Azərbaycan Prezidentinin adından Tatarıstan Prezidenti Mintimer Şaymiyevin şərəfinə təşkil edilmiş ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Prezident iqamətgahı 21 noyabr 1996-cı il


Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Tatarıstan Prezidenti, bizim dostumuz Mintimer Şaymiyev və onunla birlikdə geniş nümayəndə heyəti dünən və bu gün Azərbaycanda rəsmi səfərdədirlər. Bu səfər mənim dəvətimlə həyata keçirilir. Çox şadam ki, Azərbaycan ilə Tatarıstan, Azərbaycan ilə Rusiya Federasiyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi ilə bağlı məsələləri, problemləri burada, Azərbaycanda müzakirə etmək imkanımız var.

Biz artıq dünəndən başlayaraq işləyə bilmişik, bu gün Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanıbdır. Belə saziş bizim aramızda ilk dəfə imzalanıbdır və onu iki respublikanın prezidentləri imzalamışlar. Bu sazişdə əmakdaşlığımızın, xüsusən iqtisadiyyat, sosial sahə, elm, mədəniyyət sahəsində əməkdaşlığın əsas istiqamətləri nəzərdə tutulubdur. Əməkdaşlığımızın daha etibarlı və daha uğurlu olması üçün saziş yaxşı hüquqi-müqavilə əsası, normativ zəmin yaradır.

Tatarıstan Prezidentinin Azərbaycana səfəri, imzalanmış saziş, dünən və bu gün keçirilmiş görüşlər, söhbətlər həyatımızda yeni hadisədir. Bu hadisə həm Rusiyada, həm də Azərbaycanda baş verən demokratik dəyişikliklərlə bağlıdır və xalqlarımızın daha çox ünsiyyət saxlamasına və onların əlaqələrinin möhkəmlənməsinə kömək edir. Tatar xalqı ilə Azərbaycan xalqı arasında əlaqələrin tarixi əsrlərlə hesablanır. Bizim xalqlarımız eyni etnik köklərə mənsubdur, xalqlarımızın genetik baxımdan  mənəviyyatı, əxlaqı, adətləri, mərasimləri ümumidir. Bizim dillərimiz bir-birinə yaxındır, bunlar da eyni kökə - türkdilli xalqların dillərinə mənsubdur. Bütün bunlar keçmişdə böyük tarix boyu xalqlarımız arasında dostluğu va sıx əlaqələri şərtləndirmişdir.

İndi biz bütün sahələrdə daha dərın əməkdaşlıq etmək üçün imkan qazanmışıq. Bu isə son illərdə keçmiş Sovetlər Ittifaqı məkanında baş vermiş ictimai-siyasi proseslər nəticəsində mümkün olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyi, milli azadlıq qazanması, Rusiya Federasiyası tərkibində Tatarıstanın geniş hüquqlar və səlahiyyətlər əldə etməsi elə bir kəmiyyət mərhələsi və elə bir imkandır ki, biz bunlardan əməkdaşlığımızı, dostluq münasi-bətlərimizi möhkəmləndirmək və inkişaf etdirmək üçün istifadə edirik. Şübhəsiz ki, bunların hamısı Rusiya Federasiyasında, Rusiyanın tərkib hissəsi olan Tatarıstanda, bizim ölkəmizdə -Azərbaycan Respublikasında baş vermiş və baş verən demokratik dəyişikliklərin nəticələrini əks etdirir.

Biz Rusiyada gedən bütün prosesləri diqqətlə izləyir və demokratik dəyişiklikləri, Rusiya həyatının bütün sahələrini daha da demokratikləşdirmək xəttini, demokratik islahatların həyata keçirilməsini bütünlüklə dəstəkləyirik. Bu, Azərbaycan Respublikasının strateji xəttinə də tamamilə uyğundur. Biz Azərbaycanda hüquqi demokratik sivil dövlət qururuq, həyatın bütün sahələrində demokratik islahatlar aparırıq, cəmiyyətin demokratikləşdirilməsinə çalışırıq, iqtisadiyyatda demokratik bazar islahatları keçirmək yolu ilə gedərək dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək, insanların rifahını, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycanın potensial imkanlarından, iqtisadi potensialından daha dolğun istifadə etməyə çalışırıq.

Ona görə də bu istiqamətdə Rusiyada, Tatarıstanda görülən bütün işlər bizdə rəğbət doğurur, bizi daha da ruhlandırır, götürdüyümüz xətti həyata keçirmək naminə daha geniş fəaliyyət göstərməyimizə kömək edir.

