirəcəkdir. Sizin hamınızı bu hadisə münasibətilə ürəkdən təbrik edirəm Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin kollektivinə bu gözəl kompleksdə uğurlu fəaliyyət arzulayıram.