Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Dağıstan Respublikasının nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 iyun 2000-ci il


Heydər Əliyev: Sizi Azərbaycanda salamlamağa şadam, xoş gəlmisiniz. Şadam ki, respublikamıza təşrif gətirmisiniz. Bilirəm ki, sizin burada maraqlı, yaxşı görüşləriniz olmuşdur. Şadam ki, bu gün sizinlə görüşmək imkanına malikəm.

İndi bizim dinimiz - islam dini hər bir xalqın, hər bir millətin sıx birləşməsində və ümumiyyətlə, bütün dünyada, eləcə də yaşadığımız məkanda müsəlmanların sıx birləşməsində böyük rol oynayır. Qafqazda müsəlmanlar əhalinin əksəriyyətini təşkil edirlər və buna görə də ruhani xadimlərimizin, din xadimlərimizin fəaliyyəti bu keçid dövründə xalqlarımız üçün, ölkələrimiz üçün böyük əhəmiyyətə malikdir.

Konkret olaraq bizim görüşümüzə gəldikdə, bunun xüsusilə böyük əhəmiyyəti var, ona görə ki, Dağıstan və Azərbaycan bir-birindən ayrılmaz anlayışlardır. Doğrudur, biz müxtəlif dövlətlərdə yaşayırıq. Azərbaycan müstəqil dövlətdir, Dağıstan Respublikası Rusiya Federasiyasının tərkibindədir. Bu da aydın və təbiidir. Bununla belə, sərhədlərimiz şərtidir, ona görə ki, biz əsrlər boyu birlikdə yaşamışıq, aramızda heç bir sərhəd olmayıbdır. Azərbaycanda Dağıstanın müxtəlif millətlərinə mənsub çox adam var, Dağıstanda isə çoxlu azərbaycanlı yaşayır. Ona görə də biz çox qaynayıb-qarışımışıq və Azərbaycanda qətiyyən başa düşə bilməzsən ki, kim azərbaycanlıdır, kim ləzgi, kim avar, kim qumuq, kim lakdır, çünki onların hamısı bir-birilə son dərəcə qaynayıb-qarışmışdır. Lakin bütün bunun əsasını, əlbəttə, din, bizim dini mənsubiyyətimiz, məhz köklərimiz - həm mənəvi, həm tarixi köklərimiz, həm də, təbii ki, dinlə bağlı köklərimiz təşkil edir.

Buna görə də müsəlmanların Qafqaz birliyi çərçivəsində, o cümlədən Dağıstanın və Azərbaycanın din xadimləri arasında əməkdaşlıq ölkələrimiz, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi üçün, bir çox yüzilliklər ərzində təşəkkül tapmış əlaqələrin daha da möhkəmlənməsi üçün, eləcə də ölkələrimizin inkişaf etməsi, bu keçid dövrünü asanlıqla adlaya bilməsi üçün, eyni zamanda Dağıstanda da, Azərbaycanda da, bütün Qafqazda da sülh, əmin-amanlıq, firavanlıq olması üçün çox böyük əhəmiyyətə malikdir. Bilirəm ki, Qafqaz müsəlmanlarının şeyxülislamı, hörmətli Allahşükür Paşazadə də, siz, Dağıstanın müftisi də, Azərbaycanın və Dağıstanın din xadimləri də çox fəal əlaqələr saxlayır və yaxşı əməkdaşlıq edirsiniz. Mən bunu alqışlayır, dəstəkləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycanın prezidenti kimi mən bu əməkdaşlığın daha da dərinləşməsi, daha da genişlənməsi üçün indiyədək olduğu kimi, bundan sonra da hər şeyi edəcəyəm.

Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun bu yaxınlarda 70 yaşı tamam oldu. Mən onu yubileyi münasibətilə təbrik etdim və bu məqsədlə baş nazir Artur Rasizadəni göndərdim ki, Dağıstanın rəhbəri kimi, bir şəxsiyyət kimi ona, eyni zamanda bütün Dağıstan xalqına hörmətimi ifadə edim.