Dünənki və bugünkü görüşlər zamanı biz bir çox məsələlər barəsində fikir mübadiləsi etdik. Rusiyada, o cümlədən Tatarıstanda iqtisadi islahatlar aparılması təcrübəsinin, habelə demokratikləşdirmə təcrübəsinin bizim üçün böyük əhəmiyyəti var. Əlbəttə, birinci növbədə tarixin bizi bağladığı ölkələrdə, o cümlədən Tatarıstanda gedən prosesləri müşahidə edirik. Suveren Tatarıstan haqqında indiyədək və bu gün bildiklərimiz, həmçinin danışıqlarımız zamanı aldığımız məlumatlar onu göstərir ki, Tatarıstanda yeni həyatın qurulub təşəkkül tapması sahəsində böyük proses gedir və Tatarıstan xalqı keçid dövrünün bir çox çətinliklərini dəf edərək mühüm uğurlar qazanır.

Prezident Mintimer Şaymiyevin dediklerindən başlıcası budur ki, Tatarıstanda ictimai-siyasi vəziyyət sabitdir, yaradıcı qüvvələrdən və xalqın bacarığından maksimum istifadə etmək üçün, respublikanın iqtisadi potensialından istifadə etmək üçün yaradılmış əlverişli şərait və bütün bunlar təbii olaraq böyük ehtiram hissi oyadır.

Biz yaxşı bilirik ki, Tatarıstan çoxlu əhalisi, böyük iqtisadi və intellektual potensiala malik olan iri respublikadır və Rusiya Federasiyasının tərkibində özünə layiqli yer tutur. Sovet İttifaqı dağıldıqdan sonra burada tezliklə Tatarıstanın tutduğu mövqeyin - prinsipial, düzgün və tatar xalqının milli mənafelərinə uyğun olan mövqeyin də böyük əhəmiyyəti var. Tatarıstanın, onun rəhbərliyinin və prezidentinin mövqeyi, Tatarıstanın bu gün malik olduğu statusu, Tatarıstanın Rusiya Federasiyasının tərkibində aldığı hüquq və səlahiyyətləri təmin etmişdir.

Tatarıstan və təbii olaraq, Rusiya Federasiyasının dövlət rəhbərliyi məsələnin federativ quruluşlu dövlət çərçivəsində həll oluna bilməsini inandırıcı surətdə nümayiş etdirirlər. Rusiya Federasiyasının mərkəzi ilə Tatarıstan arasında sə-lahiyyətlərin bu cür bölünməsi, Tatarıstana böyük hüquq və səlahiyyətlər verilməsi keçmiş Sovet İttifaqında, Rusiya Federasiyasında yeni tarixi təzahürdür. Bu nümunə böyük diqqətə layiqdir və ondan istifadə etməyə və onu yaymağa dəyər.

Biz buna böyük əhəmiyyət verir və onu əsas tuturuq ki, məsələnin bu cür həlli Rusiya Federasiyasının dövlət maraqlarına, tatar xalqının, Tatarıstanın milli mənafelərinə tamamilə uyğundur.

Bütün bunlarda Tatarıstan Prezidenti hörmətli Mintimer Şaymiyevin böyük xidməti var. O, Tatarıstanda uzun illər ərzində dövlət fəaliyyəti sahəsində zəngin təcrübəyə, xalq arasında böyük nüfuza malikdir və öz xalqını ağıl-zəka ilə, müd-rikliklə irəliyə doğru aparır, öz ölkəsinə rəhbərliyi təmin edir və belə mövqeyə nail olmuşdur. Təsadüfi deyildir ki, hörmətli dostumuz Mintimer Şaymiyev bu ilin mart ayında ikinci dəfə yekdilliklə Tatarıstan Respublikasının Prezidenti seçilmişdir.

Mən tarixi əlaqələrimizdən, Azərbaycan xalqının və tatar xalqının əlaqələrindən danışdım. Bu, bizim ümumi sərvətimizdir, ümumi dəyərimizdir, biz bunu qayğı ilə qoruyuruq və bugünkü həyatımız naminə, gələcək nəsillər naminə qoruyacaq və inkişaf etdirəcəyik. Xalqlarımız arasında dostluq həmişə ülvi olmuşdur, həmişə səmimi olmuşdur. Bu gün əmin ola bilərsiniz ki, Azərbaycan xalqının simasında tatar xalqı şərəfli, vəfalı və sadiq dosta malikdir. Təkrar edirəm, dostluğumuz istər tatar xalqı üçün, istərsə da Azərbaycan xalqı üçün eyni dərəcədə qiymətli olan dərin tarixi köklərə əsaslanır.

