Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "LUKoyl" neft şirkətinin prezidenti cənab V.Y.Ələkbərova təbriki - Bakı şəhəri, 29 avqust 2000-ci il


Hörmətli Vahid Yusifoviç!

Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə cansağlığı, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin başçılıq etdiyiniz neft şirkəti dünyanın ən iri neft şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda beynəlxalq layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edir. Sizin şirkətinizin bu mühüm layihələrdə iştirakı həm Azərbaycanın neft və yanacaq-energetika kompleksinin inkişafında, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında, həm də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində xeyli rol oynayır.

Sona yetməkdə olan yüzilliyin tarixinə əfsanəvi neft diyarı kimi həmişəlik daxil olan Azərbaycan Sizin formalaşmağınızda böyük rol oynamışdır. Siz Azərbaycanın neft məktəbini Tümen kimi mürəkkəb neft hasilatı bölgəsində şərəflə təmsil edərək, neftçilər arasında böyük nüfuz qazana bildiniz. Postsovet dövrünün yeni şəraitində - neftin güclü coğrafi-siyasi amilə çevrildiyi şəraitdə Siz iri sərmayə layihələrinin həyata keçirilməsinə fəal surətdə qoşuldunuz və beynəlxalq birliyin işgüzar dairələri ilə səmərəli qarşılıqlı əlaqəni təmin etdiniz. Bərabər başlanğıc şəraitində, bütün neft şirkətlərinə sovet dövrünün neft sənayesindən köhnəlmiş avadanlığın və əməyin səmərəsiz təşkilinin miras qaldığı bir zamanda Siz nümayiş etdirdiniz ki, qısa müddət ərzində dünya standartları səviyyəsində işləyən, beynəlxalq bazarda rəqabət qabiliyyətinə malik şirkət yaratmaq mümkündür.

İndi, "LUKoyl"un ən iri neft şirkətləri ilə bir sırada durduğu, qarşılıqlı surətdə faydalı münasibətləri sahmana sadığı, neft iqtisadiyyatının dünya bazarlarına çıxarılması yollarını, dünya iqtisadi sisteminə sıx iteqrasiyanı təmin etdiyi bir vaxtda demək olar ki, sizin seçdiyiniz inkişaf strategiyası öz bəhrələrini vermişdir. Bütün Azərbaycan xalqı ilə birlikdə Sizin uğurlarınızla fəxr edirəm və ümidvaram ki, fəaliyyətiniz Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin formalaşmasına və möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir.

Səmimi arzularla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.