Bu, konkret olaraq dostluğumuza, özü də digər xalqlar arasında mövcud olan dostluqdan xeyli dərəcədə fərqlənən dostluğa dəlalət edir. Biz bu dostluğu qiymətləndiririk. Ancaq dostluq elə şeydir ki, əvvəla, o, daim inkişafdadır və onun daim möhkəmləndirilməsinə ehtiyac var. Biz hər iki tərəfdən bu istiqamətdə nə qədər çox fəaliyyət göstərsək, dostluğumuz bir o qədər möhkəm olacaq və müxtəlif vaxtlarda dostluğumuza ziyan vurmağa can atmış və bəlkə indi də can atan ayrı-ayrı bədxahlara bir o qədər yer olmayacaqdır. Mən sizi bir daha salamlayıram və Dağıstanla Azərbaycan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi və möhkəmlənməsi, xalqlarımız arasında dostluğun möhkəmlənməsi naminə sizin və şeyxülislamın, Dağıstanın və Azərbaycanın din xadimlərinin gördükləri işləri yüksək qiymətləndirirəm.

Mən Dağıstanın əvvəlki müftisi ilə görüşmüşəm. Onun qətlə yetirilməsindən, həyatdan getməsindən çox məyus oldum. O, çox ağıllı insan, çox gözəl insan idi. Mən onunla bir neçə dəfə görüşmüşdüm və o vaxtlar biz bəzi məsələləri, o cümlədən də dağıstanlıların həccə getməsi, Məkkəni ziyarət etməsi üçün Azərbaycan tərəfindən kömək göstərilməsi məsələlərini müzakirə etmişdik. Biz bunu etmişik, edirik və edəcəyik. Lakin təkcə bunlar deyil. O, həqiqətən, layiqli müfti idi. Amma heyf ki, həyatdan getdi, özü də belə faciəli şəkildə.

Əhməd Hacı Abdullayev (Dağıstan respublikasının müftisi): Bizimlə görüşməyə vaxt tapdığınıza görə Sizə minnətdarıq, - bilirik ki, Siz çox məşğulsunuz, - ona görə də Sizə çox minnətdarıq, çox sağ olun. Sizi Azərbaycanın rəhbərliyinə qayıtmağınızın yeddi illiyi münasibətilə təbrik etmək istərdik. Azərbaycan Respublikasında əmin-amanlıq və sabitlik məhz bununla bağlıdır. Bu əmin-amanlıq və sabitlik təkcə Azərbaycan xalqı üçün deyil, Dağıstan xalqı üçün də vacibdir, çünki qonşuya pis olanda, onun yanında yaşayana da yaxşı ola bilməz. Bunu hazırda Çeçenistanda baş verən hadisələr də sübutdur. Orada vəziyyət pis olduqda, yaxınlıqda yaşayan dağıstanlılar üçün və hətta sizin üçün də çətin ki, yaxşı olsun. Buna görə də biz Sizə minnətdarıq və Azərbaycan xalqının tərəqqisi naminə Sizə uzun ömür arzulayırıq.

Sizin dediklərinizi də qeyd etmək istərdim. Deyəsən, bir növ, təkrar edirəm ki, Azərbaycan və Dağıstan xalqları arasında qardaşlıq mövcuddur. Çünki qohumluq münasibətləri var - burada dağıstanlılar yaşayırlar, orada isə azərbaycanlılar. Buna görə də belə düşünür və hiss edirəm ki, - indiyədək eşitmişdim, indi isə tamamilə yəqin etdim, - Azərbaycan və Dağıstan xalqları arasında necə böyük qarşılıqlı hörmət mövcuddur. Bəzi adamlar deyirlər, istəyirlər ki, arada ədavət, ixtilaf olsun - belə şey yoxdur və olmayacaq, biz buna yol vermərik. Çünki arada sərhəd olsa da, ürəklər arasında sərhəd ola bilməz. Bu, ən başlıcasıdır. Bizi birləşdirən əsas cəhət vahid dinimiz, islam dinidir. Biz hər yerdə və hər zaman eşitmişik ki, islam dini insanları bir-birindən ayırmır, əksinə, birləşdirir. Elə buradaca nəzərə çarpdırmaq istəyirəm ki, bizim bir çox alimlərimiz Azərbaycanda təhsil almışlar. Bu da sübut edir ki, inşallah, bu xalqlar arasında ziddiyyətlər olmayacaqdır.