Bu yaxınlarda, Azərbaycanın böyuk mütəfəkkiri və şairi Məhəmməd Füzulinin 500 illiyinin bayram edildiyi gün bu, nümayiş etdirildi, bizim fəxri qonaqlarımız arasında Tatarıstanın yüksək səviyyəli geniş nümayəndə heyəti vardı. Biz Məhəmməd Füzulinin 500 illiyini bir yerdə qeyd etdik və ümumi əxlaqi və mənəvi dəyərlərimizə sadiq olduğumuzu, mənşəyimizə, tarixi köklərimizə sadiqliyimizi, gözəl ənənələrimizə sadiqliyimizi bir daha bildirdik.

Hesab edirəm ki, bu, mənəvi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasdır və biz bu istiqamatdə lazım olan hər şeyi edəcəyik. Azərbaycan kimi indi Tatarıstan da çətin keçid dövrünü yaşayır. Dünən və bu gün mən Azərbaycanın vəziyyəti, xüsusən Ermənistanın hərbi təcavüzü ilə əlaqədar vəziyyəti haqqında, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı birləşmələri tərəfindən işgal olunması, Azərbaycanın bir milyondan artıq vətan­daşının öz yerlərindən qovularaq ağır şəraitdə, çadır şəhərciklərində yaşaması, dünya birliyinin üzvü kimi Azərbaycanın ərazi bütövlüyünün, hüquqlarının pozulması haqqında Prezident Mintimer Şaymiyeva ətraflı məlumat verdim.

Eyni zamanda mən görduyümüz tədbirlər haqqında ətraflı məlumat verdim. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik, iki il yarımdan çoxdur ki, Ermənistanla barışıq vəziyyətindəyik, hərbi əməliyyatların yenidən başlanmasını istəmirik, münaqişənin sülh yolu ilə adalətlə həll olunmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, zəbt olunmuş bütün torpaqların Ermənistanın işgalçı qoşunlarından azad edilməsini, yaşayış yerlərini tərk etmiş Azərbaycan vətəndaşlarının öz yerlərinə qayıtmasını, Azərbaycanın beynəlxalq aləmdə tanınmış dövlət sərhədlərinin tamamilə bərpa olunmasını istəyirik.

Biz bu məsələnin həllinə çalışır, bütün imkanlardan – beynəlxalq təşkilatların, ATƏT-in, Minsk qrupunun imkanlarından, Rusiya Federasiyasının vasitəçiliyindən istifadə edirik. Biz  ATƏT-in üzvü olan dövlətlərin başçılarının dekabrın əvvəlində Lissabonda başlanacaq görüşü ərəfəsindəyik və ümid edirik ki, bu görüşdə Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsini daha səmərəli həll etməyə imkan verəcək qərarın qəbul edilməsinə nail ola biləcəyik.

Şübhəsiz ki, Ermənistanın təcavüzü Azərbaycanın sosial-iqtisadi vəziyyətini mürəkkəbləşdirir. Lakin buna baxmayaraq, biz iqtisadi potensialımızdan, imkanlarımızdan istifadə edərək iqtisadi ıslahatlar aparır, demokratikləşdirməyə dair tədbirlər həyata keçiririk və bu tədbirlər öz nəticələrini veribdir. Mən əminəm ki, suveren dövlət, müstəqil respublika kimi Azərbaycan uğurlu, firavan gələcəyə ümid bəsləyə bilər.

Tatarıstanın və Azərbaycanın bu keçid dövrünü müvəffəqiyyətlə aradan qaldırması üçün, daxili problemlərimizin və keçid dövründə bizə mane olan digər problemlərin öhdəsindən gələ bilməyimiz üçün daha sıx əməkdaşlıq etmək, əlaqələrimizi, dostluğumuzu möhkəmləndirmək lazımdır. Prezident Mintimer Şaymiyevin Azərbaycana gəlməsi də bundan ötrü əlverişli şərait yaradır.

Mən Tatarıstanın şərəfinə, tatar xalqının şərəfinə, Tatarıstan Respublikasının şərəfinə, Tatarıstan xalqlarının firavanlığı və uğurları şərəfinə, Tatarıstan Prezidentinin, hörmətli dostumuz Mintimer Şaymiyevin şərəfinə, bütün qonaqlarımızın şərəfinə badə qaldırmağı təklif edirəm.

Sağ olun, sizin sağlığınıza!