Azərbaycan və Dağıstan xalqları arasında qardaşlığın dirçəldilməsinə və möhkəmləndirilməsinə ruhani liderlər tərəfindən şeyxülislam Paşazadə və rəhmətlik müfti Səid Məhəmməd başlamışlar. Siz özünüzün onunla bir neçə görüşünüzdən danışdınız, amma təəssüf ki, belə oldu... İnşallah, biz onun başladığı işi davam etdirəcəyik.

Bizim həcc ziyarətimiz. Bütün Dağıstan xalqı bunu etiraf edir, Azərbaycan xalqına çox minnətdarıq. Sizin sayənizdə bütün bu işlər gedir.

Əlbəttə, mən çox danışmayacağam. Məsələləri, xüsusən də dinlə bağlı məsələləri şeyxülislam Paşazadə ilə həll edirik, amma bilirik ki, o da bu məsələləri Sizin vasitənizlə həll edir.

Heydər Əliyev: Dini məsələləri onun özü həll edir. Dövlətlə bağlı məsələləri, şübhəsiz, prezident vasitəsilə həll etmək lazım gəlir.

Əhməd Hacı Abdullayev: Biz Sizin dəstəyinizi dərhal hiss edirik. Sizə təşəkkür edirik və arzulayırıq ki, dostluğumuz daha da möhkəmlənsin. İnşallah, belə olacaqdır.

Heydər Əliyev: Hesab edirəm ki, sizin dedikləriniz və mənim dediklərim eynidir. Mən bir daha deyirəm, əmin ola bilərsiniz ki, Dağıstanla Azərbaycan arasında dostluğun Azərbaycan üçün üstün əhəmiyyəti, müstəsna dərəcədə üstün əhəmiyyəti var. Biz istəyirik ki, bütün Qafqazda əmin-amanlıq olsun. Əlbəttə, Çeçenistandakı hadisələr bizi həm çox narahat, həm də çox məyus edir. Amma biz istəməzdik ki, orada müsəlmanlar hər halda belə vəziyyətdə olsunlar. Amma eyni zamanda məlumdur ki, burada təqsir kimdədir, niyə belə olmuşdur. Ancaq bu da təbiidir ki, Çeçenistan hadisələri ətrafda, xüsusən də onlar sizin bəzi rayonlarınıza daxil olduqda Dağıstanda vəziyyətə müəyyən dərəcədə pozucu təsir göstərmişdir. Buna görə də biz istəyirik ki, belə olmasın. Ən əvvəl istəyirik ki, Dağıstanda sakitlik olsun, Dağıstana yaxşı olsun, orada kriminal hallar az olsun, adamlar rahat yaşasınlar. Çünki bayaq dediyim kimi, tarixi birliyimiz, yaxınlığımız kimi, Dağıstan bizim üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən isə, Dağıstan elə bir respublikadır ki, biz onun vasitəsilə Rusiya ilə əlaqə saxlayırıq. Deməli, Rusiyanın bir hissəsi olan Dağıstan bizim üçün həm də Rusiyadır. Ona görə də Dağıstanda əmin-amanlığın olması dağıstanlıların özləri üçün də, bizim üçün də, əlbəttə, Şimali Qafqaz üçün də böyük əhəmiyyətə malikdir.

Şadam ki, son vaxtlar sizdə vəziyyət yaxşılaşıb, daha sabit olub, amma istərdik ki, bundan da yaxşı olsun. Siz Azərbaycanda sabitlikdən danışdınız. Bəli, 7 il bundan əvvəl burada vəziyyət dəhşətli idi, siz yəqin ki, bilirsiniz. Yəqin, o vaxtlar Dağıstanda düşünürdülər ki, nə üçün Azərbaycanda belə hadisələr baş verir? Bütün bu gərginliyi aradan qaldırmaq, axı, artıq vətəndaş müharibəsinin getdiyi, adamların bir-birini qırdığı bir vaxtda bu vəziyyətdən çıxmaq heç də asan deyildi. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri belə qeyri-sabit daxili vəziyyətdən istifadə edərək, getdikcə daha çox torpağımızı tuturdular. Onlar torpaqlarımızın 20 faizini işğal etmiş və bu yerlərdən bir milyon adamı qovub didərgin salmışlar. Amma biz iki ildə - 1993-cü, 1994-cü illərdə və hətta 1995-ci ildə vəziyyəti sabitləşdirməyə müvəffəq olduq. İndi gördüyünüz kimi, - siz yəqin ki, bir neçə gündür buradasınız, - xalq rahat yaşayır. O quldur dəstələri yoxdur, o qanunsuz silahlı dəstələr yoxdur. Ümumiyyətlə, yeri gəlmişkən deyim ki, ən aşağı səviyyədə cinayətkarlıq bizdədir. Axı MDB üzrə statistika var. Məsələn, statistikaya görə, bilmirəm, necə hesablayırlar, hər min nəfər, yoxsa yüz nəfər hesabı ilə götürdükdə, respublikamız on birinci yerdədir, yəni ölkə əhalinin ümumi sayına nisbətən cinayətlərin sayının azlığına görə birinci yerdədir.

Bununla yanaşı, biz hesab etmirik ki, hər şey normaldır, yox, hələ çox iş görmək lazımdır. Ən başlıcası, əldə edilmiş nə varsa, hamısını qoruyub saxlamaq gərəkdir. Bu da xüsusi səylər tələb edir. Diqqəti, necə deyərlər, bir qədər zəiflədən kimi öz niyyətlərini həyata keçirmək istəyən cinayətkar qüvvələr peyda olur. Əlbəttə, biz, Azərbaycanla Dağıstan bununla da əlaqədar bir-birimizlə bağlıyıq, ümumiyyətlə, biz hamımız Şimali Qafqazla, oradan o yana isə Rusiya ilə bağlıyıq.

Mən hələ onu demirəm ki, Ermənistanla əlaqədar vəziyyətimiz ağırdır. Doğrudur, atəşkəs əldə etmişik, müharibə yoxdur, bununla bərabər, biz, necə deyərlər, əldə silah qarşı-qarşıya durmuşuq. Gürcüstan, İran da qonşularımızdır, qonşumuz çoxdur, ona görə də bir ölkədəki sabitliyin digər ölkənin sabitliyi üçün əhəmiyyəti var.

Ancaq bizi ilk növbədə Qafqazda vəziyyət maraqlandırır və bizim üçün Şimali Qafqaza qapı Dağıstandır. Ona görə də bu məsələləri birlikdə həll edəcəyik, birlikdə möhkəmləndirəcək, möhkəmləndirəcək, möhkəmləndirəcəyik. Odur ki, siz nəinki ziyarətə getməkdə, həm də bütün digər məsələlərdə bizim köməyimizə, dəstəyimizə həmişə ümid bəsləyə bilərsiniz. Respublikamızın qapıları açıqdır: buyurun, nə qədər istəyirsiniz zəvvar toplayın, qoy, insanlar öz arzularını həyata keçirsinlər, çünki 70 il ərzində belə imkan yox idi. Mən özüm 1994-cü ildə Səudiyyə Ərəbistanına getdim, o müqəddəs yerləri ziyarət etdim. Prezident kimi mənə adi zəvvarların buraxılmadığı yerdə olmağa icazə verdilər. Məsələn, şüyxülislam neçə dəfə orada olub, onu Kəbədəki həmin otağa, Kəbənin içərisinə buraxmayıblar. Mənə isə prezident kimi istisna etdilər, məni oraya buraxdılar və mənimlə gedənlərin də hamısı oraya daxil oldu. Bu, hər bir müsəlmanın arzusudur və elə etmək lazımdır ki, o, bu arzusunu yerinə yetirə bilsin. Ona görə də bu baxımdan kömək göstərmək ən nəcib işdir. Biz bu işi görəcəyik.

Sağ olun, sizə ən xoş arzular diləyirəm.

Süleyman Xappalayev (nümayəndə heyətinin üzvü, Dağıstan Respublikasının milli məsələlər və xarici əlaqələr üzrə nazirinin birinci müavini): Mənə çıxış etmək imkanı verdiyinizə görə sağ olun. İcazə verin, Məhəmmədəli Məhəmmədoviçin tapşırığı ilə Sizi rəhbərliyə qayıdışınızın yeddinci ildönümü, Azərbaycanda sülhün və əmin-amanlığın bərpa olunması münasibətilə təbrik edim.

Bizi həqiqətən çoxəsrlik dostluq telləri bağlayır. Bu dostluq din birliyinə əsaslanır. Mənim qızım burada, Bakıda ərdədir. Azərbaycanda vəziyyət istər-istəməz məni həmişə maraqlandırır. Başa düşürəm, Azərbaycanda da belədir. Ola bilməz ki, qonşuya pis olduqda, sənə yaxşı olsun - belə olmur. Bilirik, Dağıstana müsibət üz verdikdə siz çox həyəcan keçirirdiniz. 7 il əvvəl Azərbaycanda vətəndaş müharibəsi gedəndə Dağıstanda biz bu barədə bilirdik.

Hesab edirik ki, dostluğumuzun əməli işlərlə möhkəmlənməsi üçün respublika prezidenti kimi Sizin göstərdiyiniz səylərə, Dağıstan Dövlət Şurasının sədri kimi Məhəmmədəli Məhəmmədoviçin göstərdiyi səylərə indi, əslində, din xadimləri də qoşulmuşlar.

İslamın 1400 illiyi münasibətilə şənliklər olacaq, Dərbənddə şənliklər olacaq, bu şənliklərdə prezidentimiz Vladimir Putin də iştirak edəcəkdir, çünki islam təkcə Şimali Qafqazda deyil, həm də bütün Rusiyada yayılmışdır. Düşünürəm ki, bununla əlaqədar Dağıstanın və Azərbaycanın illahiyyatçı alimlərinin də, dünyəvi alimlərinin də ünsiyyəti daha da genişlənəcəkdir. Bütün bunlar dostluğumuzun və qarşılıqlı münasibətlərimizin gələcəkdə də möhkəmlənməsinə kömək edəcəkdir.

Heydər Əliyev: Mən sizinlə razıyam. Xahiş edirəm, Məhəmmədəli Məhəmmədoviçə mənim qardaş salamımı, ən xoş arzularımı yetirin. Onun 70 yaşı tamam oldu, mən isə ondan yaşlıyam. Arzu edirəm ki, onun Dağıstanda məşğul olduğu işlərdə məşğul olmağa çox-çox illər imkanları olsun və Dağıstandakı bütün bu çətinlikləri aradan qaldıra bilsin. Yeri gəlmişkən deməliyəm ki, mən onu çoxdan tanıyıram və aramızda çox yaxşı, dostcasına münasibətlər var və mən onu Dağıstanın çox layiqli rəhbəri hesab edirəm. Dağıstan kimi respublikaya rəhbərlik etmək olduqca çətindir. Ona görə ki, dünyada Dağıstan kimi ölkə yoxdur, orada nə qədər millət var. Siz özünüz deyirsiniz ki, otuz, yaxud qırx millət var, dünyada belə ölkə yoxdur. Odur ki, bu, ümumiyyətlə, heyrətamiz haldır. Qafqaz ümumən çoxmillətli məkandır, lakin Dağıstan Qafqazda xüsusi yer tutur. Siz yəqin bilirsiniz ki, bir vaxtlar, İkinci Dünya müharibəsi dövründə Dağıstana Azərbaycandan olan Əziz Əliyev rəhbərlik edirdi.

Süleyman Xappalayev: Üzr istəyirəm, məsələ bundadır ki, Əziz Məmmədkərimoviçin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işlədiyi illərlə mənim atam vilayət partiya komitəsində mətbuat sektorunun müdiri idi. Əziz Məmmədkərimoviç ona - gənc şairə Sergey Yesenin şerlər kitabını hədiyyə edərkən demişdi: "Sən onu tanımalısan". Əziz Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar kitab nəşr etdirməyə müvəffəq olduğuma görə xoşbəxt idim.

Heydər Əliyev: Sağ olun. O mənə çox danışmışdı. O, orada Böyük Vətən müharibəsinin ən ağır dövründə olmuşdur, almanlar artıq Mozdokda idilər. Onu oraya Dağıstan Respublikasına başçılıq etməyə göndərmişdilər və o, özünün bu vəzifəsini yerinə yetirdi. Bilirəm ki, dağıstanlılar onu indiyədək xatırlayır və çox yüksək qiymətləndirirlər. Onun 100 illiyini biz Azərbaycanda da, Dağıstanda da birlikdə qeyd etdik. Amma bilirsiniz ki, o, dünyasını dəyişmişdir, mənim həyat yoldaşım da dünyasını dəyişibdir. O, mənim həyat yoldaşımın atası idi. Dağıstanın rəhbəri olduğu illərdə oranın həyatındakı o çətin illər barədə mənə çox danışmışdı. Deyirdi ki, kəndləri gəzib dolaşmışdır. İndi Botlix rayonu deyirlər. O, Botlix rayonundakı ucqar kəndlər barədə mənə danışmışdı, onların bir neçəsinin adı yadımda qalmışdır. Bu rayon yadımdan çıxmışdı, lakin Çeçenistan hadisələri ilə əlaqədar bu adı - Botlix adını eşitdikdə yadıma düşdü. Bu, neçə-neçə illər əvvəl, yəqin 40 il bundan əvvəl olubdur. O, mənə danışırdı ki, ucqar kəndlərə gedir, adamlarla görüşür və onlarla belə bir inam aşılayırdı ki, müdafiə etmək, qorumaq lazımdır. Buna görə də Dağıstan qorundu və Dağıstan xalqının taleyi Şimali Qafqazda çeçenlərin, inquşların və başqa xalqların taleyi kimi olmadı.

Ona görə mənim Dağıstanla ailəvi əlaqəm də böyükdür. Sonra isə, mən Azərbaycanın rəhbəri olduqda Dağıstanın bütün rəhbərləri ilə - Daniyalovla da, Umaxanovla da dostluğumuz olmuşdur. Lakin Umaxanovdan sonra orada başqa adamlar meydana gəldilər. Mən artıq Moskvada olarkən onlar yanıma gəlirdilər, dağıstanlılara kömək edirdim. Mən Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idim və bir dağıstanlı gələn kimi - bu, adətən birinci rəhbər işçi olurdu, - mənə deyirdilər ki, o, sizinlə görüşmək istəyir. Mən bütün işləri təxirə salıb onu qəbul edir və bir çox məsələləri həll edirdim. Bir sözlə, Dağıstan, qalan hər şeydən əlavə, mənim qəlbimdə doğmadır, doğma diyar doğma yerdir. Buna görə də sağ olun və bütün Dağıstan xalqına, Məhəmmədəli Məhəmmədova bir daha və bir daha salam göndərmək istəyirəm. Onu bir daha təbrik edirəm.

"Azərbaycan" qəzeti, 18 iyun 2000-ci il.